Həyat
formulu: Görkəmli bakılılar - Solomon Qusman və Lola
Barsuk haqqında kitab
Dərin düşünən insan həmişə həyat,
tale, bu dünyada qismətinə düşən günləri
necə yaşaması barədə fikirləşir. Elə nümunə
varmı ki, ona istinad edə biləsən, elə bir yol
varmı ki, səni əsaslanacağın prinsiplərə
yönəltsin... Həyat formulunu tapmaq, təəssüf
ki, heç də hamıya nəsib olmur. Bu
formul fərdi, unikaldır. Lakin elə insanlar var ki,
onların həyatı yol göstərən ulduz ola biləcək həmin nümunə, həmin
formuldur.
Məşhur
bakılı, Rusiyanın TASS informasiya agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusmanın “Həyat formulu:
atam və anam haqqında kitab”ı məhz bu cür insanlara həsr
edilib. Xatırladaq ki, Mixail Qusman məşhur
“Hakimiyyət formulu” televiziya verilişinin müəllifidir;
prezidentlər, öz həyat tarixçəsi, taleyi ilə
tanınmış dövlət xadimləri bu verilişin qonağı
olublar. Onun kitabı da verilişi kimi
maraqlı və cəlbedici alınıb.
M.Qusman
kitabı öz valideynlərinə, məşhur
bakılılar, görkəmli şəxsiyyətlər -
professor Solomon Qusmana və filoloq, pedaqoq, professor Lola Barsuka həsr
edib. “Bu kitab onlar haqqında və onların dövrü
haqqında, onların yaşadıqları həmin parlaq,
namuslu, qüsursuz həyat haqqındadır”, - deyə müəllif
“Ön söz”də yazır. Bəli, Solomon Qusman və Lola
Barsuk öz həyat formulunu yaradıblar: sadəlik, təvazökarlıq,
vicdanlılıq, borc hissi və məsuliyyət üstəgəl
bir-birinə, övladlarına, doğmalarına və
yaxınlarına, insanlara böyük məhəbbət. Oxucu elə ilk səhifələrdən bu kitabın
qəhrəmanlarının təkcə övladları Mixail
Qusmana və Yuli Qusmana deyil, həm də bu kitab sayəsində
çoxlarına miras qoyduqları həyat formulunu duyacaq.
Biz kitabda Qusmanların nəsli haqqında məlumat
alırıq; onların sırasında ədəbiyyatçılar,
neftçilər, musiqiçilər, inşaatçılar, həkimlər...
var. Onların hamısı əsl bakılı kimi öz
şəhərlərini seviblər, onun rifahı naminə
çalışıblar. Məsələn,
Mixail Qusmanın babasının qardaşı inqilaba qədər
Dənizkənarı bulvarın direktoru olub. Müəllif doğmaları haqqında xatirələrində
yazır ki, o zaman bu bulvar dənizin sahilində botanika
bağını xatırladırdı.
Vurğulamaq lazımdır ki, bu kitab keçən əsrin
40-70-ci illər Bakısının özünəməxsus
tarixidir. Bu tarixi indi o qədər də çox insan
xatırlamır, lakin onun ruhu Bakının dar küçələrində
və həyətlərində yaşayır. O, səs-küylü,
bir-birinin köməyinə yetişməyə hər zaman
hazır olan xeyirxah qonşuların olduğu həyətlərdə
yaşayır. Mixail Qusmanın kitabında
Bakı, bax, bu cür canlandırılır.
Mixail
Qusmanın atası Solomon Qusman 1904-cü il
mayın 9-da, anası Lola Barsuk 1916-cı il aprelin 7-də
dünyaya gəlib. Solomon Qusman uzun illər
Bakıda Xəzər donanmasında həkim işləyib, Böyük
Vətən müharibəsi cəbhələrində həkim
kimi fəaliyyət göstərib. Hərbi
xidmətini başa vurduqdan sonra ömrünün sonunadək
ona doğma olan Sabunçu xəstəxanasında işləyib.
Solomon Qusman həm də Bakıda
tanınmış alim idi. O, professor olaraq Tibb
İnstitutunda dərs deyib və kafedra müdiri olub. Lola Barsuk
20 il Xarici Dillər İnstitutunda elmi
işlər üzrə prorektor işləyib, sonra M.F.Axundov
adına Azərbaycan Dövlət Pedaqoji Dillər
İnstitutunda xarici dillərin tədrisi metodikası və
ingilis dilinin leksikası kafedralarına rəhbərlik edib.
Onlar cəmiyyətdə mühüm yer tutublar. Lakin bu ailə
öz sadə, təvazökar həyatı ilə fərqlənib.
O zaman Qusmanlar Pyotr Montin küçəsində
üçotaqlı mənzildə yaşayırdılar. Namuslu həyat onlar üçün hər şeydən
üstün idi. Məsələn, tədbirlərin
birində Lola Barsukla görüşərkən Heydər
Əliyev özü onun işini qiymətləndirmişdi:
“Bilirsiniz, Lola Yuryevna, mənim bundan əvvəlki vəzifəmdə
(DTK rəhbərliyini nəzərdə tutur) mənə ali məktəb müəssisələrinin demək
olar ki, bütün rəhbərləri barədə müxtəlif
arayışlar, bəzən iftiralar, hətta donoslar gətirirdilər.
Onları çox ağır günahlarda, lakin
hər şeydən əvvəl, əlbəttə ki,
rüşvətxorluqda ittiham edirdilər. Bəzən
ədalətli, daha çoxu ədalətsiz olurdu. Siz isə
Bakıda ali məktəbin yeganə rəhbərisiniz
ki, haqqınızda heç vaxt bu cür sənəd daxil
olmayıb”.
Professor Lola Barsukun tələbələri
sırasında həyatda uğur qazanan çoxsaylı
insanlar, tanınmış jurnalistlər, professorlar, diplomatlar
var. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, peşəkar diplomat Fəxrəddin Qurbanov və bir
çoxları onun tələbələri olublar.
Kitabda Qusmanlar ailəsi ilə bağlı maraqlı
hadisələr təsvir edilib. Solomon Qusman Bakıya tez-tez gələn
Vladimir Mayakovski və Sergey Yeseninlə tanış
idi. Yesenini elə həkim Qusman Sabunçu xəstəxanasında
müalicə etmişdi. Bir dəfə isə
o, gəmi təmiri zavodunun xəstəxanaya çox
ağır zəhərlənmə ilə gətirilmiş 137
fəhləsini ölümdən qurtarmışdı. Buna görə Azərbaycan KP MK-nın birinci katibi
Mir Cəfər Bağırov onu “SSRİ səhiyyə əlaçısı”
nişanı ilə təltif etmişdi. Bakıya
gəlmiş İosif Stalini müşayiət etmək
üçün Xəzər donanmasının ən
yaxşı həkimi kimi cəbhədən geri
çağırılmışdı. Stalin
buradan ABŞ prezidenti və Böyük Britaniyanın Baş
naziri ilə görüşmək üçün Tehrana getməli
idi.
Solomon
Qusman Bakıya, doğma şəhərə çox sadiq idi.
Moskvaya, ona təklif edilən yüksək vəzifəyə
getməyə razılıq verməmişdi. Bu cür cəlbedici təkliflər Lola Barsuka da
olunmuş, o da imtina etmişdi. Professor Adil Baxşəliyev
Solomon Qusman haqqında belə yazır: “O, təkcə kafedra
müdiri, məşhur professor, yaxşı həkim deyil, hər
şeydən əvvəl gözəl keyfiyyətlərə
malik insan idi. Kafedrada səmimi, xeyirxah münasibətlərin
olmasına çalışırdı. Deyərdi: elə
etmək lazımdır ki, evdə iş üçün
darıxasan, işin sonunda isə ev
üçün darıxasan. Professor Qusman
böyük və kiçik vəzifəli əməkdaşlar
arasında heç vaxt fərq qoymazdı. O, kimin nəyə
ehtiyacı olduğunu bilirdi, onunla 40 il işləmiş
sanitarların ad günündə bütün həkimləri
toplayar, onlara gül və hədiyyələr aparardı”.
Ata
Qusmanı tanıyan hər kəs onu xeyirxah, səmimi, eyni
zamanda, ciddi və prinsipial adam kimi
xatırlayır. Mixail Qusman kitabında belə bir ştrix
verib: “Əgər o, kiməsə “Mən sizə əl
uzatmayacağam” desəydi, görüşəndə əlini
arxasında qoşalaşdırardı. “Qeyd etməliyəm
ki, bunu etmək çox çətindir. Mən
özüm bunu bir dəfə sınadım. Uzadılan əli sıxmamaq, praktiki olaraq,
mümkün deyil”.
Mixail Qusman valideynlərinin həyatını sanki
baş verənlərin şahidi kimi elə canlı təsvir
edir ki, oxucu o illərin mühitinə, bənzərsiz
aurasına düşür. Axı bütün
bunların hamısı olub; bu cür xeyirxah, vicdanlı, səmimi,
özünü sevimli işinə həsr edən insanlar olub.
Bu bakılılarla qürur duymaq olar. “Mənim gənclik illərimdə Bakıda
özünəməxsus fantastik dostluq mühiti var idi. Məsələ təkcə bu gün multikulturalizm
adlandırılan milli tərkibin unikallığında deyil.
Moskvadan Bakıya iş üçün və ya qonaq gələn
dostlarım başa düşə bilmirdilər, necə ola bilər ki, mən tək və ya Yuli ilə,
ya da bütöv bir kompaniya ilə Torqovı küçəsində
qarşımıza çıxan beş nəfərdən
dördü ilə salamlaşır, hətta qucaqlaşır
və öpüşürdük. Onlar fikirləşirdilər
ki, bu hansısa oyun formasıdır. Əslində
isə hamı bir-birini tanıyırdı”, - deyə M.Qusman
ovaxtkı Bakı haqqında belə yazır.
Kitabda
Mixail Qusmanın çox maraqlı xatirələri var. Məsələn,
o, bir dəfə böyük Azərbaycan müğənnisi
Müslüm Maqomayein kompaniyasına necə
düşdüyünü, Stalinin Bakıda oğlunun
olduğu, sonra onun başına nələr gəldiyi
haqqında söhbətlərin necə şahidi olduğunu
xatırlayır.
Maraqlıdır ki, Solomon Qusman və Lola Barsuk neçə-neçə
insanın həyatında mühüm rol oynayıb, silinməz
izlər qoyublar. Kitabda həmin insanların -
professorların, müəllimlərin, həkimlərin,
yazıçıların kitabın qəhrəmanları barədə
xatirələrini oxumaq mümkündür.
Mixail Qusman kitab yazmaq fikrinə bir neçə
il əvvəl düşmüşdü. Müəllif
yazır ki, xatirələri AZƏRTAC-da agentliyin rəhbəri
Aslan Aslanovun dəstəyi ilə toplamağa başladılar.
Mixail Qusman bu kitabla, demək olar, bizə valideynlərimizi sevməyi,
onlarla keçirdiyimiz hər dəqiqənin qədrini bilməyi
öyrədir. Axı nə qədər ki bizim valideynlərimiz
var, yaşımızdan asılı olmayaraq, biz onların
uşaqlarıyıq. Onun kitabı valideynlərə
yazılmış himndir. “Məhz onların insani qüdrəti,
qüsursuz tərbiyəliliyi, dərin zəkası və
fenomenal xeyirxahlığı mənim üçün həyatım
boyu can atdığım, təəssüf ki, əlçatmaz
zirvələrdir, - deyə müəllif yazır. - Bu, təkcə
gözəl sözlər deyil, mənim bu insanların
miqyasını dərk etməyim, bundan başqa, bizim
hamımızın həyatımızın faciəsini dərk
etməyimdir - çünki bu cür insanlar həyatdan gedirlər”.
Yeni Azərbaycan.-
2018.- 29 mart.- S.5.