Akademik Musa Əliyev Azərbaycanda
geologiya elminin inkişafına layiqli töhfələr verib
Mayın 15-də Azərbaycan Milli Elmlər
Akademiyasında (AMEA) görkəmli alim, tanınmış
ictimai xadim, akademik Musa Əliyevin 110 illiyinə həsr
olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə ikinci Fəxri
xiyabanda akademik Musa Əliyevin məzarını ziyarət
edib, önünə əklil və gül dəstələri
qoyublar.
Akademiyanın əsas binasında
təşkil olunan tədbirdə AMEA-nın prezidenti, akademik
Akif Əlizadə Prezident İlham Əliyevin “Akademik Musa
Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 21
fevral tarixli Sərəncamının elmimizə və alimlərimizə
dövlət qayğısının daha bir göstəricisi
olduğunu vurğulayıb.
Akademik Musa Əliyevin Azərbaycanda
geologiya elminin inkişafına fundamental tədqiqatları ilə
mühüm töhfələr verdiyi, yüksəkixtisaslı
kadrların hazırlanmasında xüsusi xidmətlər
göstərdiyi, onun akademiyanın prezidenti kimi respublikada
intellektual potensialın formalaşdırılması və
elmin perspektivli sahələrinin təşkili istiqamətində
mühüm nailiyyətlər əldə etdiyi diqqətə
çatdırılıb.
A.Əlizadə görkəmli alimin həm də
böyük ictimai xadim olduğunu vurğulayıb. O deyib: “Musa Əliyev müxtəlif illərdə SSRİ və
Azərbaycan Ali sovetlərinin deputatı, Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin üzvü və
katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini, Azərbaycan
Plan Komitəsinin sədri, keçmiş Ümumittifaq “Bilik” Cəmiyyətinin
Azərbaycan şöbəsinin sədri, Lenin
Mükafatları Komitəsinin və Ali Attestasiya
Komissiyası plenumunun üzvü, Sovet-Pakistan Dostluq Cəmiyyətinin
vitse-prezidenti olub. SSRİ Neft Sənayesi Nazirliyinin
kollegiyası tərəfindən “Fəxri neftçi”
adına layiq görülüb. Neft sənayesində
çoxillik səmərəli elmi fəaliyyətinə
görə adı SSRİ Neft Sənayesi Nazirliyinin “Fəxri
kitabı”na daxil edilib. Ümumittifaq Paleontoloji Cəmiyyətin
fəxri üzvü seçilib”.
AMEA-nın rəhbəri görkəmli
alimin çoxillik məhsuldar elmi-təşkilati, pedaqoji və
ictimai fəaliyyətinin yüksək qiymətləndirildiyini,
onun orden, medal və fəxri fərmanlarla təltif
olunduğunu, ölümündən sonra 1989-cu ildə “Azərbaycanın
təbaşir faunası” monoqrafiyasına görə Azərbaycan
Dövlət Mükafatı laureatı adına layiq
görüldüyünü deyib.
A.Əlizadə görkəmli
alimlə bağlı xatirələrini bölüşüb:
“1956-cı ilin payız aylarında mənə məlumat gəldi
ki, akademiyanın o vaxtkı prezidenti, akademik Musa Əliyevin rəhbərlik
etdiyi Geologiya İnstitutunda iki vakant ştat vahidi var və ora
gənc mütəxəssislər axtarır. Həmin
vaxt akademiyaya işə qəbul olunmaq çox çətin
məsələ idi. Musa Əliyevlə
görüşdüm, söhbət etdik. Məni işə qəbul
etdi”.
Musa Əliyevin görkəmli paleontoloq
olduğunu deyən A.Əlizadə onun laboratoriyasında elmi
istiqamətini bir daha təbabətlə bağlaya bildiyini
söyləyib.
A.Əlizadə görkəmli alimin həm
akademiyanın prezidenti, həm də laboratoriyanın rəhbəri
kimi ilk addımından ona qayğı göstərdiyini, inandığını
bildirib. Musa Əliyevin Azərbaycan elmində əvəzsiz
xidmətləri olduğunu vurğulayan AMEA rəhbəri onun
xatirəsinin hər zaman yaddaşlarda
yaşayacağını söyləyib.
Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin
akademik-katibi, akademik Fəxrəddin Qədirov “Görkəmli
alimin şərəfli həyat yolu” mövzusunda məruzə
ilə çıxış edib. Bildirilib ki, Musa Əliyev
1926-cı ildə Aşqabadda fizika-riyaziyyat təmayüllü
orta məktəbi əla qiymətlərlə bitirərək
indiki Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin dağ-mədən fakültəsinə daxil olub,
1931-ci ildə oranı bitirib. O, 1936-cı ildə namizədlik,
1957-ci ildə doktorluq dissertasiyalarını müdafiə
edib, 1957-ci ildə professor elmi adını alıb. 1950-ci ildə
isə Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü seçilib.
F.Qədirov akademik Musa Əliyevin bir sıra
yüksək vəzifələrdə uğurla
çalışdığını deyib: “O,
1936-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda
dosent, neft fakültəsinin dekanı və institutun direktoru vəzifələrində
işləyib, 1941-1942-ci illərdə keçmiş
SSRİ-nin Neft Sənayesi Nazirliyinin nəzdində Baş Tədris
İdarəsinin rəisi vəzifəsinə təyin edilib,
eyni zamanda, Moskva Neft İnstitutunda pedaqoji fəaliyyət
göstərib. Akademik 1943-1949-cu illərdə
Azərbaycanda partiya və hökumət orqanlarında
çalışıb, Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin sənaye üzrə katibi, Azərbaycan Nazirlər
Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin
sədri, SSRİ Ali Sovetinin deputatı olub”.
Mərhum akademikin elmi fəaliyyətindən
danışan məruzəçi bildirib ki, alimin əsas
uğurlarından biri onun rəhbərliyi ilə 1949-cu ildə
Xəzər dənizinin akvatoriyasında neft və qazın
geoloji axtarışı və istismarına dair layihə əsasında
ilk dəfə neft sənayesində dənizdə böyük
yatağın (“Neft Daşları”)
açılışı olub.
Musa Əliyevin böyük elm təşkilatçısı
olduğunu söyləyən F.Qədirov vurğulayıb ki,
o, 1950-1958-ci illərdə Azərbaycan Elmlər
Akademiyasının prezidenti vəzifəsində
çalışıb. Onun akademiyaya rəhbərlik
etdiyi dövrdə Elmlər Akademiyasının
inkişafının istiqamətləndirilməsində, yeni
elmi tədqiqat institutlarının, bölmə və
şöbələrin yaradılmasında, elmin ən
perspektiv sahələrinin təşkilində mühüm xidmətləri
olub.
Geologiya İnstitutundakı fəaliyyəti
dövründə Musa Əliyevin də yaxından iştirak
etdiyi tədqiqatlar nəticəsində Azərbaycanda müxtəlif
ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi
və perspektivlərinin dəyərləndirilməsi
üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr
tərtib edilib. Bu xəritələr bir sıra neft,
filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində
mühüm rol oynayıb.
Bildirilib ki, Musa Əliyev Azərbaycanda mezozoy
üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin
banisidir. Bu məktəb isə SSRİ-də
yura və təbaşir stratiqrafiyası üzrə “Bakı məktəbi”
kimi məşhurlaşıb. 1958-ci ildən Moskvada Musa
Əliyevin elmi fəaliyyətinin yeni dövrünün
başlandığını diqqətə çatdıran
F.Qədirov vurğulayıb ki, SSRİ Elmlər
Akademiyasının prezidenti A.Nesmeyanovun təklifi ilə
Moskvaya yeni təşkil edilmiş Yanar Qazıntı
Yataqlarının Geologiyası və İşlənilməsi
İnstitutuna direktorun elmi işlər üzrə müavini vəzifəsinə
dəvət olunan alim ömrünün sonuna kimi burada
çalışıb. Musa Əliyev 1967-1971-ci illərdə
Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik edib,
Əlcəzairin Tinduf və Xassi Braxim neft-qaz
yataqlarının açılması da onun adı ilə
bağlıdır.
F.Qədirov görkəmli alimin rəhbərliyi
ilə 60-dan çox fəlsəfə və elmlər doktoru
yetişdirildiyini, onun geologiya, paleontologiya və
stratiqrafiyanın müxtəlif problemlərinə aid 350-dək
elmi əsərin müəllifi olduğunu diqqətə
çatdırıb.
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin rektoru, professor Mustafa Babanlı “Akademik Musa
Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin inkişafında rolu” mövzusunda məruzə ilə
çıxış edib. Bildirilib ki, Azərbaycanda geoloq
kadrların professional hazırlanmasının əsası
ötən əsrin 20-ci illərində Bakı Politexnik
İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti) qoyulub. Məhz bu ixtisası seçmiş Musa
Əliyev ali məktəbin dağ-mədən fakültəsinə
daxil olub, ilk günlərdən liderlik keyfiyyətləri ilə
fərqləndiyinə görə tələbələr onu
geoloqlar qrupunun başçısı seçiblər.
Musa Əliyevin tələbəlik
illərində pedaqoji fəaliyyətlə də məşğul
olduğunu deyən M.Babanlı vurğulayıb ki, o,
1930-1933-cü illərdə Balaxanıda Nəriman Nərimanov
adına Sənaye Texnikumunda və Lassal adına Neft Texnikumunda
müxtəlif fənlərdən dərs deyib.
Musa Əliyevin Azərbaycan Sənaye
İnstitutunu (ASİ) bitirdiyi il ali məktəbdə dərs
demək hüququ qazandığı, ASİ-də assistent,
dosent və neft fakültəsinin dekanı kimi fəaliyyət
göstərdiyi, 1939-cu ildə isə institutun direktoru vəzifəsinə
təyin edildiyi diqqətə çatdırılıb.
M.Babanlı məhz bundan sonra milli kadrların yetişdirilməsi
istiqamətində ciddi işlərə
başlanıldığını, neft sənayesi üzrə
milli kadrların seçilməsi və yerləşdirilməsində
ilk addımlar atıldığını söyləyib.
Bildirilib ki, Musa Əliyev artıq o dövrdə SSRİ
miqyasında nüfuzlu sayılan ali məktəbimizin 20 illik
yubileyinin təntənəli keçirilməsinin təşəbbüskarı
və təşkilatçısı olub. Onun rəhbərliyi
dövründə institut iki dəfə SSRİ Xalq Neft Sənayesi
Komissarlığı və Neftçilər Həmkarlar
İttifaqının Mərkəzi Komitəsinin keçici
bayrağını alıb.
Ümummilli lider Heydər Əliyevin bu institutda
təhsil aldığını söyləyən M.Babanlı
bildirib ki, Ulu öndər 2000-ci ildə müəllim-tələbə
kollektivi ilə görüşdə
çıxışı zamanı: “...Xatirəmdədir ki,
1940-cı ildə burada tələbə idim. Bildik ki, 20 illik yubileydir. O vaxt burada rektor Musa
Əliyev idi. Bilirsiniz ki, o, sonra böyük
alim, akademiyanın prezidenti olmuşdur” fikirlərini səsləndirərək
görkəmli alimi xatırlayıb.
M.Babanlı mərhum akademikin böyük insan, dahi şəxsiyyət,
görkəmli alim, bacarıqlı pedaqoq, əsl ziyalı
olduğunu, onun əziz xatirəsinin hər zaman
yaşayacağını vurğulayıb.
Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov,
bu ali məktəbin faydalı qazıntılar
kafedrasının müdiri, akademik Vasif Babazadə, AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya
şöbəsinin müdiri, akademik Teymur Bünyadov və
başqaları akademik Musa Əliyevin həyat və elmi fəaliyyətindən
danışıb, görkəmli alimlə bağlı xatirələrini
bölüşüblər.
“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev ailə
üzvləri adından çıxış edərək
alimlə bağlı xatirələrini bölüşüb,
yığıncağın təşkilinə görə
AMEA-nın rəhbərliyinə, həmçinin tədbir
iştirakçılarına təşəkkürünü
bildirib.
Akademik Musa Əliyevin həyat və
yaradıcılığına həsr olunmuş sənədli
film nümayiş etdirilib.
Yeni Azərbaycan.-
2018.- 16 may.- S.4.