AzTV: tarix və
müasirliyin harmoniyası
Hər bir dövlətin transmilli informasiya resursları
ilk növbədə həmin dövlətin dünya
arenasında uğurlu təbliği, lokal və beynəlxalq
miqyasda yaşanan ictimai-siyasi proseslərə obyektiv və
operativ reaksiya, vətəndaş cəmiyyətinin müntəzəm
qaydada zəruri məlumatlarla təmin olunması məqsədlərinə
xidmət etməlidir. Müasir dövrdə qlobal infosferada izlədiyimiz
proseslər onu deməyə əsas verir ki, dünyanın BBC,
CNN, Euronews, New York Times, Washington Post və digər nüfuzlu
media orqanları istənilən hadisəyə obyektiv, media
parametrləri kontekstindən deyil, daha çox korporativ maraqlar
müstəvisindən baxır, təmsil etdiyi dövlətin
və ya beynəlxalq təşkilatın prinsiplərini
üstün tutur, bir çox strateji məsələlərdə
isə lazım gəldiyi an təhdid, yaxud təsir mexanizmi
kimi media resurslarından istifadə olunur. Başqa sözlə,
daxili informasiya resursları zəif olan və ya cəmiyyətin
informasiya təminatını tam ödəməyən ölkələr
əcnəbi media qurumlarının aramsız
hücumlarına, yaxud informasiya terroruna, kiberhücumlara məruz
qalır ki, nəticədə vətəndaş cəmiyyəti
ilə dövlət idarəçilik institutları
arasında, daxili sabitlik və təhlükəsizliyin təmini
məsələsinə yanaşmada ciddi problemlər
yaşanır, infosistemin kənar təsirlərlə idarə
olunması ölkəni xaos, anarxiya, qarşıdurmaya
sürükləyir. Uzağa getmək lazım
deyil. Yaxın Şərq ssenarisinin ilk
növbədə məhz media və ya internet mediası üzərindən
cəmiyyətə ötürüldüyü, əhalinin
informasiya ilə manipulyasiya edildiyi, başqa sözlə,
manqurtlaşdırıldığı və bütün
bunların məntiqi nəticəsi olaraq dağıntılar,
söndürülməsi hələ də mümkün
olmayan müharibə ocaqları və beynəlxalq humanitar fəlakət
çağdaş dünyamızın acı
reallıqlarıdır. Bu baxımdan, virtual məkanda təmsil
etdiyi gücünü, qüdrətini nümayiş etdirmək,
habelə, milli maraqları ən yüksək tribunalarda
müdafiə etməyi bacarmaq üçün güclü
informasiya resursları olmalı, ölkənin informasiya təhlükəsizliyinin
qorunması məqsədilə ilk növbədə daxildə
düşünülmüş və kompleks ideoloji iş
aparılmalı, cəmiyyətin informasiyaya olan tələbatı
tam şəkildə ödənilməlidir. Yalnız
real, obyektiv və operativ informasiya ilə təmin olunmuş cəmiyyətin
kənar təsirlərdən qorunma instinkti yüksək olur,
vətəndaşlar baş vermiş istənilən hadisəni
düzgün və obyektiv təhlil etməyi bacarırlar.
Bu baxımdan Azərbaycan da yerləşdiyi
coğrafi mövqenin onun qarşısında informasiya təhlükəsizliyi
sahəsində ciddi tələblər qoyduğunu dərk
edir, istər regionda yaşanan geosiyasi proseslər, istərsə
də ölkəmizə qarşı yürüdülən
aktiv, yaxud passiv infotəhdidlərdən öz informasiya məkanını
qorumaq istiqamətində sistemli və kompleks addımlar
atır. Bu gün ölkə daxilində onlarla TV, radio,
internet resurslarının fəaliyyət göstərməsi,
80%-dən çox vətəndaşın geniş zolaqlı
internet şəbəkəsindən istifadə etməsi, ən
əsası isə, Prezident İlham Əliyevin dəfələrlə
qeyd etdiyi kimi, dünyanın istənilən nöqtəsini dəqiq
və operativ izləmək imkanı verən 3 peykimizin orbitdə
mövcud olması görülən işlərin real nəticəsidir.
Bütün bunlar daxili informasiya
resurslarımızın, xüsusən televiziya
kanallarımızın dünya arenasına çıxmasına,
deməli, həm də Azərbaycanın uğurlu təqdimatı,
təbliğatçılıq işinin daha effektiv şəkildə
aparılmasına geniş imkanlar yaradır. Qalır bu imkandan maksimum yararlanmaqla milli-mənəvi
dəyərlərimizi, adət-ənənələrimizi,
milli mədəniyyətimizi, dilimizi, tariximizi beynəlxalq
arenada məhsuldar və keyfiyyətli şəkildə təqdim
etmək, yalnız daxildə deyil, qlobal informasiya məkanında
azərbaycançılıq ideologiyasını geniş
yaymaqla soydaşlarımız arasında həmrəyliyi daha
da gücləndirmək. Prezident İlham Əliyevin əsas
məqsədi də məhz budur: Vətənə, milli dəyərlərə,
azərbaycançılıq ideologiyasına sıx
bağlı olan, ürəyi Vətənlə döyünən,
sağlam düşüncəli gənc nəsil yetişdirmək,
vətəndaş cəmiyyətini yad təsirlərdən və
təhdidlərdən qorumaq, media resurslarının peşəkarlığını
artırmaq. Bu gün Azərbaycanda, regionda və
dünyada media sahəsində mövcud trendləri təhlil
edərkən, tam əminliklə söyləmək olar ki,
sözügedən istiqamətdə ölkə
mediasının ruporu, aparıcı qüvvəsi məhz Azərbaycan
Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətidir.
Nəyə görə AzTV?
İlk
növbədə ona görə ki, Azərbaycan Televiziyası
və Radio Verilişləri QSC-nin tarixən olduğu kimi bu
gün də yalnız bir missiyası, bir ideoloji xətti var:
dövlətçilik ənənələrini, milli
ideologiyanı və milli mənlik şüurunu, milli məfkurəni
hər şeydən üstün tutmaq, bu yolda istənilən
xarici təhdid və təsir mexanizmlərini nəyin
bahasına olursa-olsun aradan qaldırmaq, yalnız dövlətə,
xalqa xidmət etmək. Bu televiziya
üçün həmin prinsipdən başqa bir ideoloji xətt
yoxdur.
İkincisi, Azərbaycan Televiziyası və Radio
Verilişləri QSC müasir teleməkanda ən geniş
yayım coğrafiyasına, müxbir məntəqəsinə
və yaradıcı, texniki heyətə malik televiziyadır. Bu gün uzaq ABŞ və
Çindən tutmuş, Avropada, həmçinin Rusiya,
Türkiyə, İran, Gürcüstan kimi region ölkələrində,
eləcə də Yaxın Şərq və Orta Asiya dövlətlərində
Azərbaycan Televiziyasının müxbir məntəqələri
fəaliyyət göstərir.
Üçüncüsü, bu gün Azərbaycan
Televiziyası qədər gündəlik efir proqramında xəbərlər
buraxılışlarına, ictimai-siyasi verilişlərə,
ümumiyyətlə, aktual mövzuların sosial-siyasi təhlilinə
geniş yer ayıran ikinci kanal tapmaq, sadəcə,
mümkün deyil.
Ümumiyyətlə, Azərbaycan Televiziyası və
Radio Verilişləri QSC üçün ən böyük dəyər
reytinq siyahısında birinci olmaq deyil. Məqsəd
tamaşaçının illərdir formalaşmış
etimadını, inamını qorumaq və əlbəttə
ki, onun zövqünü, dünyagörüşünü təmiz
nitq, efir estetikasının ən xırda tələblərini
nəzərə almaqla düzgün şəkildə
formalaşdırmaqdır. Etiraf edək ki,
bu gün hər kəs istənilən informasiyanın ən
doğrusunu, yaxud müəyyən xəbərlə
bağlı rəsmi mövqeyi məhz Azərbaycan
Televiziyası və Radiosundan gözləyir. Cəmiyyətdə yayılan, hətta digər
kanalların dəfələrlə bəyan etdiyi hər
hansı xəbərin həqiqiliyi yalnız bu informasiya vasitəsində
elan olunduqdan sonra təsdiqlənir. Cəmiyyət
bu gün Azərbaycan dilinin zənginliyinin,
saflığının qorunması sahəsində də
liderliyin məhz Azərbaycan Televiziyası və Radiosuna məxsus
olduğunu etiraf edir. Yeni dövrün tələblərinə
uğurla transfer edən, məzmunca tam milli kanal statusunda
formalaşan Azərbaycan televiziyası və radiosunda
çalışan dilçi alim, akademik və professor heyətinin
sayı, habelə, dilimizin təbliği ilə bağlı
yayımlanan fərqli proqramlar bu fikrin həqiqiliyini birmənalı
şəkildə sübuta yetirir.
Kadr
potensialı
Azərbaycan Televiziyası və Radio Verilişləri
QSC telejurnalistika sahəsində həm də bir
AKADEMİYADIR.
Ölkədə kadr siyasətinə ciddi önəm
verildiyi bir zamanda burada çağdaş televiziya və radio
jurnalistikasının tələblərinə uyğun peşəkar
kadrların yetişdirilməsi istiqamətində sistemli
addımlar atılır. Təsadüfi
deyil ki, bu gün faktiki, əksər TV və Radio vasitələrində
istər texniki, istərsə də yaradıcı sahədə
çalışanların böyük əksəriyyəti məhz
Azərbaycan Televiziyasının yetirmələridir. Yeri
gəlmişkən, hazırda televiziyanın nəzdində fəaliyyət
göstərən Televiziya Akademiyasını və digər ali təhsil ocaqlarını bitirən gənc
məzunlar ilk və bir çox halda daimi iş yeri kimi məhz
AzTV-ni seçirlər. Seçimin səbəblərinə gəlincə,
əvvəla, bu media orqanının ictimai nüfuzu, ikincisi,
illərdir həyatını televiziya və radioya bağlayan
peşəkar kollektivin mövcudluğu, müasir tələblərə
cavab verən zəngin texniki imkanlar,
üçüncüsü, sağlam mühit və insani
münasibətlər bu televiziyanın avanqard rolunun mahiyyətinə
tam aydınlıq gətirir. Burada istənilən
kadr yalnız öz bacarığına və peşə vərdişlərinə
nə dərəcədə dərindən yiyələnməsi,
vəzifəsinin öhdəsindən nə dərəcədə
məsuliyyətlə gəlməsi müqabilində obyektiv
qiymətləndirilir. Lakin bütün
bunların da fövqündə dayanan ən mühüm amil
insanlıq və xeyirxahlıq hissi, Vətən sevgisi,
sağlam düşüncə və qarşılıqlı
hörmət meyarlarıdır. Əks
halda, Azərbaycan Televiziyası və Radiosu kimi 2 mindən
çox üzvü olan nəhəng ailənin tərkib hissəsi
olmaq qeyri-mümkün sayılır.
Televiziya tarixin salnaməsini yaradır. Bu mənada,
böyük inkişaf yolu keçmiş, bir çox nəsillərə
örnək olan və neçə-neçə jurnalist nəsli
yetişdirən Azərbaycan Televiziyası müasir dövlət
tarixinin, Azərbaycan mədəniyyəti və dilinin,
ictimai-iqtisadi inkişafının canlı salnaməsi
sayıla bilər. Hazırda teleradio
xalqın əsl tribunası missiyasını uğurla yerinə
yetirir. Ölkə vətəndaşlarına
çağdaş dövrün reallıqlarını obyektiv
şəkildə çatdırmağı bacarır, Prezident
İlham Əliyevin rəhbərliyi ilə müstəqil
dövlət quruculuğu prosesi, ardıcıl həyata keçirilən
islahatlar, ölkənin dinamik inkişafı, qazanılan
nailiyyətlər kanalın gündəlik fəaliyyətində
öz əksini tapır, bununla bağlı materiallar və
şərhlər, ekspert rəyləri və müsahibələr
təqdim olunur, sorğular keçirilir və əhalinin rəyi
öyrənilir. Ancaq televiziya qarşısına təkcə
daxili auditoriyanı məlumatlandırmaq vəzifəsini
qoymur, bu gün Azərbaycan Televiziyasının başlıca
hədəfi dünya arenasına çıxmaq, Azərbaycan
reallıqlarını beynəlxalq tribunalara daşımaq, bir
sıra beynəlxalq güclərin əlində alətə
çevrilən transmilli korporasiyaların informasiya şəbəkəsini
yarmaq, bununla da dünya azərbaycanlılarının müstəqil
respublikamız ətrafında daha sıx və mütəşəkkil
qaydada birləşməsinə nail olmaqdan ibarətdir.
Azərbaycan Televiziyasının
prioritetləri sırasında dövlət siyasətinin mahiyyətini
xalqa çatdırmaq, cəmiyyətin aktual problemlərini
müzakirə etmək, qloballaşma dövründə milli-mənəvi,
əxlaqi dəyərləri qorumaq, təbliğ etmək,
günün nəbzinə uyğun verilişlər
hazırlamaq özünəməxsus yer tutur. Azərbaycanın qədim tarixini, zəngin mədəni
irsini təbliğ etmək, dünya sivilizasiyasının
tarixinə Azərbaycan xalqının imzasını yazmaq kimi
şərəfli missiyanı yerinə yetirən
televiziyamız bütün bu prosesi peşəkarlıqla həyata
keçirir, tamaşaçı və dinləyicilərə
yüksək səviyyəli proqramlar təqdim edir.
Azərbaycan Teleradiosunun həyatında
böyük yeniləşmə, müasirləşmə
dövrü davam edir. Əslində, televiziya yaradıcı
sahə olduğundan burada modernləşmə prosesi dayanmadan,
fasiləsiz həyata keçirilməlidir. Televiziyada mərhələli
şəkildə aparılan ciddi islahatlar ölkəmizdəki
dəyişikliklərlə də sıx şəkildə
uzlaşır. Beləliklə, Azərbaycan Teleradiosundakı hərtərəfli
dəyişikliklər, uğurlar göz önündədir. Bu uğurlar, yüksək peşəkarlıq
mühiti, bacarıqlı rəhbərlik və təşkilatçılıq
ölkənin bir nömrəsi, xalqın sevimlisi olan
televiziyanın bundan sonra da qarşıya qoyduğu məqsədlərə
doğru inamla irəliləyəcəyindən xəbər
verir.
Rövşən Raqifoğlu
Yeni Azərbaycan.-
2018.- 7 noyabr.- S.7.