Ölkəmizdə kənd təsərrüfatının
inkişafı üçün böyük meliorativ tədbirlər
görülüb
Regionlarda əkinçiliyin inkişafı sahəsində
həyata keçirilən tədbirlər sırasında
müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması
mühüm əhəmiyyət daşıyır
Azərbaycanın son 15 il ərzində əldə
etdiyi uğurların təməlində dayanan əsas amil
bütün sahələrin inkişafına hədəflənmiş
siyasətin reallaşdırılmasıdır. Məhz bunun nəticəsidir
ki, ölkəmizdə bütün sahələrdə
inkişaf və tərəqqi əldə edilib. Heç
şübhəsiz ki, bu inkişafdan aqrar sahəyə də
pay düşüb. Daha doğrusu, son 15 il ərzində
reallaşdırılan layihələr və müvafiq
Dövlət proqramları çərçivəsində
görülən işlər kənd təsərrüfatının
inkişafına təkan verib.
Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının dördüncü ilinin yekunlarına həsr
olunan konfransda da bəyan edildiyi kimi, ötən müddət ərzində
ölkəmizdə kənd təsərrüfatının
inkişafı üçün bir sıra mühüm
addımlar atılıb, o cümlədən
böyük meliorativ tədbirlər görülüb. Bu
müddətdə Taxtakörpü, Şəmkirçay,
Göytəpə və Tovuzçay su anbarları tikilib.
Onların arasında, əlbəttə ki, Taxtakörpü və
Şəmkirçay su anbarları böyüklüyünə
və kənd təsərrüfatına təsirinə görə
xüsusi yer tutur. Bunlar nəhəng tarixi infrastruktur layihələridir.
Məlumat üçün bildirək ki, bu anbarlar, çəkilmiş
və çəkilən kanallar on minlərlə hektar əkin
sahəsini suvarmaq üçün həlledici rol oynayır.
Meliorativ tədbirlər kənd təsərrüfatının
inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir.
Bu sahəyə qoyulan böyük vəsait, eyni
zamanda, sahibkarlığa dövlət tərəfindən
göstərilən növbəti dəstəyin təzahürüdür.
Əksər ekspertlərin də vurğuladıqları kimi,
bu su anbarlarının kənd təsərrüfatının
inkişafına çox müsbət təsiri olacaq.
Beləliklə, əkinçiliyin
inkişafı sahəsində həyata keçirilən tədbirlər
sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin
qurulması mühüm əhəmiyyət daşıyır.
Və bu istiqamətdə ölkənin hər yerində
olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da
mühüm addımlar atılır. Belə ki, hər il
muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər
görülür, mütərəqqi suvarma şəbəkələri
qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə
qatılır. Bu il də Kəngərli rayonunda yeni qapalı
suvarma şəbəkəsi qurulacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
mətbuat xidmətindən bildirilib ki, martın 13-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov qapalı suvarma şəbəkəsinin layihəsinə
və tikinti aparılacaq əraziyə baxıb.
Naxçıvan Muxtar
Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin sədri Əsgər Əsgərov məlumat
verib ki, qapalı suvarma şəbəkəsi “Bərəkət
toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin
410 hektar əkin sahəsində qurulacaq. Layihəyə
uyğun olaraq ərazidə 2065 metr dəmir borularla ana xətt,
6402 metr magistral xətt, 42 min 303 metr plastik borularla
paylayıcı suvarma şəbəkəsi və qurunt
sularının axıdılması üçün 3 min metr
açıq kollektor çəkiləcək. Xətlərin
üzərində 7 sutənzimləyici siyirtmə, 449 hidrant və
70 suburaxıcı quraşdırılacaq. Həmçinin
bu il Kəngərli rayonunun Yeni Kərki və Xok kəndlərinin
torpaq sahələrini əhatə edən qapalı suvarma
şəbəkəsindəki hidrantlarda supaylayıcı
hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək
və yeni hidrantlar quraşdırılacaq. Ümumilikdə
tikinti işləri zamanı 100 nəfər işlə
təmin olunacaq.
Tədbirdə qeyd olunub ki, bu gün muxtar
respublikada 160 min hektar əkinəyararlı torpaq sahəsinin
62 min hektarından istifadə olunur ki, onun da cəmi 52 min
hektara yaxını suvarılan ərazilərdir. Ona görə
də muxtar respublikada suvarılan torpaqların sahəsinin
genişləndirilməsi, yeni torpaq sahələrinin əkin
dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin
təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.
Hazırda muxtar respublikada əsas ərzaq məhsullarına
olan tələbat yerli istehsal hesabına ödənilir. Lakin
muxtar respublikanın ehtiyat taxıl fondu kənardan
alınır. Mütərəqqi suvarma sistemlərinin qurulması
və yeni torpaq sahələrinin əkin dövriyyəsinə
qatılması ilə bu problem də tamamilə həll
olunacaq. Muxtar respublikanın illik taxıla olan tələbatı
150 min tondur. Buna görə də taxıl sahələrinin
genişləndirilməsinə diqqət yetirilməli, yeni
torpaq sahələri əkin dövriyyəsinə
qatılmalı, əkilən torpaqların məhsuldarlığı
artırılmalıdır.
Əkinçiliyin inkişafından söz
düşmüşkən bildirək ki, Şabranda yaz suvarma
mövsümü öncəsi su kanallarının təmizlənməsi
işlərinin 90 faizi yekunlaşıb. Rayonun əkinəyararlı
sahələrinin suvarılması üçün istifadə
olunan 769 kilometr kanalın mart ayına kimi təmizlənməsi
nəzərdə tutulub. Görülən işlər nəticəsində
kanalların ötürücülük qabiliyyəti
artırılır ki, bu da su itkisinin qarşısını
alır.
Şabran Suvarma Sistemləri İdarəsinin rəisi
Adil Şamilov bildirib ki, kanalların lildən və kol-kosdan təmizlənməsi
işləri yaz suvarma dövrünə kimi
yekunlaşdırılacaq. Rayonun əkinəyararlı sahələrini
suvarmaq üçün 157 kilometr təsərrüfatlararası,
612 kilometr isə təsərrüfatdaxili kanallardan istifadə
olunur. Kanalların təmizlənməsi işlərinə 14
texnika cəlb olunub. Görülən işlər nəticəsində
Şabranda əkinlərin normal suvarma suyu ilə təminatında
problem yaranmayacaq.
Balakən rayonunun təsərrüfatlarında
isə yazlıq bitkilərin əkininə
başlanılıb. Qısa müddətdə 594 hektar sahədə
yazlıqların əkini aparılıb. Bu göstərici
ötən ilin müvafiq dövrü ilə müqayisədə
106 hektar çoxdur. Bu barədə Balakən rayon Statistika
İdarəsindən məlumat verilib. Qurumdan bildiriblər ki,
məhsul istehsalçıları indiyədək 263 hektar
kartof, 186 hektar tərəvəz, 13 hektar lobya əkib, 132
hektar sahəyə yonca səpiblər. Qeyd edək ki, ötən
il rayonda 13 min 728 hektar sahədə yazlıq bitkilər əkilib.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkini
üçün şitillərin yetişdirilməsi və
taxıl əkinlərinə aqrotexniki xidmət işləri də
davam etdirilir.
Oğuz rayonunun təsərrüfatlarında
payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq
işləri davam etdirilir. Hazırda taxıl sahələrinə
yemləmə - azot gübrəsi verilir. “Aqrolizinq” ASC-nin
Oğuz rayon bölməsinə istehsalçılara güzəştli
şərtlərlə satılmaq üçün ilkin olaraq
68 ton azot gübrəsi gətirilib. Gübrənin dəyərinin
70 faizi dövlət, 30 faizi isə istehsalçı tərəfindən
ödənilir. Artıq 2,5 min hektar taxıl sahəsinə
yemləmə gübrəsi verilib və bu iş davam etdirilir.
Bu barədə rayon İcra Hakimiyyətindən
bildirilib. Qeyd olunub ki, istehsalçılara gübrənin
verilməsində heç bir problem yoxdur. Fermer istənilən
vaxt müəssisədən lazım olan gübrəni
götürə bilər. Bundan əlavə, rayona digər
qurumlar tərəfindən də gübrələr gətirilir.
Taxıl sahələrində,
eyni zamanda, fitosanitar tədbirlər də davam etdirilir.
İndiyədək 450 hektar sahədə taxıl böcəyinə,
750 hektar sahədə siçanabənzər gəmiricilərə,
280 hektarda isə məftil qurduna qarşı kimyəvi
mübarizə tədbirləri həyata keçirilib.
Qeyd edək ki, ötən ilin payızında Oğuz rayonunda
2018-ci ilin məhsulu üçün 16 min 795 hektar sahədə
taxıl əkilib. Taxıl əkinlərinin 12 min 230
hektarını buğda, 4 min 565 hektarını arpa sahələri
təşkil edir.
Ağstafada isə
üzümçülüklə məşğul olan fermerlər
yaza hazırlaşırlar. Hazırda üzüm
bağlarında quru budama işləri aparılır.
Üzümçülük kənd təsərrüfatının
gəlirli sahələrindən biri olduğu üçün
fermerlərin bu sahəyə marağı ilbəil
artmaqdadır. Hazırda plantasiyalarda quru budama işləri
aparılır. Tənəklərin yararsız hissələri
kəsilib atılır, dirəklər yenilənir və təmir
işləri görülür. Fermerlər ötən il sahələrdən
bol məhsul topladıqlarına görə üzüm
bağlarının sahələrini genişləndirməyi də
planlaşdırırlar.
Üzümçülük həmçinin
Samux əhalisi üçün də kənd təsərrüfatının
gəlirli sahələrindən olduğuna görə bu il də
yeni bağların salınması davam edəcək. Bu barədə
Samux rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən il 4 hektar sahədə yeni üzüm
bağı salınıb. Beləliklə, rayon üzrə
üzümlüklərin ümumi sahəsi 10 min 586 hektara
çatdırılıb. Məhsuldarlıq dövründə
sahələrdən hər hektara görə 9,1 ton
üzüm yığılıb. Rayon üzrə isə
bağlardan mövsüm ərzində 8 min 867,9 ton
üzüm tədarük edilib.
Qeyd edək ki, rayon üzrə becərilən
texniki üzüm sortları əsasən “Gəncə şərab
- 2” istehsal müəssisəsinə təhvil verilir. Süfrə
sortları olan “Təbriz” və “Kardinal” isə əsasən
daxili bazarda, eyni zamanda, Rusiya bazarlarında satılır.
Kürdəmirdə də yazlıq bitkilərin
əkininə mütəşəkkil hazırlıqlar
başlanılıb və qısa vaxtda 1408 hektarda əkin
aparılıb. Rayon Statistika İdarəsindən bildirilib ki,
son günlər havaların əlverişli keçməsi
fermerlərin və fərdi torpaq sahiblərinin yazlıq əkinə
marağını artırıb. Az vaxtda 555 hektarda
çoxillik otlar, 519 hektarda kartof, 331 hektarda tərəvəz
bitkiləri əkilib. Əkin sahələri ötən ilin
müvafiq dövründəkindən 1,4 faiz çoxdur.
Yazlıq əkinlər rayonun daha çox Karrar, Atakişili,
Köhünlü, Mehdili, Ərəbqubalı və bir
sıra digər ərazi vahidlərində aparılıb.
Eyni zamanda, Zaqatala rayonunun təsərrüfatlarında
yaz-tarla işlərinə başlanılıb. Cari ildə
rayonda 14 min hektara yaxın sahədə yazlıq bitkilərin əkini
proqnozlaşdırılır. Qısa müddətdə ailə-fermer
təsərrüfatlarında 2 min hektardan çox sahədə
yazlıq bitkilərin əkini aparılıb və bu iş
davam etdirilir.
Bu barədə rayon İcra Hakimiyyətindən
məlumat verilib. Qurumdan bildiriblər ki, məhsul
istehsalçıları bu günədək 650 hektar sahədə
kartof, 826 hektarda tərəvəz əkib, 692 hektarda yonca səpiblər.Təsərrüfatlarda,
eyni zamanda, tütün əkininə hazırlıq işləri
də davam etdirilir. Tütün şitillərinin
yetişdirilməsi məqsədilə fermerlər tərəfindən
ümumi sahəsi 4445 kvadratmetr olan sadə istixanalar
hazırlanaraq toxum səpilib. Şitillər aprelin
axırlarında sahələrə köçürüləcək.
Respublikanın iri kartofçuluq rayonu olan
Tovuzda fermerlər 1520 hektar sahədə kartof əkiblər.
Rayonda kartof əkini davam edir. Torpaq mülkiyyətçiləri
əkini həm əllə, həm də texnika vasitəsilə
aparırlar. Tovuz rayon Statistika İdarəsindən bildiriblər
ki, 5 min hektardan artıq sahədə şum çıxaran
fermerlər 1520 hektar sahədə əkin həyata
keçiriblər.
Sahələrdə yerli kartof toxumu ilə
yanaşı, Gədəbəydən və Ukraynadan gətirilən
toxum da əkilir. Hava şəraitinin normal keçməsi isə
səpini uğurla aparmağa imkan yaradır. Kartof əkini əsasən
rayonun Qovlar şəhərində, Düz Qırıqlı,
Əyyublu, Dönük Qırıqlı, Aşağı
Quşçu kəndlərində aparılır. Qeyd edək
ki, ötən il tovuzlu fermerlər 7375 hektar sahədə
kartof əkərək, 169 min 705 ton məhsul istehsal
etmişdilər.
Sonda vurğulamaq yerinə düşər ki,
aqrar sahənin inkişafının davamlı olması
üçün hökumət hazırda yeni layihələr
üzərində işləyir. Keçən il 100 min
hektardan çox suvarılmayan torpaqlara su xətləri,
kanallar çəkilib. Bu il də hədəf daha 100 min
hektardır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2018.- 15 mart.- S.7.