Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr
olunmuş tədbir keçirilib
Azərbaycanın dinlərarası harmoniya
modeli böyük rəğbətlə qarşılanıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri
Mübariz Qurbanlının
rəhbərlik etdiyi,
Azərbaycanda yaşayan
müxtəlif dini icmaların başçılarından
ibarət nümayəndə
heyətinin ABŞ-ın Kaliforniya
ştatına səfəri
çərçivəsində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan,
Los- Ancelesdə fəaliyyət
göstərən Sinay
Sinaqoqunda Azərbaycanın
multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr
olunmuş geniş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki
baş konsulluğundan
məlumat verilib.
Baş konsulluğun və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə 300-dək qonaq,
o cümlədən xarici
ölkələrin Los- Ancelesdə
akkreditə olunmuş
baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif
dinləri təmsil edən din xadimləri, seçkili orqanların üzvləri, eləcə
də bir çox icmaların nümayəndələri, ictimai-siyasi
xadimlər və jurnalistlər iştirak ediblər.
Tədbirin açılışında Sinay
Sinaqoqunun kantoru Liza Peykot tərəfindən Azərbaycan himninin ifası rəğbətlə
qarşılanıb.
Sinaqoqun
ravvini Erez Şerman belə bir əlamətdar tədbirə ev
sahibliyi etməkdən
məmnunluq duyduqlarını
ifadə edib. O, 2015-ci
ildə sinaqoqun böyük nümayəndə
heyətinin Azərbaycana
səfərini qeyd edərək, Azərbaycandakı
dinlərarası tolerantlığın
bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb.
Sonra çıxış edən
Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles
nümayəndəliyinin sədri
Skot Edelman Azərbaycanın
bütün müsəlman
dünyasında oynadığı
nümunəvi rolu xüsusi vurğulayaraq,
AYK ilə Azərbaycan
arasında qurulmuş
sıx dostluq əlaqələrinə
yüksək önəm
verdiklərini bildirib.
S.Edelman ölkəmizdə müxtəlif
dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən münasibətin
yüksək səviyyədə
olmasının Amerika
yəhudiləri arasında
böyük rəğbət
doğurduğunu vurğulayıb.
Natiq Azərbaycanın tolerantlıq
modelinin bu gün Los-Ancelesdə Sinay Sinaqoqu və Azərbaycanın baş konsulluğu ilə birgə təqdim olunması kimi gözəl bir layihədəki rolundan AYK-nin şərəf duyduğunu
bildirib.
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
(DQİDK) sədri Mübariz
Qurbanlı tədbirdə
çıxış edərək
tolerantlığın ölkəmizdə
çox möhkəm
təməl sütunlarının,
zəngin ənənələrinin
mövcud olduğunu qeyd edib. 31-i qeyri-islam olmaqla, 809 dini icmanın dövlət qeydiyyatına
alındığını vurğulayan M.Qurbanlı ölkəmizdə İslam dini
ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma,
mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını
diqqətə çatdırıb.
O bildirib ki, məhz bu ənənələrin
daha geniş təbliği üçün
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il
ölkəmizdə “Multikulturalizm
İli”, 2017-ci il isə
“İslam Həmrəyliyi İli” elan edilib və
bu illər çərçivəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi
həm müsəlman,
həm də qeyri-müsəlman ölkələrində
bir sıra birgə tədbirlər həyata keçirib. DQİDK sədri xüsusilə
bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli
və geniş proqramlardan söz açıb. Qeyd edib ki, bu
proses bu il
də davam etdirilir. Belə ki, xüsusi
olaraq Dinlər və Mədəniyyətlərarası
Əməkdaşlıq Mərkəzi
yaradılıb və
bu Mərkəz vasitəsilə qarşıdakı
müddətdə Almaniya,
İspaniya və Azərbaycanda müvafiq tədbirlər keçiriləcək.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında
ölkəmizdə mövcud
olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən
bəri Azərbaycanda
bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin
hökm sürdüyünü
qeyd edib. Diplomat Sinay Sinaqoqu və Amerika Yəhudi Komitəsi ilə Los-Ancelesdə yaradılmış möhkəm
dostluq münasibətlərinin
ölkəmiz üçün
yüksək önəm
daşıdığını və bunun Azərbaycanın
dinlərarası tolerantlıq
modelinin ABŞ-da təbliği
işinə yüksək
töhfə verdiyini bildirib.
Sonra çıxış edən
Qafqaz Müsəlmanları
İdarəsi sədrinin
müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı
dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının
sədri Robert Mobili və Rus Pravoslav
Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi
Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən
danışaraq, bu ənənələrin artıq
ölkəmizdə dövlət
siyasəti səviyyəsinə
yüksəldildiyini vurğulayıblar.
Natiqlər Azərbaycanda uzun
əsrlərdən bəri
dini və etnik mənsubiyyətindən
asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə
yaşadığını diqqətə çatdırıblar.
Sonra tədbir
iştirakçıları və media nümayəndələrini
maraqlandıran suallar cavablandırılıb. Müxtəlif media qurumlarını təmsil
edən jurnalistlər
Azərbaycan tolerantlığı
barədə geniş
bilgilər əldə
ediblər.
Çıxışlardan sonra Azərbaycanın multikulturalizm ənənələrindən
bəhs edən,
DQİDK tərəfindən çəkilmiş qısa
film nümayiş etdirilib. Los-Ancelesdə fəaliyyət
göstərən pianoçu
Ceyson Abramsın ifasında Azərbaycan musiqisi təqdim olunub.
Sonda təbdir
iştirakçıları Azərbaycanın multikulturalizm
və tolerantlıq ənənələrinə həsr
olunmuş fotosərgi
ilə tanış olublar.
Yeni Azərbaycan.-
2018.- 17 may.- S.5.