Respublikamızda yeni
mövsümdə sahələrdən 193892 ton pambıq
yığılıb
Azərbaycanın bir sıra bölgələri
üçün ənənəvi təsərrüfatçılıq
sahələrindən olan pambıqçılıqda torpaq
mülkiyyətçilərinin gəlir imkanları kifayət
qədər böyükdür
Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində
aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir.
Belə ki, kənd təsərrüfatında
innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi,
ixracyönümlü məhsul istehsalının təşviq
edilməsi, azad sahibkarlığın hərtərəfli
şəkildə dəstəklənməsi, fermerlərə
subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və
gübrələrlə təminatın
gücləndirilməsi, bölgələrdə dövlət
vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları çərçivəsində məqsədyönlü
tədbirlərin həyata keçirilməsi son nəticədə
respublikamızda aqrar sektorun keyfiyyətcə yeni
inkişaf mərhələsinə çıxmasını təmin
edib.
Respublikanın kənd təsərrüfatı
naziri İnam Kərimov bildirib ki, son 15 ildə kənd təsərrüfatı
məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən
meyvə-tərəvəz məhsullarının ixracı 10,4
dəfə, cari ilin səkkiz ayında isə tərəvəz
ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq
xammalı ixracı 2,2 dəfə artıb. Nazirin sözlərinə
görə, ölkədə uğurla aparılan aqrar siyasət
nəticəsində kənd təsərrüfatında əlverişli
bazar şərtləri formalaşıb və biznes fəallığı
xeyli yüksəlib. Bunlar özünü aqrar sektorda muzdla
çalışan işçilərin sayının və
investisiya qoyuluşunun həcminin artmasında da büruzə
verib. Yerli istehsal üzrə potensialın güclənməsi
və rəqabətqabiliyyətliliyin yüksəlməsi
hesabına ölkədə ərzaq məhsulları ilə
özünütəminetmə səviyyəsi də əsaslı
şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini
bərpa etdiyi dövrlərdə ət və süd məhsulları
üzrə bu göstərici 30-35 faiz olduğu halda,
hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz
və meyvə ilə özünütəminetmə səviyyəsi
100 faizdən çoxdur.
“Ayrı-ayrı sahələr
üzrə özünütəminetmə səviyyəsinin
yerli istehsal hesabına artırılması, inkişaf və
idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi,
dövlət dəstəyini gücləndirməklə
müvafiq sahələr üzrə proqram
yanaşmasının tətbiq edilməsi
və ünvanlı siyasət tədbirləri mexanizminin
yaradılması məqsədilə dövlətimizin
başçısının tapşırığına əsasən
“Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və
örüş-otlaq ərazilərinin səmərəli
istifadə olunmasına dair Dövlət Proqramı”,
“Taxılçılığın inkişafına dair
Dövlət Proqramı” və “Toxumçuluğun
inkişafına dair Dövlət Proqramı”nın
hazırlanması istiqamətində aparılan işlər
yekun mərhələsindədir”, - deyə İnam Kərimov
qeyd edib.
Son illərdə bütün ölkə
üzrə aqrar sektorun inkişafından söhbət
açarkən pambıqçılıq sahəsində əldə
olunan uğurları da xüsusi qeyd etməliyik. Azərbaycanın
bir sıra bölgələri üçün ənənəvi
təsərrüfatçılıq sahələrindən
olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin
gəlir imkanları kifayət qədər böyükdür.
Bu məhsulun satışı ilə bağlı hər
hansı bir problem yoxdur. Dünya bazarlarında pambıq
birjalarda satılır və istehsalçı ölkələrə
böyük həcmlərdə valyuta qazandırır. Azərbaycan
da Prezident İlham Əliyevin təşəbbüsü ilə
regionlarda pambıqçılıq sahəsində ənənələri
dirçəltməklə yeni iqtisadi şəraitdə
ölkədən qeyri-neft məhsullarının
ixracının genişləndirilməsini hədəfləyib.
Məlumat üçün bildirək ki, artıq sentyabrın
əvvəlindən bölgələrdə kütləvi surətdə
pambıq yığımına başlanıb. Təbii ki,
pambığın alış qiymətinin
artırılması fermerlərdə bu sahəyə
marağı daha da artırıb.
Xəbər verildiyi kimi, Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə
əsasən pambıq istehsalı ilə məşğul olan
fermerlərin məhsul istehsalına həvəsləndirilməsi,
onların maddi rifahının daha da
yaxşılaşdırılması məqsədi ilə Kənd
Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat
Nazirliyinin məsul işçilərinin iştirakı ilə
pambıq istehsalı və emalı ilə məşğul olan
şirkət rəhbərləri ilə görüş
keçirilib. Görüşdə cari ildə
görülən işlər, pambıq
yığımının gedişi, tədarükü və
emalı vəziyyəti, eləcə də qarşıya
qoyulan hədəflərə nail olunması üçün
həyata keçirilməsi vacib olan məsələlər
müzakirə edilib. Pambıq əkən
fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi
və onların maddi rifahının daha da yüksəldilməsi
məqsədilə pambığın növlər üzrə
mövcud alış qiymətləri hər tona 50 manat olmaqla,
2018-ci ilin məhsulu üçün 1-ci növün
600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata,
3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən
550 manatadək artırılması barədə
razılıq əldə edilib. Bütün bunlar isə
pambıqçılığın inkişafının
dövlətin, xüsusilə də Prezident İlham
Əliyevin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
Yeri gəlmişkən, oktyabrın 9-da
keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasındakı nitqində bu məqama toxunan Prezident İlham
Əliyev bildirib ki, biz pambıqçılığı daha
səmərəli şəkildə inkişaf etdirməliyik.
Dövlətimizin başçısı deyib:
“2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük
edilmişdir, - 2015-ci ili mən demirəm, o illərdə,
ümumiyyətlə, məhsuldarlıq çox
aşağı idi, - keçən il 207 min ton, yəni 2 dəfədən
çox. Bu il təqribən 250-260 min ton
pambığın tədarükü nəzərdə tutulur.
Yəni artım dinamikası çox müsbətdir. Onu da
qeyd etməliyəm ki, hazırda ölkəmizdə
pambıqçılıqda 190 mindən çox insan işləyir.
Bax, biz pambıqçılığı inkişaf etdirməyə
başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz
pambığın alış qiymətini bir neçə dəfə
artırmışıq. Bu yaxınlarda son dəfə
artırdıq ki, pambıqçılıqla məşğul
olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın
işi var”.
Bu sahədə müasir texnologiyaların, elmi
yanaşmanın tətbiq olunduğunu vurğulayan Prezident
İlham Əliyev qeyd edib ki, məhsuldarlığı
böyük dərəcədə artıra bilərik: “Məhsuldarlıq
hektardan minimum 20 sentner olmalıdır. Ancaq indi biz bilirik ki,
müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki
xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da
artır. Mən rəqəm səsləndirmək istəmirəm,
ancaq hesab edirəm ki, burada inkişaf üçün
çox böyük potensial var”.
Qeyd edək ki, bu il respublika üzrə 132 min
hektardan artıq ərazidə pambıq əkilib. Ümumilikdə
2018-ci ildə Azərbaycanın 22 bölgəsində
pambıq əkilib. 2018-ci ildə sahələrdən
ümumilikdə 260 min ton pambıq
yığılacağı proqnozlaşdırılır.
Noyabrın 3-nə olan məlumata görə, Azərbaycanda
yeni mövsümdə sahələrdən 193892 ton pambıq
yığılıb. Kənd Təsərrüfatı
Nazirliyindən verilən məlumata görə, sahələrdə
orta məhsuldarlıq 14,6 sentner təşkil edir.
Yığılan pambığın 108641 tonu MKT İstehsalat
Kommersiya MMC-nin, 43880 tonu “Azərpambıq ASK” MMC-nin, 25936 tonu
“P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474
tonu isə fərdi əkinlərin payına düşür.
Bu günədək ən çox pambıq
Saatlı rayonunda (25857 ton) yığılıb. Ötən
il pambıq əkini ilə məşğul olan rayonlar
arasında ən çox məhsul tədarük edən
saatlılı fermerlər bu mövsüm də öndə
gedirlər. Pambıqçılar hər gün sahələrdən
380-400 ton “ağ qızıl” toplayaraq tədarük məntəqələrinə
göndərirlər. İndiyədək yığılan məhsulun
80 faizindən çoxu maşınların köməyi ilə
toplanıb. Hazırda tarlalarda 41 ən müasir
pambıqyığan kombayn işləyir və bu
maşınların köməyi ilə gün ərzində
320-330 ton məhsul yığılır. Rayon statistika idarəsindən
bildiriblər ki, bu il rayonda 15 min 815 hektar sahədə
pambıq əkilib. Bunun da 350 hektarı Qaraqlı kənd
inzibati ərazi dairəsinin payına düşür. Kənddə
fəaliyyət göstərən sahibkarlar becərdikləri
350 hektar sahədən indiyədək 750 tondan çox məhsul
tədarük ediblər. Hər hektarın məhsuldarlığı
25-30 sentner təşkil edir.
Bərdə rayonu isə pambıq
yığımına görə ikinci yerdə gedir. Son
statistik məlumata görə, Bərdədə 20472 tondan
çox pambıq yığılıb. Qeyd edək ki, “Azərpambıq
ASK” MMC tərəfindən Bərdə rayonunda təcrübə
məqsədilə Türkiyənin “Set Tohum” toxumçuluq
şirkətinə məxsus ADN-123 tezyetişən pambıq
sortu becərilib. ADN-123 pambıq sortunun
yetişdirildiyi Lək kəndi ərazisində keçirilən
tarla günündə Kənd Təsərrüfatı
Nazirliyinin, “Azərpambıq ASK” MMC-nin, “Aqrolizinq” ASC-nin,
Türkiyənin “Set Tohum” toxumçuluq və CANSA şirkətlərinin
nümayəndələri, eləcə də fermer və
sahibkarlar iştirak edib.
“Azərpambıq ASK” MMC-nin
direktoru Bəhruz Camalov, Kənd Təsərrüfatı
Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq
şöbəsinin müdir müavini Fərman Kərimov,
“Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil
İsmayılov və “Set Tohum” şirkətinin nümayəndələri
çıxış edərək, ölkəmizdə kənd
təsərrüfatının böyük potensiala
malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən
olan pambıqçılığın dirçəldilməsi
ilə bağlı atılan addımlardan, əldə olunan
uğurlardan, məhsuldarlığın artırılması
yollarından danışıblar. Bildirilib ki,
pambıqçılıqda yüksək məhsuldarlığa
nail olmağın əsas şərtlərindən biri
yüksək reproduksiyalı, yerli şəraitə uyğun məhsuldar
toxumlardan istifadədir. Yüksək məhsuldarlıq keyfiyyətli
toxumdan başlayır. Diqqətə çatdırılıb
ki, “Azərpambıq ASK” MMC ilə əməkdaşlıq edən
fermerin sahəsində becərilən tezyetişən ADN-123
sortu məhsuldarlığı ilə seçilir. Digər
pambıq sortlarından xeyli gec - may ayının 23-də 2
hektar sahədə əkilən ADN-123 pambıq sortu yüksək
məhsul verib. Bu sort Azərbaycanın torpaq-iqlim şəraitinə
tam uyğundur.
Tədbirdə həmçinin Türkiyənin
CANSA şirkətinə məxsus pambıqyığan
maşının sınağı aparılıb. Bu
texnikanın digərlərindən fərqli cəhəti odur
ki, tam açmış pambıq sahəsinə bir dəfə
girməklə tarladakı bütün pambığı
yığır.
Ağcabədi rayonu isə pambıq
yığımına görə respublika
üçüncüsüdür (20227 ton).
Respublikamızın ən iri pambıqçılıq
rayonlarından olan Ağcabədidə məhsul
yığımı uğurla davam edir. Bu il 10
min hektarda pambıq becərən ağcabədili “ağ
qızıl” ustaları gərgin zəhmət hesabına
yetişdirilmiş məhsulun toplanışını da
nümunəvi təşkil edirlər. Əkin sahələrində
aqrotexniki becərilmə qaydalarına ardıcıl və
düzgün əməl olunması nəticəsində
tarlalarda bol məhsul yetişib. Hazırda bütün qüvvələr
mühüm strateji məhsul olan pambığın tez və
itkisiz yığılmasına səfərbər edilib.
Pambıq yığımına 41 ədəd
pambıqyığan kombayn, 108 ədəd traktor, 200-dən
artıq qoşqu cəlb olunub. Hər hektarın məhsuldarlığı
orta hesabla 19,92 sentner təşkil edir.
(davamı növbəti
sayımızda)
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2018.-6 noyabr.- S.7.