Arye Qut İtaliya mətbuatına
müsahibəsində deyib: Xocalı soyqırımı mənim
şəxsi faciəmdir
Beynəlxalq münasibətlər üzrə
tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İsraildəki nümayəndəliyinin rəhbəri Arye
Qutun atası Əmir Qut ilə birlikdə Xocalı
soyqırımı haqqında yazdığı “Ağrı”
romanı İtaliyada nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabın təqdimatı
ilə əlaqədar Romaya gələn Arye Qut
tanınmış italiyalı jurnalist Rok Reynoldsa müsahibə
verib. Müsahibə İtaliyanın nüfuzlu “Globalist”
analitik-xəbər portalında dərc edilib. Jurnalist
Rok Reynolds müsahibənin əvvəlində Ermənistan
silahlı qüvvələri tərəfindən
Dağlıq Qarabağın işğalı və ötən
əsrin ən dəhşətli etnik təmizləmələrindən
biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı
əhalinin məruz qaldığı qətliam barədə Əmir Qut və Arye Qutun roman yazması və
həmin romanın İtaliyanın Sandro Teti Editore nəşriyyat
evi tərəfindən italyan dilində nəşr olunması
barədə məlumat verir, kitabın Romada təqdimatı
münasibətilə Arye Qutdan aşağıdakı
müsahibəni götürdüyünü bildirir və
müəllifin bütün suallara həvəslə
cavab verdiyini təqdir edir.
- Siz İsrail vətəndaşlarısınız.
Sizi Azərbaycanın bölgəsi haqqında, eləcə də
Ermənistanla münaqişə ilə bağlı yazmağa
nə həvəsləndirdi?
- Haqlısınız, atam və mən
İsrail Dövlətinin tamhüquqlu vətəndaşlarıyıq.
İsrailə və yəhudi xalqına tam bağlı olan
israilliyik, eyni zamanda, öz vətənimiz olan Azərbaycanı
sevirik, onu unuda bilmərik. Oğlum Aviel də unutmayacaq ki, onun
atası və babası “Odlar Yurdu”nda doğulublar. Atam Əmir
Qut 40 ildən artıq Azərbaycan televiziyasında
ictimai-siyasi proqramlar hazırlayan rejissor vəzifəsində
çalışıb. Atam bütün faciəni,
bu müharibənin dəhşətli üzünü, Ermənistanın
təcavüzünün nəticələrini, doğma
torpaqlarından qovulan azərbaycanlıların qaçqın
və məcburi köçkünə çevrilməsini
öz gözləri ilə görüb. Ermənistanın
Azərbaycana qarşı elan olunmamış müharibəsi
başlayanda mənim 17 yaşım var idi, tələbə
idim və bütün bu dəhşətli hadisələr
gözlərimin qarşısında baş verirdi. Heç vaxt antisemitizmin baş vermədiyi, cəmiyyətin
ayrılmaz tərkib hissəsi olan biz yəhudilərin
yaşadığı, tolerantlıq və multikulturalizm
adası olan mənim Vətənim Azərbaycan işğaldan
və Ermənistan tərəfindən elan olunmayan müharibədən
əziyyət çəkir. Bu roman, sadəcə olaraq,
maraqdan irəli gəlmir, müharibə və dəhşətli
ağrıya baxmayaraq, həyat, vətən və doğma
insanlara sevginin qalib gəldiyini dünyaya sübut etmək
üçün göstərilən səydir.
- Sizin fikrinizcə, bu coğrafi məkan
üçün ən vacib olan nədir?
- Cənubi Qafqaz Asiya ilə Avropanın
qovuşuğunda yerləşən böyük əhəmiyyətə
malik, müxtəlif mədəniyyətlər, xüsusilə
də Azərbaycanın nümunəsində iqtisadi və təbii
sərvətlərə malik regiondur. Bu regionun hazırda
iqtisadi lokomotivi olan Azərbaycan böyük geosiyasi və geoiqtisadi
layihələr həyata keçirir. Məlumdur ki, regiondan həm
İsrail, həm də Avropa ölkələri
üçün strateji əhəmiyyətə malik
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın enerji təhlükəsizliyi
üçün önəmli olan Cənub Qaz Dəhlizi
keçir. Bu layihələrin hər ikisi Azərbaycanın təşəbbüsüdür.
Bundan başqa, keçən il oktyabrın 30-da Trans-Xəzər
beynəlxalq nəqliyyat dəhlizinin və “Yeni İpək
Yolu” layihəsinin əsas komponenti olan Bakı-Tbilisi-Qars dəmir
yolunun açılışı olub. Düşünürəm
ki, Cənubi Qafqaz regionu və ölkələrinin sabitliyə,
müharibənin yoxluğuna və iqtisadi rifaha ehtiyacı
vardır. Təəssüf ki, regionda bütün müsbət
meyilləri təhlükə altında qoyan geosiyasi
münaqişələr hələ də davam edir.
- İsraildən olaraq və “Holokost”
sözünün nə məna verdiyini yaxşı bilərək
erməni “Holokost”u ilə bağlı fikirləriniz necədir?
Çünki İrəvanda müəyyən mənada Yad
Vaşemi xatırladacaq mavzoley vardır.
- Holokost yəhudi xalqının
yaddaşında əbədi həkk olunmuş dəhşətli
və dözülməz faciədir. Holokost işgəncələrə,
əzab-əziyyətlərə, alçaldılmağa və
təhqirlərə məruz qalmış yəhudi
xalqının ağrısı-acısı, onun kütləvi
şəkildə məhv edilməsi deməkdir. Bu
yaxınlarda, dünya yəhudiləri günahsızcasına
öldürülmüş altı milyon yəhudinin xatirəsini
anıblar. Həmin vaxt yəhudilərin bu dəhşətdən,
barbarlıq və qəddarlıqdan qaçaraq gizlənə
bilmələri üçün yer çox az idi. Bu ölkələrdən
biri Azərbaycan olub. Azərbaycan həmişə digər
xalqlara qonaqpərvər münasibət göstərməsi ilə
məşhur olub. Azərbaycan mənim ailəm
üçün, öz həyatlarını və
uşaqlarının həyatlarını nasistlərdən
xilas etmiş minlərlə Avropa yəhudisi üçün
qeyd olunan az məkanlardan biri, sözün əsl mənasında,
Vətən olub. Qondarma “erməni soyqırımı”na gəldikdə,
mənim ölkəm 1915-ci il hadisələrini rəsmi olaraq
soyqırımı kimi tanımır. Vaxtilə İsrailin
doqquzuncu prezidenti Şimon Peres demişdi ki, bu faciəni öz
maraqları naminə yəhudi xalqının ən dəhşətli
faciəsi ilə müqayisə etmək olmaz. Bu fikri tam şəkildə
bölüşürəm.
- Nə üçün tarixi kitab yazmaq əvəzinə,
tarix və məlumatların ehtiva olunduğu roman yazmağı
qərara aldınız?
- Tarixi kitab yazmaq niyyətimiz yox
idi, belə bir məqsədimiz də olmayıb. Öz həyatım,
atamın həyatı və dəhşətli Xocalı
soyqırımı ilə bağlı hissənin də
olduğu real hadisələrə əsaslanan bədii sənədli
roman yazmaq istəyirdik. Müxtəlif konfessiyalara,
müxtəlif millətlərə mənsub, fərqli
mühit və şəraitdə böyümüş, taleyin
qismətindən Bakı şəhərində
görüşən iki gəncin romantik sevgi tarixçəsini
təsvir etməyə çalışmışıq. Romanın qəhrəmanları vasitəsilə
göstərməyə çalışmışıq ki,
Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə
birgə tarix və taleyə malik qardaşlar kimi dinc
yaşayıblar və yaşamaqda davam edirlər. İsrail
Dövlətinin vətəndaşı kimi fəxr edirəm
ki, Azərbaycanda multikulturalizm və tolerantlıq həyat
tərzidir. Bu dövlətdə heç vaxt təqiblər, qırğınlar
və antisemitizm faktları olmayıb. Eyni zamanda, əsərin
qəhrəmanı Röyanın taleyi vasitəsilə Ermənistanın
Xocalıda azərbaycanlı mülki əhaliyə
qarşı törətdikləri dəhşətləri real
olaraq təsvir etmişik. Bu, olmuş tarixdir, bu,
real hadisədir və onu gizlətmək niyyətimiz yoxdur.
Çünki atam faciədən bir ay əvvəl
Xocalını görmüş şəxsdir və mən bu
romanı yazarkən İsrail mətbuatının nümayəndələri
ilə birlikdə 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş
bu dəhşətli gecənin real şahidləri ilə
bir neçə dəfə görüşmüşəm.
Ermənistan silahlı birləşmələri tərəfindən
1992-ci ildə törədilmiş vəhşiliklər
İŞİD tərəfindən istifadə edilmiş
üsullara oxşardır. Məhz bu səbəbdən Azərbaycanın
Xocalı şəhərində törədilmiş qanlı
soyqırımı aktı mənim üçün də
şəxsi ağrı-acıdır, mənim də şəxsi
faciəmdir.
- Qohumlarınız arasında bu dəhşətli
gecədə həlak olanlar varmı?
- Xocalıda qohumlarımız yox idi. Mənim atam rejissor kimi müxtəlif vaxtlarda işlə
əlaqədar Xocalıda olub və həmin dövrdə rabitəçi
işləmiş Dürdanə Ağayeva ilə bağlı
reportajlar hazırlamışdı. Taleh elə gətirdi ki,
atamla Bakıya səfərlərimizin birində Xocalıdan
erməni əsirliyində olmuş insanlarla görüş
zamanı atam Dürdanəni, o dəhşətli gecənin
şahidini tanıdı. Bizim romanda xüsusilə ən
ağır və yaddaqalan bölmələrdən biri Dürdanə
ilə bağlı hissədir. Onu bir oxuyun. Bu xülya və
uydurma deyil, real hadisədir: Dürdanənin dəhşətli
səkkizgünlük əsirlik faciəsi.
Düşünün: Ermənistan
qoşunları Xocalıda bəşəriyyətin müasir
tarixinin ən dəhşətli kütləvi cinayətlərindən
birini törədəndə onun cəmi 20 yaşı var idi.
İki yaşlı azərbaycanlı uşağı valideynlərinin
gözləri qarşısında necə güllələdiklərini,
hamilə qadınları və yaşlıları qundaq
zərbəsi ilə necə öldürdüklərini
görüb. Ermənilər tərəfindən məruz
qaldığı zorakılığı kütlə
qarşısında danışa bilməyəcək dərəcədə
sözlə ifadə edilməyən ağrıya məruz
qalıb. Lakin Dürdanə Ağayeva bizimlə söhbətində
deyib ki, yalnız öz hekayəsini bölüşməklə
rahatlıq tapa bilər.
- Haqqında az bildiyimiz Qafqaz Albaniyasının
tarixdə rolunun nədən ibarət olduğuna dair
oxucularımıza nə deyə bilərsiniz?
- Qafqaz Albaniyası kilsəsi ən qədim
xristian məbədlərindən biridir. Qafqazda apostol Varfolomey
tərəfindən yaradılmış ilk kilsədir. Qafqaz
Albaniyası rəsmi olaraq xristianlığı
eramızın 213-cü ilində qəbul edib, ermənilər
isə xristianlığı, katolikos Avraamın albanlara məktubunda
yazdığı kimi, albanlardan sonra qəbul ediblər: “Alban
məbədi bizim erməni kilsəsindən əvvəl olub”.
Rus imperiyasının ermənilər üçün
atdığı ən əhəmiyyətli addım alban
apostol kilsəsinin ləğvi olub. Cənubi Qafqazın rus
imperiyası tərəfindən işğalından sonra
1836-cı ildə çar I Nikolay Azərbaycanda alban apostol
kilsəsi patriarxlığının ləğvi və onun
mülkiyyətinin erməni qriqoryan kilsəsinə verilməsi
haqqında fərman imzalayıb. Rus imperiyası bununla ermənilərin
əl-qolunu açıb və ermənilər onlara heç
vaxt məxsus olmayanları özününküləşdiriblər.
- Din
amilinin bu regiondakı zorakılıqda rolu varmı? Hər şeydən öncə, azərbaycanlılar
müsəlman, ermənilər isə xristiandırlar.
- Mən
Cənubi Qafqazda, azərbaycanlılar, yəhudilər və
ermənilərin vaxtilə bir ailə kimi
yaşadığı zəngin mədəni müxtəlifliyə
malik Bakı şəhərində doğulmuşam. 30 ilə yaxındır davam edən münaqişə
fonunda Ermənistana və Azərbaycana baxmaq kifayətdir.
Ermənistan yalnız ermənilərin
yaşadığı monoetnik ölkədir. Əksinə,
Azərbaycan isə ərazisinin 20 faizinin işğal edilməsinə,
bir milyondan çox qaçqın və məcburi
köçkününün olmasına baxmayaraq, sülh və
firavanlıq axtarışında olan, cəmiyyətlər və
dinlər arasında dialoq üçün real platformaya
çevrilib. Bakıda gəzərkən şəhərin
mərkəzində məscid, kilsə və sinaqoq görə
bilərsən. Buna görə də bu
münaqişədə din amili əsassızdır. Bu münaqişənin dinlə heç bir əlaqəsi
yoxdur. Münaqişə yalnız Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarından yaranıb.
- Ermənistan
sizin kitabda mənfi tərəfdən
işıqlandırılıb. Bu ölkə ilə
bağlı bəzi nəşrlər oxumuşam və hesab
edirəm ki, hər iki tərəfin öz “həqiqət”lərini
danışmaq üslubu vardır. Bilirəm ki, bu, sizin
üçün qəribə, bəlkə də hətta qəbuledilməz
görünə bilər, lakin yaxşı kitab məhz bunu
etməlidir: fantaziya və tarixdən ibarət cəlbedici
qarışıq vasitəsilə perspektivləri müəyyənləşdirməyə
çalışmaq. Bu haqda nə
düşünürsünüz?
-
Vurğulamaq istərdim ki, bizim Ermənistanı mənfi tərəfdən
işıqlandırmaq məqsədimiz yox idi. Aydındır
ki, onların öz “həqiqət”ləri var. Tarix və
fantaziya cəlbedici qarışıqdır, lakin bu, fantastik əsər
deyil. Bu gün İsraildə çoxlu Azərbaycan-yəhudi
nikahları və qarışıq ailələr vardır, eləcə
də bunu Azərbaycanda görmək olar. Yəhudilər
və azərbaycanlılar arasında mənəvi
qardaşlıq mövcuddur, Avropada bir çox insanlara qəribə
gəlsə də bu, əsl reallıqdır. Bütün Azərbaycan xalqı tərəfindən
sevilən yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı
vardır, bu, Albert Aqarunovdur. Bizim
üçün Albert azərbaycanlı-yəhudi
qardaşlığının həqiqi rəmzidir və bu,
fantaziya deyil, əsl həqiqətin təzahürüdür.
Xocalıda baş vermiş dəhşətli
qırğın ilə bağlı bütün faktlar sənədli
film və videolar, Xocalı soyqırımını
yaşamış şahidlər, xarici ekspert və jurnalistlər
ilə birgə real hadisələrdir. Xocalı
şəhərinin mülki əhalisinin qəsdən kütləvi
şəkildə məhv edilməsinin yeganə səbəbi
bu insanların azərbaycanlı olması idi. Xocalı soyqırımında şəxsən
iştirak etmiş Ermənistanın indiki prezidenti Serj
Sarkisyanın özünün dedikləri həqiqətin
harada olduğunu üzə çıxarır. Tomas de
Vaalın Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı “Qarabağ: Ermənistan və Azərbaycan
sülh və müharibə yollarında” adlı kitabında
Xocalı qırğını ilə bağlı suala
Sarkisyan belə cavab verib: “Xocalıdan əvvəl azərbaycanlılar
fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdilər ki, ermənilər dinc əhaliyə
əl qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipi dağıda bildik və budur baş
verənlər”. Bundan başqa, erməni müəllif
Markar Melkonyan öz qardaşı, Xocalı
soyqırımının törədilməsində şəxsən
iştirak etmiş məşhur beynəlxalq terrorçu Monte
Melkonyana həsr etdiyi “Qardaşımın yolu:
Amerikalının Ermənistana olan uğursuz səyahəti”
adlı kitabında necə Xocalının bəzi sakinlərinin
10 kilometr qaçdıqdan sonra təhlükəsiz əraziyə
çatdıqları, lakin erməni əsgərlərin
onları tutaraq süngü ilə doğramağa
başladıqlarını təsvir edib. Azərbaycan
əraziləri işğal olunub və etnik təmizləmənin
qurbanları olan azərbaycanlılar öz torpaqlarında
qaçqın və məcburi köçkündürlər.
Bu, həqiqəti görmək istəyənlər
üçün açıq-aşkar sübutdur, görməyənlər
üçün isə yox.
-
Qorxmursunuz ki, Qafqaz ərazisində yeni zorakılıqlar
baş verə bilər və ya
düşünürsünüzmü ki, hazırda
normallaşma dövrünü keçirik?
-
Düşünürəm ki, 2016-cı ilin aprel hadisələri
bir daha göstərdi ki, bu münaqişə dondurulmuş
deyil və hər an genişmiqyaslı hərbi
əməliyyatlar yenidən başlaya bilər. Ermənistanın
hərbi təxribatlarına cavab olaraq və öz vətəndaşlarının
təhlükəsizliyini təmin etmək məqsədilə
2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan
Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına
cavab verərək onları geri çəkilməyə məcbur
edib. Bu gün Azərbaycan Cənubi Qafqazda
ən güclü orduya malik ölkədir, lakin rəsmi
Bakı bu münaqişənin sülh yolu ilə həllinə
çalışır. Ermənistan qərar
qəbul etməlidir, çünki öz
işğalçılıq siyasətinə görə
geosiyasi və geoiqtisadi təcrid vəziyyətindədir.
Bunun günahkarı Ermənistanın
özüdür.
- Sizcə,
Dağlıq Qarabağda əhalinin məruz qaldığı
ən dəhşətli epizod hansıdır?
- Şübhəsiz ki, Xocalı soyqırımı. Bir gecədə
aralarında 63 uşaq, 106 qadın və 70 yaşlı şəxsin
olduğu 613 nəfər qətlə yetirilib, bundan əlavə,
487 nəfər şikəst edilib, 1275 əsir
götürülüb, aralarında 68 qadın və 26
uşağın olduğu 152 nəfər isə itkin
düşüb. 8 ailə bütövlükdə
məhv edilib, 25 uşaq hər iki valideynini itirib, yüzlərlə
şəxs zorakılığa və işgəncəyə
məruz qalıb. Sağ qalanların məruz
qaldığı psixoloji zədələri hələ
saymıram. 56 mülki şəxs xüsusi qəddarlıq
və vəhşiliklə qətlə yetirilib. Öldürülənlərin cəsədləri təhqir
edilib. Ən dəhşətlisi odur ki, bütün bu vəhşilikləri
törədənlər hələ də cəzalandırılmayıb,
onlardan bir çoxu Ermənistanda Qarabağ müharibəsi “qəhrəmanı”
kimi tanınır və hətta yüksək vəzifələr
tuturlar.
- Son
olaraq, sizcə nə üçün Dağlıq Qarabağ
münaqişəsində ermənilər
günahlandırılmalıdırlar?
- Məsələ mənim necə və ya nə
səbəbdən o cür fikirləşməyimdə deyil.
Bu, elə bir vəziyyətdir ki, faktlar öz-özünə
danışır. Şübhəsiz ki, təcavüzə məruz
qalan əraziləri işğal edilən və vətəndaşları
öz torpaqlarında qaçqına və məcburi
köçkünə çevrilən dövlətdir. Təcavüzkar isə beynəlxalq hüququ pozan və
iyirmi beş ildən çoxdur ki, beynəlxalq təşkilatların
çoxsaylı qətnamələrinə məhəl qoymayan
dövlətdir. Əminəm ki, bütün bunlar həqiqəti
başa düşmək üçün kifayətdir.
Yeni Azərbaycan.-
2018.- 1 mart.- S.6.