Akademik Abel Məhərrəmov:
Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır
Mayın 21-də Bakı Dövlət Universitetinin (BDU) və Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) birgə
təşkilatçılığı ilə “Azərbaycan Cümhuriyyəti - 100: müsəlman
Şərqində ilk
parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans öz
işinə başlayıb.
AZƏRTAC xəbər
verir ki, BDU-da təşkil edilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının
100 illiyinə həsr
olunub. Üç gün davam edəcək konfransa Türkiyə, Gürcüstan,
ABŞ, Moldova, Rusiya, Küveyt, Polşa, Qazaxıstan, Özbəkistan
və digər ölkələrdən otuzadək alim qatılıb.
Tədbirin açılış
mərasimində dövlət
və hökumət rəsmiləri, Azərbaycanın
elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli
Məclisin deputatları
iştirak ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik
Abel Məhərrəmov
Ümummilli lider Heydər Əliyevin AXC-nin fəaliyyətinə yüksək qiymət verdiyini, həmin dövrün dövlətçilik
tariximizin parlaq səhifələrindən olduğunu
söyləyib.
Prezident İlham
Əliyevin “Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyi haqqında” Sərəncamını xatırladan
rektor 2018-ci ilin ölkəmizdə “Azərbaycan
Xalq Cümhuriyyəti
İli” elan edilməsini xalqımızın
həyatında misilsiz
hadisə kimi dəyərləndirib. Vurğulanıb
ki, bu, müsəlman
Şərqində ilk
parlamentli respublika olan AXC-yə verilən tarixi qiymətdir. Xalqımız
1991-ci ildə öz dövlət müstəqilliyini
bərpa etdikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini
yaradıb. Cümhuriyyətin
gördüyü mühüm
işlərdən biri
də 1919-cu ildə
BDU-nun təsis edilməsidir. Belə ki, həmin dövrdə yaradılmış,
ölkənin ilk ali məktəbi olan bu universitet
məhz AXC-nin yadigarıdır və biz onun bütün
ənənələrini layiqincə
davam etdiririk.
Rektor müstəqilliyimizin
bərpasında, yeni dövlətimizin qurulmasında
və qorunmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə
bildirib ki, 1918-ci il mayın 28-də qurulmuş və cəmi 23 ay yaşamış AXC zəngin
dövlət quruculuğu
təcrübəsi ilə
milli dövlətçilik
tarixində silinməz
izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə
respublikanın gələcək
müstəqilliyi üçün
etibarlı zəmin hazırlayıb. Azərbaycan xalqı müsəlman
xalqlarına müstəmləkəçilikdən
xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən
xeyli əvvəl qadınlara seçib-seçilmək
hüququ verməklə
bütün dünya demokratiyasına böyük
töhfə verib.
A.Paşazadə deyib: “AXC-nin qəbul edilmiş bayrağının üçrəngli
olması və islami dəyərlərin burada həkk edilməsi onu göstərir ki, cümhuriyyət din-dövlət
münasibətlərinin tənzimlənməsi
üçün əlindən
gələni əsirgəməyib.
Təəssüf ki,
1920-ci ilin aprelində
XI rus ordusu Azərbaycanı işğal
edib və 23 aylıq fəaliyyətdən
sonra AXC süquta yetirilib. İşğaldan
cəmi iki həftə sonra bolşevik hökumətinin
Xalq Maarifi Komissarlığı vicdan
azadlığı haqqında
dekret verib. Dekretə görə özəl və dövlət məktəblərində
dini təlimin tədrisi və hər hansı dini ayinin icrası
qadağan olunub. Bolşeviklər ruhaniləri
xalq düşməni
elan edərək əmlaklarını əlindən
alır, Sibirə göndərir və əksəriyyətini güllələyirdilər”.
Milli Məclis
sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq AXC qısa müddətdə
tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik
islahatlar həyata keçirib. Cümhuriyyət
dövründə xalqımızın
taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Azərbaycan parlamenti bütün müsəlman
Şərqində o dövrün
demokratik prinsipləri
əsasında formalaşdırılan
ilk parlament olub. Üç ayda parlamentdə təxminən 270-dək qanun
layihəsi müzakirəyə
çıxarılıb. Onlardan
230-u qəbul olunub. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin
əsaslarının formalaşdırılması
və gücləndirilməsinə
tarixi töhfələr
verib.
AXC qurucularının gördükləri böyük
işlərdən danışan
Z.Əsgərov onların
müsəlman Şərqində
ilk demokratik respublika yaratdıqlarını
söyləyib. Qeyd edilib ki, AXC yarandığı gündən
xarici və daxili qüvvələr tərəfindən müxtəlif
təzyiqlərə məruz
qalıb. Həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin menşevik
qüvvələr Azərbaycanın
müstəqil dövlət
kimi formalaşmasına
mane olublar. Lakin bütün bu çətinliklərə baxmayaraq
Cümhuriyyət dövründə
milli ordumuzun yaradılması, atriburtlarımız,
dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində
geniş tədbirlərin
həyata keçirilməsi,
Azərbaycanın sərhədlərinin
və təhlükəsizliyinin
təmini istiqamətində
böyük işlər
görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq
İnstitutunun direktoru,
Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Azərbaycan dövlətçilik ənənələrinin
və milli dövlətçilik şüurunun
qorunmasında AXC-nin mühüm rolu olub. Bu dövrdə
AXC müsəlman xalqlarına
müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən
xeyli əvvəl qadınlara seçib-seçilmək
hüququ verib. XX əsrin əvvəllərində
ölkəmizdə yaranan
ilk təşkilatlardan
söz açan M.Qasımlı Cümhuriyyət
dövründə görülən
böyük işləri
tarixi faktlarla diqqətə çatdırıb.
Sonra ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynoldsun mövzuya dair məruzəsi dinlənilib.
BDU-nun tarixini əks
etdirən filmin nümayişindən sonra
tədbir bədii hissə ilə davam etdirilib.
Mayın 23-dək davam edəcək konfransın bölmə iclaslarında yerli və xarici alimlərin 300-dən çox
elmi məruzəsi dinləniləcək.
Yeni Azərbaycan.-
2018.- 22 may.- S.6.