“Mir Cəlal. Biblioqrafiya”sı
və “Mir Cəlal milli idealları” kitablarının
təqdimatı olub
Aprelin 30-da XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, istedadlı
ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət
Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr
olunmuş “Mir Cəlal. Biblioqrafiya”,
Nizami Cəfərovun
“Mir Cəlal milli idealları” kitablarının və “Mir Cəlal-110” elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət
xadimləri iştirak
ediblər.
Milli Kitabxananın
direktoru, professor Kərim Tahirov bildirib ki, ədibin
110 illik yubileyi münasibətilə nəşr
olunmuş “Mir Cəlal. Biblioqrafiya”sında
görkəmli yazıçının
həyat və yaradıcılığına aid
zəngin materiallar, habelə onun dünyanın ən zəngin kitabxanalarında
mühafizə olunan nəşrləri öz əksini tapıb.
Diqqətə çatdırılıb ki,
ikinci dəfə çap olunan biblioqrafiyanın layihə
rəhbəri mədəniyyət
naziri Əbülfəs
Qarayev, “Ön söz” müəllifi Xalq Yazıçısı
Elçindir.
Sonra tədbir
iştirakçıları Mir Cəlalın ömür yolundan və zəngin yaradıcılığından bəhs edən filmə baxıblar. Filmdə ədibin yaradıcılığı 3 istiqamət
üzrə - elmi, pedaqoji və yazıçı kimi işıqlandırılıb.
Yazıçının 100 illiyi ilə
bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm
tədbiri xatırladan
mədəniyyət naziri
Əbülfəs Qarayev
deyib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən
sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan
tarixində ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus
yer tutub.
Nazir deyib ki, ilk biblioqrafiyanın çapından ötən
12 il ərzində, görkəmli ədiblə
bağlı kifayət
qədər əlavə
materialların çap
olunduğunu nəzərə
alan Milli Kitabxana yazıçının
anadan olmasının
110 illiyi münasibətilə
“Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından daha mükəmməl və fundamental biblioqrafiya hazırlayıb. Oxuculara təqdim olunan bu biblioqrafiya daha da təkmilləşdirilib,
yeni bölmələr
və yarımbölmələr
əlavə edilib. Burada ilk dəfə
verilmiş “Mir Cəlalın əsərləri
dünya kitabxanalarında”
bölməsində toplanan
sənədlər ölməz
sənətkarın irsinin
bütün dünyada
geniş yayılmasının
əyani sübutudur.
Əbülfəs Qarayev söyləyib
ki, Mədəniyyət
Nazirliyi tərəfindən
başlanılan “Azərbaycan
Kitabının Dünyada
Tanıdılması” layihəsi
çərçivəsində Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı və “Füzuli sənətkarlığı”
əsəri Türkiyədə
çap olunub.
Çıxışının
sonunda nazir Mir Cəlalın 1950-ci ildə Çexiyada çex dilində işıq üzü görən “Bir gəncin manifesti” romanının bərpa olunmuş nüsxəsini ədibin oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayevə təqdim edib. Qeyd edilib ki,
bu yazıçının
rus dilindən sonra xarici dilə
tərcümə olunmuş
ilk əsəridir.
Akademik Nizami Cəfərovun
“Mir Cəlal milli idealları” kitabının da ədibin irsinin daha geniş şəkildə öyrənilməsinə
dəyərli töhfə
olduğunu deyən Ə.Qarayev belə əsərlərin çapını
həm ədəbiyyatımıza,
həm də ədəbiyyatşünaslığımıza
ən gözəl xidmət adlandırıb.
Tədbirdə “Mir Cəlal. Biblioqrafiya”sının “Ön
söz” müəllifi,
Xalq Yazıçısı
Elçin Əfəndiyev
ədibi həm yazıçı, həm
də ədəbiyyatşünas
alim kimi xarakterizə edərək
onun əsərlərinin
əbədiyaşarlığından söz açıb.
“Mir Cəlal
müəllimi ilk dəfə nə zaman gördüyüm yadıma gəlmir, amma onu bir
müəllim, bir professor kimi kəşf etdiyim gün dəqiq yadımdadır və heç zaman da yadımdan çıxmayacaq: 1 sentyabr
1960-cı il. Mir Cəlal müəllim qələmini iki istiqamətdə sınayıb
- bədii ədəbiyyat
və ədəbiyyatşünaslıq.
O, hər iki sahədə böyük uğur qazanaraq, bunlar arasında çox gözəl vəhdət yaratmışdı.
Bu, heç də hər istedadlı adama nəsib olan xoşbəxtlik deyil. Mir Cəlal müəllim nə qədər böyük yazıçı, nasirdirsə,
o qədər də böyük ədəbiyyatşünasdır.
O, xoşbəxt bir yazıçıdır.
Ona görə ki, bütün yaradıcılığı sovet
dövrünə düşməsinə
baxmayaraq, əsərləri
bu gün də aktualdır, sevilə-sevilə oxunur. Mir Cəlal müəllim tədqiqatçı,
ədəbiyyatşünas kimi ideologiyaya yox, elmə xidmət edib”, - deyə Xalq Yazıçısı vurğulayıb.
“Mir Cəlal.
Biblioqrafiya”sının birinci
və ikinci nəşrlərinə “Ön
söz” yazdığını
söyləyən Elçin
Əfəndiyev deyib ki, bu biblioqrafiya
get-gedə böyüyür.
Ona görə ki, o, bir yazıçı
kimi yaşayır. Onun yaradıcılığı
haqqında əsərlər,
məqalələr yazılır,
tədqiq olunur. Nə qədər Azərbaycan ədəbiyyatı
var, Mir Çəlal müəllim
yaşayacaq və hər zaman sevilə-sevilə oxunacaq.
Akademik Nizami
Cəfərovun “Mir Cəlal milli idealları” kitabını
ədibin irsinin araşdırılması və
tədqiqi baxımından
yüksək qiymətləndirən
Xalq Yazıçısı
bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Təhsil nazirinin
müavini Firudin Qurbanov böyük ziyalı haqqında söz deməyin çox böyük şərəf olduğunu,
bu cür şəxsiyyətimizin olması
ilə fəxr etdiyini söyləyib. O qeyd edib ki, “Dirilən adam”, “Bir gəncin
manifesti”, “Açıq
kitab”, “Yaşıdlarım”,
“Təzə şəhər”
romanları, “İnsanlıq
fəlsəfəsi”, “Təzə
toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Anket Anketov”, “Şərbət”
və digər hekayələri ilə görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Ədib, eyni zamanda, ömrünün
sonunadək dərs dediyi Bakı Dövlət Universitetində
(BDU) elmi-pedaqoji fəaliyyətlə
məşğul olub,
XX əsr Azərbaycan
ədəbiyyatında, elmində
müstəsna xidmətlər
göstərib.
BDU-nun rektoru,
akademik Abel Məhərrəmov çıxış
edərək söyləyib
ki, XX əsrdə ədəbi fikirdə öz sözünü demək heç də asan deyildi.
Mir Cəlal məhz sözünü deyən böyük yazıçılardan
olub. Özünəməxsus
yaradıcı keyfiyyəti
ilə seçilən
yazıçı Azərbaycan
ədəbiyyatında roman
janrına yeni nəfəs gətirməklə
bu sahədə özünəməxsus məktəb
yaradıb. Ədibin əsərlərində
irəli sürülən
ideyalar bu günümüz üçün
də kifayət qədər aktualdır. Onun həm elmi,
həm də bədii yaradıcılığı
tədqiqat mövzuları
olaraq daim diqqətdədir və araşdırılır.
Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov bildirib ki, hər
iki kitabın ərsəyə gəlməsi
alimin yaradıcılığına
verilən ən ali dəyərlərdən
biridir: “Təqdimatına
toplaşdığımız hər iki kitab
elmi-tədqiqat obyekti kimi alimin irisinin
araşdırılmasında vacib mənbələrdən
hesab edilir. Mir Cəlal Paşayev alim kimi tələbələrinə
böyük dəstək
olub, qayğı göstərib. Onun haqqında yazanda, ilk növbədə, insanın gözündə
onun oriyentasiyası, səs tembri canlanır. Mir Cəlalın yaradıcılığı
şəxsiyyətini tamamlayırdı.
Təvazökar yaradıcılığa
və xarakterə malik olan böyük
alim hər zaman özünün xeyirxahlığı və
insanpərvərliyi ilə
ətrafdakıların sevimlisinə
çevrilib. O, nə
qədər təvazökar,
sakit alim təəssüratı bağışlasa
da, yaradıcılığı
olduqca peşəkar və şedevr idi. Mir Cəlal
yaradıcılığı bu gün bütün
dünyada təbliğ
və tədqiq olunur”.
Xalq şairləri Fikrət
Qoca, Nəriman Həsənzadə, akademik
Vasim Məmmədəliyev,
professorlar Təhsin Mütəllimov və Buludxan Xəlilov çıxış edərək
böyük ədəbin
zəngin yaradıcılığından
danışıb, onunla
bağlı xatirələrini
bölüşüblər.
Sonra “Mir
Cəlal-110” elektron məlumat
bazasının təqdimatı
olub.
Alimin ailəsi
adından oğlu,
“ADA” Universitetinin rektoru
Hafiz Paşayev çıxış edərək
belə bir tədbirin ərsəyə
gəlməsində əməyi
keçən hər kəsə təşəkkürünü
bildirib. Atasının
xatirəsinə göstərilən
ehtiramdan məmnunluğunu
ifadə edən Hafiz Paşayev, vaxtilə alimin tələbəsi olan insanları bir arada görməkdən məmnunluğunu ifa edib. O, atası ilə bağlı xatirələrini bölüşərək
yaradıcılığından söz açıb, Mir Cəlal Paşayevin yaradıcılığının
gələcək nəsillər
üçün də
örnək olduğunu
vurğulayıb.
Yeni Azərbaycan.-
2018.- 1 may.- S.5.