Bölgələrdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

 

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən il ərzində də ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. Digər tərəfdən, dayanıqlı inkişaf 2018-ci ildə də davam edir. Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, iki ayda ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artmışdır: “Sənaye istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə 10,2 faiz artmışdır. İnflyasiya 4,7 faizdir. Yəni bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir. İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artmışdır və hazırda 44 milyard dollara bərabərdir. Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir. Bir sözlə, son müddət ərzində iqtisadi siyasətlə bağlı aparılan ciddi islahatlar öz gözəl nəticələrini vermişdir. Biz bu islahatları dərinləşdirəcəyik, bundan sonra da aparacağıq və Azərbaycan iqtisadiyyatının dayanıqlılığını bundan sonra da təmin edəcəyik”.

O da qeyd edilməlidir ki, ötən müddət ərzində ölkəmizdə müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin uğurla reallaşdırılması təkcə paytaxt Bakının deyil, eyni zamanda, respublikamızın bölgələrində də inkişaf göstəricilərinin qeydə alınmasını şərtləndirib. Yol infrastrukturunun yenilənməsi yönündə davam etdirilən işlər də bu baxımdan böyük əhəmiyyətə malikdir. Qarşıdakı dövrdə bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə müəyyən olunub, həmçinin respublika rayonlarını əhatə edən avtomobil yollarının tikintisi, yenidən qurulması ilə bağlı işlər davamlı xarakter daşıyır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu məsələyə toxunaraq deyib ki, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir: “Bu həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar. Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil. Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilmişdir. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 14 il ərzində 443 körpü tikilmişdir”.

Ümumiyyətlə, ötən il də bu istiqamətdə işlər uğurla davam etdirilib. 2017-ci ildə respublikanın yol infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Bəhs olunan dövrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəzərdə tutulan 52 kəndlərarası və Bakı şəhəri qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb. Ümumilikdə, 2017-ci il ərzində dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq respublikanın 34 rayonunda 14 respublika əhəmiyyətli, 42 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, bir körpü və yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bununla yanaşı, bəhs olunan sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində sistemli fəaliyyət davam etdirilir. 2018-ci ildə ən azı 600 kəndi əhatə edəcək 2000 km-dən çox avtomobil yolunun çəkilməsi vəzifəsi müəyyənləşdirilib. Bütövlükdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ildə ümumi uzunluğu ən azı 2171 km təşkil edəcək avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri yerinə yetiriləcək. Bu layihələrin həyata keçirilməsi Bakı şəhərinin qəsəbələri ilə yanaşı, 48 rayon ərazisini əhatə edəcək.

Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Yeri gəlmişkən, Ağdaş rayonu ərazisindəki uzunluğu 27 kilometr olan Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Burada yolun hərəkət hissəsi 6 metr, çiyinlər isə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Hazırda yolboyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərin həcmi 75 min kubmetr təşkil edir. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə 227 min kvadratmetr sahədə yol əsasının inşası işləri aparılacaq. Layihədə həmçinin asfaltlanma işlərinə başlanılması və paralel olaraq yol çiyinlərinin bərkidilməsi işləri də nəzərdə tutulub. Bundan başqa, avtomobil yolu üzərində yerləşən mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız 102 poqonmetr körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması, həmçinin uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşmüş boruların yeniləri ilə əvəz olunması və zəruri nöqtələrdə yenilərinin quraşdırılması planlaşdırılıb. Bu çərçivədə 620 poqonmetr uzunluğa malik müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılacaq. Tikinti işlərinin sonuncu mərhələsində isə 259 ədəd yol nişanı və məlumatverici lövhənin, 340 ədəd siqnal dirəyinin quraşdırılması, 79 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə tam yeni və müasir yol infrastrukturu yaradılacaq. Yolboyu yaşayan vətəndaşlar istər M4 Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil yoluna, oradan da M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların rayon mərkəzi və qonşu rayonlar da daxil respublikanın istənilən istiqamətinə rahat gediş-gəlişi təmin olunacaq.

Bundan başqa, Siyəzən rayonunda ümumi uzunluqları 56,6 kilometr olan və 37,3 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur. Bu yollardan biri də Gilgilçay-Yenikənd-Tuğay-Böyük Həmyə avtomobil yoludur. Uzunluğu 17,1 kilometr olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir. Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınaraq yola yayılır və kipləşdirmə işləri aparılır. Torpaq işlərinin həcmi 117 min kubmetrdir. Tikinti işləri çərçivəsində yolun altından suların ötürülməsini təmin edən mövcud suötürücü dəmir-beton boruların bərpası və təmiri də nəzərdə tutulub. Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisinin ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün 100 min kvadratmetrdən artıq sahəyə döşənməsi işləri aparılacaq. Bundan başqa, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə, layihədə yol boyu 119 ədəd yol nişanı və 684 ədəd siqnal dirəkləri quraşdırılacaq, 51 kilometr üfüqi nişanlanma xətləri çəkiləcək. Sözügedən yolun yenidən qurulmasında məqsəd əhalinin rahat gediş-gəlişini təmin etməkdir. Yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazilərinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolu da yenidən qurulur. 16 kilometr uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 metr hərəkət hissə və 2 metr çiyinlər də daxil olmaqla 10 metr enində tikilir. Bunun üçün hazırda ərazidə 190 min kubmetr həcmdə torpaq işləri görülür, yararlı çınqıl materialı tökülərək kipləşdirilir və yeni yol yatağı inşa olunur. Torpaq işlərindən əlavə, yolboyu yeni suötürücü dəmir-beton boruların tikintisinə ehtiyac olduğundan, bu məqsədlə 5 nöqtədə dairəvi boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi işləri aparılacaq. Texnoloji ardıcıllığa uyğun olaraq yol yatağı hazır olandan sonra çınqıl-qum və qırmadaş-qum qarışıqlarından istifadə olunmaqla normativ qalınlıqda əsasın tikintisi işləri aparılacaq. Daha sonra asfaltlanma işlərinə başlanılacaq ki, bu zaman müvafiq olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 96 min kvadratmetr sahə asfaltlanacaq. Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı, həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 kilometr uzunluğunda xətlənmə işləri aparılacaq. Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmalarına şərait yaradılmış olacaq.

Ümumiyyətlə, bölgələrdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər turist cəlbediciliyini də artırır. Bu isə turizmin inkişafı üçün müstəsna əhəmiyyətə malikdir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2018.- 22 mart.- S.8.