Azərbaycanın
regionlarında aparılan meliorativ tədbirlər aqrar sektorda
istehsal imkanlarının artmasına müsbət təsir
göstərir
Son 15 ildə respublika miqyasında 360 min hektar
sahədə torpaqların su təminatının və 256 min
hektarda meliorativ vəziyyətinin
yaxşılaşdırılması işləri yerinə
yetirilib
Azərbaycanda əkinə yararlı torpaq
ehtiyatları məhduddur. Buna görə də regionlarda
mövcud torpaq fondundan səmərəli istifadə edilməsi
diqqət mərkəzində saxanılır. Prezident İlham
Əliyev qarşıya ölkədə aqrar sektoru bundan sonra
məhsuldarlığı artırmaq yolu ilə inkişaf
etdirmək kimi mühüm vəzifə qoyub. Hazırda
dövlət başçısının qarşıya
qoyduğu vəzifənin icrasını yüksək səviyyədə
təmin etmək məqsədilə bölgələrdə
genişmiqyaslı tədbirlər reallaşdırılır,
o cümlədən fermerlərin müxtəlif növ
texnikalarla, gübrə və pestisidlərlə, elit
toxumlarla təminatı gücləndirilir. Eyni zamanda,
torpağın münbitliyini artırmaq üçün
aqrotexniki qaydalara ciddi əməl olunur, növbəli əkin
sisteminin tətbiqi genişləndirilir.
2018-ci ildə ölkədə təxminən
100 min hektar torpağın əkin dövriyyəsinə cəlb
edilməsi nəzərdə tutulub
Aqrar sektorda istehsal
imkanlarının genişlənməsinə müsbət təsir
göstərən mühüm amillərdən biri də
torpaqların şoranlaşmasının
qarşısının alınması, əkin sahələrinin
tələb olunan həcmlərdə suvarma suyu ilə təmin
edilməsi, meliorasiya və irriqasiya tədbirlərinin
əhatə dairəsinin daha da genişləndirilməsi amili
ilə bağlıdır. 2004-cü ildən bəri Prezident
İlham Əliyevin böyük diqqətinin nəticəsi
olaraq ölkə miqyasında 4 min kilometr uzunluğunda suvarma
kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin
tikintisi, yenidən qurulması və bərpası,
360 min hektar sahədə torpaqların su təminatının
və 256 min hektarda meliorativ vəziyyətinin
yaxşılaşdırılması işləri yerinə
yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin
dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian
quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu
456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay,
Tovuzçay, Göytəpə) tikilib.
2017-ci ildə Prezident İlham Əliyevin
tapşırığı əsasında regionlarda 103 min
hektar sahəyə suyun çatdırılması və su təminatının
yaxşılaşdırılması işləri həyata
keçirilib. Dövlət başçısı tərəfindən
2018-ci ildə də təxminən bu qədər
torpağın əkin dövriyyəsinə cəlb edilməsi
qarşıya vəzifə qoyulub. Hazırda ayrı-ayrı
layihələr üzrə işlərin icrası uğurla
davam etdirilir.
Cari ildə Neftçala rayonunun 12400 hektar əkin
sahəsinin su təminatı
yaxşılaşdırılacaq. Ağcabədi rayonunda isə
1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin
olunacaq. Siyəzən rayonunda su təminatının
yaxşılaşdırılması tədbirləri
ümumilikdə 12 min 964 hektar sahəni əhatə edəcək.
Ağdaşda əkinə yararlı olsa da, boş qalan və
suvarılmayan 15800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə
cəlb edilməsi üçün 3 layihənin icrasına
başlanılıb.
Xəbər verildiyi kimi, Prezident
İlham Əliyev cari il martın 12-də “Əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması və əhalinin
içməli suya tələbatının ödənilməsi
ilə bağlı tədbirlər haqqında” Sərəncam
imzalayıb. Sərəncama əsasən, regionlarda 248
yaşayış məntəqəsində yeni subartezian
quyularının qazılması nəzərdə tutulub.
Salyanda torpaqların təkrar
şoranlaşmasının qarşısı alınır
Salyanda torpaqların təkrar
şoranlaşmasının qarşısını almaq
üçün məqsədyönlü tədbirlər həyata
keçirilir. Belə ki, rayonun təsərrüfatlarındakı
mövcud kollektor-drenaj şəbəkələrində əsaslı
təmir-bərpa işləri görülməklə
yanaşı, yenilərinin qurulması da həyata
keçirilir. Qeyd edək ki, Salyanda bu sahə ilə
üç müəssisə məşğul olur. Onlardan biri Aşağı Muğan Meliorativ Sistemləri
İstismarı İdarəsidir. İdarə Salyan, Sabirabad və
Neftçala rayonlarında 132 min 500 hektar sahəyə xidmət
edir. Əkin sahələrinin münbitliyini artırmaq
üçün 24 meliorativ nasos stansiyası fəaliyyət
göstərir ki, bunun da 8-i Salyan rayonundadır. Həmin
nasos aqreqatları vasitəsilə
minerallaşdırılmış qrunt suları şor
kanallara vurulur. Görülmüş tədbirlər nəticəsində
qrunt sularının minerallıq dərəcəsi 9,7 qram
litrdən 5,4 qram litrə qədər aşağı
düşüb.
İdarənin baş mühəndisi
Zalış Bünyadov bildirib ki, bu ilin əvvəlindən 56
kilometr uzunluğunda lildəntəmizləmə işləri
həyata keçirilib və rayondakı 8 nasos stansiyası
vasitəsilə 75 milyon kubmetr qrunt suları dənizə
axıdılıb. Bu isə 540 ton duzun əkin sahələrindən
kənarlaşması deməkdir.
Mühəndisin sözlərinə görə,
torpaqlarda olan duzluluğun dərəcəsini aşağı
salmaqla qalıq sularının səviyyəsini 2 metrə qədər
endirmək üçün 5 kəndin ərazisindən
keçən 200 kilometr drenaj xətti dərinləşdirilib.
Qeyd edək ki, idarə tərəfindən bu
ilin əvvəlindən indiyə kimi Salyan, Neftçala və
Sabirabad rayonları ərazisindən 285 milyon kubmetr qrunt suyu dənizə
axıdılıb.
Beyləqan və Füzulidə 500 hektardan
artıq əkin sahəsi suvarma suyu ilə təmin olunacaq
Ölkənin bütün bölgələrində
olduğu kimi, Beyləqan və Füzuli rayonlarında da əkinlərin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər görülür. Beyləqan
Subartezian Quyularının İstismarı İdarəsindən
bildirilib ki, idarənin balansında olan 117 quyu ilə Beyləqan
rayonunda 1710 hektar əkin sahəsi, 139 quyu ilə isə
Füzuli rayonunda 3250 hektar əkin sahəsi suvarma suyu ilə təmin
edilir. Son illərdə əhalinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması məqsədilə Beyləqan
və Füzuli rayonlarında 80-dən çox subartezian quyusu
qazılıb. Bundan başqa, istismarda olan subartezian
quyularının təmir-bərpası da diqqət mərkəzində
saxlanılır. Belə ki, təkcə bu ilin birinci
rübündə idarə tərəfindən 2 ədəd
subartezian quyusu, 42 ədəd nasosun elektrik mühərriki əsaslı,
73 ədəd quyu cari təmir edilib.
Prezident İlham Əliyevin 2018-ci
il martın 12-də imzaladığı “Əkin sahələrinin
suvarma suyu ilə təminatının yaxşılaşdırılması
və əhalinin içməli suya tələbatının
ödənilməsi ilə bağlı tədbirlər
haqqında” Sərəncamına əsasən, cari ildə Beyləqan
rayonunda 9, Füzuli rayonunda isə 12 ədəd yeni
subartezian quyusunun qazılması nəzərdə tutulub.
Artıq quyuların qazılmasına başlanılıb. Yeni
quyuların istifadəyə verilməsi ilə bu rayonlarda 500
hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin
ediləcək.
Bölgələrdə müasir suvarma sistemlərinin
tətbiqinə “yaşıl işıq” yandırılır
Son illərdə respublikamızın bölgələrində
aqrar sektorda dünyanın qabaqcıl ölkələrində
yaxşı nəticələr verən müasir təsərrüfatçılıq
metodlarının tətbiqinə geniş meydan verilir. O
cümlədən regionlarda müasir suvarma sistemlərinin tətbiqinə
“yaşıl işıq” yandırılır.
Məhsuldarlığın
artırılması məqsədilə müasir suvarma sistemlərindən
istifadənin əhəmiyyətindən danışan Kənd
Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin
müdiri İmran Cümşüdov bildirib ki, Azərbaycanda
suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektar təşkil
edir. Respublikada suvarma suyunun məhdudluğu
və ərazilər üzrə qeyri-bərabər
paylanmasına baxmayaraq, suvarılan sahələrin əksər
hissəsində (98 faiz) suvarma hələ də ənənəvi
sadə üsulla (selləmə üsulu ilə)
aparılır və bu üsulun tətbiqi zamanı heç
bir suvarma norma və qaydalarına riayət olunmur.
“Bu cür səmərəsiz, ənənəvi
üsulun tətbiqi suvarma suyunun bitkilər tərəfindən
istifadə olunmadan itkisinə, torpaqların deqradasiyasına,
qrunt sularının səviyyəsinin qalxmasına və nəticədə
torpaqların təkrar şorlaşmasına gətirib
çıxarır”, - deyən İmran Cümşüdov qeyd
edib ki, respublika üzrə əkin sahələrinin təxminən
2-3 faizində mütərəqqi suvarma sistemlərindən
(yağışyağdırma, damcılarla suvarma) istifadə
olunur.
Bitkiçilik şöbəsinin müdiri
deyib: “Hazırda dünya ölkələrinin
böyük əksəriyyətində aqrar sahənin səmərəli
inkişafı yalnız irimiqyaslı irriqasiya sistemlərinin
yaradılması və mütərəqqi suvarma
qurğularından istifadə edilməklə suvarmanın həyata
keçirilməsi nəticəsində mümkün olub.
Damcılarla suvarma sistemi də bu qurğular sırasında
öz üstünlükləri ilə seçilir.
Damcılama üsulunda suvarma suyuna qənaət olunmaqla, daha az
su ilə daha çox sahə suvarılır. Bu suvarma
üsulunda torpaqda eroziya prosesi baş vermir, qrunt
sularının səviyyəsi su itkiləri
olmadığından dəyişməz qalır. Torpaqlarda təkrar
şorlaşmanın qarşısı alınır, suvarma
suyu birbaşa bitkinin kök sisteminə verildiyindən onun
kökətrafı zonada bərabər şəkildə
paylanması təmin olunur”.
İmran Cümşüdov digər
suvarma üsulu - yağışyağdırma üsulu barədə
də məlumat verərək bildirib ki, bu cür suvarmada su
nasosların köməyi ilə xüsusi borularla çiləyici
aparatlara müəyyən olunmuş təzyiqlə vurulur,
yağış şəkilində torpağa düşərək,
torpağı və bitkiləri nəmləndirir. Bu
üsulla suvarmada torpaq qatı müntəzəm olaraq nəmlənir,
suvarma avtomatlaşdırılır, torpaq deqradasiyasının
qarşısı alınır.
Naxçıvanda müasir suvarma sistemlərinin
quraşdırılması işləri davam etdiriləcək
Xəbər verildiyi kimi, Prezident İlham
Əliyev 16 may 2018-ci il tarixində “Naxçıvan Muxtar
Respublikası ərazisində meliorativ tədbirlərin həyata
keçirilməsi haqqında” müvafiq Sərəncam
imzalayıb. Sənəddə vurğulanır
ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında
mövcud potensialdan səmərəli istifadə olunmaqla
görülmüş meliorativ tədbirlər nəticəsində
407 hektar sahədə su resurslarından qənaətlə
istifadəyə imkan verən müasir suvarma sistemlərinin
quraşdırılması başa çatdırılıb.
Sərəncama əsasən “Pivot” layihəsi
çərçivəsində 1000 hektar əkin sahəsində
müasir suvarma (yağışyağdırma) sistemlərinin
quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.31.2-ci yarımbəndində
göstərilmiş məbləğin 5 milyon manatı
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə
ayrılıb.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 24 may.- S.7.