Bolqarıstan mətbuatı Xocalı
soyqırımından yazır
Bolqarıstanın bir sıra nüfuzlu
KİV-ləri Xocalı
soyqırımı barədə
geniş məqalələr
yayıb. “Focus”
agentliyinin yaydığı
“Azərbaycan Xocalı
qətliamının 26-cı ildönümünü qeyd
edir” adlı xəbərdə Ermənistan
silahlı qüvvələrinin
keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı
alayı ilə birlikdə 1992-ci il fevralın 26-da Xocalının
mülki əhalisinə
qarşı cinayət
törətdiyi bildirilir.
Qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin həlak olduğu, 8 ailənin tamamilə məhv edildiyi, 130 uşağın
bir valideynini, 25 uşağın isə hər iki valideynini
itirdiyi, faciədən
sonra minlərlə mülki şəxsin əlil qaldığı qeyd olunur. Xəbərdə Xocalı
soyqırımı qurbanlarının
xatirəsinin Azərbaycanda
və dünyanın digər ölkələrində
yad edildiyi bildirilir.
Agentlik tərəfindən yayımlanan “Dünya tarixində 26 fevral” tarixi xronikasında 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq
Qarabağ regionundakı
Xocalı şəhərinin
işğal olunması
barədə məlumat
verilir və bu zaman törədilən
insan haqları pozuntularının “Memorial”
Hüquq Müdafiə
Mərkəzinin və “Human Rights
Watch” təşkilatının
müstəqil hesabatlarında
təsdiqləndiyi bildirilir.
“Standart” qəzetində
də Xocalı soyqırımı ilə
bağlı məqalə
dərc edilib. Məqalədə fevralın 26-nın azərbaycanlılar üçün
faciəli tarix olduğu qeyd edilir, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının
dəstəyi ilə erməni silahlı qüvvələrinin şəhərdə
soyqırımı törətdiyi
və bu faciənin Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğu
vurğulanır. Xocalı
soyqırımının insanlıq
əleyhinə ən böyük cinayətlərdən
biri kimi dünya tarixinə daxil olduğu qeyd edilir, soyqırımının
acı nəticələri
barədə ətraflı
məlumat verilir. Məqalədə Xocalıda
törədilən cinayətlərin
cəzasız qalmasının
Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülhün
əldə olunmasına
maneə yaratdığı
diqqətə çatdırılır.
Yazıda dünyanın
10-dan çox ölkəsinin,
ABŞ-ın 20-dən artıq
ştatının Xocalı
soyqırımını tanıdığı
və qınadığı
vurğulanır. “Standart”
qəzetinin həm onlayn, həm də çap versiyasında dərc olunan məqalədə soyqırımının acı
nəticələrini təsvir
edən fotolara geniş yer verilib.
Bolqarıstanın “News.bg” internet portalında Xocalı faciəsi ilə bağlı iki hissədən ibarət məqalə yayılıb. Məqalədə bu yazının
elmi-tədqiqat işi
olduğu, hər hansı təbliğat mahiyyəti daşımadığı
qeyd olunur, 1992-ci il fevral ayının
25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin
Xocalı şəhərini
işğal etdiyi, mülki əhaliyə qarşı soyqırımı
həyata keçirdiyi qeyd olunur. Azərbaycan xalqının bu il Xocalı soyqırımının 26-cı ildönümünü qeyd
etdiyi vurğulanır.
Müəllif Xocalının strateji
əhəmiyyətinə toxunaraq
şəhərin işğalı
prosesi barədə ətraflı məlumat verir, eyni zamanda,
erməni silahlı qüvvələri tərəfindən
əhalinin şəhəri
tərk etməyə məcbur edilməsi prosesi barədə aydın təsvir yaradır. O, Xocalını
tərk edən insanların erməni silahlı dəstələri
tərəfindən atəşə
tutulduqlarını və
yalnız kiçik bir qrupun Azərbaycanın
nəzarətindəki ərazilərə
çata bildiyini qeyd edir. Məqalədə
Xocalının işğal
olunması prosesi və nəticələri
barədə erməni
cəlladların etirafları
geniş şəkildə
öz əksini tapır.
Yeni Azərbaycan.-
2018.- 1 mart.- S.6.