Azərbaycana
gələn xarici turistlərin sayı ildən-ilə
artır
Ölkəmizdə
infrastruktur layihələrinin icrası turizmin inkişafına
əlavə təkan verir
Ardınca Culfa rayonunun ərazisində yerləşən
“Əlincəqala” tarixi abidəsi və muzeyi ziyarət edilib. Məlumat verilib ki, Əlincəqala
tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət
Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
2014-cü il 11 fevral tarixli sərəncamına
əsasən bərpa olunub. Əlincəqala
tarixi abidəsinin bərpa olunması xalqımızın
çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə
çatdırılması və bütün dünyada
tanıdılması baxımından mühüm əhəmiyyət
daşıyır.
Sahibkarlar
və turizm sahəsi üzrə mütəxəssislər
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə
Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə
də tanış olub, bu tarixi abidələr haqqında ətraflı
məlumat alıblar. Naxçıvan şəhərindəki
Əcəmi seyrəngahında açıq səma altında
nümayiş etdirilən daş abidələr qonaqlarda
xoş təəssürat yaradıb. Azərbaycan
milli memarlığının möhtəşəm abidəsi
olan Möminə xatın türbəsi ilə
tanışlıq zamanı bildirilib ki, türbə Azərbaycanın
Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin
göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Möminə xatının məzarı
üzərində ucaldılmış məqbərə
tanınmış memar Əcəmi Əbubəkr oğlu
Naxçıvani tərəfindən inşa olunub.
Xan sarayında info-tur iştirakçılarına məlumat
verilib ki, bu muzey Naxçıvan xanlığının milli
dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki
torpaqlarının qorunub saxlanılmasında xidmətləri
nəzərə alınaraq yaradılıb. Hazırda 8
ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox
eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri,
fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi,
xanlığın xəritəsi nümayiş etdirilir.
Duzdağ
Fizioterapiya Mərkəzi, Uzunoba İstirahət Kompleksi, dəniz
səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən
Batabat yaylağı ilə tanışlıq da yaddaqalan olub. Məşhur üzən ada, Ağbulaq İstirahət
Mərkəzi qonaqlarda xoş təəssürat yaradıb.
Sonra Cəlil
Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrında
“Naxçıvanın turizm potensialı” adlı
tanıtım filminə baxış keçirilib. Burada qədim diyarın çoxsaylı turizm məkanlarının
təbliği məqsədilə Naxçıvan Muxtar
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
hazırlanmış bukletlər də təqdim edilib.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə
Kompleksi, Atçılıq Mərkəzi, Naxçıvan
Biznes Mərkəzi ilə tanış olan info-tur
iştirakçıları muxtar respublikada turizmin inkişaf
imkanları, qədim diyarın sürətli sosial-iqtisadi tərəqqisi
ilə bağlı ətraflı məlumatlar əldə ediblər.
Yeri gəlmişkən, Azərbaycan hökuməti
turizmi nəinki dinamik inkişaf etdirir, həm də ölkə
iqtisadiyyatına əlavə investisiyaların cəlb edilməsində
zəruri addım kimi bu sahənin hərtərəfli
inkişafına diqqət yetirir ki, bu da çox mühüm
amildir. Və turizmin inkişafı istiqamətində
dövlət tərəfindən görülən işlərin,
aparılan təbliğatın nəticəsdir ki, ölkəmizə
gələn xarici turistlərin sayı artır. Misal olaraq bildirək ki, son 2 ildə Birləşmiş
Ərəb Əmirliklərindən ölkəmizə gələn
turistlərin sayı 30 dəfədən çox artıb.
Ötən il bu rəqəm 110 min turist təşkil
edib və bu, çox gözəl göstəricidir.
Ölkəmizin gündən-günə abadlaşan
bölgələri, yurdumuzun əsrarəngiz təbiəti, qədim
tarixi-mədəni irsə varisliyimiz, bir-birindən gözəl
tarixi məkanlarımız, bir sözlə, gəzməli-görməli
yerlərimiz dünyanın ayrı-ayrı televiziya və xəbər
agentliklərinin də diqqətini çəkməkdədir. Bu dəfə isə
Türkiyənin “Kanal 7” televiziyası Türk Hava
Yollarının maliyyə dəstəyi və Gəncə
şəhər İcra Hakimiyyətinin təşkilatçılığı
ilə qədim Şərqin elm, sənət və mədəniyyət
mərkəzlərindən biri kimi böyük şöhrət
qazanmış Nizami yurdunda televiziya çəkilişləri
aparıb. Gəncə Qala Qapıları
Arxeologiya və Etnoqrafiya Muzeyindən başlayan çəkilişlər
Gəncə İmamzadə Ziyarətgahında, dahi şair
Nizami Gəncəvinin türbə kompleksində və
böyük mütəfəkkirin adını daşıyan
muzeydə davam etdirilib. Gəncə ilə yaxından tanış olan türkiyəli qonaqlar şəhərin
müasir, tarixi və görməli yerlərində çəkilişlər
aparıblar, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət
göstərdiyi binalarda, İstiqlaliyyət muzeyində olublar.
Çəkiliş
qrupu həmçinin şəhər sakinlərinin
qonağı olub, Azərbaycan mətbəxinin ən dadlı
xörəkləri olan şah plov, yarpaq dolması, badımcan
dolması, düşbərə və dovğanın, eləcə
də çay süfrələrimizin bəzəyi olan
dadlı-ləzzətli Gəncə paxlavasının
hazırlanma qaydası və sirlərini kameralarının
yaddaşına köçürüblər.
Səfərin ikinci günü Hacıkənddə,
Göygöldə və Maral göldə olan qonaqlar bu yerlərin
gözəl və füsunkar təbiətini, mənzərələrini
seyr edərək burada çəkilişlər həyata
keçiriblər. Daha sonra çəkilişlər Azərbaycanın
beynəlxalq turizm mərkəzlərindən olan Naftalan şəhərində
və qədim Şəkidə davam etdirilib.
Öz
növbəsində, Qazaxıstanın Aktau şəhərindəki
baş konsulluğumuzun təşkilatçılığı
ilə “Qrand Victoriya” otelində ölkəmizin turizm
potensialına həsr olunmuş “Azərbaycanı özün
üçün kəşf et” mövzusunda
tədbir keçirilib. Sərgidə Azərbaycanın
turizm bölgələrini özündə əks etdirən
jurnallar, broşürlər və digər təbliğat
materialları təqdim edilib.
Manqistau vilayətinin turizm idarəsinin rəhbərliyinin,
burada fəaliyyət göstərən 30-dan artıq turizm
şirkətinin nümayəndələrinin, jurnalistlərin,
həmçinin Azərbaycandan gəlmiş turizm şirkətlərinin
təmsilçilərinin qatıldığı tədbirdə
ölkəmizin turizm potensialına dair videoçarx
nümayiş olunub.
Azərbaycanın Aktau şəhərindəki baş
konsulu Elxan Zeynalov çıxış edərək ölkəmizin
iqtisadi inkişafından, son illərdə əldə
edilmiş nailiyyətlərdən, xüsusilə turizm
sektorunda qazandığımız uğurlardan
danışıb. Prezident İlham Əliyevin turizm sahəsinə göstərdiyi
diqqət və qayğı nəticəsində bu sahədə
böyük inkişafa nail olunduğunu qeyd edən diplomat Azərbaycana
gələn xarici turistlərin sayının ildən-ilə
artdığını bildirib, ölkəmizdə turistlər
üçün yüksək səviyyəli xidmətin
yaradıldığını vurğulayıb. İki
ölkə arasında turizm sahəsində əməkdaşlıq
imkanlarına toxunan E.Zeynalov 2016-cı illə müqayisədə
2017-ci ildə bu ölkədən Azərbaycana gələn
turistlərin sayında 45 faiz artım müşahidə
olunduğunu söyləyib.
Azərbaycana
gələn qazaxıstanlı turistlərin əsasən
sağlamlıq, şopinq və istirahət turlarını
seçdiyini deyən natiq baş konsulluq tərəfindən
təşkil olunmuş tədbirin dost, qardaş Qazaxıstan
ilə mövcud sahələrdə əməkdaşlığın
genişləndirilməsi, habelə hər iki ölkənin
turizm şirkətləri arasında əlaqələrin
yaradılmasına dəstək olduğunu vurğulayıb.
Sağlamlıq
turizmindən söz düşmüşkən, bu yaxınlarda
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək
Assosiasiyanın sədri Ruslan Quliyevin Dünya Sağlamlıq
Turizmi Təşkilatının (DSTT) prezidenti seçilməsi
münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində
mətbuat konfransı keçirilib. Tədbirdə
Ruslan Quliyev rəhbərlik etdiyi təşkilatın fəaliyyət
istiqamətlərindən danışıb. Qeyd edib ki, təşkilat
yarandığı gündən ölkədə həyata
keçirilən turizm siyasətini dəstəkləyir və
Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsinə
töhfə vermək üçün müəyyən fəaliyyət
prinsiplərinə malikdir: “Azərbaycan 2013-cü ildən
Dünya Sağlamlıq Turizmi Təşkilatında (Global
Helathcare Travel Council - GHTC) təmsil olunur. 2014-cü
ildən isə təşkilatın idarə heyətində fəaliyyət
göstərir. Məqsədimiz GHTC-nin
geniş imkanlarından istifadə edərək, ölkəmizə
turist axınına səbəb olacaq fəaliyyətləri
gücləndirmək, ekspert xidmətləri və investisiya
imkanlarını dəyərləndirməkdən ibarətdir”.
Məlumat verilib ki, Dünya Sağlamlıq
Turizmi Təşkilatı Türkiyənin təşəbbüsü
ilə 2013-cü ildə Monakoda “İnternational Medical Travel
Exhibition and Conference” sərgisi zamanı 14 ölkədən
21 nümayəndənin iştirakı ilə yaradılıb.
Diqqətə çatdırılıb ki, Antalyada keçirilən
“Hestourex-2018” (Səhiyyə, idman və alternativ turizm) sərgisi
çərçivəsində Dünya Sağlamlıq
Turizmi Təşkilatının idarə heyətinə və
rəhbərliyinə növbəti seçkilər
keçirilib. Seçkidə 22 ölkədən 48 nümayəndə
iştirak edib. Səsvermə ilə təşkilatın
altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata
rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən
Azərbaycana keçib. Eyni zamanda, Sağlamlıq və Termal
Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin
üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini
seçilib.
Ruslan Quliyev Azərbaycan sağlamlıq
turizminin imkanları və perspektivləri barədə məlumat
verib, təşkilatın platformasını
açıqlayıb. O deyib: “Bu seçim Azərbaycanda
sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək
və ölkə turizminin bu istiqamət üzrə
tanıdılmasına geniş imkanlar yaradacaq. Bu təşkilatda
fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.
Ötən beş ildə ölkəmizin turizm
potensialının tanınmasına böyük əmək sərf
olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz
dövründə də bu istiqamətdə işlərimizi
davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq
Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər
seçilməsi bir daha ölkəmizin dünyada artan
nüfuzundan xəbər verir. Toplantının nəticələrinə
görə, 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm
Forumu Azərbaycanda keçiriləcək. Foruma 100-dən
çox ölkədən nümayəndələr gələcək,
iştirakçılar üçün bölgələrə
turlar təşkil olunacaq. Bu da ölkəmizdə turizmin daha
da genişlənməsinə təkan verəcək”.
Bildirilib ki, yaxın vaxtlarda ölkəmizdə
vahid turizm reyestri yaradılacaq. Həmçinin Azərbaycanın
sağlamlıq turizmi xəritəsi hazırlanır.
Sonda bir daha vurğulayaq ki, Azərbaycan
bu gün Avrasiya qitəsində dünya səviyyəsində
yeni cəlbedici turizm istiqaməti kimi tanınır və qəbul
edilir. Ölkəmizə gələn əcnəbi qonaqlar
burada yaradılan infrastrukturu, bütün sahələrdə
tərəqqini, nadir arxitekturanı, ölkənin qədim
tarixi və zəngin çoxəsrlik mədəniyyətini,
həmçinin sabitliyi və təhlükəsizliyi, ölkəmizdə
rahat vaxt keçirmələrini yüksək qiymətləndirirlər.
Nadir
AZƏRİ
Yeni Azərbaycan.-
2018.- 2 may.- S.7