Azərbaycan Xalq Cümhuriyyəti
dövlətçilik tariximizin şanlı qürur səhifəsidir
Prezident İlham Əliyev: Biz Azərbaycan Xalq
Cümhuriyyətinin bütün demokratik ənənələrinə
sadiqik və bu ənənələri yaşadırıq
Mayın 28-də Şərqin ilk demokratik
respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
yaranmasından 100 il ötür. Azərbaycan
tarixinin şanlı səhifələrindən olan,
xalqımızın milli azadlıq mücadiləsinin məntiqi
nəticəsi sayılan və müasir dövlətçilik
tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq
Cümhuriyyəti XX əsrin Şərqi üçün
milli dövlətçilik ənənələri baxımından
perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün
dövlətçilik əsasları və demokratik
islahatları ilə müsəlman Şərqinin mayakı
rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq,
Azərbaycan Xalq Cümhuriyyəti böyük bir
coğrafiyanın siyasi həyatında mühüm rol
oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində
dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.
Şübhəsiz ki, bu gün hər bir azərbaycanlı
bu şanlı tarix ilə qürur duyur. Məhz 2018-ci ilin
respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan
edilməsi Cümhuriyyətin Azərbaycanın dövlətçilik
tarixindəki yerinə və roluna verilən böyük
önəmin ifadəsidir.
Şərqin ilk demokratik respublikası olan Xalq
Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri
formalaşdırdı
1918-ci ilin 28 mayında Şərqin
ilk demokratik respublikası kimi yaradılan AXC Türk
dünyasında ilk dünyəvi dövlət kimi tarixə
düşdü. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan
Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə
sahib olan Azərbaycanın həyatında mühüm
rola malik oldu. Eyni zamanda, Cümhuriyyət
dövlət quruculuğu sahəsində mühüm qərarları
ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin
hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə
diviziyanın yaradılması barədə qərar qəbul
etdi. Həmin dövrdə Cümhuriyyət
hökumətinin tabeliyində olan hərbi qüvvələr
türk (Osmanlı) ordu hissələri (Qafqaz İslam Ordusu) ilə
birlikdə Nuru paşanın komandanlığı altında
“Bakı Kommunası”nın qoşunları ilə
qızğın döyüşlər aparırdı.
Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə
qərar bir qədər sonra - avqustun 1-də verildi. Nazirlik
özü isə 1918-ci ilin dekabrında fəaliyyətə
başladı. Keçmiş çar Rusiyası ordusunun
generallarından Səməd bəy Mehmandarov hərbi nazir,
Əliağa Şıxlinski hərbi nazirin müavini təyin
edildilər. Həmin ayın 27-də isə Azərbaycanın
tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət
dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul
1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər
Şurasının sədri və daxili işlər naziri Fətəli
xan Xoyski ölkədə ilk polis bölümünün
yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan
polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın
9-da Azərbaycanın indiki üçrəngli dövlət
bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları
haqqında qanun da qəbul olundu.
Digər tərəfdən,
uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq
miqyasda tanınmasını şərtləndirdi. 1918-ci il
mayın 30-da Nazirlər Şurasının sədri Fətəli
xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa,
Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan,
Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya,
İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər
nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması barədə məlumat göndərdi. Səmərəli
xarici siyasətin ən önəmli uğurlarından biri kimi
Versal Ali Şurası tərəfindən 1920-ci ilin
yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət
kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir.
Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti
20-dən çox ölkə ilə diplomatik əlaqələr
yaratmışdı.
Azərbaycan Milli Şurasının 1918-ci il
noyabrın 19-da keçirilən iclasında çox
mühüm qərarlar qəbul olundu. O zaman Azərbaycan
Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə
çətin və mürəkkəb şəraitdə fəaliyyət
göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti
demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd
olundu ki, Azərbaycan ərazisində yaşayan bütün
millətlər parlamentdə təmsil olunmalıdır.
Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon
750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər
nümayəndə hesabı ilə 120 nəfərdən ibarət
olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər
erməniləri, 10 nəfər rusları, 1 nəfər
almanları və 1 nəfər yəhudiləri təmsil etməli
idi. Sayları çox az olduğu üçün parlament
seçkilərində iştirak etmək hüquqları
olmadığı halda, gürcülər və polyaklar da hər
etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər.
1918-ci ilin dekabr ayının 7-də Azərbaycan
Parlamentinin təntənəli açılışı oldu.
Bu, bütün müsəlman Şərqində o
dövrün demokratik prinsipləri əsasında
formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy
Topçubaşov parlamentin sədri, Həsən bəy
Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul
etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının
formalaşması və gücləndirilməsinə tarixi
töhfələr vermiş oldu.
Milli dövlətçiliyin əsaslarının
gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli
addımlar atıldı
AXC dövründə milli
dövlətçiliyin əsaslarının gücləndirilməsi
istiqamətində strateji əhəmiyyətli addımlar
atıldı. Cümhuriyyət parlamenti milli dövlətçiliyin
gücləndirilməsi nöqteyi-nəzərindən
böyük əhəmiyyət daşıyan - xalq maarifinin
inkişafına çox mühüm təkan verən vəzifələrdən
birini reallaşdırdı. Ali qanunverici orqan tərəfindən
1918-ci il 27 iyun tarixli qərar qəbul edildi. Qərara əsasən,
Azərbaycan dili dövlət dili elan olundu. Lakin ana dilini
mükəmməl bilən ixtisaslı kadrların olmaması
qərarın həyata keçirilməsini müəyyən
qədər çətinləşdirirdi. Buna görə də
inzibati idarə orqanlarında, məhkəmə işində
və başqa sahələrdə Azərbaycan dilini bilən
ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti
olaraq digər dillərdən istifadəyə yol verilirdi.
Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə,
bu sahədə təhsilin tamamilə yenidən qurulmasına
xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata
keçirilən ilk mühüm tədbir məktəblərin
milliləşdirilməsi oldu.
Azərbaycan hökumətinin
1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki,
bütün ibtidai tədris müəssisələrində təhsil
şagirdlərin ana dilində aparılmalı və dövlət
dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata
keçirilməlidir. Azərbaycan dilini bilməyən
şagirdlər üçün üçüncü və
dördüncü siniflərdə ana dili intensiv şəkildə
tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər
artıq öz dillərində təhsillərini davam etdirə
bilsinlər. Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr
ayının 1-də Bakı Dövlət Universitetinin təsis
olunması haqqında qəbul etdiyi qanun isə xüsusi əhəmiyyətə
malikdir. Milli universitetin açılması Cümhuriyyət
xadimlərinin xalqımız qarşısında çox
mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq
Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət
ideyalarının yaşamasında və xalqımızın
yenidən müstəqilliyə qovuşmasında Bakı
Dövlət Universiteti misilsiz rol oynadı.
Beləliklə, Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti Azərbaycan xalqının
son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan
dilinə dövlət dili statusu verdi və digər dövlət
orqanları ilə yanaşı, məhkəmə sisteminin də
dövlət dilində fəaliyyət göstərməsi
haqqında qərar qəbul etdi. Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili
haqqında” 27 iyun 1918-ci il tarixli qərarında dövlət
dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan
sonra bütün məhkəmə orqanları və digər
qurumlarda vəzifələr daşıyanların bu dili bilənlər
olacağı bəyan edilmişdir.
Azərbaycan dövləti Cümhuriyyət
tarixi və dəyərlərinə böyük ehtiramla
yanaşır
Bu gün AXC-nin Azərbaycanın dövlətçilik
tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin
xatirəsi əziz tutulur. Azərbaycan dövlətçiliyini,
milli maraqlarımızı hər şeydən üstün
tutan böyük dövlət xadimi, xalqımızın
Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan
Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik
tarixində mühüm yerə malik olduğunu bildirirdi.
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan
dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə
bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağının
ilk dəfə Naxçıvan Muxtar Respublikasında
qaldırılması Ümummilli liderin adı ilə
bağlıdır. Ulu öndər Heydər
Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci
ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin
varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə
tanıdılması baxımından da müstəsna əhəmiyyətə
malikdir. Çünki bununla dünya ictimaiyyəti
görür və dərk edir ki, Azərbaycanın zəngin
dövlətçilik tarixi və ənənələri var,
müasir müstəqil Azərbaycan zəngin dövlətçilik
ənənələri əsasında formalaşıb.
Ulu öndər Heydər
Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin
keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə
abidə ucaldılması haqqında sərəncamları, eləcə
də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin
90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik
yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130
illik yubileyinin keçirilməsi haqqında sərəncamları
da xüsusi olaraq qeyd edilməlidir. AXC-nin 100 illik yubileyi ilə
bağlı dövlətimizin başçısının
imzaladığı Sərəncam milli dövlətçilik
tariximizə diqqət və qayğısının bariz
göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində
bu məqamlara toxunaraq deyib ki, bu il Azərbaycanda “Azərbaycan
Xalq Cümhuriyyəti ili” elan edilib: “Biz demokratik
respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və
bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər
salanda düşünürsən, təsadüfi deyil ki,
müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar
tərəfindən yaradılıb. Yəni bu hadisə
xalqımızın keçmişindən, onun azadlıqsevər,
məğrur və mütərəqqi xarakterindən
qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini
oxuyanda görürsən ki, onların əsərlərində
məhz bu gün aktual olan məsələlərlə
bağlı fəlsəfi mövzular kifayət qədərdir.
Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması bizim üçün
tarixi hadisədir”.
Müstəqil Azərbaycan Respublikası Xalq
Cümhuriyyətinin varisidir
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin
varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf
yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan
dünya miqyasında dayanıqlı inkişafa və möhkəm
ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır.
Təbii ki, bu inkişafın və sabitliyin əsasında
uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət
kursu dayanır. Milli inkişaf modelinin uğurla
tətbiq edilməsi və hədəflənən nəticələrin
əldə olunması, sosial-siyasi islahatların davamlı
olaraq həyata keçirilməsi, qanunvericilik bazasının
zənginləşdirilməsi, ölkəmizin beynəlxalq
münasibətlər sisteminin nüfuz və güc
iyerarxiyasında sürətlə irəliləməsi və
digər nailiyyətlər müasir müstəqil Azərbaycanın
gerçəkliklərini təşkil edir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi: “Biz qanuni qürur hissi keçiririk
ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz
Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri
bu gün də yaşayır və müasir Azərbaycan onun
hüquqi varisidir. Siyasi islahatlar üçün qısa
müddətdə çox böyük işlər
görülüb. Təkcə bunu qeyd etmək kifayətdir
ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin
çoxundan xeyli əvvəl verilib, bir sıra başqa
mühüm qərarlar qəbul edilib”.
Digər tərəfdən, müstəqil Azərbaycan
demokratik dəyərlərə sadiqdir. Demokratik inkişaf
istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın
tərəqqisinə, qüdrətinin artmasına xidmət
edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya
miqyasında yüksək beynəlxalq nüfuza malik olan
demokratik ölkə kimi tanınır. Prezident İlham
Əliyevin vurğuladığı kimi: “Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması və iki il ərzində
fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir
ki, hələ yüz il bundan əvvəl ən ülvi
demokratik dəyərləri nəinki bəyan edib, öz
praktiki fəaliyyətində onları təmin edib.
Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan
Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq
Cümhuriyyətinin bütün demokratik ənənələrinə
sadiqik və bu ənənələri yaşadırıq”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2018.- 26 may.- S.2.