Son 15 ildə Azərbaycanda
20-dən artıq su mənbəyinin yaradılması
böyük nailiyyətdir
Respublikanın şəhər və kəndlərində
reallaşdırılan layihələr hesabına ölkə
üzrə fasiləsiz içməli su ilə təminat
2004-cü ildəki 26 faizdən 2017-ci ildə 67 faizə
çatdırılıb
Son illərdə Azərbaycanda
intensiv şəkildə reallaşdırılan su layihələri
bütün ölkə boyu müasir infrastruktur quruculuğuna
yaxşı nümunədir. 2004-cü ildən etibarən uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair müvafiq Dövlət proqramları
çərçivəsində respublikanın 50 şəhər və rayon mərkəzində su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin
icrası həyata keçirilir. Ötən müddətdə
bu şəhərlərin 23-də su və kanalizasiya şəbəkələrinin,
10-da su şəbəkələrinin inşası uğurla
başa çatıb.
Kənd yaşayış məntəqələrini
içməli su ilə təmin etmək məqsədilə əhalisinin
sayı 630 min nəfər olan 520 kənddə yeni layihələr
icra olunub. 2004-2017-ci illərdə 20-dən artıq su mənbəyi
yaradılıb, 1390 km-i magistral olmaqla 9230 km su kəmərləri,
ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 300-dən
artıq subartezian quyusu qazılaraq istismara verilib. Həyata keçirilən bu layihələr sayəsində
ölkə üzrə əhalinin içməli su təminatı
əhəmiyyətli dərəcədə
yaxşılaşıb. Əgər 2004-cü ildə ölkə
üzrə fasiləsiz içməli su ilə təminat 26
faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici
67 faizə çatdırılıb.
Respublikamızda qəbul edilən müvafiq
Strateji Yol Xəritəsinə uyğun olaraq perspektivdə
ölkənin şəhər və kəndlərində əhalinin
içməli su təchizatının daha yüksək səviyyəyə
qaldırılması hədəflənib. Qarşıya
qoyulan vəzifə uğurla yerinə yetirilir. 2018-ci ilin əvvəlindən
respublikanın daha bir neçə yaşayış məntəqəsində
su layihələrinin icrası tamamlanıb.
Mingəçevir şəhərində 344
kilometr uzunluğunda içməli su şəbəkəsinin
inşası tam başa çatdırılıb
Cari ildə respublikamızda
reallaşdırılan su layihələrindən biri Mingəçevir
şəhərində tamamlanıb. Prezident
İlham Əliyevin də regionlara növbəti səfəri
çərçivəsində qatıldığı Mingəçevir
şəhərinin içməli su təchizatı sisteminin
istismara verilməsi mərasimində “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov şəhərin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsi çərçivəsində
görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Mingəçevir şəhərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin
oktyabrında başlanıb. Dövlət
büdcəsi vəsaiti hesabına həyata keçirilən
layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə
alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin
içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb.
Şəhəri içməli
su ilə təmin etmək üçün mənbə olaraq
Mingəçevir su anbarı seçilib və onun
yaxınlığında müasir sutəmizləyici
qurğunun inşası layihələndirilib. İlkin mərhələdə
burada təbii şəraitdə durulan suyun təmizləyici
qurğuya ötürülməsi məqsədilə
göldən təmizləyici qurğuya diametri 800 millimetr olan
borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər
inşa edilib. Təmizləyici qurğunun yeri elə
seçilib ki, göldə suyun səviyyəsi minimum həddə
düşəcəyi halda da buradan qurğuya su
özüaxımlı rejimdə ötürüləcək.
İstehlakçıların keyfiyyətli içməli su ilə
təmin edilməsi üçün məhsuldarlığı
sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan
müasir tipli qum süzgəcli təmizləyici qurğu
tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi
reagentlərdən istifadə olunmadan aparılır və onun
keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının
standartlarına tam cavab verir. Burada emal prosesi tam
avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən
idarə olunur. Tam qapalı rejimdə işləyən
qurğuda suyun giriş və çıxış parametrlərinə
sensorların köməyi ilə avtomatik nəzarət olunur.
Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə
yerləşən anbara ötürülməsi məqsədilə
məhsuldarlığı saatda 2100 kubmetr olan nasos
stansiyası quraşdırılıb. Suyun optimal idarə
olunması və özüaxımlı rejimdə
paylanması məqsədilə dəniz səviyyəsindən
85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı
inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu
anbara ötürülərək özüaxımlı rejimdə
şəhər şəbəkəsinə verilir. Gələcəkdə
bu qurğudan Yevlax şəhərinə və əhalisi 8500
nəfər olan 7 kəndə içməli suyun verilməsi
nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir
su anbarından Yevlax şəhərinə 35 kilometr
uzunluğunda yeni magistral kəmərin və hər birinin
tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib.
Artıq magistral kəmərin Kür çayının keçidinə
qədər olan 2,8 kilometrlik hissəsi tikilərək
hazır vəziyyətə gətirilib.
Layihə çərçivəsində Mingəçevir
şəhərində 344 kilometr uzunluğunda içməli
su şəbəkəsinin inşası tam başa
çatdırılıb, 30 min 211 abonentin 14 mindən
çoxu sayğacla təmin olunub. Sayğaclaşdırma
işləri davam etdirilir. Hazırda şəhər əhalisi
yeni qurğuda təmizlənən və yeni çəkilmiş
şəbəkə vasitəsilə keyfiyyətli içməli
su ilə təmin olunur.
Mingəçevir şəhərinin kanalizasiya
sistemi də yenidən qurulur
Verilən məlumata əsasən, şəhərdə
layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya
şəbəkəsinin 103 kilometrlik hissəsi və 21
kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib.
Tullantı sularının optimal idarə olunması məqsədilə
ilkin mərhələdə kanalizasiya şəbəkəsi
üzərində məhsuldarlığı saatda 1300 kubmetr
olan üç nasos stansiyası quraşdırılıb və
işlək vəziyyətə gətirilib. Gələcəkdə
şəbəkə üzərində müxtəlif nöqtələrdə
məhsuldarlığı saatda 3256 kubmetr olan dörd yeni
kanalizasiya nasos stansiyasının inşası da nəzərdə
tutulur. Mingəçevir şəhərində
yaranacaq tullantı suları Yevlax rayonunun Hacıselli kəndi ərazisində
inşası nəzərdə tutulan və məhsuldarlığı
sutkada 60 min kubmetr olacaq qurğuda təmizlənərək kənarlaşdırılacaq.
2015-ci ildə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına
hazırlıq çərçivəsində Mingəçevir
şəhərində 41 kilometr içməli su, 30
kilometr kanalizasiya xətləri, üç kanalizasiya nasos
stansiyası inşa olunub. Bu nasos stansiyaları hesabına
Kür çayının sol sahilində 13, sağ sahilində
isə 8 nöqtədə təmizlənmədən çaya
axıdılan tullantı sularının qarşısı
alınıb.
Bildirilib ki, Mingəçevir
şəhərinin ilk mərkəzləşdirilmiş
içməli su təchizatı və kanalizasiya sistemləri
1950-1960-cı illərdə mərhələlərlə
yaradılıb. Şəhərin içməli su təchizatı
Mingəçevir su anbarı, Kür çayı və
Qarabağ kanalı hesabına aparılırdı. Şəhərdə
mövcud olmuş 175 kilometr uzunluğunda içməli
su şəbəkəsi bütün istehlakçıları
əhatə etmirdi və istismara yararsız vəziyyətə
düşmüşdü. İçməli su fasilələrlə
verilirdi. Əhalinin qalan hissəsi tələbatını fərdi
qaydada ödəyirdi. Mingəçevirdə
mövcud olmuş kanalizasiya şəbəkəsi də şəhəri
tam əhatə etmirdi və uzun müddət istismar olunaraq
yararsız vəziyyətə düşmüşdü. Məhsuldarlığı
sutkada 15 min 300 kubmetr olan tullantı sutəmizləyici
qurğunun fəaliyyəti 1985-ci ildən
dayandırılmışdı.
Füzuli rayonunun Kərimbəyli kəndinin
içməli su problemi həll edilib
Respublikamızda cəbhə bölgəsində
yerləşən yaşayış məntəqələrinin
kommunal xidmətlərlə təchizatı xüsusi diqqət
mərkəzində saxlanılır. “Azərsu”
Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata
əsasən, Prezident İlham Əliyevin imzaladığı
“Əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında” müvafiq Sərəncama uyğun olaraq Füzuli
rayonunun Kərimbəyli kəndinin içməli su
problemi həll edilib. Bu münasibətlə Novruz bayramı ərəfəsində
kənddə tədbir keçirilib.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin
başçısı Alı Alıyev son illər rayonda həyata
keçirilən abadlıq və quruculuq işləri barədə
məlumat verib. Bildirib ki, işğaldan azad olunmuş
yaşayış məntəqələrinin, o cümlədən
Kərimbəyli kəndinin kommunal xidmətlərlə təminatı
dövlət tərəfindən həmişə diqqətdə
saxlanılıb. Sovet dövründə Kərimbəyli
kəndində su xətləri çəkilib, ümumi istifadə
üçün bulaqlar quraşdırılıb. 1993-cü
ildə Ermənistan silahlı qüvvələrinin işğalı
nəticəsində kənddəki yaşayış evləri
və kommunal infrastruktur dağıdılıb. 1994-cü ilin
yanvarında uğurlu Horadiz əməliyyatı nəticəsində
kənd işğaldan azad olunub. Ötən illərdə kəndin
sosial və kommunal infrastrukturunun bərpası istiqamətində
mühüm işlər görülüb. Novruz bayramı ərəfəsində
kənddə yeni su təchizatı sistemlərinin
açılışı sakinlər üçün əsl
bayram hədiyyəsi olub.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov
bildirib ki, indiyədək Ağdam, Tərtər, Goranboy, Qazax,
Füzuli, Tovuz və digər rayonların cəbhə xəttinə
yaxın kəndlərində içməli su layihələri
icra edilib. Kərimbəyli kəndində su təchizatı
sisteminin qurulması ilə “Əhalinin içməli su ilə
təminatının yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı çərçivəsində
layihələrin icrası tam başa
çatdırılıb. S.Seyidov kənd
yaşayış məntəqələrinin içməli su
ilə təchizatı layihələrinin 2018-ci ildə də
davam etdiriləcəyini bildirib.
Açılış mərasimində
iştirak edən kənd sakinləri bildiriblər ki, uzun illər
içməli suya olan tələbatlarını həyətyanı
sahələrindəki quyular hesabına və ya daşıma
yolu ilə ödəyirdilər. Yeni layihənin icrası bu
problemi birdəfəlik həll edib.
Layihəyə əsasən, Füzuli rayonunun Kərimbəyli
kəndini içməli su ilə təmin etmək
üçün 1 ədəd subartezian quyusu qazılıb, su
mənbəyində nasos, transformator və elektrik xətləri
quraşdırılıb. Kənddə mövcud olmuş hər
birinin turumu 500 kubmetr olan 2 ədəd su anbarı əsaslı
təmir edilib. Kərimbəyli kəndində müxtəlif
diametrli polietilen borularla 6,5 km uzunluğunda su xətləri
çəkilib, əhalinin ümumi istifadəsi
üçün 32 ədəd bulaq quraşdırılıb.
Bu layihə kəndin 2 minə yaxın sakininin içməli
su təminatının yaxşılaşdırılmasına
imkan yaradıb.
Xatırladaq ki, “Əhalinin
içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində
içməli su təchizatı sistemləri yaradılıb.
Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə
271 min nəfər içməli su ilə təmin olunub.
Mübariz
ABDULLAYE
Yeni Azərbaycan.-
2018.- 24 marta.- S.11.