Bölgələrin
sosial-iqtisadi inkişafı istiqamətində atılan
addımlar öz nəticəsini verməkdədir
Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan bir
sıra rayonların bu ilin ilk üç ayı ərzində
əldə etdiyi nəticələr də yüksək
inkişafdan xəbər verir
Bundan əvvəlki illərdə olduğu kimi,
bu ilin ilk üç ayında da ölkəmizdə bölgələrin
sosial-iqtisadi inkişafı mühüm göstəricilərlə
müşayiət olunub. Bununla bağlı məlumatlara
keçməzdən öncə vurğulamaq lazımdır
ki, hazırda regionlarda kənd təsərrüfatının
ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq
istiqamətlərinin intensiv şəkildə inkişaf
etdirilməsi, ənənəvi sahələrin daha da təkmilləşdirilməsi
diqqət mərkəzində saxlanılır və məhsul
istehsalının artımı üçün zəruri tədbirlər
həyata keçirilir.
Beləliklə, Şəki-Zaqatala iqtisadi
rayonuna daxil olan Balakən rayonunda 2018-ci ilin birinci rübü
üzrə sosial-iqtisadi inkişaf mühüm göstəriciləri
ilə yadda qalıb. Vurğulayaq ki,
iqtisadiyyatının əsasını kənd təsərrüfatı
məhsulları istehsalı təşkil edən Balakən
rayonunda mövcud iqtisadi potensialdan səmərəli istifadə
olunması, ixracyönümlü sahələrin inkişaf
etdirilməsi istiqamətində tədbirlərin 2018-ci ildə
də ardıcıl həyata keçirilməsi nəzərdə
tutulur. Belə ki, cari ildə rayonda barama istehsalının əvvəlki
illə müqayisədə 14 ton və ya 2,7 dəfə
artırılaraq 25 tona çatdırılması nəzərdə
tutulur. Baramaçılığın yem
bazasının yaxşılaşdırılması
üçün ötən il rayonun kəndlərində bələdiyyə
və xüsusi mülkiyyətdə olan torpaq sahələrində
131,5 min ədəd, cari ilin birinci rübündə isə 8
min ədəd tut tingi əkilib. Eyni zamanda, mövcud tut
ağaclarının inventarizasiyası aparılıb, çəkil
bağlarının məhsuldarlığının
artırılması üçün tədbirlər
görülüb, bağlara aqrotexniki qulluq olunub.
2018-ci ildə 535 hektar sahədə
tütün əkilməsi nəzərdə tutulur.
Tütün əkini üçün 1002 ədəd sadə
şitillik hazırlanıb, 510 hektar sahə şumlanıb.
Rayonda 60 kameralı tütünqurutma məntəqəsinin
tikintisi üçün Hənifə kəndində 2 hektar
torpaq sahəsi ayrılıb və hazırda tikintiyə
başlanılması məqsədilə hazırlıq
işləri görülür. Kameraların tikintisi
tütün istehsalına çəkilən xərclərin
azalması, əhalinin məşğulluğunun təmin edilməsi
və gəlirlərinin artması üçün yeni imkanlar
açacaq. Diqqətə
çatdırılıb ki, hesabat dövründə 75 nəfər
tütün istehsalçısına emal müəssisələrinə
satdıqları yaş və quru tütünə görə
dövlət büdcəsinin vəsaiti hesabına 13 min 744
manat məbləğində subsidiya ödənilib.
Rayonda fındıqçılığın
inkişaf etdirilməsi istiqamətində də müvafiq
işlər görülür. Son iki ildə rayon ərazisində
3968 hektar, o cümlədən cari ilin birinci rübündə
700 hektar sahədə yeni fındıq bağları
salınıb. Payız mövsümündə daha 1000 hektar
sahədə yeni fındıq bağlarının
salınması nəzərdə tutulur.
Birinci rübdə rayonun təsərrüfatlarında
3516 hektar sahədə yazlıq bitkilər əkilib, cari ilin məhsulu
üçün payızlıq taxıl əkilmiş 1716
hektar sahəyə aqrotexniki qulluq göstərilib.
Bundan başqa, hesabat
dövründə Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə ayrılmış vəsait hesabına
Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi
avtomobil yolunun ümumi uzunluğu 29 kilometr olan Balakən-Mazımçay
hissəsinin, 18 min nəfər əhalinin
yaşadığı 10 yaşayış məntəqəsini
birləşdirən 29 kilometr uzunluğunda Balakən-Qazbinə-İtitala
avtomobil yolunun, həmçinin Balakən şəhərində
Uşaq İncəsənət Məktəbinin yeni
binasının tikintisi işləri davam etdirilib. Şərif
kəndində inşa edilən 360 şagird yerlik yeni məktəb
binasının tikintisi yekunlaşıb, Qullar kəndində
130 yerlik uşaq bağçasının təmirinə
başlanılıb.
Şəki-Zaqatala iqtisadi regionunun başqa bir
rayonunda - Şəki rayonunda da 2018-ci ilin birinci rübündə
mühüm uğurlara imza atılıb. Belə
ki, 2018-ci ilin birinci rübündə Şəki rayonunda
faktiki qiymətlərlə 95 milyon 232 min manatlıq məhsul
istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul
buraxılışının həcmi ötən ilin
müvafiq dövrü ilə müqayisədə 30 faiz
artıb. Buraxılan məhsulun 9 faizi dövlət, 91
faizi isə özəl bölmənin payına
düşür. Cari ilin birinci rübündə Şəkidə
bütün maliyyə mənbələri hesabına
iqtisadiyyatın inkişafına yönəldilən
investisiyaların həcmi ötən ilin müvafiq
dövrü ilə mqayisədə 4 dəfə artaraq 14 milyon
751 min manat olub. Bu müddət ərzində rayonda 257 yeni
iş yeri açılıb. Hesabat
dövründə rayonda məhsul istehsalının
artırılması, kənd təsərrüfatında
özəl bölmənin genişləndirilməsi diqqət
mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı
üçün ənənəvi sahələrdən hesab
olunan taxılçılıq, heyvandarlıq,
tütünçülük və
baramaçılığın inkişafı istiqamətində
bir sıra tədbirlər həyata keçirilib. 2018-ci ilin məhsulu
üçün payızlıq taxıl əkilmiş 67 min
121 hektar sahəyə aqrotexniki qulluq olunub. Cari ildə rayonda 8
min hektar sahədə yazlıq bitkilərin əkini nəzərdə
tutulur. Artıq 1310 hektar sahədə yazlıq bitkilərin əkini
həyata keçirilib.
2018-ci ildə rayonda 860 hektar sahədə
tütün əkini planlaşdırılır. Əkin
zamanı əsasən “Virciniya”, “Berley”, “İmunni-580”,
“Zaqatala-67” tütün sortlarından istifadə olunacaq.
Tütün əkini üçün 40 min kvadratmetr sahədə
şitil yetişdirilib və aprelin 20-dən sonra şitillər
sahələrə köçürüləcək.
Eyni
zamanda, bu il rayonda 62 ton yaş barama
istehsalı nəzərdə tutulur. Yaz mövsümündə
rayon ərazisində 97 hektar sahədə yeni fındıq bağları
salınıb və bu iş davam etdirilir.
Həmçinin cari ilin birinci rübündə rayonda
tikinti-quruculuq və abadlıq işləri də diqqət mərkəzində
saxlanılıb. Təməli Prezident İlham Əliyev tərəfindən
qoyulmuş Heydər Əliyev Mərkəzinin tikintisi
hazırda sürətlə davam etdirilir. Bu ərazidə
həmçinin Ulu öndərin adını daşıyan
park, Bayraq Meydanı və şəhər İcra
Hakimiyyəti üçün yeni binanın tikintisi də nəzərdə
tutulur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sifarişi ilə şəhərin Zərifə
Əliyeva küçəsində inşa olunan “ASAN həyat”
kompleksinin tikintisi də sürətlə davam etdirilir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq
Qoruğunun ərazisində “ABAD”ın keramika üzrə xalq
sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi
binada aparılan yenidənqurma işləri artıq başa
çatıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına
əsasən Kiş kəndindəki qədim alban məbədinə
aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin
abadlaşdırılması işləri davam etdirilib. Şəki-Kiş kəndi-Marxal
istirahət zonasına gedən və ümumi uzunluğu 7,2 kilometr olan avtomobil yolunun torpaq yatağı
hazırlanıb, yola birinci qat asfalt örtüyü
döşənib, beton arxlar, piyada səkiləri və istinad
divarları tikilib. Hazırda ərazidə
tikinti işləri davam etdirilir.
İqtisadi
bölgənin Zaqatala rayonunda da bu ilin birinci rübündə
iqtisadiyyatın dinamik inkişafına nail olunub. Belə ki,
hesabat dövründə rayonda ümumi məhsul
buraxılışının həcmi ötən ilin eyni
dövrü ilə müqayisədə 3,7 faiz artaraq 64 milyon
635 min manata çatıb. Məhsul istehsalı kənd təsərrüfatında
6,5 faiz, ticarətdə 23,5 faiz, rabitədə
10,7 faiz artıb, pərakəndə əmtəə
dövriyyəsi 4,5 faiz, pullu xidmətlərin həcmi isə
2,3 faiz çoxalıb. Cari ilin ilk üç ayında rayonda əsas
kapitala yönəldilən investisiyaların həcmi 2,1 dəfə
artaraq 4 milyon 696 min manat, o cümlədən
tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə
artaraq 4 milyon 443 min manat olub. Üç ayda rayonda 565-i daimi
olmaqla, 585 yeni iş yeri açılıb.
Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan
daha səmərəli istifadə olunması,
ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin
yaradılması və inkişaf etdirilməsi istiqamətində
verdiyi tapşırıqların icrasını təmin etmək
məqsədi ilə Zaqatala rayonunda da zəruri tədbirlər
həyata keçirilir. Cari ildə rayonda 750 hektardan çox sahədə
tütün əkilməsi proqnozlaşdırılır.
Artıq tütün şitillərinin sahələrə
köçürülməsinə başlanılıb.
İxrac potensialı yüksək sahələrdən
olan fındıqçılığı inkişaf etdirmək
məqsədi ilə mövcud fındıq bağlarının
sahəsinin iki dəfə artırılması istiqamətində
tədbirlər davam etdirilib. Belə ki,
cari ilin yaz mövsümündə 352 hektar sahədə yeni
bağlar salınaraq mövcud fındıq
bağlarının sahəsi 18 min 503 hektara
çatdırılıb.
Ənənəvi sahələrdən olan
baramaçılığın inkişafı istiqamətində
tədbirlər cari ildə də davam etdiriləcək. Baramaçılığın yem bazasının
möhkəmləndirilməsi məqsədi ilə son iki ildə
rayon ərazisində 276 minə yaxın tut tingi əkilib.
Ənənəvi və ixrac potensialı yüksək sahələrdən
olan gülçülüyün inkişaf etdirilməsi
üçün son iki ildə rayonun Aşağı Tala kəndi
ərazisində 167 hektar sahədə yeni gül
plantasiyası salınıb, ərazidə damcılama suvarma
sistemi quraşdırılıb. Hazırda mövcud 192 hektar
gül plantasiyalarında aqrotexniki qulluq tədbirləri
aparılır.
Hesabat dövründə 10 min 933 hektar
payızlıq taxıl sahəsinə aqrotexniki xidmət
göstərilib, 3 min 837 hektar sahədə yazlıq bitkilər
əkilib.
Həmçinin 2018-ci ilin birinci rübündə
rayonda aparılan tikinti-təmir işləri də uğurla
davam etdirilib. Hesabat dövründə rayonda avtomobil
yollarının yenidən qurulması və əsaslı təmiri
sahəsində də müəyyən işlər
görülüb, şəhərin küçələrində
cari təmir işləri aparılıb. Azərbaycan
Prezidentinin müvafiq sərəncamları ilə
ayrılmış vəsait hesabına Qorağan-Qax-Zaqatala
avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası işləri
başa çatdırılıb. 23 min nəfər əhalinin
yaşadığı 7 yaşayış məntəqəsini
birləşdirən avtomobil yolunda 12 və 18 metr
uzunluğunda iki körpü inşa edilib, 50-dək
suötürücü boru quraşdırılıb, yolun
torpaq yatağının və yol əsasının tikintisi
işləri aparılıb. Eyni zamanda,
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi
avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı
təmiri işləri davam etdirilib.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 1 may.- S.7.