Azərbaycanın regionlarında sahibkarlığın
inkişafına geniş imkanlar yaradılıb
Müvafiq Dövlət
proqramları çərçivəsində görülən
tədbirlər və aparılan islahatlar KOS subyektlərinin
maliyyə resurslarına çıxış
imkanlarının genişlənməsinə, onlara institusional
dəstək mexanizmlərinin formalaşmasına hərtərəfli
zəmin yaradıb
Regionların sosial-iqtisadi inkişafına dair
müvafiq Dövlət proqramlarında bölgələrdə
özəl bölmənin istehsal imkanlarının
artırılmasına yönələn genişmiqyaslı tədbirlər
nəzərdə tutulub. Bəhs olunan Dövlət
proqramları çərçivəsində regionların
maliyyə və infrastruktur təminatının genişləndirilməsi
sahibkarların öz layihələrini həyata keçirmələrinə,
aktiv şəkildə iqtisadi proseslərə
qoşulmalarına yeni imkanlar açıb.
Bundan başqa, yeni şəraitdə Azərbaycanda
aparılan islahatların böyük qismi özəl sektorda
aktivliyin artmasına, ölkə boyu biznes mühitinin
optimallaşdırılmasına hesablanıb. Prezident
İlham Əliyevin 2016-cı il 13 iyul tarixdə
imzaladığı “Azərbaycan Respublikasında biznes
mühitinin əlverişliliyinin artırılması və
beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha
da yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” müvafiq Sərəncamı əsasında
respublikamızda özəl bölmənin dəstəklənməsi
məqsədilə kompleks tədbirlər intensiv şəkildə
davam etdirilir. Respublikada sahibkarlıq subyektlərində
yoxlamaların dayandırılmasının müddəti
2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət
növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar
müddətsiz müəyyən edilib, dövlət
rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda
isə 4 dəfə azaldılıb, lisenziyaların
İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində
verilməsi təmin olunub.
İdarəetmənin təkmilləşdirilməsi
regionlarda KOS subyektlərinin qarşısında geniş
perspektivlər açıb
Respublikamızda kiçik və
orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının
artırılması məqsədilə həyata keçirilən
genişməzmunlu islahatlar sahibkarların yeni
ideyalarını həyata keçirmələrinə və
onların maddi imkanlarının daha da genişlənməsinə
əlverişli iqtisadi mühit formalaşdırıb.
Ölkədə aparılan islahatların bir qismi isə
kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin
təkmilləşdirilməsinə yönəldilib. Məlum
olduğu kimi, Prezident İlham Əliyevin 28 dekabr 2017-ci ildə
imzaladığı müvafiq Fərmana əsasən
İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs
statuslu Azərbaycan Respublikasının Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyi
yaradılıb. Agentliyin yaradılması
ölkədə investisiya və biznes mühitinin daha da
yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin
tənzimlənməsi sisteminin təkmilləşdirilməsi
və səmərəli əlaqələndirmənin tətbiqi,
kiçik və orta sahibkarlığın ölkə
iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin
artırılması, bu sahədə idarəçilik
sisteminin müasir tələblərə
uyğunlaşdırılması, maliyyə resurslarına KOS
subyektlərinin çıxış imkanlarının
genişləndirilməsi və institusional dəstək
mexanizmlərinin formalaşdırılması,
sahibkarlığın hüquqi təminatının gücləndirilməsi
və regionlarda sahibkarlığın inkişafına əlverişli
şərait yaradılması əsasında dayanıqlı
inkişafın təmin edilməsi məqsədi
daşıyır. Sənəddə
vurğulanıb ki, Agentliyin tərkibində ölkənin iri
rayon və şəhərlərində kiçik və orta
sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət,
informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri
və s.) bir məkanda təklif edən “Kiçik və orta
sahibkarlıq evi” yaradılsın. Onların fəaliyyəti
“ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri
olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri
vasitəsilə həyata keçiriləcək.
Regionlarda sahibkarlıq subyektlərinin
fəaliyyətinin stimullaşdırılması
baxımından ölkədə aparılan islahatlar çərçivəsində
“Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlıq səviyyəsində istehlak mallarının
istehsalına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi
də böyük aktuallıq daşıyır. Bəhs
olunan sənəddə ölkədə kiçik və orta
sahibkarlığın (KOS) vəziyyəti təhlil edilib,
xüsusilə bu sahədə görülmüş işlər,
həyata keçirilmiş islahatlar, mövcud statistika barədə
ətraflı məlumat verilib. Yol xəritəsində 2020-ci
ilədək strateji, 2025-ci ilədək olan dövr
üçün uzunmüddətli və 2025-ci ildən
sonrakı dövr üçün hədəf baxış əhatə
edilir. Yol xəritəsində adıçəkilən
baxışlarda nəzərdə tutulan məqsədlərə
nail olmaq üçün 5 strateji hədəf müəyyən
edilib.
Sahibkarlar regionlarda aqrar sahənin
inkişafına göstərilən dəstək tədbirlərindən
geniş şəkildə bəhrələnirlər
Eyni zamanda, ölkədə aqrar sektorun hərtərəfli
şəkildə dəstəklənməsi regionlarda
sahibkarlığın inkişafı üçün
geniş perspektivlər açıb. Xəbər
verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 15 və 22
sentyabr, 5 oktyabr 2016-cı il tarixli sərəncamlarına və
5 aprel 2017-ci il tarixli Fərmanına əsasən ölkədə
kənd təsərrüfatının ənənəvi sahələrindən
olan ipəkçiliyin, pambıqçılığın və
tütünçülüyün
inkişafına dövlət dəstəyinin gücləndirilməsi,
bu sahələrin potensial imkanlarından səmərəli
istifadə edilməsi, həmin məhsulların istehsalına əhalinin
marağının artırılması və sosial
rifahının daha da yaxşılaşdırılması məqsədi
ilə barama, pambıq, tütün, habelə şəkər
çuğunduru istehsalçılarına subsidiya verilməsi
müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 3 noyabr 2016-cı il tarixli 439 nömrəli Qərarı
ilə “Pambıq və tütün istehsalçılarına
dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyanın verilməsi Qaydası” təsdiqlənib.
İqtisadiyyat Nazirliyindən verilən
məlumatda bildirilir ki, 16 noyabr 2016-cı il tarixli 2442 saylı
müvafiq Sərəncama əsasən, ölkədə kənd
təsərrüfatının ənənəvi sahələrindən
olan ipəkçiliyin və
fındıqçılığın inkişafının
sürətləndirilməsi, bu sahələrin
potensial imkanlarından səmərəli istifadə edilməsi
və məhsul istehsalına əhalinin marağının
artırılması məqsədi ilə tədarük olunan
barama toxumlarının, tut (çəkil) tinglərinin və
fındıq pöhrələrinin Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən şəhər
və rayonların tələbatı nəzərə
alınmaqla məhsul istehsalçılarına əvəzi
ödənilmədən paylanılması nəzərdə
tutulub. Ötən dövrdə Çindən gətirilən
tut tingləri əvvəlcədən müəyyənləşdirilən
bölgü əsasında regionlarda fermerlərə
paylanılıb.
Bundan başqa, “Azərbaycan
Respublikasında kənd təsərrüfatının
inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” 11 aprel 2017-ci il tarixli müvafiq Sərəncamda kənd
təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə
mexanizmlərinin təkmilləşdirilməsi (maliyyə
resurslarına tələbatı üzrə
hədəflərin müəyyənləşdirilməsi,
kredit zəmanət fondunun yaradılması imkanlarına
baxılması, innovativ və girovsuz kreditlərin tətbiqi,
həmçinin risklərin idarə olunması üzrə
mexanizmlərin hazırlanması, girov bazasının
genişləndirilməsi, istehsalçıların maliyyə
savadlılığının artırılması, kreditləşmənin stimullaşdırılması), aqrar
sığortanın inkişaf etdirilməsi (qanunvericiliyin təkmilləşdirilməsi,
sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi,
Sığorta Hadisələri Reyestrinin hazırlanması,
karantin rejiminin tətbiqi ilə bağlı
istehsalçılara dəymiş maddi zərərin ödənilməsi
mexanizminin yaradılması, istehsalçıların
sığorta savadlılığının
artırılması) və aqrar sahəyə investisiya
qoyuluşlarının təşviqi (aqrar investisiya
ehtiyaclarının qiymətləndirilməsi, investisiya layihələrinin
hazırlanması və investisiya mühitinin
yaxşılaşdırılması) məqsədilə tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulub.
Hazırda ölkənin
bütün bölgələrində qeyd olunan sənədlərdə
aqrar sektorun dəstəklənməsi məqsədilə nəzərdə
tutulan tədbirlərin icrası istiqamətində intensiv
iş aparılır. Öz növbəsində sahibkarlar
bölgələrdə aqrar sektorun inkişafı məqsədilə
reallaşdırılan layihələrdən geniş
şəkildə bəhrələnirlər. Təsadüfi
deyil ki, son vaxtlarda regionlarda özəl bölmə təmsilçilərinin
iştirakı ilə yeni təsərrüfat subyektləri
yaradılıb, fermerlər onlara məxsus torpaq sahələrində
pambıq, tütün, şəkər çuğunduru becərilməsinə
böyük maraq göstərirlər. Qeyd edək ki, son
vaxtlarda regionlarda özəl sahibkarlıq subyektlərinin
investisiyaları hesabına yaradılan aqroparklarda, iri fermer təsərrüfatlarında
məhsuldarlıq ənənəvi təsərrüfatlardakından
əhəmiyyətli dərəcədə yüksəkdir.
Şəkər çuğunduru
istehsalçılarına illik 3 faizlə güzəştli
kreditlər verilib
Martın 15-də İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Şəkər
İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı”
ASC arasında əməkdaşlığa dair Niyyət
Protokolu imzalanıb.
İqtisadiyyat Nazirliyindən verilən
məlumatda bildirilir ki, Niyyət Protokoluna əsasən, “Azərbaycan
Sənaye Bankı” ASC İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına güzəştli kreditləri şəkər
çuğundurunun əkilməsi məqsədilə illik faiz
dərəcəsi 3%-dən artıq olmamaqla verilməsinə
vasitəçilik edəcək, “Azərbaycan Şəkər
İstehsalat Birliyi” MMC güzəştli kreditlərin əkinçilik
mövsümü ərzində şəkər
çuğunduru istehsalçısı olan fermerlərə
verilməsini və əldə olunmuş xammalın tədarükünü
təmin edəcək. Bununla bağlı
İmişlidə keçirilən tədbirdə
çıxış edən İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin
inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində həyata
keçirdiyi tədbirlər, imzalanmış Niyyət
Protokolu üzrə birgə əməkdaşlığın
üstünlükləri barədə məlumat verib. Qeyd
edilib ki, şəkər çuğundurunun istehsalına
ayrılan dövlətin güzəştli kreditləri
İmişlidə yerləşən emal müəssisəsinin
yerli xammalla təminatını artıracaq, bu sahədə
idxaldan asılılığın azalmasına imkan verəcək.
Tədbir çərçivəsində
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun vəsaiti hesabına “Azərbaycan Sənaye Bankı”
ASC vasitəsilə şəkər çuğunduru
istehsalına illik 3 faiz olmaqla 7 milyon manat güzəştli
kredit verilib. Bu, 1472 fermer tərəfindən 7 min hektar sahədə
şəkər çuğundurunun əkilməsinə imkan
verir.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 20 mart.- S.15.