Bölgələrdə
abadlıq-quruculuq işləri davam etdirilir
Həyata
keçirilən təmir-bərpa və tikinti işləri nəticəsində
regionların siması əhəmiyyətli dərəcədə
dəyişib
Müasir dövrdə milli
dövlətlərin gücünü müəyyən edən
başlıca strateji faktorlardan biri uğurlu siyasət nəticəsində
iqtisadi potensialın artırılmasıdır. İqtisadiyyatı
güclü olan və ardıcıl islahatlar sayəsində
ayrı-ayrı sahələrin tərəqqisini təmin edən
dövlətlər dayanıqlı inkişaf hədəflərinə
çata bilirlər. Azərbaycan da, öz növbəsində,
ardıcıl və məqsədyönlü islahatlar vasitəsilə
dayanıqlı inkişafı təmin edib, ölkəmizdə
qarşıya qoyulan hədəflərə çatmağa
imkan verən etibarlı zəmin formalaşdırılıb.
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu siyasətin fonunda
böyük inkişaf yolu keçib. Bu hərtərəfli
inkişaf bütün sahələri əhatə etməklə
yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin
artmasını təmin edib. Həyata
keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən
illər ərzində ölkəmizin valyuta ehtiyatları
artıb, müxtəlif sahələri əhatə edən
layihələr uğurla reallaşdırılıb, islahatlar
davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq
üçün həyata keçirilən tədbirlər
və əldə edilən nailiyyətlər yeni inkişaf
perspektivlərinin meydana çıxmasını şərtləndirib.
Bununla yanaşı, beynəlxalq müstəvidə
maliyyə-iqtisadi böhran hökm sürdüyü halda, Azərbaycan
iqtisadiyyatın dinamik inkişafını təmin edib, nəzərdə
tutulan bütün proqramlar, o cümlədən infrastruktur
layihələri müvəffəqiyyətlə icra olunub.
Digər tərəfdən, Azərbaycanda əlverişli
biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına
dövlət dəstəyinin gücləndirilməsi,
sahibkarlıq mühitinin davamlı şəkildə
yaxşılaşdırılması, sahibkarlığın
maliyyə təminatının artırılması və digər
amillər qeyri-neft sektorunun və bütövlükdə
ölkə iqtisadiyyatının inkişafına mühüm
töhfələr verib.
Bunlarla yanaşı, uğurlu
sosial siyasətin həyata keçirilməsi də milli
inkişafa mühüm töhfələr verib, həmçinin
vətəndaş məmnunluğunu təmin edib.
Çünki əhalinin rifah halı, həyat şəraiti
daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi
insanların həyatında müsbət dəyişikliklərin
meydana çıxmasına səbəb olub.
Ardıcıl və məqsədyönlü tədbirlər
Azərbaycanın dayanıqlı inkişafını təmin
edib
Ümumiyyətlə, yeni dövrün
çağırışlarına müvafiq surətdə həyata
keçirilən səmərəli tədbirlər ölkəmizin
dayanıqlı inkişafını təmin edib. Təsadüfi
deyil ki, son 15 ilin statistik göstəriciləri Azərbaycanın
inkişafını əyani şəkildə əks etdirir. Bu müddət ərzində Azərbaycan
iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft
iqtisadiyyatının isə 2,8 dəfə artması, Azərbaycanda
istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcminin
3,2, sənaye məhsulu istehsalının 2,6, kənd təsərrüfatı
məhsulu istehsalının 1,7, büdcə gəlirlərinin
13,5 dəfə, qeyri-neft ixracının 4,1 dəfə
artması bunun bariz nümunəsidir. Hazırda Azərbaycanın
valyuta ehtiyatlarının 42 milyard dollara bərabər
olması, işsizlik səviyyəsinin 5, yoxsulluğun isə
5,4 faizə enməsi həyata keçirilən iqtisadi və
sosial siyasətin səmərəli nəticələridir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi,
rəqabətqabiliyyətliliyin artırılması və bu
sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi
kimi sosial-iqtisadi inkişaf siyasətinin mühüm istiqamətlərində
səmərəli tədbirlər reallaşdırılır.
Bütün bunlar isə ölkəmizin iqtisadi
inkişafını daha da sürətləndirir.
Bunlarla yanaşı, ölkəmizdə
regionların sosial-iqtisadi inkişafı da diqqət mərkəzindədir
və bu istiqamətdə kompleks tədbirlər həyata
keçirilir. Bu tədbirlərin qanunauyğun nəticəsi
kimi, Azərbaycanın bütün bölgələrində
dinamik inkişaf göstəriciləri qeydə alınıb,
regionların siması əhəmiyyətli dərəcədə
dəyişib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
dördüncü ilinin yekunlarına həsr olunan konfransda
çıxışı zamanı qeyd edib ki,
bütövlükdə Azərbaycan regionlarının
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının
icrası çox uğurla gedir. Üçüncü proqram
da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr
icra edilir və artıqlaması ilə icra edilir.
Bərdə şəhərində quruculuq
işləri aparılır, infrastruktur
yaxşılaşdırılır
Qeyd etmək lazımdır ki, regionlarda
tikinti-quruculuq və təmir-bərpa işləri də diqqət
mərkəzindədir və ardıcıl şəkildə həyata
keçirilir. Yeri gəlmişkən, Prezident İlham
Əliyev martın 26-da “Bərdə şəhərində
abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” Sərəncam
imzalayıb. Sərəncama əsasən Bərdə
şəhərində abadlıq-quruculuq tədbirlərinin
davam etdirilməsi, o cümlədən 8 küçədə
əsaslı yenidənqurma işlərinin aparılması
üçün Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Prezidentin ehtiyat fondundan Bərdə rayon İcra Hakimiyyətinə
3 milyon manat ayrılıb.
Qeyd edək ki, Bərdə
rayonunun kəndlərində abadlıq-quruculuq işləri
aparılır, infrastruktur
yaxşılaşdırılır. 2017-ci ildə 15 min nəfərdən
çox əhalinin yaşadığı 17 kəndi birləşdirən
25 kilometr uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası
avtomobil yolu yenidən qurulub. 480 şagird yerlik
Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir
edilib və 400 şagird yerlik əlavə korpus tikilib istifadəyə
verilib. Qaratəpə kəndində 80 şagird
yerlik modul tipli məktəb, Hacılar kəndində süd
toplama məntəqəsi inşa edilib. Əhalinin içməli
su ilə təminatının
yaxşılaşdırılması məqsədilə Kərimbəyli,
Mollaəhmədli və Qasımbəyli kəndlərində
12,8 kilometr uzunluqda su xətləri çəkilib. 9 ədəd
su qülləsi quraşdırılıb. 51 ədəd bulaq
və 6 krant tikilərək 1750 nəfər əhalinin
içməli su təchizatı
yaxşılaşdırılıb. Azərbaycan
Kənd İnvestisiya Layihəsi çərçivəsində
Dəymədağıldı kəndində 9,4 kilometr, Bəcirəvan
kəndində 10,13 kilometr uzunluqda kanallar, Qaratəpə və
Mustafaağalı kəndlərində 24 kilometr açıq
dren kanallar lildən təmizlənib, Mollagüllər və
Şərəfli kəndlərində abadlıq işləri
aparılıb. Bərdədə
istehlakçıların dayanıqlı elektrik enerjisi və
təbii qazla təmin olunması istiqamətində də tədbirlər
davam etdirilir. Ötən il 32 kəndin elektrik şəbəkəsində
yenidənqurma işləri aparılıb. 35/10 kv-luq Bəcirəvan
yarımstansiyasında 4 MVA transformator 7,5 MVA transformatorla əvəz
edilib. Şəbəkədə 338 ədəd
beton və metal dirəklər basdırılıb, 649 ədəd
yeni sayğac quraşdırılıb, 121,7 kilometr SİP
kabel çəkilib. 172,3 kilometrdən çox qaz xətləri
çəkilərək Otuzikilər, Bayramlı və
Mollalı kəndləri qazlaşdırılıb, il ərzində
1315 ailəyə təbii qaz verilib. Hazırda Hacılı kəndində
80 şagird yerlik modul tipli məktəbin və
Güloğlular kənd tam orta məktəbinin tikintisi davam
etdirilir. Nifçi, Məşədiibişli, Kafarlı və
Hacıbəyli kəndlərinin 1500 nəfər əhalisinin
ekoloji cəhətdən keyfiyyətli içməli su ilə
təminatı üçün sutəmizləyici qurğular
quraşdırılır.
Naxçıvan şəhərində yeni
yaşayış binası inşa olunur
Naxçıvan şəhərində
də abadlıq-quruculuq işləri davamlı xarakter
daşıyır. Şəhərin Heydər Əliyev
prospektində inşa olunan yeni yaşayış binası gələcəkdə
sakinləri yüksəkkeyfiyyətli rahat mənzillərlə
təmin edəcək. Ötən ilin oktyabr ayından tikintisinə
başlanılan binanın təməli
atılıb, zirzəmi hissəsinin beton-qəlib işləri
görülür. 4 giriş və 6 mərtəbədən
ibarət olacaq binanın tikintisini “Gəmiqaya” Məhdud Məsuliyyətli
Cəmiyyətinin inşaatçıları həyata
keçirirlər. Layihəyə əsasən,
yaşayış binasında lift quraşdırılacaq. Zirzəmidə
29 yerlik avtomobil dayanacağı yaradılacaq, birinci mərtəbədə
12 mağaza istifadəyə veriləcək. İnşası
aparılan obyektdə kifayət qədər işçi
qüvvəsi çalışır. Tikintidə əsasən
yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət
amilinə xüsusi önəm verilir.
İnşaatçılar geyim formaları və lazım olan
avadanlıqlarla təmin olunublar. Genişmiqyaslı quruculuq tədbirləri
Naxçıvan şəhərinin “Azərbaycan” küçəsində
də aparılır. Belə ki, burada mövcud olan inzibati bina
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət
Agentliyi üçün yenidən qurulur. Zirzəmi ilə
birlikdə 4 mərtəbədən ibarət olan binada son
tamamlama işləri görülür. Hazırda binanın
qapıları salınır, daxili hissədə dekorativ
işlər aparılır. Binanın həyətində
abadlıq işləri görülür, gülkarlıqlar
yaradılır. Naxçıvan Muxtar Respublikası Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon
İdarəsinin inşaatçıları tərəfindən
həyata keçirilən tikinti işlərində texniki təhlükəsizlik
qaydalarına ciddi əməl olunur.
Şərur rayonunun yaşayış məntəqələrində
geniş quruculuq tədbirləri həyata keçirilir
Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunun yaşayış məntəqələrində
aparılan geniş quruculuq tədbirləri çərçivəsində
Kosacan, İbadulla və Kərimbəyli kəndlərində
də işlərə başlanılıb. Rayonun Kosacan kəndində
məktəb binası yenidən qurularaq 3 mərtəbəyə
çatdırılacaq. Yaşayış məntəqəsində
kənd və xidmət mərkəzləri də inşa
olunaraq sakinlərin istifadəsinə veriləcək. İki
kilometrlik kənd yolu təmir olunacaq, yeni içməli su xətti
çəkiləcək. Rayonun İbadulla kəndində də
522 yerlik üçmərtəbəli yeni məktəb
binası, kənd və xidmət mərkəzləri inşa
olunacaq. Kərimbəyli kəndində isə üçmərtəbəli
270 yerlik məktəb binası, iki mərtəbədən
ibarət kənd mərkəzi və xidmət mərkəzi
inşa edilərək sakinlərin ixtiyarına veriləcək.
Hər üç kənddə köhnə binalar
sökülür, yeni binaların təməlində beton-qəlib
işləri görülür, rabitə və qaz xətlərinin
yerləri dəyişdirilir.
Nəticə etibarilə, regionlarda abadlıq,
quruculuq və təmir-bərpa işləri davamlı xarakter
daşıyır.
Nurlan
QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2018.- 29 mart.- S.11.