Bakıda Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzinin açılış mərasimi
olub
Birinci vitse-prezident Mehriban
Əliyeva mərasimdə iştirak edib YENİLƏNİB
Martın 30-da Bakıda, İçərişəhərdə
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin
açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə
iştirak ediblər.
Hamımızın sevdiyi “Bizim Cəbiş
müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin
ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən
mənim”, “Truskavetsə kim gedir?”, “Bütün
yaxşılıqlar üçün - ölüm!” və digər
əsərlərin müəllifi Maqsud İbrahimbəyovun
oxucu və tamaşaçılarının sayı
milyonlarladır. Onu həm Azərbaycanda, həm də xaricdə
tanıyır, sevir və görkəmli yazıçı
kimi yüksək qiymətləndirirlər.
Xalq Yazıçısı, görkəmli
kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun
Yaradıcılıq Mərkəzi martın 30-dan etibarən
İçərişəhərdə fəaliyyətə
başlayır.
Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin
binasında yaradılmış şəraitlə
tanış oldu.
Yazıçının həyat
yoldaşı Anna İbrahimbəyova Birinci vitse-prezident Mehriban
Əliyevaya məlumat verdi ki, burada Maqsud İbrahimbəyovun
muzeyi, yazıçının kitabxanası və ədəbiyyat
otağı yerləşir. Ədəbiyyat otağında
yazıçının müxtəlif illərdə həm
rus, həm Azərbaycan dillərində nəşr olunan, həm
də 36 xarici dilə tərcümə edilən
kitabları təqdim olunur. Burada, həmçinin
yazıçının əsərlərinin dərc
olunduğu bütün dərgilər toplanıb. Bundan başqa, eksponatlar arasında Maqsud İbrahimbəyovun
ədəbiyyat və ictimai-siyasi fəaliyyət sahələrində
əldə etdiyi nailiyyətlərə görə müxtəlif
vaxtlarda təltif olunduğu orden və medallar, digər
mükafatlar, deputat mandatları, fəxri fərmanlar, həmçinin
2012-ci ildə yazıçının Nobel mükafatına
namizədliyinə dair sənəd də var.
Maqsud İbrahimbəyov iki azərbaycanlı zadəgan
ailəsinin xələfi olub: atası Məmmədibrahim
Əhməd oğlu İbrahimbəyov, anası Fatma Ələkbər
qızı İbrahimbəyova-Məşədibəyova.
Yaradıcılıq Mərkəzində Məşədibəyov
və İbrahimbəyov ailələrinin fotoşəkilləri,
eləcə də onlara məxsus qədim məişət əşyaları
təqdim edilir. Mərkəzdə, həmçinin Maqsud
İbrahimbəyova məxsus silah kolleksiyasının
nümayiş olunduğu zal var. Maqsud İbrahimbəyov silah
kolleksiyası toplayırdı. Onun kolleksiyasında
dünyanın müxtəlif ölkələrindən gətirilən
və ya dostları tərəfindən hədiyyə olunan qədim
silahların nadir nümunələri var. Burada kitabxana və
konfrans zalı da yerləşir.
Birinci vitse-prezident Mehriban Əliyeva
Yaradıcılıq Mərkəzinin xatirə kitabına
ürək sözlərini yazdı.
Anna İbrahimbəyova Birinci vitse-prezident
Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevaya Xalq
Yazıçısının “Qoy, o bizimlə qalsın” və
“Ondan yaxşı qardaş yox idi” kitablarını hədiyyə
etdi.
Sonra Anna İbrahimbəyova Maqsud
İbrahimbəyovun sədri olduğu və zadəgan nəslindən
olan şəxslərin şəcərəsini tanıtmaq və
yaddaşlarda qoruyub saxlamaq məqsədini daşıyan
Əsilzadələr Məclisinin 2006-cı ildə
imzaladığı, İlham Heydər oğlu Əliyevin və
Mehriban Arif qızı Əliyevanın Əsilzadələr Məclisinin
üzvü olduqlarını təsdiqləyən şəhadətnamələri
Birinci vitse-prezidentə təqdim etdi. Şəhadətnamələrdə
qeyd edilir ki, bu sənədin sahibinin bütün nəsli Azərbaycanın
Əsilzadələri cərgəsində hesab olunur.
Qeyd edək ki, 2016–2017-ci illərdə Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə Mərkəzin binasında əsaslı bərpa və
konservasiya işləri aparılıb. Azərbaycan Prezidentinin
2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən indi bu
binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi
fəaliyyət göstərəcək. Yaradıcılıq
Mərkəzinin fəaliyyəti gənc yazıçılara
dəstək, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
təbliği, yaradıcı gənclər üçün
kreativ mühitin yaradılması və xarici ölkələrin
mədəniyyət təşkilatları ilə əməkdaşlığa
yönəlib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva Mərkəzin açılış mərasimində
çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın
çıxışı
-Hörmətli
Anna xanım.
Xanımlar və cənablar, əziz dostlar.
Bu gün bizim sevimli paytaxtımızın mərkəzində,
qədim İçərişəhərdə görkəmli
Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun
Yaradıcılıq Mərkəzi açılıb. Bu, çox əlamətdar
və rəmzi məna daşıyan hadisədir. Ona görə əlamətdardır ki, bu Mərkəz
ölkəmizin mədəni, ədəbi, mənəvi,
ictimai-siyasi irsinə mühüm töhfələr verən
böyük insanın, görkəmli Azərbaycan
yazıçısının xatirəsini əbədiləşdirir.
Eyni zamanda, bu, çox rəmzi məna
daşıyır. Səbəbini izah etmək
üçün mən sizə bu evin tarixi haqqında qısa
məlumat vermək istəyirəm. Bu,
çox maraqlıdır. Dinləyin: Maqsud İbrahimbəyovun
Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina
1914-cü ildə onun babası, neft sənayeçisi Ələkbər
Məşədibəyov üçün məşhur memar
Zivərbəy Əhmədbəyov tərəfindən
inşa olunub. Yazıçının anası,
1924-cü ildə güllələnən Məşədibəyovun
7 övladından biri Fatma xanım burada doğulub. Sonradan ailə də buradan
köçürülüb. İnqilabdan
sonra XX əsrin 70-ci illərinədək bina kommunal mənzillərin
olduğu yaşayış evi kimi istifadə edilib. 1941-1945-ci illərdə - Böyük Vətən
müharibəsi dövründə isə binanın zirzəmisi
bomba sığınacağı kimi fəaliyyət göstərib.
1978-ci ildən bu binada Sülhü Müdafiə
Komitəsi yerləşib. 1983-2016-cı
illərdə həmin komitəyə Maqsud İbrahimbəyov rəhbərlik
edib. Komitə vətənpərvərliyin
təbliği ilə, xeyriyyəçiliklə, uşaqlara,
yoxsul ailələrə və müharibə veteranlarına
yardım göstərməklə məşğul olub.
1993-cü ildən Maqsud İbrahimbəyovun sədrlik etdiyi
dünyanın peşəkar yazıçılarını
birləşdirən yeganə beynəlxalq təşkilatın
bir hissəsi olan Azərbaycanın “PEN klub”u bu binada fəaliyyət
göstərib. 1999-cu ildən binada Maqsud
İbrahimbəyovun Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi
ilə yaratdığı “Əsilzadələr Məclisi” fəaliyyət
göstərib. Bina 2001-ci ildən
İçərişəhər Dövlət Qoruğunun
tarixi abidələr siyahısına daxil edilib. 2016-2017-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi
ilə binada əsaslı təmir və bərpa işləri
aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin
2018-ci il 1 fevral tarixli Sərəncamı
ilə bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi
yaradılıb.
Əziz dostlar, bina hörmətli Maqsud müəllimin
ailəsi tərəfindən ailə üçün inşa
olunub. Yüz ildən artıq müddət keçəndən
sonra biz böyük bir insanın, görkəmli
yazıçı Maqsud İbrahimbəyovun
Yaradıcılıq Mərkəzini açdıq. Hesab edirəm ki, indi biz hamımız tarixi ədalətin
təntənəsinin şahidləriyik və bu, çox
gözəldir. Son dərəcə parlaq,
çoxşaxəli, qeyri-adi, hədsiz istedadlı insan -
Maqsud müəllim təəssüf ki, artıq iki ildir
aramızda yoxdur. O, əsl vətənpərvər idi.
O, bütün qəlbi ilə Azərbaycana, öz
torpağına bağlı idi. O, cəsarətli vətəndaş
mövqeyi olan insan idi. O, öz ideallarını və prinsiplərini
bütün həyatı boyu dəyişməyib. O, uzun
ömrünü səmimi, hər şeylə maraqlanan, biganəlikdən
uzaq bir insan kimi yaşadı. O, həyatdan getdi, ancaq onun əsərləri,
böyük bədii-mənəvi irsi - kitabları, pyesləri,
ssenariləri, esseləri qaldı. Onun hər bir əsəri
bu günümüz və dünənimizlə heyrətamiz dərəcədə
səsləşir və şübhə etmirəm ki, sabah da aktual olacaq. Onun hər bir əsəri
yaşayır. Buna görə də Maqsud
müəllim yaşayır. İnsanlar -
onun dostları, yaxınları, doğmaları, onu sevən,
ona hörmət edən, həyatının bütün mərhələlərində
onun yanında olan insanlar qalır. Ən əsası
da, Maqsud müəllimin ilham pərisi Anna xanım
buradadır. Anna xanım, mən təşəbbüsünüzə
görə sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm. Çünki
məhz sizin təşəbbüsünüz sayəsində
bu gün bu Mərkəz açılır. Mən sizinlə daha yaxın ünsiyyətdə
olduğum bu bir neçə ildə sizə böyük
hörmət bəsləyirəm, sizi çox sevirəm.
Amma bu Mərkəzin yaradılması üzərində
sizinlə birlikdə işləyərkən sizin iradi qüvvənizə,
səbrinizə heyran qalmışam. Çünki
mən başa düşürəm ki, bu şəxsi əşyaları,
arxivləri yığmaq, onları sistemləşdirmək
asan deyildir. Bu gün də sizin
üçün asan deyil. Bu gün siz yəqin
ki, ikili hisslər keçirirsiniz. Bir tərəfdən,
sevimli və doğma insanın yanınızda olmamasından
doğan qüssə və ağrı, digər tərəfdən,
yəqin sevinc hissi keçirirsiniz ki, bu ocaq, bu ev,
bu Mərkəz var.
Mən, ilk növbədə, bu Mərkəzin
yaradılmasında iştirak edənlərin hamısına təşəkkür
etmək istəyirəm. Heydər Əliyev Fondunun əməkdaşlarına
xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Çünki biz hamımız böyük məhəbbət
və məsuliyyətlə bu işə yanaşdıq.
Bu Mərkəz Maqsud müəllimin adına
layiq olmalı idi. Arzulayırdıq və əlbəttə
çalışırdıq ki, biz hər şeydən əvvəl
binanın tarixi simasını bərpa etməklə
yanaşı, onun daxilində hər zaman Maqsud müəllimin
özünün yaratdığı atmosfer hiss olunsun. O,
əsl istedadlı insan kimi elə müsbət enerji
aşılayırdı ki, onunla bir dəfə ünsiyyətdə
olduqdan sonra sanki sehrlənir və onun yanında olmaq istəyirdin.
Mən çox ümid edirəm ki, bu ev də
belə olacaq. Ona görə, bir daha demək istəyirəm,
bizim hörmətli Maqsud müəllimin Yaradıcılıq
Mərkəzini məhz bu evdə açmağımız
tamamilə ədalətlidir. Çox istəyirəm
ki, burada onun bəyəndiyi, yaratdığı və
yaşadığı mühit olsun. Düşünürəm
ki, bu yer istedadlı gənclərin müxtəlif
görüşlərinin keçirildiyi, azərbaycanlı
yazıçıların, ədiblərin dəstəkləndiyi,
ədəbi-bədii gecələrin təşkil olunduğu məkan
olacaq. Yəni, mən ümid edirəm, sadəcə
ümid etmirəm, həm də bilirəm ki, Mərkəzə
Anna xanım rəhbərlik edəcək. Ona görə
də əminəm ki, başqa cür ola
da bilməz. Burada məhz Maqsud müəllimin
arzu etdiyi kimi olacaq. Ruhu şad olsun!
Mən sizin hamınıza, ilk növbədə, Anna
xanım, sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Qoy, siz uzun illər
sağlam, gümrah, bugünkü kimi gözəl
olasınız və hamıdan artıq sizə məlum olan və
təəssüf ki, Maqsud müəllimin həyata keçirməyə
macal tapmadığı ideya və fikirlərini gerçəkləşdirəsiniz.
Çox sağ olun.
x x x
Yazıçının həyat
yoldaşı Anna İBRAHİMBƏYOVA Maqsud İbrahimbəyovun
xatirəsinə göstərilən hörmətə və Mərkəzin
yaradılması ilə bağlı dəstəyə görə
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya təşəkkürünü bildirərək
dedi:
-Əziz dostlar, nə yaxşı ki, siz gəlmisiniz.
Çox sağ olun.
Mən Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzini yaradan Heydər Əliyev
Fonduna çox minnətdaram. Mehriban xanım, dəstəyə,
iştiraka, Maqsud müəllimə, onun
yaradıcılığına olan gözəl münasibətə
görə çox sağ olun. Mən isə öz növbəmdə
çalışacağam ki, bura maraqlı olsun və sizin
hamınız buraya məmnuniyyətlə gələsiniz.
x x xSonra Xalq Yazıçısının həyat
və fəaliyyətini əks etdirən fotolardan ibarət
videoçarx nümayiş etdirildi.
Videoçarx Maqsud İbrahimbəyovun “Uzun
ömür yaşayın və qoy sizin
ömrünüzün hər günü sevinclə dolu olsun”
sözləri ilə yekunlaşır.
Yazıçının dostu,
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci
müavini Mixail QUSMAN çıxışını Maqsud
İbrahimbəyova müraciətlə başladı. “Burada sənin
dostların, səni sevənlər toplaşıblar”, - deyən
Mixail Qusman “Əsilzadələr Məclisi”nə rəhbərlik
edən Maqsud İbrahimbəyovun özünün həm genetik, həm ruhən zadəgan nəslindən
olduğunu vurğuladı. TASS İnformasiya Agentliyinin baş
direktorunun birinci müavini vətənpərvərliyin və
xeyriyyəçilik fəaliyyətinin təbliği,
uşaqlara, yoxsul ailələrə və müharibə
veteranlarına yardım göstərməklə məşğul
olan Azərbaycan Respublikasının Milli Sülh Komitəsinin
rəhbəri Maqsud İbrahimbəyovun bu sahədəki fəaliyyətinə
toxundu və “Sənin kimi insanlar olmadan bu dünyanı xilas
etmək mümkün deyil” söylədi.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq
Artisti Fərhad BƏDƏLBƏYLİ yazıçı ilə
hər görüşdə bir–birilərinə şeirlər
həsr etdiklərini bildirdi və iyirmi il bundan əvvəl
Maqsud İbrahimbəyova yazdığı şeirini oxudu.
Qeyd edək ki, Xalq
Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən
tərzdə qeyri-adi və gündəlik hadisələr haqda
yazırdı, personajlarının mənəvi
dünyasını dərindən tədqiq edərək,
xasiyyətlərini oxucuya çatdırırdı. Bir
çox əsərlərində yazıçı ümumbəşəri
problemlər kontekstindən
çıxış edərək, öz ənənələri
ilə güclü olan Şərq insanının həyat tərzini
göstərirdi. Ötən əsrin 60-cı illərində ədəbiyyata
qədəm qoyan nəslin nümayəndəsi kimi o,
müasirlərinin rəngarəng, dolğun obrazlarını
yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının
dərin hörmət və ehtiramını qazanıb. Maqsud
İbrahimbəyovun yaradıcılığında Azərbaycan
xalqının milli xüsusiyyətləri, adət-ənənələri,
xüsusilə Bakının özünəməxsus
koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb.
Yeni Azərbaycan.-
2018.- 31 mart.- S.3.