Regionlara gələn turistlər Novruz şənliklərinin
fəal iştirakçılarına çevriliblər
Bayram günlərində
Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin
xidmətlərindən gün ərzində orta hesabla minə
yaxın turist faydalanır
Məlum olduğu kimi, bir sıra inkişaf
etmiş ölkələrin milli iqtisadiyyatında turizm sektoru
mühüm yer tutur. Yeni şəraitdə qeyri-neft sektorunun
üstün inkişafına nail olmağı hədəfləyən
Azərbaycan da ölkəyə daha çox sayda turist cəlb
etmək üçün məqsədyönlü siyasət həyata
keçirir. Son illərdə bütün respublika boyu
müasir turist yerləşdirmə obyektləri istifadəyə
verilib, yeni turist marşrutları açılıb. Paralel
şəkildə qanunvericilik bazası qabaqcıl dünya təcrübəsi
nəzərə alınmaqla təkmilləşdirilib, ölkəyə
gəlib-getmə qaydaları sadələşdirilib, ASAN viza
sisteminin tətbiqinə başlanılıb. 2016-cı il 6
dekabr tarixli müvafiq Fərmanla təsdiqlənən milli
iqtisadiyyat və onun 11 aparıcı istiqaməti üzrə
strateji yol xəritələrindən biri də məhz turizm
sektorunu əhatə edir. Bəhs olunan strateji sənəddə
respublikamızın turizm potensialından daha səmərəli
istifadə edilməsi məqsədilə yaxın, orta və
uzummüddətli perspektiv üçün konkret hədəflər
müəyyənləşdirilib.
Eyni zamanda, Azərbaycanda 2004-cü ildən bəri
uğurla reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair müvafiq Dövlət proqramları
çərçivəsində bütün respublika boyu
aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri,
infrastruktur təminatının möhkəmləndirilməsi
sayəsində paytaxt Bakı ilə bölgələr
arasında fərq minimuma enib. Bütün bu amillər, həmçinin
möhkəm daxili sabitlik ölkəmizin turist cəlbediciliyinin
getdikcə artmasına müsbət təsir göstərir.
2018-ci ilin əvvəlindən ölkəyə
gələn xarici vətəndaşların sayında 12,3 faiz
artım müşahidə edilib
Qeyd edilən müsbət reallıqlar fonunda
ölkəmizə gələn turistlərin sayı ilbəil
artır. 2017-ci ildə respublikamıza 2,7 milyon turist təşrif
gətirib ki, bu da əvvəlki ildəkindən təxminən
20 faiz çoxdur. Respublikamıza təşrif gətirən
xarici turistlərin sayında artım dinamikası cari ilin əvvəlindən
də yüksək olaraq qalmaqdadır. Mədəniyyət və
Turizm Nazirliyindən verilən məlumata əsasən, cari
ilin yanvar-fevral aylarında ölkəyə gələn xarici
vətəndaşların sayında 2017-ci ilin müvafiq
dövrü ilə müqayisədə 12,3 faiz artım
müşahidə edilib. 2018-ci ilin yanvar ayında Azərbaycana
185 913, fevral ayında isə 166 161 nəfər xarici vətəndaş
təşrif gətirib. Cari ilin iki ayı ərzində
ölkəmizə gələn xarici vətəndaşların
ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və
İran vətəndaşlarının xüsusi çəkisi
daha çox olub.
Novruz bayramı günlərində
“Şahdağ” Turizm Mərkəzində böyük qələbəlik
yaşanır
Artıq gözəl bir ənənəyə
çevrilib: Hər il xalqımızın əziz bayramı
Novruz ərəfəsində ölkəmizə gələn
turistlərin sayı əhəmiyyətli dərəcədə
artır. Bu baxımdan
2018-ci ilin Novruz bayramı da istisna təşkil etmir.
Bayram
günlərində şimal bölgəsinə, o cümlədən
Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb.
Novruz bayramı münasibətilə elan olunan qeyri-iş
günlərində “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən
gün ərzində orta hesabla minə yaxın turist
faydalanır. Burada dincələn qonaqların əksəriyyətini
yerli turistlər təşkil etsə də, ziyarətçilər
arasında xeyli sayda əcnəbilər də var.
“Şahdağ”
Turizm Mərkəzinin satış və marketinq şöbəsindən
bildirilib ki, hər il olduğu kimi, bu il də turizm mərkəzində
bayram günlərində qonaqların istirahətini təmin
etmək məqsədilə müvafiq hazırlıq işləri
həyata keçirilib. Novruz bayramı ilə əlaqədar
turizm mərkəzində martın 26-dək davam edəcək
bayram proqramı və şənliklər hazırlanıb. Bu
il bayram günləri üçün Turizm Mərkəzində
yerləşən hotellərdəki yerlərin 80 faizdən
çoxu əvvəlcədən sifariş verilib.
Rusiyada fəaliyyət
göstərən turizm şirkətinin nümayəndəsi
Timur Əhmədov bildirib ki, onların şirkəti vasitəsilə
hər həftə Dağıstan Respublikasından Qusara
onlarla turist gəlir: “Bizim şirkətə müraciət edən
turistlər “Şahdağ”dan çox razı qalırlar. Burada
xidmət səviyyəsi yüksəkdir. Kanatlar, xizək
yolları turistlərin ürəyincədir. Həm də bizə
məsafə baxımından çox yaxındır. Buna
görə də tez-tez gəlirik”.
Turizm mərkəzi
Novruz günlərində də müxtəlif əyləncələrlə
qış istirahətini və aktiv istirahəti sevənlərin
könlünü oxşayır. Xizək və snoubord sürmə
ilə yanaşı, aeroxizək və kvadrosikl turları,
ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar
üçün kirşələr, buz meydançası kimi
13 növ qış əyləncəsi qonaqların
ixtiyarındadır.
Bayram
günlərində Quba rayonuna gələn turistlər isə
daha çox Qəçrəş istirahət zonasına
üz tutublar. Quba Turizm İnformasiya Mərkəzindən verilən
məlumata görə, bayram günlərində rayona gələn
turistlərin sayı adi günlərdəkindən 50-60 faiz
çox olub. Gücləndirilmiş iş rejimində
çalışan mərkəzdə “qaynar xətt”
yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində
(070) 530-76-70 nömrəsinə zəng edərək istirahət
mərkəzləri, turizm marşrutları barədə ətraflı
məlumat ala bilərlər.
III Beynəlxalq
Tərəkəmə Çərşənbəsi folklor
festivalı turistlərin böyük marağına səbəb
olub
Novruz ərəfəsində
regionlarda keçirilən bayram tədbirləri, festivallar
yerli və xarici turistlərin böyük marağına səbəb
olur. Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən
olan Gəgəli kəndində III Beynəlxalq Tərəkəmə
Çərşənbəsi folklor festivalı bu baxımdan
daha yaddaqalan olub. İsmayıllı Regional Mədəniyyət
və Turizm İdarəsindən verilən məlumatda
bildirilir ki, Həqiqət Musayev adına Gəgəli kənd
ümumi orta məktəbinin Tərəkəmə Folkloru
Araşdırma və Təbliğat Qrupu və MİRAS Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyi tərəfindən keçirilən festivala Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu
rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, AzGranata MMC və
Allprint MMC təşkilati dəstək veriblər.
Martın
19-da start götürən və üç gün davam edən
III Beynəlxalq Tərəkəmə Çərşənbəsi
folklor festivalında 500 nəfərə yaxın insan
iştirak edib. Onların arasında Türkiyə,
Gürcüstan, Rusiya və İrandan gələn nümayəndələr
və folklor qrupları da olub.
Festivalın
ilk günündə çıxış edən MİRAS Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
Fariz Xəlilli, Ağsu rayon İcra Hakimiyyətinin
başçısı Ənvər Seyidəliyev, Türkiyənin
Qars Universiteti Kültür İdarəsinin müdiri
Çetin Adıgüzel, Dərbənd Azərbaycan Dövlət
Dram Teatrının direktoru Firdovsi Əkbərov, “Dostlar
üçün Gürcüstan” Assosiasiyasının
prezidenti Tamara Basilaşvili tədbirin Azərbaycanın,
ümumən türk dünyasının adət-ənənələrinin
təbliğində, dünya xalqları arasında mədəni
əlaqələrin qurulmasında və genişləndirilməsində,
bəşəri dəyərlərin öyrənilməsində
əhəmiyyətindən danışıblar.
Sonra tədbir
folklor qruplarının çıxışları ilə
davam edib. Gəgəli kənd ümumi orta məktəbinin nəzdindəki
Gəgəli Tərəkəmə Folkloru və
Araşdırma və Təbliğat Qrupunun, Ağsu
Xançobanı folkloru ansamblının, Dərbənd Azərbaycan
Dövlət Dram Teatrı kollektivinin, MİRAS Musiqi qrupunun,
“İncilər” Milli geyim nümayişi dəfiləsinin,
Gürcüstanın “Sameba” ansamblının,
İsmayıllı rayonu Lahıc folklor qrupunun, İran
Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri
Əfşarın, Ağsunun Bico kəndindən Aşıq
Amilin və digərlərinin çıxışları
iştirakçılar tərəfindən böyük maraqla
qarşılanıb.
Festivalda
iştirakçılar ayrı-ayrı ölkələrin adət-ənənələri
ilə tanış olmaq, kənd mətbəxinin təamlarını
dadmaq, qurşaq atmaq və sair imkanlar da qazanıblar. Orta əsr
Ağsu şəhəri və Mehrəvan qalasında aşkar
edilən arxeoloji tapıntılar, Gəgəli kəndində
toxunan palaz və kilimlər və sair
iştirakçılarda böyük maraq doğurub.
Qeyd edək
ki, türk obalarında axır çərşənbə
günündə bir sıra adətlər mövcuddur və
bu adətlərdən ən əsası insanların, eləcə
də ev heyvanlarının iki odun arasından keçirilməsi
ilə bağlıdır. Bu adət Azərbaycanın
Şirvan bölgəsinin Oğuz türk obalarından olan Gəgəli
kəndində ən yaxşı şəkildə
günümüzədək gəlib çatıb. Ağsu
rayonunun ən böyük kəndi Gəgəli türk
dünyasının tarixi obalarından olan
Axtaçının yaşayış məskənlərindəndir.
Əhalisi tarixən qışlaq, yaylaq və yazlıq
torpaqlarında maldarlıqla məşğul olan bu əski tərəkəmə
obasının bəzi folklor nümunələri özünəməxsusluğu
ilə seçilir. Axır çərşənbədə
oturma adəti və insanlarla yanaşı, heyvanların da
çərşənbə tonqalından keçirilməsi adətinin
təhlili bu obanın timsalında əski türklərdə
axır çərşənbə mərasiminə
böyük önəm verildiyini göstərir.
Şəkidə
keçirilən rəngarəng bayram tədbirləri
iştirakçılara xoş ovqat bəxş edib
Şəkidə
keçirilən Novruz tədbirlərində yerli və xarici
turistlər fəal şəkildə iştirak ediblər və
əsl bayram sevinci yaşayıblar. Şəki Regional Mədəniyyət
və Turizm İdarəsindən verilən məlumata görə,
baharın gəlişi və Novruz bayramı münasibətilə
Şəki şəhərindəki “Yuxarı baş” Dövlət
Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər
bayram şənliyi keçirilib. Bayram tədbiri XVIII əsrə
aid nadir tarixi-memarlıq abidəsi olan Şəki
xanlarının sarayının həyətində mədəniyyət
işçilərinin hazırladığı bədii
proqramla başlanıb. Şəhər rəhbərliyi,
ictimaiyyətin nümayəndələri və şəhərin
qonaqlarının, yerli və xarici turistlərin iştirak
etdikləri tədbirdə musiqi və rəqs kollektivləri
maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bayram tədbiri
daha sonra qədim memarlıq abidəsi olan “Qala
divarları”nın həyətində davam etdirilib. Bayram
tonqalı alovlandırıldıqdan sonra kəndirbaz və pəhləvanlar
öz məharətlərini nümayiş etdiriblər.
Novruzun personajları olan Kosa və Keçəl məzəli
zarafatları ilə bayram iştirakçılarına xoş
ovqat bəxş ediblər.
Sonra
bayram iştirakçıları qoruğun ərazisindəki
V-VI əsrlərə aid Dairəvi məbədin həyətində
qol güləşçilərinin yarışını, qədim
adət-ənənələrdən sayılan xoruz
döyüşünü izləyib, Şəki şəhər
2 və 4 saylı uşaq musiqi məktəblərinin,
tarix-diyarşünaslıq muzeyinin qarşısında isə
şəhər 3 saylı uşaq musiqi məktəbinin folklor
və rəqs kollektivlərinin maraqlı konsert proqramına
tamaşa edib, çay süfrəsinə qonaq olub, Novruz təamlarından
dadıblar. Bayram tədbiri daha sonra XVIII əsrə aid tarixi
memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində
uşaq incəsənət məktəbi kollektivinin
hazırladığı rəngarəng konsert proqramı ilə
davam edib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 23 mart.- S.7.