Regionlarda yol infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir

 

Bölgələrdə sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən avtomobil yollarının yenidən qurulması işi geniş vüsət alıb

Azərbaycanda müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin uğurla reallaşdırılması təkcə paytaxt Bakının deyil, eyni zamanda, respublikamızın bölgələrində də inkişaf göstəricilərinin qeydə alınmasını şərtləndirib. Yol infrastrukturunun yenilənməsi yönündə davam etdirilən işlər də bu baxımdan böyük əhəmiyyətə malikdir. Ayrı-ayrı rayonların timsalında bu istiqamətdə görülən işlər ümumi inkişafa əhəmiyyətli töhfələr verib.

Ümumiyyətlə, sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Yeri gəlmişkən, İmişlidə 7 yaşayış məntəqəsini birləşdirən İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili yolu Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur. Uzunluğu 14 kilometr olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edəcək. Layihə çərçivəsində yolboyu 26 min kubmetr həcmdə deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə 36 min kubmetr həcmdə yararlı qrunt tökülərək yeni yol yatağı inşa olunub. Hazırda 120 min kvadratmetr ərazini əhatə edən yeni yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yol əsası hazır olan hissələrdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Layihə çərçivəsində yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları dağılmış olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranıb. Məhz bu məqsədlə yolboyu 300, 500 və 1000 millimetr diametrli 314 poqonmetr uzunluğunda yeni dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, həmçinin 52 kvadratmetr körpü məhəccəri sıradan çıxdığı üçün yeniləri ilə əvəz olunur. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 110 ədəd yol nişanı, 14 ədəd kilometr göstəricisi, 560 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 5 avtobus dayanacağı inşa ediləcək. Bütün işlərin cari ilin iyul-avqust aylarında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişindaşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Kürdəmir rayonunda da 2 yol infrastrukturu layihəsinin icrası həyata keçirilir. Bu, 15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71,2 kilometr uzunluğunda olan Karrar-Bağman-Böyük Kəngərli və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarıdır. Başlanğıcını Bakı-Ələt-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 184-cü kilometrindən götürən Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 8 mindən artıq əhalinin yaşadığı 3 kənddir. Bu ərazidə tikinti normaları və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür. Daha sonra xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa ediləcək. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yolun asfaltlanması işlərinə start veriləcək ki, bu zaman yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 santimetr qalınlıqda iri dənəli, üst layının isə 5 santimetr qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılacaq. Bu işlər 200 min kvadratmetrdən çox ərazini əhatə edəcək. Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. Bundan başqa, yolda yerləşən 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görüləcək işlərin siyahısındadır. Yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri də aparılacaq.

Zaqatalada isə 37,5 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulur. Rayonun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir. 37,5 kilometr uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 kilometrlik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrində optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri görülür. Bundan başqa, yolboyu çiyin hissələrin xüsusi qruntla bərkidilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası və kənarlarına səki daşlarının düzülməsi işləri də aparılır. Bu işlərə paralel olaraq yolboyu süni qurğuların inşası müvəffəqiyyətlə aparılır. Belə ki, yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 1 ədəd 12 metrlik və 1 ədəd 18 metr uzunluğa malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. 12 metr uzunluğa malik daha bir körpünün tikintisi isə yekunlaşmaq üzrədir. Bu istiqamətdə son tamamlanma işləri aparılır. Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Yola iri və xırda dənəli qarışıqdan istifadə edilməklə yeni asfalt-beton örtüyü döşənir. Bu çərçivədə yolun 220 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişindaşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara çatdırılması imkanı yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən turizm potensialını möhkəmləndirəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

Balakəndə 54 kilometr uzunluğunda 2 avtomobil yolu yenidən qurulur. Rayonda cari ildə uzunluqları 54 kilometr olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində addımlar atılır. Hər iki avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Söhbət Balakən-Qazbinə-İtitala və Balakən-Hənifə-Gülüzanbinə avtomobil yollarından gedir. Uzunluğu 29 kilometr olan Balakən-Qazbinə-İtitala avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolunun istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edəcək. Hazırda yolboyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələr isə asfaltlanır. Artıq yolun böyük hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınıb. Ümumilikdə isə, yolun 170 min kvadratmetrdən çox sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Layihə çərçivəsində yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metr uzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. 8,5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən 25 kilometr uzunluğunda olan Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolu da 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız yol örtüyünün, əsasın və torpaq yatağının qazılaraq, çıxarılması və çınqıl materialı ilə əks-dolğu işləri aparılaraq yolun genişləndirilməsi ilə yeni yol yatağının və əsasının inşası işləri aparılır. Yol əsasının tikintisi qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə aparılır. Buna paralel olaraq xüsusi qruntla çiyin hissələr də bərkidilir və əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlarının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri də aparılır. Ümumilikdə, 150 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yolboyu 42 yerdə uzunluğu 420 poqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri aparılır. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 175 ədəd yol nişanı, 25 ədəd kilometr göstəricisi, 1000 ədəd siqnal dirəkləri, 75 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək, həmçinin 18 ədəd avtobus dayanacağı inşa ediləcək. Hər iki avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Bütövlükdə, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcud olanların isə müasir səviyyəyə çatdırılması sahəsində layihələrin icrası uğurla davam edir. Yəni ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2018.- 25 may.- S.11.