General Vladislav Safonov: Əgər
o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, bu gün
Azərbaycanın Qarabağ problemi olmazdı
1993-cü ilin iyun ayında
ölkəmizdə hökm sürən xaos,
özbaşınalıq və anarxiyadan təngə gəlmiş
xalq Azərbaycanın böyük oğlu Heydər Əliyevin
siyasi hakimiyyətə qayıtmasını tələb etməsəydi,
ölkəmizin başına nələr gələcəyini
təsəvvür etmək çətin, bəzən isə
dəhşətlidir. Azərbaycan ordusunun hərbi
uğursuzluqları gənc müstəqil dövlətimizdə
dərin böhran yaratmışdı. Ölkənin iqtisadi vəziyyəti
də mürəkkəb idi. Respublikanın bir sıra şəhər
və rayonlarında yaradılmış qanunsuz silahlı dəstələr
Bakıya tabe olmadıqlarını bəyan edirdilər.
Bu şəraitdə ölkədə qayda
yaratmağa qadir olan yeganə birləşdirici şəxsiyyət
yalnız bir nəfər ola bilərdi - 1969-1982-ci illərdə
Azərbaycana uğurla rəhbərlik etmiş Heydər
Əliyev. O, fəlakətli vəziyyətdə, tammiqyaslı
vətəndaş müharibəsi həddində olan ölkəni
davamlı inkişaf yoluna çıxarmağa nail oldu. O,
qısa müddətdə vətəndaş
barışığına, Qarabağ münaqişəsi
zonasında vəziyyəti sabitləşdirməyə,
asayişin bərpasına, qanunun aliliyini bərqərar edilməsinə
nail oldu. Həyata keçirilən iqtisadi siyasət, yeni neft
strategiyasının işlənib hazırlanması maliyyə
sistemini sabitləşdirməyə, respublikanı iqtisadi
böhrandan çıxarmağa, beynəlxalq aləmdə Azərbaycanın
mövqelərini möhkəmlətməyə imkan verdi.
Ordu quruculuğu Heydər Əliyev
üçün prioritet məsələlərdən biri idi.
Ümummilli lider Azərbaycanda ordu quruculuğunun təməlini
qoydu. Bu gün inamla deyə bilərik ki, Azərbaycan ordusu
dünyanın güclü orduları sırasına daxildir.
Bütün beynəlxalq reytinqlər də bunu sübut edir.
Bu ordu həm maddi-texniki təminat, təchizat,
döyüş qabiliyyəti, həm də vətənpərvərlik
ruhu baxımından güclü ordular sırasındadır.
2016-cı ilin Aprel döyüşləri bunu bir daha göstərdi.
O vaxt Azərbaycanın qəhrəman əsgərləri
və zabitləri Ağdərə, Füzuli və Cəbrayıl
rayonlarının işğal altındakı
torpaqlarının bir hissəsini azad etdilər, strateji əhəmiyyətli
Lələtəpə yüksəkliyinə Azərbaycan
bayrağını sancdılar. Ordumuzun uğurları
ölkə gənclərini ruhlandırdı, onlar ölkənin
ərazi bütövlüyünün bərpasında
iştirak etməyə hazır olduqlarını bildirdilər.
Bu gün Azərbaycan ordusu heç kəsin onun
uğurlarına kölgə salmasına imkan verməz.
Dağlıq Qarabağ münaqişəsinin əvvəlində
isə o vaxt hələ SSRİ-nin tərkibində olan Azərbaycanın
nə nizami ordusu vardı, nə də Müdafiə Nazirliyi. Bu günlərdə Bakıda olmuş,
1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti
(DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı,
general-mayor Vladislav Safonov və 1981-1989-cu illərdə Azərbaycan
daxili işlər nazirinin operativ milis işi üzrə
müavini, Qarabağda milisin separatçılarla mübarizə
bölmələrinin rəhbəri olmuş general-mayor
Kamil Məmmədov həmin illərdə Dağlıq
Qarabağda baş verən hadisələr barədə fikirlərini
və xatirələrini AZƏRTAC-ın müxbiri ilə
bölüşürlər.
Prinsipial və dəyanətli bir insan kimi
tanınmış general-mayor Vladislav Safonov deyir: “Əgər
o vaxt Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə
gəlməsini israrla tələb etsəydi, bu gün sizin
Qarabağ probleminiz olmazdı...”. Məhz bu
keyfiyyətlərinə və SSRİ Konstitusiyasına əməl
etməklə Azərbaycanın ərazi
bütövlüyünün qorunub saxlanmasını istədiyinə
görə, Qarabağ separatçıları general Safonova
nifrət edirdilər, hətta dəfələrlə ona
qarşı sui-qəsd hazırlamışdılar.
General Safonov deyir: “Əgər o vaxt Heydər
Əliyev hakimiyyətdə olsaydı, ermənilər bu məsələni
qaldırmazdılar. Mən bunu yüz faiz əminliklə deyirəm.
Mən, həmçinin buna da əminəm ki, əgər o
vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı və bu məsələ
hansı şəkildəsə qaldırılmış
olsaydı belə, Heydər Əliyev məsələni tezliklə
və əsaslı şəkildə həll edərdi. Biz bu
cür özbaşınalığa və provokasiyalara imkan
verməzdik. Qətiyyətli hərəkət edərdik. Ona
görə ki, ölkə Konstitusiyasına uyğun hərəkət
etmək lazım idi, Konstitusiyada isə ərazinin
bölünməzliyi haqqında maddə təsbit
edilmişdi. Bu, birmənalı və başlıca tələb
idi. Heydər Əlirza oğlu heç bir
şübhə üçün yer qoymazdı. O, bir komendant
olmağım etibarilə mənə, habelə digər
xüsusi xidmətlərə imkan yaradardı ki, xalqın mənafeyi
naminə işləyək, qan tökülməsin,
hüquqazidd əməllərə yol verilməsin.
Qarabağ probleminin genişlənməsini gözləmək
lazım deyildi, onu başlanğıcda həll etmək
olardı. Bunun üçün rəhbərin əzmkarlığı,
gücü və zəkası lazım idi. Amma ovaxtkı Azərbaycan
rəhbərliyində bunların heç biri yox idi”.
Sabiq komendant Azərbaycanın ovaxtkı rəhbərlərini
xatırlayaraq deyir ki, onlardan bəziləri hətta
Qarabağda olmamışdı, yalnız Bakıda əyləşib
sərəncamlar və göstərişlər verirdilər.
Onların Qarabağa getməyə və məsələləri
yerində həll etməyə cəsarətləri
çatmırdı. Safonov hesab edir ki, Qarabağ Sovet
İttifaqının dağıdılması
üçün sınaq poliqonu oldu: “Mənim
yaddaşımda yalnız Xüsusi İdarəetmə Komitəsinin
sədri təyin edilmiş Viktor Petroviç Polyaniçko barədə
işıqlı xatirələr qalıb. O, möhkəm əli
ilə qayda yaratmağa çalışırdı, lakin
artıq gec idi və MK-nın ikinci katibi olmasına baxmayaraq,
mərkəzdən xüsusi dəstək almadı. Artıq nəyisə
dəyişmək, nəsə etmək çətin idi. Mən Konstitusiyaya əməl olunmasını ən
başlıca və müqəddəs borc hesab edirdim.
Özü də bu, təkcə Azərbaycanın deyil, bütün
Sovet İttifaqının mənafeyinə uyğun idi. Əgər,
ilk növbədə, Mixail Qorbaçov tərəfindən qətiyyət
və prinsipiallıq göstərilsəydi,
vəziyyət bu həddə çatmazdı. Mənim rəhbərlik
etdiyim qrupun şəxsi heyətində müxtəlif vaxtlarda
5 mindən 20 minə qədər insan - Sovet
İttifaqının bütün ali milis məktəblərinin
yığma batalyonları, digər qüvvələr
vardı. Bu, çox sanballı qrup idi, əvvələn,
vətəndaş müharibəsinə, ikincisi, qan
tökülməsinə və toqquşmalara imkan verməzdi.
Qarabağ Ermənistandan təchiz olunurdu, silahlıları da
orada hazırlayırdılar. Bütün bunların
qarşısını almaq olardı”.
Vladislav Nikolayeviç Şuşanın
süqutuna hələ də inana bilmir: “Şuşanı necə
vermək olardı? Şuşa qaladır! Mən artıq
öz evimdə, Volqoqradda olarkən eşitdim ki,
Şuşanı veriblər, inanın, gözlərim yaşla
doldu. Oraya bircə bölük göndərmək kifayət
idi ki, yeganə yoldan heç kəs keçə bilməsin.
Bu, əsl satqınlıq olub. Bunu kim edib? Araşdırmaq
lazımdır. Yaxud Xocalını götürək. Axı,
oraya köçürülmüş insanların
qayğısına qalmaq, müdafiə qarnizonları yaratmaq
lazım idi. Lakin ovaxtkı rəhbərlik heç nə etmədi
və axırı belə oldu...”.
Ermənilər dəfələrlə Azərbaycana
ərazi iddiaları irəli sürməyə cəhd göstəriblər.
Ulu öndər Heydər Əliyev Milli Məclisdəki
çıxışlarının birində qeyd edib ki, ermənilər
1950-1960-cı illərdə bu məsələni
qaldırmağa çalışmışdılar. 1977-ci ildə
SSRİ-nin yeni Konstitusiyası hazırlanan dövrdə
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
barədə təkliflər daxil olurdu. Bu məsələyə
hətta Sov. İKP MK-nın baş katibi Leonid Brejnevin
başçılıq etdiyi komissiyanın iclasında
baxılmasına cəhd göstərilmişdi. Lakin Heydər
Əliyev bunun qarşısını ala bildi. Bunun
üçün çox səy göstərməli oldu.
Vladislav Safonovun döyüş
yoldaşı, Azərbaycan daxili işlər nazirinin sabiq
müavini general-mayor Kamil Məmmədov həm bugünkü
görüşdə, həm də beş il bundan əvvəl,
Ulu öndərin 90 illiyi münasibətilə AZƏRTAC-a
verdiyi müsahibəsində təəssüflə deyirdi ki,
Dağlıq Qarabağ münaqişəsinin
başlandığı dövrdə Heydər Əliyev
hakimiyyətdə deyildi. Generalın fikrincə, əgər o
vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, Qarabağ
münaqişəsi ümumiyyətlə baş verməzdi.
General Kamil Məmmədov həmin
günləri xatırlayaraq deyir: “1988-ci il fevralın 12-də
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
ovaxtkı birinci katibi Kamran Bağırov mənə dedi ki,
Qarabağ erməniləri Ermənistanla birləşmək
istəyirlər, sən orada qayda yaratmalısan. Mən
Ağdama uçdum, oradan Xankəndiyə getdim, vəziyyəti
öyrəndim. Bakıdan özümlə xüsusi təyinatlılar
götürmüşdüm, onları Xankəndinin həndəvərində
qoyub gəldim. Axı, o vaxt Azərbaycan hələ
SSRİ-nin tərkibində idi və bizim nə nizami ordumuz
vardı, nə də Müdafiə Nazirliyimiz. Ön xətdə
milis bölmələri vardı, onlara mən rəhbərlik
edirdim. Vilayət icraiyyə və partiya komitələrinin
binaları qarşısındakı meydanda təxminən 200-300
nəfər toplaşmışdı. Onlar gecə-gündüz
“miatsum” (birləşmə) deyə qışqırır və
Qarabağın Ermənistana birləşdirilməsini tələb
edirdilər. Özlərinin bu arzusunun səbəbi kimi həyat
səviyyəsinin aşağı
olmasını göstərirdilər. Əslində isə
Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının
əsas göstəriciləri həm Azərbaycanda, həm də
Dağlıq Qarabağın can atdığı Ermənistanda
respublika üzrə orta göstəricilərin səviyyəsindən
yüksək idi. Mən xüsusi təyinatlıların
köməyi ilə bu kütləni bircə saat ərzində
asanlıqla qova bilərdim və bununla iğtişaşlara
son qoyulmuş olardı. Vəziyyət barədə Bakıya
məruzə etdim. Mənə bildirdilər ki, Azərbaycan
Kommunist Partiyası MK-nın ikinci katibi Vasili Konovalov vəziyyəti
öyrənmək və tədbir görmək
üçün Xankəndiyə gedir.
Xüsusi təyinatlılar Xankəndinin
yaxınlığındakı Malıbəyli kəndində
idi. Bu, xüsusi vasitələr, odlu silah və zirehli
transportyorlarla təchiz olunmuş xüsusi bölmə idi.
Konovalov Bakıdan gələn kimi mənə xəbərdarlıq
etdi: “Bizim komandamız olmadan heç nə etməyin - güc
və silah işlətməyin. Əks halda bunun nəticələri
pis olacaq, sizi dövlət əleyhinə əməllərdə
ittiham edəcəklər və hərbi tribunal sizi mühakimə
edəcək”. Konovalov qayıdandan sonra mənə heç
bir komanda verilmədi... Buna görə də
Qarabağ problemi bugünkü həddə çatdı.
Əgər o vaxt Heydər Əliyev hakimiyyətdə
olsaydı, bu münaqişə ya ümumiyyətlə
olmazdı, ya da Heydər Əliyev Öz iradəsi və qətiyyəti
sayəsində hər şeyi başlanğıcda həll edər,
hadisələrin nəzarətdən çıxmasına
imkan verməzdi. Lakin vaxt itirilmişdi və 1988-ci ilin
mayında Əbdürrəhman Vəzirov respublika KP MK-nın
birinci katibi təyin ediləndə vəziyyət daha da pisləşdi.
Həmin gündən respublikada hərc-mərclik
başlandı. Bakıda və respublikanın digər şəhərlərində
əməliyyat şəraiti günbəgün mürəkkəbləşirdi.
Dağlıq Qarabağ vilayət
partiya komitəsinin birinci katibi Henrix Poqosyanın təsiri və
Dağlıq Qarabağ Muxtar Vilayəti Xüsusi İdarəetmə
Komitəsinin sədri Arkadi Volskinin göstərişi ilə
bizim qərargah Xankəndidən Ağdama
köçürüldü. Mənə əmr edildi ki,
bütün azərbaycanlı əhalidə olan ov
tüfəngləri yığılsın, özüm isə
hamıdan əvvəl şəxsi tüfəngimi təhvil
verim. Bundan əlavə, mənə əmr etdilər ki, hətta
yun qırxan qayçıları və digər kəsici-deşici
alətləri də yığım. Qərargahın Xankəndidən
Ağdama köçürülməsinə səbəb bizi
münaqişə ocağından uzaqlaşdırmaq niyyəti
idi, çünki biz onların separatçı siyasətini həyata
keçirmələrinə mane olurduq...
Tarix göstərdi ki, əgər
vaxtında təcili tədbirlər görülsəydi, erməni
silahlılarının hücumunu dayandırmaq olardı.
Ağıllı siyasətçi müharibəni
dayandırmağın yolunu, müdrik siyasətçi isə
müharibəyə yol verməmək üçün nə
etmək lazım olduğunu bilir. Mən o vaxt da əmin
idim, bu gün də əminəm: respublikanın ovaxtkı rəhbərliyinin
nə mərdliyi vardı, nə də müdrikliyi”.
Döyüş generalları bu gün də
özlərinin ictimai fəaliyyəti ilə, xalq
diplomatiyasının imkanlarından istifadə edərək,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə töhfə
vermək istəyirlər. General Vladislav Safonov münaqişənin
dinc yolla həllinin üç variantını görür,
lakin hərbçi kimi, hərbi qüvvə tətbiq
olunmasını da istisna etmir.
O deyir: “Yəqin ki, indi əsas məsələ
bu münaqişəni sülh yolu ilə həll etməkdir.
Bu mürəkkəb məsələnin dinc yolla həllində
mən üç istiqamət görürəm. Birincisi, döyüş veteranlarını, hər
iki tərəfdən olan ağsaqqalları fəallaşdırmaq
lazımdır. Özü də bunu həm təmas xəttinin
yaxınlığındakı rayonlarda, həm də ölkənin
daxilində təkidlə həyata keçirmək
lazımdır. Gənclərə xüsusi rol verilməlidir,
çünki onlar çox fəaldırlar. Bizim Volqoqradda “Bakı”
adlı park var, Azərbaycan diasporu həmin parkda çox fəal
iş aparır. Diasporun üzvü olan gənclər orada
muzey yaratmağı qərara alıblar. Mən onlara qəzetlərdən
kəsib saxladığım ayrı-ayrı məqalələri
və Qarabağdan gətirdiyim çoxlu başqa
materialları vermişəm. Hətta həyat yoldaşıma
vəsiyyət etmişəm ki, Azərbaycan Ali Sovetinin məni
iki dəfə təltif etdiyi Fəxri fərmanları həmin
muzeyə versin.
İkinci istiqamət diasporların
qarşılıqlı fəaliyyətidir. Diasporların
görüşməsi daha asandır. Üçüncü
istiqamət sizin xaricdəki diplomatik missiyaların aparmalı
olduğu diplomatik işdir.
Bütün bunlar məsələnin dinc yolla həlli
istiqamətləridir. Lakin bununla bərabər,
silahlanmış, müasir və hər cür fəaliyyətə
hazır vəziyyətdə olan zirehli qatar ehtiyat yolda
dayanmalıdır. Sülh yolu abırlı, anlaqlı insanlar
üçün nəzərdə tutulur. Belə adamlar ermənilər
tərəfdə də var, hökmən var. Axı, heç
də hər kəs, xüsusən işğal edilmiş
rayonlarda yaşayanlar rahat yatmır, çünki onlar bilirlər:
öz əməllərinə görə gec ya tez cavab verməli
olacaqlar. Bu adamların bir qismi isə orada zorla yerləşdirilib.
Onlar hökmən bu barədə düşünürlər.
Buna görə deyirəm ki, sülh yolu abırlı adamlar
üçün münasibdir, amma bunu başa düşməyənlər
üçün zirehli qatar hazır vəziyyətdə
olmalıdır. Yəni, həm diplomatik, həm ictimai, həm
də hərbi iş aparılmalıdır”.
General-mayor Kamil Məmmədov da Qarabağ
probleminin dinc yolla nizamlanmasının tərəfdarıdır.
O deyir: “Mən də daxil olmaqla Qarabağ müharibəsinin
40 min veteranının hamısı istənilən vaxt Vətənin
müdafiəsinə qalxmağa hazırıq. Lakin biz
insanların həlak olmasını istəmirik, biz sülh istəyirik.
Biz Prezidentimiz və Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin ölkəmizin ərazi
bütövlüyünü bərpa etmək,
qaçqınları doğma yurdlarına - əzəli Azərbaycan
torpaqların qaytarmaq üçün göstərdiyi səyləri
dəstəkləyirik”.
Kamil Məmmədov Xocalıda baş vermiş
faciəli hadisələri ürəkağrısı ilə
xatırlayır: “1992-ci ildə ovaxtkı Prezident Ayaz Mütəllibov
Musa Məmmədovu Qarabağda özünün nümayəndəsi
təyin etdi. Mən M.Məmmədova raportla müraciət
edib yenidən Qarabağa getdim. O vaxt Xocalı faciəsi
yaxınlaşırdı. Mən əməliyyat məlumatları
toplayaraq Bakıya qayıtdım və müəyyən etdim
ki, Zabrat aeroportunda 7 helikopter dayanıb. Aeroportdan
birbaşa Azərbaycan Müdafiə Nazirliyinə, nazir vəzifəsini
icra edən Şahin Musayevin yanına getdim. Özümü təqdim
edib dedim ki, Zabrat aeroportunda 7 döyüş helikopteri var,
onların köməyilə Xocalı sakinlərini şəhərdən
çıxarmaq olar. Şahin Musayev cavab verdi ki,
döyüş helikopterlərinə ən çoxu 5-6 adam
minə bilər. Mən dedim: “Siz məni başa düşmədiniz,
mən insanları mülki helikopterlərlə
çıxarmağı təklif edirəm, hərbi helikopterlər
isə onları müşayiət edə bilər”. Şahin
Musayev dedi ki, bu təklifi nəzərdən keçirərik.
Onun cavabı məni qane etmədi, mən helikopterlə
Ağdama qayıtdım, bu barədə orada olan Tamerlan Qarayevə
məruzə etdim. O vaxt Ali Sovetin sədrinin
müavini olan Tamerlan Qarayev mənim yanımda Şahin Musayevə
zəng vurdu. Şahin Musayev bu məsələni həll edəcəyinə
söz versə də, heç bir tədbir görmədi.
1992-ci il fevralın 26-da, Xocalının dinc əhalisinə
qarşı soyqırımı törədiləndə
600-dən çox insan öldürüldü, qalan sakinlər
möcüzə sayəsində şəhərdən
çıxa bildilər. O vaxt Şahin Musayevi Ağdam
aeroportunda gördüm... O, başını aşağı
saldı və heç nə deyə bilmədi. Mən bu hadisə
barədə Şahin Musayevin Ağdamdakı nümayəndəsi
Fəhmin Hacıyevin məhkəməsində
danışmışam”.
Səhhəti ilə əlaqədar istefaya
çıxanda ovaxtkı daxili işlər nazirinin əmri ilə
Kamil Məmmədova rəsmən general forması geymək
hüququ verilmişdi. Daxili İşlər Nazirliyi onu
özünün bütün tədbirlərinə dəvət
edir. “Mən müstəqil Azərbaycanın generalı
formasını qürurla geyinirəm. Hörmətli İlham
Əliyevi yenidən Prezident seçilməsi münasibətilə
təbrik edir, Ona cansağlığı, ölkəmizin
inkişafı və tərəqqisi naminə fəaliyyətində
uğurlar arzulayıram. Məni “Vətənə xidmətə
görə” ordeni ilə təltif etdiyi üçün
Prezidentimizə çox minnətdaram. Mənim xidmətlərimin
tanınmasına, general forması geyinməyimə icazə
verilməsinə görə daxili işlər naziri Ramil
Usubova da minnətdaram”, - deyə Kamil Məmmədov qeyd edir.
Ermənistanın dünya birliyi tərəfindən
təcavüzkar kimi tanınmaması məsələsi daxili
işlər orqanları veteranına dinclik vermir. O xatırlayır ki, Ümummilli lider Heydər
Əliyev hələ 2001-ci il fevralın 24-də Milli Məclisin
iclasında çıxış edərkən Ermənistanın
təcavüzkar kimi tanınması və ona qarşı
müvafiq sanksiyalar tətbiq edilməsi üçün sənədlərin
hazırlanmasını tələb etmişdi. Bu gün
də ölkəmizin ərazi bütövlüyünün
müdafiəsinə qalxmağa hazır olan general Kamil Məmmədov
təəssüflə deyir: “O vaxtdan 17 il keçib, lakin
problem hələ də həll edilməmiş qalır. BMT bu
məsələyə dair müvafiq qərar qəbul etməyib.
Ali Baş Komandanımız hörmətli İlham Əliyev
belə bir çağırış etsə, mən
üçüncü dəfə Qarabağa getməyə
hazıram”.
Kamil Məmmədovun Qarabağ müharibəsinə
dair şəxsi arxivi var. Bu arxivdə zamanın təsirindən
saralmış qəzetlər, foto və videomateriallar, 30 illik
tarixi olan sənədlər toplanıb. General deyir: “Mən
öz arxivimi dövlətə hədiyyə etmək istərdim.
Axı, bu sənədlər Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı hadisələrin əsl
xronikasıdır. Lakin tarix baxımından dəyərli olan
bu arxivin hansısa bir müəssisənin “zirzəmisində”,
sadəcə, “yatıb qalmasını” istəməzdim. Mən
istəyirəm ki, tədqiqatçılar, tarixçilər,
pedaqoqlar bu arxivdən istifadə etsinlər, münaqişənin
mahiyyətini açıqlasınlar, uşaqları vətənpərvərlik
ruhunda tərbiyə etsinlər”.
Azərbaycanlıların və ermənilərin
təkcə Qarabağda deyil, bütün Azərbaycan ərazisində
dinc yanaşı yaşadığı, sevinclərini və kədərlərini
bölüşdükləri, bir-birinin köməyinə
çatdıqları günləri də xatırlayan general
deyir: “Münaqişə sonsuz davam edə bilməz,
insanlar bunun əziyyətini çəkir, mən ölkəmizin
ziyalılarının digər görkəmli nümayəndələri
ilə birlikdə müxtəlif beynəlxalq tədbirlərə
qatılır, vətəndaş mövqeyindən
çıxış edirəm. Mən bugünkü gəncliyə,
onun savadına, diplomatik təfəkkürünə
böyük ümid bəsləyirəm. Bu yaxınlarda
Tbilisidə keçirilən bir konfrans çərçivəsində
Dağlıq Qarabağ münaqişəsinin gənc və
çox istedadlı tədqiqatçısı Rizvan
Hüseynovla tanış oldum. O, çox
böyük iş görür və Qarabağın tarixən
Azərbaycana mənsub olmasının təkzibedilməz
sübutlarını üzə çıxarır. Çox
ümid etmək istərdim ki, 30 ildən bəri uzanan
Qarabağ məsələsi danışıqlar masası
arxasında həll ediləcək”.
General Vladislav Safonov da yenə ölkəmizə
gəlməyi və öz ərazi
bütövlüyünü bərpa etmiş Azərbaycanı
görməyi arzulayır. Bakı haqqında təəssüratlarını
bölüşən general dedi: “Bundan əvvəl Azərbaycan
paytaxtında 1998-ci ilin noyabr-dekabr aylarında və 2001-ci ildə
olmuşdum. O vaxtlar inkişaf prosesi yenicə
başlanırdı, lakin bu dəfə gördüklərim məni
heyran etdi, həm Bakı, həm də bütövlükdə
Azərbaycan barədə baxışlarımı dəyişdi.
Bakıda heyrətamiz dəyişikliklər baş verib. Azərbaycan
bu qədər qısa müddətdə belə böyük
uğurlara gənc, müdrik, istedadlı Prezident İlham
Əliyevin qətiyyətli mövqeyi sayəsində nail olub.
Bütün bu gözəlliklər Azərbaycan xalqı
üçün həmişəlik yaradılır.
Yeni Azərbaycan.-
2018.- 1 may.- S.6.