Azərbaycanın
regionlarında sahibkarlıq subyektlərinin maliyyə təminatı
gücləndirilir
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti
dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri
4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə
2,1 milyard manatdan artıq güzəştli kredit verilib ki,
bunun da 75 faizi respublikanın regionlarının payına
düşürBu gün öz inkişafına görə
regionun lider dövləti olan Azərbaycanda həyata
keçirilən siyasi kurs istər regional layihələrin,
istərsə də müvafiq Dövlət
proqramlarının icrasına imkan yaradır. Bu isə spesifik
milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin
konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir.
Bu məqamda xüsusi olaraq qeyd edək ki,
2004-cü ildən etibarən böyük uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları Azərbaycanın
bütün bölgələrinin inkişafına təkan
verib. Məhz bu kontekstdə son 14 ildə regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları çərçivəsində
bölgələrdə böyük layihələr
reallaşdırılır. Bu layihələr də bölgələrin
inkişafına, əhalinin rifahının yüksəlməsinə
xidmət edir. Bunlardan biri də “ABAD” layihəsidir. Xatırladaq ki, bu günlərdə İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”)
tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik
hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında
birgə əməkdaşlığa dair Niyyət
Protokolu imzalanıb. Niyyət Protokoluna əsasən,
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu “ABAD”çıların investisiya layihələrinin
dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini
təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditlərin
illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla sahibkarlara çatdırılmasında
müvəkkil bank kimi çıxış edəcək,
“ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş
layihələr hesabına əldə olunmuş məhsulun
marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik
göstərəcək.Bununla əlaqədar keçirilən
tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib
ki, dövlətimizin uğurlu iqtisadi siyasəti ölkədə
özəl bölmənin inkişafına və sahibkarlıq
fəaliyyətinin genişləndirilməsinə, yeni
sahibkarlıq subyektlərinin fəaliyyətə
başlamasına təkan verib. Şirzad Abdullayev
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ölkədə sahibkarlığın
inkişafına dövlət dəstəyi göstərən
maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti
dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri
4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə
2,1 milyard manatdan artıq güzəştli kredit verilib.
Verilmiş kreditlərin 75 faizi respublikanın
regionlarının, 25 faizi isə Bakı qəsəbələrinin
payına düşür. Maliyyələşdirilmiş layihələrin
90 faizini isə kiçikhəcmli kreditlər təşkil
edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən
biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən
indiyədək 48 mindən çox sahibkarın iştirak
etdiyi 362 işgüzar forum keçirilib.
İmzalanan Niyyət Protokolu
üzrə birgə əməkdaşlığın
üstünlüklərini qeyd edən İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun
icraçı direktoru Şirzad Abdullayev
“ABAD”çıların investisiya layihələrinin dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdirilməsinin
yaratdığı əlavə imkanları, özəl
sektorun, o cümlədən kiçik və orta
sahibkarlığın inkişafında əhəmiyyətini
vurğulayıb.
“ABAD” publik hüquqi şəxsin
direktoru Rüfət Elçiyev “ABAD”ın məqsədləri
və fəaliyyət istiqamətləri barədə məlumat
verərək bildirib ki, qurum kiçik və orta
sahibkarlığın inkişafı, əhalinin məşğulluq
səviyyəsinin artırılması, rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının
formalaşdırılmasına dəstək vermək məqsədilə
sosialyönümlü layihələr həyata keçirir.
“ABAD” mərkəzlərində ailə təsərrüfatlarının
formalaşdırılması və inkişaf etdirilməsi
üzrə texniki, biznes-konsaltinq, maliyyə, marketinq, logistika və
satışın təşkili, brendinq, dizayn və hüquqi
yardım üzrə dəstək mexanizmləri tətbiq
olunur. “ABAD”çıların istehsal etdiyi məhsulların
sertifikatlaşdırılması “bir pəncərə”
prinsipi üzrə aparılır.
Tədbirdə
çıxış edən “Azər-Türk Bank” ASC-nin idarə
heyətinin sədri Orxan Hüseynov bildirib ki, imzalanan Niyyət
Protokolu üzrə nəzərdə tutulmuş layihələrin
maliyyələşdirilməsində müvəkkil bank olaraq,
“ABAD”çıların investisiya layihələrinə illik
faiz dərəcəsi 4 faizdən artıq olmamaqla
güzəştli kreditlər veriləcək, birgə əməkdaşlıq
“ABAD”ın fəaliyyətinin daha da genişlənməsinə
öz töhfəsini verəcək.
Tədbir çərçivəsində
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun vəsaiti hesabına “Azər-Türk Bank” ASC tərəfindən
ət və meyvə emalı, misgərlik, əl işləri
və digər sahələrlə məşğul olan 12
sahibkara 150 min manat dövlətin güzəştli kreditləri
verilib.Əlbəttə ki, bölgələrin
sosial-iqtisadi inkişafında sahibkarların da vacib rol
oynadığı üçün onların fəaliyyətinə
daim diqqətlə yanaşılır. Bu baxımdan,
sahibkarların fəaliyyətinin
stimullaşdırılmasına xidmət edən tədbirlər
keçirilir. Onlardan biri də İqtisadiyyat
Nazirliyinin təşkilatçılığı ilə
Bakı Biznes Mərkəzində 300-dən çox
sahibkarın iştirakı ilə keçirilən “Kiçik
sahibkarlığa dəstək” mövzusunda konfrans və
kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin
sərgi-satış yarmarkasıdır. Konfransda
çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib
Məmmədov ölkəmizdə qeyri-neft sektorunun və
sahibkarlığın inkişafı istiqamətində həyata
keçirilən tədbirlər barədə məlumat verib,
bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi
və rəqabətqabiliyyətliliyinin
artırılmasında, məşğulluğun təmin
edilməsində rolunu vurğulayıb. Nazir
müavini 29 yanvar 2018-ci il tarixində keçirilmiş “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin iri
şirkətlərin sosial məsuliyyəti, eyni zamanda,
kiçik biznesə, ailə biznesinə dəstəyin
göstərilməsi ilə bağlı
tapşırığını vurğulayaraq, bu tədbirin də
məhz bu məqsədlə təşkil edildiyini diqqətə
çatdırıb, bu istiqamətdə İqtisadiyyat Nazirliyi
tərəfindən davamlı işlərin
aparıldığını bildirib.
Tədbirdə
çıxış edən əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli
sosial müdafiə sisteminin gücləndirilməsinin Azərbaycanda
aparılan sosial siyasətin tərkib hissəsi olduğunu və
əhalinin sosial cəhətdən həssas qruplarına
dövlət qayğısının artırılması, onların həyat səviyyəsinin
yaxşılaşdırılması üçün kompleks
və ardıcıl tədbirlərin həyata
keçirildiyini vurğulayıb, özünüməşğulluq
proqramı çərçivəsində qurulan ailə təsərrüfatlarının
ölkədə kiçik biznesin genişlənməsinə
yeni imkanlar yaratdığını qeyd edib.
Özəl bölmənin
inkişafı üçün ölkəmizdə əlverişli
işgüzar mühitin yaradıldığını
vurğulayan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev isə sahibkarlığın inkişafı istiqamətində
görülən işlər, dövlət dəstəyi tədbirləri
barədə məlumat verib.
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət
Elçiyev “ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı
və kənd təsərrüfatı sahəsində fəaliyyət
göstərən ailə biznesinə dəstək layihələrinin
həyata keçirildiyini qeyd edərək, kiçik
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın
davam etdiriləcəyini bildirib.
Tədbirdə iri şirkətlərin
nümayəndələrinin kiçik biznes layihələrinə
dəstəyi istiqamətində çıxışları
dinlənilib, “ABAD” layihəsi, özünüməşğulluq
proqramı, habelə kiçik sahibkarların təklif etdiyi
iş və xidmətlərə dair təqdimatlar
keçirilib. Sahibkarlar belə tədbirlərin
sahibkarlıq fəaliyyətinin genişlənməsində əhəmiyyətini
vurğulayaraq, özəl bölmənin inkişafı
üçün yaradılan şəraitə görə
dövlət başçısına minnətdarlıqlarını
bildiriblər.
Onu da vurğulayaq ki, Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı
ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və
Orta Sahibkarlığın İnkişafı Agentliyi
yaradılıb. İqtisadiyyat naziri Şahin Mustafayev bu qurumun
yaradılmasının əhəmiyyətini vurğulayaraq
deyib ki, ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi inkişaf strategiyasına
uyğun olaraq, sahibkarlığın genişləndirilməsi
və iqtisadiyyatda rolunun artırılması, biznes və
investisiya mühitinin daha da
yaxşılaşdırılması tədbirləri sistemli və
ardıcıl olaraq davam etdirilir: “Özəl sektorun dəstəklənməsi,
sahibkarların hüquq və mənafelərinin qorunması
sahəsində yeni iqtisadi şəraitə
uyğun islahatlar həyata keçirilir, bu sahənin
inkişafı üçün beynəlxalq təcrübə
nəzərə alınmaqla müasir
çağırışlara cavab verən mexanizmlər tətbiq
edilir. Ötən dövr ərzində sahibkarlığa
dövlət dəstəyi tədbirləri nəticəsində
sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində
4,3 dəfə artıb, ümumi daxili məhsulda özəl
sektorun xüsusi çəkisi 80 faizi, məşğulluqda
payı isə 75 faizi ötüb”.
Beləliklə, əldə
edilmiş uğurların davamlılığının təmin
olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi
sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə
də kiçik və orta sahibkarlara (KOS-lara) göstərilən
texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə
dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin
daha da artırılmasını zəruri edir, bu sahədə
institusional yanaşmanı şərtləndirir. Azərbaycanda özəl bölmənin
inkişafında xüsusi rolu olacaq Kiçik və Orta Sahibkarlığın
İnkişafı Agentliyinin yaradılması dövlətimizin
özəl sektorun, xüsusilə kiçik və orta
sahibkarlığın inkişafına verdiyi böyük
önəmin, göstərdiyi davamlı diqqət və
qayğının daha bir təzahürüdür.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 8 mart.- S.7.