Regionlarda
yeni su layihələrinin icrası intensiv şəkildə
davam etdirilir
Yeni şəbəkələrin yaradılması,
mövcud şəbəkələrin genişləndirilməsi
hesabına abonentlərin sayı 60 faizdən çox artaraq 1
mln. 410 minə
yüksəlib, sayğaclaşdırma səviyyəsi isə
77 faizə çatdırılıb
Azərbaycanda 2004-cü ildən etibarən regionların
sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət
proqramlarının uğurla reallaşdırılması sayəsində
yeni müsbət reallıqlar yaranıb. Ölkədə
tarazlı inkişaf təmin edilib, paytaxtla bölgələr
arasında fərq minimuma endirilib.
Bəhs olunan Dövlət proqramları çərçivəsində
həmçinin bölgələrdə çoxlu sayda
infrastruktur layihələri reallaşdırılıb. Nəticədə
regionların infrastruktur təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşıb. Yeni yaradılan
generasiya gücləri, yolların yüksək səviyyədə
abadlaşdırılması, ucqar yaşayış məntəqələrinin
belə qazlaşdırılması bir tərəfdən
regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol
oynayır, digər tərəfdən isə əhalinin həyat
səviyyəsinin yüksəlməsinə müsbət təsir
göstərir.
Son 14 ildə
ölkə ərazisində 20-dən artıq su mənbəyinin
yaradılması böyük nailiyyətdir
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları çərçivəsində
ayrı-ayrı şəhər və kənd
yaşayış məntəqələrində çoxlu
sayda su layihələrinin həyata keçirilməsi ölkə
miqyasında müasir infrastruktur quruculuğuna yaxşı
nümunədir. Bəhs olunan Dövlət proqramlarına
uyğun olaraq respublikanın 50 şəhər və rayon mərkəzində
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihələrinin icrası həyata
keçirilir. Ötən müddətdə
bu şəhərlərin 23-də su və kanalizasiya şəbəkələrinin,
10-da su şəbəkələrinin inşası uğurla
başa çatıb. Kənd
yaşayış məntəqələrini içməli su
ilə təmin etmək məqsədilə əhalisinin
sayı 630 min nəfər olan 520 kənddə yeni layihələr
icra olunub. 2004-2017-ci illərdə 20-dən artıq su mənbəyi
yaradılıb, 1390 km-i magistral olmaqla 9230 km su kəmərləri,
ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 300-dən
artıq subartezian quyusu qazılaraq istismara verilib. Yeni şəbəkələrin yaradılması,
mövcud şəbəkələrin genişləndirilməsi
hesabına xidmət göstərilən abonentlərin sayı
60 faizdən çox artaraq 1 mln. 410 minə
yüksəlib, sayğaclaşdırma səviyyəsi 77 faizə
çatdırılıb.
Abşeron
yarımadasının içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə məhsuldarlığı
saniyədə 6,6 kubmetr olan Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi
inşa olunub. Aran bölgəsi sakinlərinin
içməli suya olan tələbatını ödəmək
üçün 107 km uzunluğunda Şirvan-Muğan, 62 km
uzunluğunda Sabirabad-Saatlı qrup su kəmərləri
tikilib. Həyata keçirilən bu və
ya digər layihələr sayəsində ölkə əhalisinin
içməli su təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşıb. Əgər
2004-cü ildə ölkə üzrə fasiləsiz içməli
su ilə təminat 26 faiz səviyyəsində idisə,
hazırda bu göstərici 67 faizə yüksəlib.
Ölkə ərazisində yeni su layihələrinin
icrası 2017-ci ildə də intensiv şəkildə davam
etdirilib. Belə
ki, ötən il ölkə miqyasında 1366 km magistral və
şəbəkə su xətləri, 382 km kanalizasiya kollektoru
və xətləri, 1 içməli və 1 tullantı sutəmizləyici
qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb,
6 nasos stansiyası, 105 min ədəd sayğac
quraşdırılıb. Görülmüş
işlər nəticəsində ölkə üzrə 116
min nəfər ilk dəfə mərkəzləşdirilmiş
qaydada içməli su ilə təchiz edilib, 132 min nəfərin
su təchizatı fasiləsiz rejimə keçirilib.
Ötən
il regionlarda bir sıra irimiqyaslı su layihələri
uğurla tamamlanıb. O cümlədən Saatlı, Gədəbəy,
Cəlilabad, Şamaxı, Qobustan şəhərlərində
və Pirallahı qəsəbəsində yeni infrastrukturun
istismara verilməsi ilə bağlı açılış
mərasimləri keçirilib.
Bundan başqa, 2017-ci ildə daha bir şəhərdə
- Xırdalanda içməli su və kanalizasiya sistemlərinin
yenidən qurulması işlərinə başlanılıb. Layihəyə
əsasən, Xırdalan şəhərinin dayanıqlı və
keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi
hesabına aparılacaq. Buradan götürülən
suyun Xırdalan şəhərinə verilməsi məqsədilə
Ceyranbatan-Zirə magistral su xətti üzərində hər
birinin tutumu 10 min kubmetr olan “Abşeron” və “Masazır” su
anbarlarının, həmçinin anbarlardan şəhərə
qədər 1000 mm diametrli borularla 4,5 km magistral su xəttinin
tikintisi nəzərdə tutulur.
Xırdalan
şəhərində 168 km olan paylayıcı su şəbəkəsinin
tikintisi və 21170 ev birləşməsinin
verilməsi, abonentlərin sayğaclarla təmin olunması nəzərdə
tutulub. Artıq paylayıcı su şəbəkəsinin 48
km-lik hissəsində işlər yekunlaşıb və ev birləşmələrinin verilməsinə
başlanılıb. Yanğın təhlükəsizliyi
məqsədilə şəbəkə üzərində 570
yanğın hidrantının quraşdırılması da nəzərdə
tutulub.
Eyni zamanda, Xırdalan şəhərinin kanalizasiya
infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə
tutulan 109 km kanalizasiya şəbəkəsinin indiyədək
21 km-lik hissəsi tikilib. Layihə üzrə
tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa
çatdırılması planlaşdırılır.
2017-ci il həmçinin kənd yaşayış məntəqələrinin
içməli su təchizatının
yaxşılaşdırılması ilə əlamətdar
olub. “Əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında” müvafiq Sərəncama uyğun olaraq ötən
il “Azərsu” ASC tərəfindən respublikanın 28 rayonunun
170 yaşayış məntəqəsində 271 min kənd
sakininin su təminatının
yaxşılaşdırılması məqsədilə
içməli su layihələri icra olunub.
Su çərşənbəsi
Qazax və Ağstafa rayonlarının 7 kəndinin sakinləri
üçün ikiqat bayrama çevrilib
“Əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında” Sərəncama uyğun olaraq Qazax və Ağstafa
rayonlarında həyata keçirilən layihələr
uğurla yekunlaşıb. Novruzun ilk - su çərşənbəsində
layihələrin açılış mərasimləri
keçirilib.
Qazax rayonunun Kəmərli kəndində keçirilən
açılış mərasimində rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov kommunal
infrastruktur layihələrinin əhəmiyyətindən
danışıb. Bildirib ki, şəhər mərkəzi
ilə yanaşı, kənd və qəsəbələrdə
də həyata keçirilən içməli su layihələri
əhalinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına xidmət edir.
Ağstafa
rayonunun Qarayazı kəndində keçirilən
açılış mərasimində rayon İcra Hakimiyyətinin
başçısı Məhərrəm Quliyev bildirib ki, kəndlərə
suyun verilməsinin Novruz bayramının gəlişindən xəbər
verən su çərşənbəsi ilə bir günə
təsadüf etməsi sakinlərdə yüksək bayram
ovqatı yaradıb. İcra
başçısı qeyd edib ki, yeni içməli su xəttinin
istismara verilməsi kənd sakinlərinə göstərilən
yüksək dövlət qayğısının bariz
nümunəsidir.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov
sözügedən Sərəncama uyğun olaraq həyata
keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, artıq
bütün rayonlarda tikinti-quraşdırma işləri
yekunlaşıb və 2018-ci ildə də içməli sudan əziyyət çəkən digər kəndlərdə
layihələrin icrası davam etdiriləcək.
Ağstafa rayonunda icra olunan layihə rayonun Qarayazı,
Soyuqbulaqlar, Soyuqbulaq və Həzi Aslanov kəndlərini əhatə
edib. Qarayazı, Soyuqbulaqlar və Soyuqbulaq kəndlərində
yaşayan sakinləri keyfiyyətli və dayanıqlı
içməli su ilə təmin etmək məqsədilə
bir ədəd yeni subartezian quyusu qazılıb, 25 kubmetrlik su
çəni və nasosxana quraşdırılıb. Həzi Aslanov kəndinin içməli su təchizatı
mövcud artezian quyusu hesabına həyata keçirilir. Bu kəndlərdə əhalinin ümumi istifadəsi
məqsədilə 31 ədəd bulaq
quraşdırılıb. Ümumilikdə
bu layihədən 4 kəndin 2550 nəfər sakini
faydalanıb.
Qazax rayonunda icra olunan layihə isə rayonun Kəmərli,
Aslanbəyli və Daş Salahlı kəndlərini əhatə
edib. Kəmərli və Aslanbəyli kəndlərini
içməli su ilə təmin etmək üçün kəndlərin
hər birində subartezian quyusu qazılıb. Daş Salahlı kəndinin su təchizatı
üçün isə Coğazçay su mənbəyi
seçilib. Layihə çərçivəsində
Aslanbəyli kəndində əhalinin ümumi istifadəsi
üçün 13 ədəd bulaq quraşdırılıb.
Kəmərli və Daş Salahlı kəndlərində
isə mövcud olmuş və istismara yararsız vəziyyətə
düşmüş şəbəkə su xətləri
yenilənib. Bu layihənin icrası nəticəsində
Qazax rayonunun 3 kəndinin 17500 sakininin içməli su problemi
həll edilib.
Müştəri
məmnunluğu yüksək səviyyədə təmin
edilir
Ölkə üzrə xidmət şəbəkəsinin
genişləndirilməsi, abonentlərin sayının
artması ilə yanaşı, müştəri məmnunluğunun
təmin edilməsi də “Azərsu”nun qarşıya
qoyduğu hədəflər sırasında yer alır. Qurumdan bildirilib ki, “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət”
və “ASAN Kommunal” mərkəzlərində təmsil
olunması istehlakçılara göstərilən xidmətlərin
keyfiyyətini yüksəldir və bu sahədə şəffaflığın
artırılmasını təmin edir.
2017-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində
fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət
bölmələrinə abunəçilər tərəfindən
müxtəlif məsələlərlə bağlı
ümumilikdə 55092 müraciət edilib. Müraciətlərin
26793-ü “ASAN xidmət”, 28299-u isə “ASAN Kommunal” mərkəzlərində
qeydə alınıb. İtirilmiş və
zədələnmiş smart kartların bərpası, abonent
məlumatlarına dəyişikliklərin edilməsi, borclar
haqqında məlumatların verilməsi ilə bağlı
müraciətlər üstünlük təşkil edib.
Ən çox müraciət Sabunçu rayonundakı,
Sumqayıt və Gəncə şəhərlərindəki
“ASAN xidmət” mərkəzlərində, həmçinin 2
saylı “ASAN Kommunal” mərkəzində qeydə
alınıb.
Qeyd edək
ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin
müştəri xidmətlərinin göstərilməsinə
2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində
də təmsil olunur. Ümumilikdə
2014-2017-ci illərdə bütün xidmət mərkəzlərinə
vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə
bağlı 108778 müraciət daxil olub. Hazırda “Azərsu”
ASC-nin xidmətləri Sabunçu rayonundakı 4 və Nizami
rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə,
Qəbələ və Masallı şəhərlərindəki
“ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal”
mərkəzlərində təşkil olunub.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 1 mart.- S.6.