Regionlarda yeni su layihələrinin
icrası uğurla tamamlanıb
Xızı şəhərində
və Altıağac qəsəbəsində
reallaşdırılan layihə Xızı şəhərində
3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin
içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb
Son 15 ildə Azərbaycanın mənzərəsi
bütün ölkə boyu yeni infrastruktur layihələrinin
həyata keçirilməsi ilə səciyyələnib. Nəticədə,
respublikamız infrastruktur təminatı baxımından
qısa müddətdə dünyanın qabaqcıl ölkələri
səviyyəsinə yüksəlib. Yeni
yaradılan müasir infrastruktur bölgələrdə həm
iqtisadi aktivliyin artmasına güclü təkan verir, həm də
insanların kommunal xidmətlərlə təzhizatının
yaxşılaşmasında, bütövlükdə həyat
səviyyəsinin yüksəlməsində mühüm rol
oynayır.
Bəhs olunan dövrdə regionlarda müasir
infrastruktur quruculuğu çərçivəsində həmçinin
çoxlu sayda su və kanalizasiya layihələri həyata
keçirilib. “Azərsu” Açıq Səhmdar
Cəmiyyətindən (ASC) verilən məlumata əsasən,
ötən dövrdə su və kanalizasiya layihələrinin
icrasına başlanan 50 şəhərin 25-də su və
kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin
tikintisi yekunlaşıb. Müxtəlif
layihələr üzrə ölkə miqyasında 9230 km
içməli su xətti çəkilib, ümumi məhsuldarlığı
sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, ümumi həcmi
530 min kubmetr olan 230 su anbarı tikilib, 308 artezian və subartezian
quyusu qazılaraq istismara verilib. Bundan başqa, son 15 ildə
3540 km kanalizasiya və yağış suları xətləri
çəkilib, emal gücü sutkada 126 min kubmetr olan 3
tullantı sutəmizləyici qurğu tikilib, eyni zamanda, 2
qurğuda əsaslı yenidənqurma işləri
aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində
bütün ölkə üzrə əhalinin su təminatı
əhəmiyyətli dərəcədə
yaxşılaşıb. Belə ki, Bakı şəhəri və
ətraf qəsəbələrdə, eləcə də
regionlarda 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş
qaydada içməli su ilə təmin olunub, 132 min nəfərin
su təchizatı fasiləsiz rejimə keçirilib.
Hazırda respublikanın müxtəlif bölgələrində
yeni su layihələri həyata keçirilir. Bu isə o deməkdir
ki, perspektivdə ölkə üzrə fasiləsiz rejimdə
keyfiyyətli su alan əhalinin xüsusi çəkisi daha da
artacaq.
Xızı şəhərində və
Altıağac qəsəbəsində yeni su layihəsinin
yekunlaşması sakinlərin böyük sevincinə səbəb
olub
Cari il mayın 4-də Xızı şəhərinin
və Altıağac qəsəbəsinin sakinləri sevincli
anlar yaşayıblar. Belə ki, qeyd olunan tarixdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı ilə “Xızı şəhərində və
Altıağac qəsəbəsində içməli su təchizatı
sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin
yaradılması” layihəsinin yekunlaşması ilə
bağlı mərasim keçirilib. “Azərsu”
ASC-nin sədri Qorxmaz Hüseynovun məlumatına əsasən,
Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyi tərəfindən birgə maliyyələşdirilən
Xızı şəhəri və Altıağac qəsəbəsinin
içməli su təchizatı sistemlərinin yenidən
qurulması və ilk dəfə olaraq
kanalizasiya şəbəkəsinin yaradılması layihəsi
2030-cu ilə qədər perspektiv inkişaf nəzərə
alınmaqla Xızı şəhərində 3300,
Altıağac qəsəbəsində isə 1500 nəfərin
içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən
6,3 min nəfər faydalanacaq. Xızı rayonunda yüksək
məhsuldarlığa malik su mənbələri
olmadığından yaşayış məntəqələrinin
su təchizatının müxtəlif mənbələr
hesabına təmin olunması layihələndirilib. Layihəyə əsasən Xızı şəhərinin
və Altıağac qəsəbəsinin əsas su mənbəyi
sayılan Dahardibidə məhsuldarlığı gündə
864 kubmetr, Qarsda məhsuldarlığı gündə 430
kubmetr, Şəfada məhsuldarlığı gündə 240
kubmetr və Yeddibulaqda məhsuldarlığı gündə
40 kubmetr olan sugötürücü qurğular inşa
olunub. Ümumi tutumu 1400 kubmetr olan 4 anbar tikilib, mənbələrdən
götürülən suyun anbar kompleksinə nəqli məqsədilə
ümumilikdə 18 kilometr magistral su xətti çəkilib. Layihə çərçivəsində
Xızı şəhərində və Altıağac qəsəbəsində
52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin,
həmçinin şəbəkə üzərində 1513
baxış quyusunun inşası başa
çatdırılıb, hər bir evin və obyektin
kanalizasiya şəbəkəsinə qoşulması təmin
edilib.
Q.Hüseynov bildirib ki, hazırda Xızı
şəhərində məhsuldarlığı sutkada 1500
kubmetr, Altıağac qəsəbəsində isə məhsuldarlığı
sutkada 350 kubmetr olan tullantı sutəmizləyici
qurğuların tikintisi üzrə tender prosesi yekunlaşmaq
üzrədir. Yeni layihənin icrasına qədər
Xızı şəhərində 1985-1991-ci illərdə
yaradılmış su təchizatı sistemləri istismar edilirdi.
Şəhərdə mövcud 29 kilometr su şəbəkəsi
istismara yararsız vəziyyətə düşdüyündən
su təchizatı normal həyata keçirilmirdi.
Altıağac qəsəbəsində 1980-ci illərin əvvəllərində
yaradılmış içməli su təchizatı sistemi də
istismar tələblərinə cavab vermirdi. Qəsəbə
sakinlərinin 60 faizi mərkəzləşdirilmiş qaydada
içməli su ilə təchiz edilirdi. Xızı şəhərində
və Altıağac qəsəbələrində kanalizasiya
sistemləri isə, ümumiyyətlə, mövcud olmayıb.
Yeni yaradılan infrastruktur barədə
bütün məlumatlar rəqəmsal xəritədə
öz əksini tapıb
“Xızı şəhərində və
Altıağac qəsəbəsində içməli su təchizatı
sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin
yaradılması” layihəsinin icrası zamanı bir sıra
müasir tətbiqlərə geniş yer verilib. Bu barədə danışan Q.Hüseynov deyib ki,
layihənin icrası zamanı yeni yaradılmış
infrastruktur mənbədən tutmuş sonuncu istifadəçiyə
qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə
işlənilib və bu məlumatlar rəqəmsal xəritədə
öz əksini tapıb. Coğrafi İnformasiya Sisteminin
bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında
bütün məlumatların xəritə üzərindən
alınmasına və çeşidli təhlillərin
aparılmasına imkan verir. Buraya abonentin
yaşadığı ünvan, əlaqə vasitələri,
istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil
üçün lazım olan digər informasiyalar daxildir. Layihə
baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək
imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla
su itkilərinin minimuma endirilməsinə gətirib
çıxarır. Eyni zamanda, baş verə biləcək
fasilələr barədə abonentləri əvvəlcədən
məlumatlandırmaq imkanları yaradır.
Xaçmazda icrası tamamlanan yeni su layihəsindən
58 min nəfər faydalanacaq
Respublikamızın mühüm aqrar-sənaye
və turizm potensialına malik rayonlarından sayılan
Xaçmazda əhalinin içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılması məqsədilə
kompleks tədbirlər həyata keçirilib. Prezident İlham
Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı çərçivəsində
2012-ci ildə başlanmış “Xaçmaz şəhərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsi”nin icrası artıq başa
çatıb. Prezident İlham Əliyev cari il
mayın 4-də regionlara növbəti səfəri çərçivəsində
Xaçmaz şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində
və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
Xaçmaz idarəsinin inzibati binasının
açılışında iştirak edib.
Layihə barədə
danışan “Azərsu” ASC-nin sədri Q.Hüseynov bildirib ki,
Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyi tərəfindən maliyyələşən
“Xaçmaz şəhərinin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi
2030-cu ilə perspektiv inkişaf nəzərə
alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin
içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən
58 min nəfər faydalanacaq.
Xaçmaz şəhərini, həmçinin ətraf
kəndləri keyfiyyətli və dayanıqlı içməli
su ilə təmin etmək üçün şəhərin
mövcud su mənbəyi olan Uçqun bulağı
seçilib. Bu su mənbəyində aparılan laboratoriya
analizləri suyun keyfiyyətinin mövcud standartlara
uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum
olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir.
Suqəbuledici qurğularda əsaslı yenidənqurma
işləri aparılaraq mənbənin məhsuldarlığı
saniyədə 229 litrə və ya sutkada 19,8 min kubmetrə
çatdırılıb, hər birinin həcmi 3 min kubmetr
olan 2 anbar inşa olunub və su mənbəyindən
götürülən suyun anbar kompleksinə nəqli məqsədilə
1,9 kilometr magistral su xətti çəkilib. Anbarlarda toplanan su
ehtiyatının həcminə, eləcə də suyun
bulanıqlıq səviyyəsinə SCADA sistemi vasitəsilə
onlayn rejimdə nəzarət edilir.
Layihə çərçivəsində
Xaçmaz şəhərində 148 kilometr içməli su
şəbəkəsinin, şəhərin relyef
baxımından ən yüksək hissəsində yeni
salınmış yaşayış massivinin dayanıqlı
su təminatı məqsədilə nasos stansiyasının,
136 kilometr kanalizasiya şəbəkəsinin və şəbəkə
üzərində 10 min 390 baxış quyusunun
inşası, hər evin və obyektin kanalizasiya şəbəkəsinə
qoşulması təmin edilib. Eyni zamanda, tullantı suların
təmizləyici qurğuya ötürülməsi məqsədilə
1,2 kilometr uzunluğunda əsas daşıyıcı kollektor
tikilib.
Yeni tullantı sutəmizləyici qurğunun
tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir
“Azərsu” ASC-nin rəsmisi onu da əlavə
edib ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq
Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi
“Kiçik şəhərlərdə Su Təchizatı və
Kanalizasiya Layihəsi” Xaçmaz şəhəri ilə
yanaşı, Qusar, Naftalan, Qobustan və Xızı şəhərlərinin
də içməli su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulmasını əhatə edir.
Artıq bu şəhərlərdə su və kanalizasiya
şəbəkələrinin tikintisi yekunlaşıb. Layihənin
sonuncu mərhələsində tullantı sutəmizləyici
qurğuların inşası həyata keçiriləcək.
“Hazırda sutkalıq məhsuldarlığı
20 min kubmetr olan tullantı sutəmizləyici qurğunun
tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir.
Qurğuda Xaçmaz şəhəri ilə yanaşı,
Quba, Qusar şəhərlərinin, həmçinin
Şahdağ Qış-Yay Turizm Kompleksinin də tullantı
suları təmizlənib kənarlaşdırılacaq”, - deyə
Q.Hüseynov bildirib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 17 may.- S.7.