Azərbaycan radio və televiziya işçilərinin
peşə bayramı
geniş konsert proqramı ilə qeyd edilib
Azərbaycanda radio və televiziya
işçilərinin peşə
bayramı günü
münasibətilə noyabrın
5-də bayram konserti təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Dövlət Akademik Opera və Balet
Teatrında reallaşan
konsertdən əvvəl
Azərbaycan Dövlət
Televiziya və Radiosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş
edilib.
Sonra Azərbaycan
Dövlət Televiziya
və Radiosunun tarixindən danışılıb,
cəmiyyətimiz üçün
əhəmiyyəti vurğulanıb.
Bildirilib ki,
1926-cı il noyabrın
6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına
başlanılıb. Həmin
gün ölkə paytaxtının küçələri
və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı”
ifadəsi yayılıb.
Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük
bir yenilik idi.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə
radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.
İlk veriliş günü ekranda mərhum sənətkarımız
Nəcibə Məlikova
görünüb və
o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi də nümayiş
olunub.
Azərbaycan Televiziya və Radiosu mürəkkəb və şərəfli inkişaf yolu keçib. Fəaliyyətinin
ilk mərhələsində
televiziya sahəsində
mütəxəssislər olmadığından,
burada işləməyə
radio, qəzet və teatr əməkdaşları
dəvət edilib. Bakı studiyası əvvəlcə həftədə
iki, sonra üç dəfə iki saatlıq proqramla efirə çıxıb. Televiziyada
proqramlaşdırma, şəbəkə
və model haqqında anlayış olmadığı üçün
studiya əsasən retranslyator kimi fəaliyyət göstərib.
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında
böyük rol oynayıb. Bu, müstəqillik dövründə
yaradılan bütün
telekanalların fəaliyyətində
özünü qabarıq
göstərib. 1991-ci ildə
AzTV rəhbərliyinin
təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya - “215 KL”
adlı studiya yaradılıb. Sonrakı
illərdə Azərbaycan
teleradiosunda yetişən
peşəkarlar özəl
televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.
Vurğulanıb ki, bu gün
geniş tamaşaçı
auditoriyasına malik AzTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə
onun müxbir məntəqələri fəaliyyət
göstərir. Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında və təbliğində
ilk milli televiziyamızın rolu danılmazdır. Avropaya yayımın texniki səviyyəsinə görə
Azərbaycan Televiziyası
2007-ci ildə “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Son illər AzTV-də
aparılan ciddi islahatlar nəticəsində
yeni proqramlar, verilişlər, tamaşalar
meydana gəlib, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə
kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni
studiyalar yaradılıb.
Hazırda Azərbaycan
Televiziyasında rəngarəng
mövzularda tok-şoular,
portret verilişləri,
musiqili-əyləncəli proqramlar,
televiziya tamaşaları,
maraqlı sənədli
və bədii filmlər nümayiş etdirilir.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə AzTV-nin bir sıra musiqi kollektivləri Əməkdar
incəsənət xadimi
Nazim Hacıəlibəyovun
dirijorluğu ilə çıxış edib.
Konsertdə xalq və bəstəkar mahnıları
səsləndirilib.
Yeni Azərbaycan.-
2018.- 6 noyabr.- S.5.