Sahibkarlığa dəstək regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır

 

Dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin 75 faizə qədəri bölgələrin payına düşür

Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda həyata keçirilən siyasi kurs istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Bu məqamda qeyd edək ki, 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün bölgələrinin inkişafına təkan verib. Məhz bu kontekstdə son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılır.

Regionların sosial-iqtisadi inkişafından söz açarkən onu da vurğulamaq yerinə düşər ki, bu prosesdə dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, sahibkarlara göstərilən dövlət dəstəyi, öz növbəsində, regionların inkişafında da mühüm rol oynayıb. Belə ki, göstərilən dövlət dəstəyi nəticəsində sahibkarlar ölkəmizin, o cümlədən regionların sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Məlumat üçün bildirək ki, son 15 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara dövlət tərəfindən 2 milyard manatdan artıq güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 154 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb. Bu ilin birinci rübündə də sahibkarlara güzəştli kreditlərin verilməsi uğurla davam edib və hazırda da davam etməkdədir.

Xatırladaq ki, birinci rüb ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 135 sahibkarlıq subyektinə 50 milyon manat dövlətin güzəştli kreditləri verilib. Bu barədə məlumat verən Fondun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və 2018-ci ilin birinci rübü ərzində maliyyələşdirilən layihələr barədə də danışıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlarının icrasını təmin etmək məqsədilə sahibkarlığın təşviqi, sahibkarların iqtisadi fəallığının daha da artırılması və maliyyə təminatının yaxşılaşdırılması, idxalı əvəz edəcək məhsulların istehsalı və qeyri-neft ixracının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sistemli və ardıcıl tədbirləri davam etdirir.

Qeyd edək ki, özəl bölmədə investisiya layihələrinin maliyyələşdirmə mexanizmlərindən olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun əsas məqsədi sahibkarların uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması və rəqabət mühitinin yaradılmasıdır.

Ş.Abdullayev deyib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə ümumi dəyəri 4,7 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 34963 sahibkara 2,1 milyard manatdan artıq güzəştli kredit verilib, bu kreditlər hesabına 160 minədək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərin 71 faizi aqrar sektorun, 29 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75 faizi ölkə regionlarının, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93 faizini kiçik və orta həcmli kreditlər təşkil edir. İndiyədək verilmiş 2,1 milyard manat güzəştli kreditin 1 milyard manatı büdcə (47 faiz), 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin (53 faiz) payına düşür. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu 2017-ci ildən etibarən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini indiyədək verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına həyata keçirir.

“2018-ci ilin birinci rübü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 135 sahibkarlıq subyektinə 50 milyon manat dövlətin güzəştli kreditləri verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5145 yeni iş yerinin açılması imkanı yaradır. Verilmiş kreditlərin 74 faizi ölkə regionlarının, 26 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. 2018-ci ildə verilmiş kreditlərin həcmi minimum 170 milyon manat təşkil edəcək”, - deyə Ş.Abdullayev qeyd edib.

Diqqətə çatdırılıb ki, əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün və qaçqınların, eləcə də qadın və gənc sahibkarların güzəştli kreditlərdən maksimum bəhrələnməklə biznes yaratmaları daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2076 məcburi köçkün sahibkara 47,3 milyon manat, 4101 qadın sahibkara 95,4 milyon manat və 5639 gənc sahibkara 435,3 milyon manat güzəştli kredit verilib.

Son illər ərzində müasir texnologiyaların tətbiqinə əsaslanan ümumi dəyəri 3,5 milyard manat olan 451 investisiya layihəsinə, o cümlədən 82 logistik mərkəz və taxıl anbarı, 62 müasir istixana və 27 cins heyvandarlıq kompleksi, 40 quşçuluq və 23 iri fermer təsərrüfatı, 18 ət və süd emalı müəssisəsi, 42 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 18 meyvə-tərəvəz emalı və 30 çörək zavodu, 28 tikinti materialları və 81 digər sahələr üzrə istehsal müəssisələrinə 1,4 milyard manatadək güzəştli kredit verilib. Bu müəssisələrdən 412-si (91 faiz) artıq istifadəyə verilib, digər 39 (9 faiz) müəssisədə tikinti-quraşdırma işləri aparılır.

Aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması prosesi sürətlə davam etdirilir.

Ümumilikdə, aqroparkların yaradılması üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bununla əlaqədar dövlət vəsaitləri hesabına ümumilikdə 311,8 milyon manat, o cümlədən su, elektrik və qaz xətlərinin çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı vəsait qoyulub, ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 107,6 milyon manatdan çox dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 556,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib. Üç aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 26 aqroparkda tikinti-quraşdırma və 16 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcəkdir. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksəkkeyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabət qabiliyyətinin daha da artmasına səbəb olacaq.

Ş.Abdullayev pambıqçılığın inkişafı ilə bağlı layihələrinin ümumi dəyəri 145,6 milyon manat olan 591 sahibkara 82,4 milyon manat və tütünçülüyün inkişafı ilə bağlı layihələrinin ümumi dəyəri 6,1 milyon manat olan 117 sahibkara 3,3 milyon manat güzəştli kredit verildiyini vurğulayıb.

Ailə biznesinin formalaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə “ABAD”çılara dövlətin güzəştli kreditlərinin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “ABAD” publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb, ilkin olaraq 12 “ABAD”çıya illik 4 faizlə 150 min manat güzəştli kredit verilib.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Sənaye Bankı” ASC və “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC arasında birgə əməkdaşlığa dair imzalanmış niyyət protokoluna uyğun olaraq, şəkər tozu istehsalının yerli xammal hesabına təmin olunması məqsədilə 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsi üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1472 fermerlə müqavilə bağlanıb və 3600 yeni iş yerinin açılması imkanı yaradılıb.

Eyni zamanda, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi zamanı innovativ layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirilir ki, bunlardan hazırda tikintisi davam edən zeytun istehsalı və emalı, istixana şəraitində faraş meyvə, istixanalar üçün polietilen örtük, elektrod, süni mərmər və qranit istehsalı, balıq əti istehsalı və emalı müəssisələrini, eləcə də Qusardakı regional logistik mərkəzi xüsusi qeyd etmək olar.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsi, biznes ideyanın formalaşdırılması və reallaşdırılması, yeni bazara çıxış imkanlarının artırılması və digər sahələrdə dəstək göstərilməsi məqsədilə respublikanın şəhər və rayonlarında, o cümlədən kənd yerlərində işgüzar forumların keçirilməsi və müvəkkil kredit təşkilatları ilə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Fond tərəfindən indiyədək 50 minədək sahibkarın iştirak etdiyi 368 işgüzar forum keçirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti tədbir Sabirabad rayonunda keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda soya, mərci və noxud əkini, iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq və pambıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı, çörək və ədviyyat istehsalı və qablaşdırılması müəssisələrinin, eyni zamanda, Sabirabad Sənaye Məhəlləsində plastik tara və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti, Sabirabadda verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, indiyədək Sabirabaddan olan 597 sahibkara 15,3 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin inkişafı, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələri böyük əhəmiyyət kəsb edir. Şirzad Abdullayev Sabirabad Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarları İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlığa və güzəştli kreditlərdən yararlanmağa dəvət edib.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 802,6 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, pambıqçılıq, ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsinin, aqroparkın yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13740 investisiya layihəsinin maliyyələşdirilməsinə 569,6 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Sabirabadda dövlətin güzəştli krediti ayrılan ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsində birinci mərhələ üzrə görülmüş işlərə baxış keçirilib. Müəssisədə hazırda 25 nəfər işçi çalışır və ikinci mərhələ üzrə işlər tamamlandıqdan sonra 70-dən çox yeni iş yeri açılacaq.

Qeyd edək ki, Xaçmaz və ətraf rayonlardan olan 23 sahibkara da 1,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, bağçılıq, quşçuluq, un məmulatları, mebel istehsalı, logistik mərkəzin tikintisi və digər sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən keçirilən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum çərçivəsində təqdim olunub.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi və investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir. Forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik və cins heyvandarlıq təsərrüfatlarının, çörək, quru meyvə, alma konsentratı istehsalı, süd emalı müəssisələrinin, logistik mərkəz və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodik materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 580 investisiya layihəsinin maliyyələşdirilməsinə 190,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan aqroparkların, logistik mərkəzlərin, taxıl anbarlarının, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları, mebel istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 11 min 800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Xaçmazın Yalama qəsəbəsində güzəştli kredit ayrılmış “Yalama Aqropark”a baxış keçirilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aqroparkların yaradılması prosesi sürətlə aparılır. Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə 45 aqropark yaradılır. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına indiyədək 110 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Xaçmaz rayonunda yaradılan “Yalama Aqroparkı”dır. 1480 hektar sahədə yaradılan aqroparkda 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, saatda 5 ton istehsal gücünə malik yem zavodu, tutumu 4,5 min ton olan taxıl anbarı, texnika qarajı, ofis binası və yataqxana, sanitar-keçid məntəqəsi, gübrə anbarı, nasosxana və digər yardımçı binalar tikilib və 385 hektar sahədə pivot suvarma sistemi quraşdırılıb. Heyvandarlıq kompleksinin yem bazasının yaradılması üçün 400 hektar arpa, 38 hektar qarışıq yem, 208 hektar yonca, 327 hektar silosluq qarğıdalı və 146 hektar dənlik qarğıdalı əkilib.

Sahibkarlığa Kömək Milli Fondunun bir müddət öncə Hacıqabul rayonunun Navahı qəsəbəsində keçirdiyi işgüzar forumda isə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 434 min manatdan çox güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, bağçılıq, meyvəqurutma müəssisəsinin yaradılması sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 568,5 milyon manat güzəştli kredit verilib.

Yüzə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumat verilib, Hacıqabul Sənaye Məhəlləsində sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan kompozit və plastik qablaşdırma materiallarının istehsalı müəssisələrinin, həmçinin rayonda prioritet hesab edilən quru meyvə istehsalı müəssisəsinin, müasir cins heyvandarlıq və taxıl anbarı kompleksi, intensiv bağçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 362 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 52,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5550-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin inkişafı, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Şirzad Abdullayev Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarları İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlığa və güzəştli kreditlərdən yararlanmağa dəvət edib.

Tədbir çərçivəsində Hacıqabulda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq, əkinçilik və istixana komplekslərinə baxış keçirilib.

Qeyd edək ki, son illər ümumi dəyəri 476 milyon manat, ildə 100 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 62 müasir istixana kompleksinin yaradılmasına 203,6 milyon manat güzəştli kredit verilib.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.- 19 may.- S.7.