Dilimizin
saflığının qorunması və inkişafı həmişə
dövlətimizin diqqət mərkəzindədir
Ekspertlərin fikrincə, yeni yaradılacaq
Monitorinq Mərkəzi Azərbaycan dilinin tətbiqinə nəzarət
edəcək, bu sahədə mövcud olan problemlərin aradan
qaldırılmasına öz töhfəsini verəcək
Xəbər verildiyi kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan
dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Fərman
imzalayıb. Fərmanda göstərilir ki, müasir Azərbaycan
dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət
tərkibinə və ifadə vasitələrinə malikdir.
Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə
və düzgün istifadə edilməməsi halları hələ
də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet
resurslarında, mətbu nəşrlərdə və reklam
daşıyıcılarında ədəbi dilin
normalarının kobud şəkildə pozulması, leksik və
qrammatik qaydalara əməl edilməməsi, məişət
danışığından istifadə olunması, əcnəbi
söz və ifadələrin yersiz işlədilməsi az qala
adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin
və daimi nəzarətin olmaması dil pozuntularının
azaldılması və aradan qaldırılması istiqamətində
təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu təsirli tədbirləri görmək
üçün ölkə başçısı tərəfindən
imzalanan sözügedən Fərmana əsasən Azərbaycan
Respublikasının dövlət dilinin tətbiqinə nəzarət
edən, kütləvi informasiya vasitələrində, internet
resurslarında və reklam daşıyıcılarında
ədəbi dil normalarının qorunmasını təmin edən,
dövlət büdcəsindən maliyyələşən
“Azərbaycan Respublikasının Dövlət Dil
Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi
şəxs yaradılacaq.
Yeri gəlmişkən,
noyabrın 5-də Ağdam Muğam Mərkəzinin
açılışından sonra rayon ictimaiyyətinin
nümayəndələri və Ağdam rayonundan olan incəsənət
xadimləri ilə görüşdəki
çıxışında bu məqama toxunan Prezident
İlham Əliyev bildirib ki, bizim çox zəngin dilimiz var
və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir:
“Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər
proseslər istər-istəməz dilimizə də təsir
edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. bizim
dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil.
Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri,
istənilən məsələni ifadə etmək
mümkündür. Ancaq biz görürük ki, bəzi
hallarda həm kütləvi informasiya vasitələrində, həm
digər sahələrdə dilimizə yad kəlmələr
daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə,
bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir
və mən bunun qəti əleyhinəyəm. Bu gün bu
fürsətdən istifadə edərək, bir daha bildirmək
istəyirəm ki, hamımız öz dilimizi
qorumalıyıq”.
Məsələ ilə bağlı fikirlərini
bölüşən Milli Məclisin deputatı Jalə
Əliyeva imzalanan Fərmanın böyük əhəmiyyətə
malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə
görə, Azərbaycan dilinin saflığının
qorunması, imkanlarının inkişaf etdirilməsi və gələcək
nəsillərə olduğu kimi ötürülməsi
olduqca vacibdir. Millət vəkili qeyd edib ki, bu gün
qloballaşan dünyada xalqların, millətlərin öz
dillərini, milli-mənəvi dəyərlərini qoruyub
saxlamaları çətin olduğu qədər həm də
əhəmiyyətli amildir: “Dilimizin qorunması, inkişaf
etdirilməsi hər zaman dövlət siyasətimizin prioritetlərindən
olub. Ulu öndərimiz Heydər Əliyev hələ sovet
dönəmində Azərbaycan dilinin rəsmi şəkildə
dövlət dili statusu almasına nail olmuşdu. Bu gün ana
dilimizə diqqət və qayğı siyasəti böyük
uğurla davam etdirilir. Bir neçə gün öncə
Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman
da bunu təsdiqləyir. Bu, tarixi və əhəmiyyətli
bir addımdır. Dilimizin xarici müdaxilələrdən
qorunması, bütün təsirlərdən
arınmış bir şəkildə qorunub
yaşadılması olduqca vacibdir. Zaman-zaman bununla
bağlı ictimai müzakirələr, fikir mübadiləsi
aparılırdı. Möhtərəm Prezidentimiz bu problemin həlli
ilə bağlı olduqca mühüm bir qərar qəbul
etdi. Artıq bu məsələyə qanunvericiliklə
nizam-intizam gətiriləcək və şəxsən cənab
Prezidentimiz bunu nəzarətində saxlayır. Bunun
üçün biz cənab Prezidentimizə minnətdarıq”.
Millət vəkili yeni yaradılacaq Monitorinq Mərkəzinin
effektiv fəaliyyəti üçün iş mexanizminin
müəyyənləşdirilməli olduğunu bildirib. Onun
sözlərinə görə, yeni yaradılacaq qurum işini
yüksək səviyyədə qura bilmək
üçün bütün ölkə üzrə monitorinq
keçirməlidir: “Dəfələrlə bu istiqamətdə
müzakirələr aparılıb, bir sıra təkliflərlə
çıxış etmişik. Bu gün şəhərimizdə
mənasız, Azərbaycan dilinin orfoqrafiyasına zidd olan
reklam çarxlarına, lövhələrinə təsadüf
olunur. Dil qaydalarına mütləq şəkildə riayət
olunmalıdır və dilimizi qorumalıyıq. Yaradılan
Monitorinq Mərkəzi, sadəcə, ədəbiyyat və ya
mətbuat sahəsində deyil, eyni zamanda, internet
resurslarında və küçə reklam lövhələrində
ədəbi dil normalarının qorunmasını təmin etməlidir.
Bütün bunlara nəzarət edilməsi həmin qurumun fəaliyyətinin
bir hissəsinə çevrilməlidir. Yəqin ki, qurumun daha
çevik fəaliyyəti ilə bağlı layihələr
də hazırlanacaq. Bu sahədə mütəxəssislər
bu mərkəzə cəlb edilməli və ümumi
işimizə öz töhfələrini verməlidirlər”.
Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyasının üzvü, filologiya
üzrə elmlər doktoru, professor Buludxan Xəlilov da
imzalanan Fərmanın bir sıra əhəmiyyətli məsələlərin
həlli baxımından mühüm rol oynadığını
diqqətə çatdırıb. Komissiya üzvü
bildirib ki, müasir Azərbaycan dili zəngin lüğət
tərkibinə və mükəmməl qrammatik quruluşa
malik olsa da, bu imkanlardan yetərincə istifadə olunmur. Azərbaycan
dilinin imkanlarından düzgün istifadə edilmir, eyni zamanda,
dilin tətbiq olunduğu sahələrdə dil qaydaları
pozulur. Dil qaydalarının pozulduğu sahələrdə
ciddi və təsiredici tədbirləri həyata keçirmək
gündən-günə öz əhəmiyyətini
artırır: “Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən
imzalanmış Fərman və sərəncamlar dilimizin
hüquqi statusunu qorumaqla yanaşı, onun işlənməsi
ilə bağlı şəraiti daha da əlverişli edir. Dilimizin hüquqi statusunun qorunması ilə
bağlı 2001-ci ildən indiyə qədər
imzalanmış Fərman və sərəncamlar həm də
dilçilik elminin inkişafı üçün geniş
imkanlar yaradır. İmzalanan Fərman da doğma ana dilimizə
diqqət və qayğının bariz nümunəsidir və
hər bir vətəndaşa anladır ki, dilimizin
saflığının qorunması, onun tətbiqi və
inkişafı həmişə dövlətimizin diqqət mərkəzindədir”.
B.Xəlilovun fikrincə, həm şifahi, həm
də yazılı ədəbi dilimizin imkanlarından
düzgün istifadə edilmir. Xüsusilə, orfoqrafiya
qaydalarından başlamış qrammatik qayda-qanunlara qədər
dilin normaları tez-tez pozulur. Televiziya və radio kanallarında
çalışan bəzi aparıcıların nitqi
qüsurludur. Onların bir çoxu Azərbaycan dilində
düzgün, dəqiq danışmağı bacarmır, ədəbi
dil, habelə orfoepiya normalarına riayət etmirlər:
“Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq
Mərkəzi publik hüquqi şəxs KİV-lərdə,
internet resurslarında, reklam daşıyıcılarında ədəbi
dil normalarının qorunmasını təmin edəcək. Yeni yaradılacaq qurum “Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən
istifadənin daha da yaxşılaşdırılması ilə
bağlı Tədbirlər Planı”nı hazırlayacaq, ədəbi
dil normalarının qorunmasını təmin edəcək,
Azərbaycan dilinin tətbiqinə nəzarəti artıracaq”.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz
Quliyev də ana dilinin hər bir xalqın qürur mənbəyi
olduğunu, dilin millətin varlığının əsas
şərtlərindən, göstəricilərindən biri
olduğunu deyib. B.Quliyevin sözlərinə
görə, Azərbaycanın ziyalıları hər zaman dili
xalqın yaşaması üçün ən mühüm
atribut hesab edib, özünün bu dəyərli milli sərvətini
kənar dillərin təsirindən qoruya bilib,
inkişafına öz töhfələrini veriblər.
Bu gün də dilimizin təkmilləşdirilməsi və
inkişafı naminə mühüm addımlar
atılmaqdadır: “Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev və Prezident İlham
Əliyev tərəfindən imzalanmış müvafiq Fərman
və sərəncamlar dilimizin hüquqi statusunu, onun işlənməsi,
qorunması və inkişafı üçün zəruri
olan tədbirləri müəyyənləşdirib, ana dilinə
dövlət qayğısının
artırılması, dilçilik sahəsində fundamental və
tətbiqi araşdırmaların keyfiyyətinin
yaxşılaşdırılması üçün əlverişli
şərait yaradıb. “Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Fərmanı
mükəmməl qrammatik quruluşa, zəngin lüğət
tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan
dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin
və daimi nəzarətin təmin edilməsi, mövcud
nöqsanların və pozuntuların aradan
qaldırılması məqsədi daşıyır. Məhz
bu Fərman Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin ana dilimizin istifadəsi, təbliği, onun
saflığının qorunması və inkişafına diqqət
və qayğısının bariz nümunəsidir. Bu gün
Azərbaycan dilinin imkanlarından yetərincə və
düzgün istifadə edilməməsi halları da geniş
yayılıb. Məsələn, hazırda cəmiyyətimizdə,
KİV-lərdə ana dilindən istifadə sahəsində
müəyyən nöqsanlar var. Çox təəssüflər
olsun ki, bir sıra hallarda ədəbi dilin normalarına, leksik
və qrammatik qaydalara əməl edilmir. Bəzi televiziyalarda,
radiolarda məişət danışığından istifadə
olunur, əcnəbi söz və ifadələr yersiz işlədilir.
Bu mənada haqlı olaraq da ictimaiyyət bu cür hallara
qarşı kəskin münasibətini ortaya qoyur. Mövcud vəziyyət
bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin
həyata keçirilməsini tələb edir. Prezidentin
Fərmanı ilə yeni yaradılacaq “Azərbaycan
Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzi” publik hüquqi şəxs Azərbaycan
dilinin tətbiqinə nəzarət, kütləvi informasiya
vasitələrində, internet resurslarında və reklam
daşıyıcılarında ədəbi dil
normalarının qorunmasını təmin edəcək.
Düşünürəm ki, yeni yaradılacaq
qurum fəaliyyətini yüksək səviyyədə həyata
keçirəcək, bu sahədəki problemlərin aradan
qaldırılmasına öz töhfəsini verəcək.
İnanıram ki, yeni qurum ədəbi dilin normalarının
kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara
əməl edilməməsi, məişət
danışığından istifadə olunması, əcnəbi
söz və ifadələrin yersiz işlədilməsi
hallarının aradan qaldırılması üçün təsirli
tədbirlər görəcək”.
Bəhruz Quliyev onu da bildirib ki, bu işdə
KİV-lərin də üzərinə müəyyən
öhdəliklər düşür. Ona görə media da
mövcud neqativ halların aradan qaldırılması
üçün məqsədyönlü tədbirlər həyata
keçirməlidir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 7 noyabr.- S.6.