1918-ci ilin mart hadisələri ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin növbəti mərhələsini təşkil edir

 

Sirr deyil ki, “böyük Ermənistan” xülyasını reallığa çevirməyə çalışan ermənilər tarixin müxtəlif dövrlərində terror və soyqırımı kimi bəşəri cinayət aktları törədib, xüsusilə də xalqımıza qarşı müxtəlif cinayətlərə yol verib, çoxsaylı günahsız insanların qətlinə və soyqırımına yol açan cinayət əməlləri həyata keçiriblər. Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

Məlumdur ki, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalanmasından sonra başlayıb. İlk olaraq İrəvan quberniyası ərazisində, daha sonra ermənilər Naxçıvan və Zəngəzur qəzası, eləcə də Qarabağ xanlığının ərazisində məskunlaşdırılmağa başlayıb. Təkcə Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülüb. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülüb. Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinin nəticəsi olaraq, bəhs olunan ərazilərdə onların sayı 1 milyon 300 mindən çox olub. 1828-ci ildə isə İrəvan xanlığının ərazisində erməni vilayəti yaradılıb. Xatırlatmaq lazımdır ki, bu zamana qədər ermənilərin Cənubi Qafqazda siyasi-inzibati ərazi vahidi olmayıb.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirilib. Təkcə 1896-cı ildən 1908-ci ilədək - 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülüb. Qeyd etmək lazımdır ki, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması kütləvi qırğınlar və xalqımıza qarşı soyqırımı siyasəti ilə müşayiət olunub. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb oldu. Azərbaycanın tarixi ərazilərinə köçürülən çoxsaylı ermənilər çar Rusiyası tərəfindən silahlandırıldı və xalqımıza qarşı terror aktları törədildi. Məhz 1905-1907-ci illərdə Qarabağda, İrəvan mahalında, Zəngəzurda azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi soyqırımı siyasətinin XIX əsrdən başlandığını göstərir. 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb və dağıdılıb. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoyub, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşüblər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparıblar.

1918-ci ilin mart hadisələri isə ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin növbəti həlqəsini təşkil edib. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açdı və xalqımıza qarşı növbəti soyqırımı aktının əsası qoyuldu. 31 mart tarixində bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər, dəhşətli qətllər törədildi, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqları, o cümlədən Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırıldı, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda, “Təzə pir” məscidinin minarələri dağıdıldı. Bu dəhşətli vandalizm aktlarının və soyqırımının coğrafiyası təkcə Bakı ilə məhdudlaşmadı, Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarını da əhatə etdi. Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı, 8 minə yaxın insan qətlə yetirildi. Quba qəzasında isə 122 kənd yandırıldı, 30 minə yaxın insan qətlə yetirildi. Bəzi mənbələrdə qeyd edilir ki, 100 il öncə ermənilərin bolşeviklərin dəstəyi ilə Azərbaycanda həyata keçirdiyi soyqırımı nəticəsində 50 mindən artıq insan qətlə yetirilib.

Mart hadisələrinin əsas təşkilatçısı olan S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bildirmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyil. Biz bilərəkdən buna yol verdik”.

Beləliklə, mart hadisələri zamanı təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, kütləvi qətliam həyata keçirilib. 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülüb və doğma torpağından didərgin salınıb.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxışı zamanı qeyd edib ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər: “Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir”.

Təəssüf ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti yalnız 1918-ci ilin mart hadisələri ilə mahdudlaşmayıb. Bu soyqırımı və terror siyasəti sonrakı dövlərdə də davam etdirilib, ermənilər öz təcavüzkar və işğalçı niyyətlərini gerçəkləşdirməyə çalışıblar. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası da azərbaycanlılara qarşı kütləvi qırğınlarla müşahidə olunub. Bu deportasiya siyasəti ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi.

1988-ci ildən isə yenidən fəallaşan ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürüblər. Ermənistan təcavüzkar fəaliyyətini sürdürərək Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bu gün həmin təcavüzkar siyasətin nəticələri ortadadır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilən soyqırımı aktı da ermənilərin xalqımıza qarşı təcavüzkar siyasətinin və qanlı cinayət aktlarının növbəti mərhələsini təşkil edir. Həmin soyqırımı aktı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub. Prezident İlham Əliyev sözügedən reallıqları ifadə edərək deyib ki, erməni faşizmi özünü bir daha 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində göstərmişdir: “Biz o tarixi də yaxşı xatırlayırıq. Çünki Ulu öndər Heydər Əliyevin sovet hakimiyyətinin rəhbərliyindən uzaqlaşdırılmasından iki həftə sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırmışlar. O vaxtkı sovet rəhbərliyi, ilk növbədə, o vaxtkı rəhbər Qorbaçov və onun ətrafında olan erməni millətçiləri Azərbaycan xalqına qarşı böyük cinayətlər törətmişlər. Qanlı Yanvar hadisələri bilavasitə Qorbaçovun əməlləridir. Ondan əvvəl və ondan sonra xalqımıza qarşı törədilən cinayətlər artıq tarixdə kifayət qədər öyrənilibdir”.

Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, Sovet dövründə - 1969-cu ilə qədər ermənilər dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar sovet hökumətinə müraciətlər etmişlər: “Hətta rəsmi səviyyədə müraciətlər etmişlər. Ancaq Heydər Əliyevin qətiyyəti və çox ciddi etirazı buna imkan verməmişdir. Ondan sonra Heydər Əliyevin sovet hakimiyyətində fəaliyyəti dövrü başlamışdır. O vaxt da, əlbəttə ki, ermənilərin təxribat etmək üçün heç bir imkanları olmamışdır. 1987-ci ilin noyabrında - Ulu öndər Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra bu məsələ qaldırıldı və demək olar ki, o vaxtdan azərbaycanlılara qarşı növbəti soyqırımı prosesi başladı. Təxribatlar törədildi, sovet və dünya mətbuatında bu məsələ ilə bağlı yanlış və təhrif edilmiş rəy yaradıldı. Nəticədə 1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Göründüyü kimi, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın başına gətirilmiş faciəyə - azərbaycanlılara qarşı kütləvi qətliam xarakteri daşıyan 31 mart soyqırımına da ilk dəfə siyasi və hüquqi qiymət verilməsinə nail olub.

Ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi baxımından deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Hazırda tarixi reallıqların, eləcə də 31 mart soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması yönündə sistemli iş aparılır. 2007-ci ildə aşkarlanmış və 31 mart soyqırımının faktiki sübutuna çevrilən Quba kütləvi məzarlığında Memorial Kompleksin tikilməsi ilə bağlı 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanması və 2013-cü ilin sentyabrında isə Quba Soyqırımı Memorial Kompleksinin açılışının olması bu baxımdan böyük əhəmiyyətə malikdir. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri soyqırımı faktlarla öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir. Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, soyqırımı nəticəsində öldürülən insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər: “Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir”.

Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncam isə erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində sistemli fəaliyyətin aparılması və kompleks xarakterli tədbirlərin həyata keçirilməsi baxımından xüsusi önəmə malikdir. Sərəncamda bildirilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ötən müddət ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə ermənilərin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

Nəticə etibarilə, 31 mart soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır. Bunun nəticəsidir ki, ermənilərin təbliğatı iflasa uğradılır, beynəlxalq ictimaiyyət erməni yalanlarının girovuna çevrilmir və illər boyu formalaşdırılan stereotiplər sıradan çıxarılır.

Kərimova Tamilla Hüseynbala qızı

Yeni Azərbaycan.- 2018.- 7 mart.- S.6.