Xalqımız cənab İlham Əliyevin siyasətini
ürəkdən dəstəkləyir
Milli Məclisin deputatı, Azərbaycanda
Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov
www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, ölkəmiz prezident
seçkiləri ərəfəsindədir. Hazırda Yeni Azərbaycan
Partiyası “İlhamla irəli!” şüarı ilə təbliğat
kampaniyası aparır. Sizin bu seçki ilə bağlı
düşüncələriniz nədən ibarətdir?
- Əlbəttə ki, prezident seçkilərindən
danışarkən, hər kəs üçün
günümüzün reallığı məlumdur. Yəni
Yeni Azərbaycan Partiyasının Sədri, dövlət
başçısı İlham Əliyevin nüfuzu o qədər
yüksəkdir ki, indidən seçkinin nəticələri
haqqında fikir yürütmək mümkündür. Prezident
İlham Əliyevin vətəndaşlar arasında nə qədər
böyük hörmət və inama sahib olması həm
ölkə daxilində, həm də xaricdə yaxşı məlumdur.
Bunun da çox ciddi əsasları var. Dünyada baş verən
mürəkkəb proseslərin fonunda Azərbaycan yüksək
dinamika ilə inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub,
ölkədə lider-xalq birliyi sarsılmazdır.
Bütün bunlar cənab İlham Əliyevin həyata
keçirdiyi mükəmməl siyasətin nəticəsidir.
Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin
gördüyü möhtəşəm, əzəmətli
işlər nəticəsində Azərbaycan tarixində
olmadığı qədər güclü dövlətə
çevrilib.
Daxili siyasətə gəlincə, Azərbaycanda
həyata keçirilən quruculuq işləri göz
önündədir. Elə bir bölgəmiz yoxdur ki, orada
abadlıq, quruculuq işləri getməsin. Həmçinin
sosial-iqtisadi sahədə də böyük nailiyyətlər
əldə olunub, bölgələrdə xeyli sayda iş yerləri
açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət
və idman obyektləri tikilib istifadəyə verilib.
Bütün bunlar vətəndaşlarımızın
rifahı, sağlamlığı, yüksək biliklərə
yiyələnməsi üçündür. Əlbəttə
ki, xalqımız cənab İlham Əliyevin bu siyasətini
görür və ürəkdən dəstəkləyir.
Cənab Prezident həmçinin milli-mənəvi
dəyərlərimizin, ana dilimizin qorunması və
inkişaf etdirilməsi sahəsində də misilsiz xidmətlər
göstərir. Bu barədə faktlar kifayət qədər
var və biz zaman-zaman bu mövzularla bağlı ətraflı
söhbət etmişik. Cənab İlham Əliyevin xarici siyasətində
isə daim dövlət və milli maraqlarımız qəti
şəkildə qorunur. Bu baxımdan, ən təqdir
olunası məqamlardan biri dövlətimizin
başçısının türk dövlətləri və
xalqlarının birliyinin gücləndirilməsi istiqamətində
göstərdiyi səylər və təşəbbüslərdir.
Məhz bu siyasətin nəticəsidir ki, türk birliyi son illər
daha da güclənib və bu proses irəliyə doğru getməkdədir.
Qeyd etdiyim kimi, bu uğurun əldə olunmasında Azərbaycan
Prezidentinin müstəsna xidmətləri var. Ona görə də
cənab İlham Əliyev bu gün türk
dünyasının liderlərindən biri kimi qəbul olunur.
Beləliklə, Azərbaycan
xalqı Prezidentimizin bütün sahələr üzrə
uğurlu siyasətini görür və daim dəstəkləyir.
İndiyə qədər keçirilən seçkilərdə
cənab İlham Əliyevin parlaq qələbə qazanması
məhz xalqımızın Ona olan yüksək
inamının ifadəsidir. Bu baxımdan, aprelin 11-də
keçiriləcək növbəti prezident seçkilərində
də cənab İlham Əliyevin qələbə
qazanacağı şübhəsizdir. Hətta bu faktı Onun
opponentləri də etiraf edirlər.
- Prezident İlham Əliyevin siyasətində
İslam həmrəyliyinin gücləndirilməsi də əsas
istiqamətlərdən biridir. Nəinki Azərbaycan xalqı,
eləcə də bütün İslam dünyası cənab
İlham Əliyevin bu yöndəki səylərini yüksək
dəyərləndirir...
- İslam dini bizim xalq kimi formalaşmağımızda
çox ciddi rol oynayıb. Ümumiyyətlə, türk
xalqlarının mütləq əksəriyyətinin xalq kimi
formalaşmasında İslam dini mühüm rol oynayıb.
Müasir dövrdə də Azərbaycan dövləti və
xalqı İslam həmrəyliyində vacib rol oynayır. Azərbaycan
inkişaf etmiş dövlətdir və müsəlman
dünyasına qarşı hər hansı konyunktur müdaxilələr
olursa, ölkəmiz buna dərhal etiraz edir. Eyni zamanda, müsəlman
olduqlarına görə insanlara harada terror damğası
vurulursa, Azərbaycan bu yanaşmaya qarşı
çıxır. Azərbaycan İslam dünyasındakı
inkişafa töhfələr verir və İslam ölkələri
ilə bizim çox sıx əlaqələrimiz var. Beynəlxalq
İslam təşkilatlarında da biz fəal iştirak edirik.
Eyni zamanda, biz İslamı milli-mənəvi dəyər kimi
qoruyuruq. Qısa müddət ərzində ölkəmizdə
nə qədər ibadətgahlar, məscidlər tikilib və
ya bərpa olunub. Bunların hamısı müasir dövrdə
real olaraq dinimizə münasibətimizdir.
Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi
İli” elan etməklə bütün İslam dünyasına
ciddi mesaj verdi. Həmin il çərçivəsində
yerli və beynəlxalq tədbirlər keçirildi.
Bütün müsəlman dünyası cənab İlham
Əliyevin həmrəylik təşəbbüsünü dəstəkləyir.
Biz İslam həmrəyliyini iki mənada başa
düşürük. Birincisi, İslam daxilində həmrəylik,
ikincisi isə, İslamın dünyada yaratdığı həmrəylikdir.
İslam sonuncu din olduğuna görə həmişə
bütün dinlərə humanist münasibət bəsləyib,
hörmətlə yanaşıb. Bu gün bütün bunlar
Azərbaycan dövlətçiliyinin və
ideologiyasının təcrübəsində mövcuddur.
- Necə hesab edirsiniz, Prezident İlham
Əliyevin xalqımız tərəfindən birmənalı
olaraq dəstəklənməsində azərbaycançılıq
ideologiyasının yeni mərhələdə uğurla davam
etdirilməsi nə dərəcədə rol oynayır?
- Azərbaycan xalqı və dövləti tərəfindən
azərbaycançılıq ideologiyasının tətbiqi,
müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsinin
dünya miqyasında çox müxtəlif ideoloji proseslər
kontekstində baş verdiyi hamıya məlumdur. Azərbaycan
xalqının milli ideologiyasının nəinki danılmaz, hətta
mübahisəsiz bir üstünlüyü vardır ki, onun
mahiyyətində üç tamamilə humanist dəyər
komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət
və dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini
tapmış fəlsəfədə, eləcə də onun mənsub
olduğu xalqın təfəkküründə nə etnik məhdudluq,
nə dini dözümsüzlük, nə də antihumanizm
yoxdur.
O var ki, Azərbaycan xalqı da,
dünyanın bütün digər xalqları kimi, müəyyən
bir etnik mənşəyə, müəyyən bir dini
dünyagörüşə mənsubdur və bütün digər
xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir.
Tarixi taleləri elə gətirib ki, azərbaycanlıların
bu gün yalnız beşdən biri müstəqil Azərbaycan
Respublikasının vətəndaşıdır. Təxmini
hesablamalara görə, dünya azərbaycanlılarının
beşdən dördü öz tarixi Vətənində
yüz illərlə necə məskun olmuşdursa, bu gün də
məskundur. Ona görə də əsası
Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş bir siyasətin - dünya azərbaycanlılarının
həmrəyliyinin miqyasının genişləndirilməsi
siyasətinin müasir mərhələdə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi heç bir alternativ qəbul etməyən
bir zərurət olub azərbaycançılıq
ideologiyasını zənginləşdirən, ona
güclü enerji verən, onun məzmununu bütövləşdirən
konseptual hadisədir.
Hər şeydən əvvəl
ona görə ki, dünyanın harasında məskunlaşmasından
asılı olmayaraq, kiçik istisnaları nəzərə
almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni
dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət-
ənənələrin daşıyıcısıdırlar. Əlbəttə, qloballaşan müasir
dünyada azərbaycanlıların siyasi-inzibati sərhədləri
aşaraq bir-birləri ilə sıx ünsiyyətə girmələri,
ümummilli maraqlarını humanizm, insan hüquqları
çərçivəsində təmin etmələri
yalnız milli yox, həm də insani bir ehtiyacdır.
Bu gün Prezident İlham Əliyev tərəfindən
azərbaycançılıq ideologiyasının daha da
gücləndirilməsi nəticəsində ölkəmizdə
yaşayan bütün xalqlar bu ideologiya ətrafında sıx
birləşib. Dinindən, dilindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, ölkəmizdə yaşayan
bütün xalqların nümayəndələri cənab
İlham Əliyevi dəstəkləyir və Onu öz liderləri
kimi qəbul edirlər.
- Nizami müəllim, hazırda seçki
kampaniyasının təbliğat-təşviqat mərhələsi
davam edir. Seçicilərlə keçirdiyiniz
görüşlərlə bağlı təəssüratlarınız
necədir?
- Cənab İlham Əliyevin seçki
kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə
çoxsaylı görüşlər keçirilir. Görüşlər bir daha əminlik yaradır ki,
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi
birmənalı olaraq xalqın namizədidir. Çünki
partiyamızın Sədri, ölkə Prezidenti İlham
Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi,
rifah, sabitlik naminə yorulmaz fəaliyyət göstərir.
Təmsil etdiyim Ağstafa rayonunda böyük
abadlıq və quruculuq işləri həyata keçirilib. Cənab
Prezident dəfələrlə rayonda olub, bir çox iqtisadi,
sosial, mədəni obyektlərin açılışında
şəxsən iştirak edib. Həmçinin rayonun kəndlərinin
böyük hissəsi qazlaşdırılıb, yeni yollar
çəkilib və s. Bu quruculuq prosesi hazırda da davam etməkdədir.
Ağstafa əhalisi dövlət
başçısının rayonumuza göstərdiyi
qayğını yüksək qiymətləndirir və 11
aprel seçkilərində cənab İlham Əliyevə səs
verəcəklərini bəyan edirlər. Mən bütün
seçiciləri seçki günü fəal olmağa və
alternativsiz siyasət olan Heydər Əliyev siyasətinə və
bu siyasəti layiqincə davam etdirən cənab İlham
Əliyevə səs verməyə çağırıram.
Yeni Azərbaycan.-
2018.- 27 mart.- S.11