Azərbaycanın regionlarında yol infrastrukturunun yenidən qurulması intensiv şəkildə davam etdirilir

 

2017-ci ildə ölkə ərazisində 1300 kilometr yol salınıb, cari ildə isə ən azı 600 kəndin yolunun yenidən qurulması nəzərdə tutulub

Ölkəmizdə 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında yüksək standartlar səviyyəsində rahat yolların çəkilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Xatırladaq ki, bəhs olunan Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bu günədək respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. 2017-ci ildə respublikada şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb və ölkə ərazisində 1300 kilometr yol salınıb.

Respublikanın regionlarında yol infrastrukturunun yenilənməsi ilə bağlı layihələr 2018-ci ilin əvvəlindən də intensiv şəkildə davam etdirilir. Bütövlükdə cari ildə ən azı 600 kəndin yolunun yenidən qurulması proqnozlaşdırılıb.

Gədəbəydə 3 istiqamət üzrə 29 kilometr yol yenidən qurulur

Sənayenin, aqrar sektorun, turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyan yol infrastrukturunun yenilənməsi respublikamızın dilbər guşələrindən olan Gədəbəy rayonunu da əhatə edir. Hazırda rayonda uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Rayon ərazisində yenidən qurulan yollar respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6,1 km-lik Çanaqçı-Haçaqaya və 2,9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.

Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolu uzun müddət əsaslı təmir edilmədiyinə görə burada gediş-gəliş üçün çətinliklər yaranırdı. Yolun əsası, torpaq yatağı sel sularının təsirinə məruz qalmışdı. Yolun hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri sayəsində sadalanan problemlər aradan qaldırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, IV texniki dərəcəyə uyğun səviyyədə yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün 17,5-20-ci km-lik hissələrdə sol tərəfdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır.

Layihə çərçivəsində yol boyu 19 yerdə uzunluğu 223 paqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, yolun 6, 7, 8 və 10-cu km-də yerləşən düzbucaqlı formalı suötürücü boruların başlıqlarının dəmir-betonla əvəzlənməsi nəzərdə tutulub. Həmçinin yolun 1-ci km-də uzunluğu 6 metr, eni isə 8 metr olan körpünün hər iki tərəfdən 1,2 metr genişləndirilməsi, Çanaqçı kəndi ərazisində 250 metr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlərin quraşdırılması və avtoqreyderlə tələb olunan yerlərdə küvetlərin açılması işləri də yenidənqurma işləri zamanı həyata keçiriləcək. Yol yatağı hazır olan hissələrdə yol əsasının optimal qum-çınqıl materialı ilə inşası işləri aparılacaq, eyni materialla çiyinlər bərkidiləcək. Daha sonra əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlarının asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq.

Anoloji işlər Qoşabulaq-Sarıtala və Çanaqçı-Haçaqaya avtomobil yollarında da həyata keçirilir. Sözügedən yollarda torpaq yatağının IV texniki dərəcəyə uyğun 10 metr təşkil edən normativ eninin alınması üçün zəruri olan yerlərdə yararsız qrunt qazılır, ora karxana çınqılı tökülərək genişləndirilir və kipləşdirilir, avtoqreyderlə profilə salınır, çiyinlər bərkidilir. Bundan başqa, yollar boyunca 6 yerdə uzunluğu 82 paqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması və digər işlərin görülməsi nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 96 ədəd yol nişanı, 830 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 1280 paqonmetr əyrixətli dəmir tirlər quraşdırılacaq, 40 km yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Qeyd edək ki, Slavyanka-Qoşabulaq-Pərizamanlı, Çanaqçı-Haçaqaya və Qoşabulaq-Sarıtala avtomobil yollarının yenidən qurulması nəticəsində 11,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin bir-biri ilə nəqliyyat əlaqəsi yaxşılaşacaq, sakinlər rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq.

Muğanlı-Körpüsındıran avtomobil yolunun yenidənqurulması işlərinin 40 faizi tamamlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur. Uzunluğu 17,5 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Artıq işlərin 40 faizi yekunlaşıb. Belə ki, tikinti çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb. Zəif qrunt olan hissələr qazılaraq, yeri çınqıl materialı ilə doldurulub. Yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Qaz, elektrik, su və telefon xətləri yoldan kənara köçürülüb, müxtəlif yerlərdə su keçidi üçün 43 boru qoyulub. Ümumilikdə, yola 2 qat olmaqla, 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək.

Hazırda yol əsasının bərkidilməsi əməliyyatları ilə paralel yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Artıq 3 kilometrdə birinci qat asfalt örtüyün döşənməsi həyata keçirilib. Bundan başqa, yol boyu 15 yerdə avtodayanacaq qoyulacaq. Zəruri yerlərdə 227 yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi aparılacaq.

Muğanlı-Körpüsındıran avtomobil yolunun yenidən qurulması sakinlərin sevincinə səbəb olub. Muğanlı kənd sakini Rəsul Ağayev minnətdarlıq hissini ifadə edərək deyib: “Uzun illər idi ki, yol sarıdan çətinlik çəkirdik. Xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində problemlər yaranırdı. Bərdə şəhərinə və qonşu kəndlərə gedərkən həm avtomobilimiz sıradan çıxır, həm də hədər vaxt itirirdik. İndi isə yollarımız yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.

Samuxda iki avtomobil yolunun yenidən qurulması sayəsində 10 min nəfər əhalinin gediş-gəlişi yaxşılaşacaq

Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30,9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bunlar 18,2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12,7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqələrini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini yaxşılaşdıracaq.

Layihə çərçivəsində Çobanabdallı-Lək-Əlibayramlı avtomobil yolunun 4,3 km-lik hissəsi III texniki dərəcəyə, 13,9 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 4,3 km-lik hissədə 7 m, 13,9 km-lik hissədə isə 6 m təşkil edəcək. Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 6 m təşkil edəcək.

Yenidənqurma işlərinə uyğun olaraq yol boyu mövcud asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa, yolun ayrı-ayrı hissələrində torpaq yatağının səviyyəsinin qaldırılması məqsədilə yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur. Çobanabdallı-Lək-Əlibayramlı avtomobil yolu boyunca müxtəlif diametrli 14 ədəd mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 5 ədəd müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri aparılacaq, zəruri olan yerlərdə dəmir-beton küvetlər tikiləcək.

Tikinti layihəsinə uyğun olaraq yolun 5,3-cü km-də “Şəmkir maşın kanalı” üzərində yerləşən körpüyə yanaşmalarda torpaq yatağı 3 metr enində genişləndiriləcək, istismara yararsız məhəccərlər kəsilərək yeniləri ilə əvəz olunacaq, yeni əyrixətli tirlər və dirəklər quraşdırılacaq. Daha sonra yol boyu əlaqələndirici bitum səpilməklə 110 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Analoji işlər Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolunda da həyata keçirilir. Bu yolda da 12 ədəd müxtəlif diametrli mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası və bir o qədər də müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılacaq.

Layihə çərçivəsində yolun 11-ci km-də “Qanlı Qobu” adlanan ərazidə uzunluğu 24 metr, eni isə 10 metr olan yeni körpünün tikintisi nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində yol boyu əlaqələndirici bitum səpilməklə 70 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018..- 14 mart.- S.7.