Regionlarda turizmin
inkişafı məqsədilə həyata keçirilən tədbirlər
öz bəhrəsini verir
2018-ci ilin 9 ayında Azərbaycana
dünyanın 193 ölkəsindən 2 milyon 208,6 min və ya
ötən ilin müvafiq dövrü ilə müqayisədə
6,4 faiz çox əcnəbi və vətəndaşlığı
olmayan şəxs gəlib
Yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun
üstün inkişafını hədəfləyən Azərbaycan
ölkənin turizm potensialından daha səmərəli
şəkildə istifadə edilməsinə nail olmağa
çalışır. Bu məqsədlə respublikamızda
turizm sektorunun inkişafına maddi, təşkilati və siyasi
dəstək tədbirlərinin miqyası getdikcə genişləndirilir.
Son illərdə ölkənin bölgələrində
turist marşrutları üzrə müasir infrastruktur
yaradılıb, o cümlədən yüksək standartlar səviyyəsində
yollar çəkilib, “mavi yanacaq”, su, elektrik enerjisi ilə təminat
yaxşılaşdırılıb, həmçinin
çoxlu sayda turistyerləşdirmə obyektləri istifadəyə
verilib.
Eyni zamanda, ölkənin turist cəlbediciliyini
artırmaq üçün ciddi institusional tədbirlər həyata
keçirilir. Bu baxımdan respublikaya gəlib-getmə
qaydalarının sadələşdirilməsi, “ASAN viza”
sisteminin tətbiqi böyük aktuallıq daşıyır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
2018-ci il aprelin 20-də Dövlət Turizm Agentliyi
yaradılıb. Bununla da dövlət başçısı
tərəfindən Azərbaycanın yeni turizm sənayesinin
inkişaf etdirilməsinə cavabdeh olan mərkəzi icra
hakimiyyəti orqanının əsası qoyulub.
Ölkəyə
gələn turistlərin sayı ilbəil artır
Respublikanın regionlarının turizm potensialından səmərəli
şəkildə istifadə edilməsinə göstərilən
diqqət artıq öz bəhrəsini verir. Belə ki,
ölkəmizə gələn turistlərin sayı ilbəil
artır. Bu baxımdan 2018-ci ilin arxada qalan
dövrü də istisna təşkil etməyib. Cari ilin
yanvar-sentyabr ayları ərzində Azərbaycana
dünyanın 193 ölkəsindən 2 milyon 208,6
min və ya ötən ilin müvafiq dövrü ilə
müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı
olmayan şəxs gəlib.
Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, gələnlərin
31,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10 faizi
Türkiyə, 9,2 faizi İran, 3,3 faizi Birləşmiş
Ərəb Əmirlikləri, 3 faizi Səudiyyə Ərəbistanı,
2,7 faizi İraq, 2 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,2 faizi digər
ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı
olmayan şəxslər olub. Gələnlərin 65,3 faizi kişilər, 34,7 faizi qadınlar olub.
Doqquz ayda Körfəz ölkələrindən Azərbaycana
(Birləşmiş Ərəb Əmirlikləri və
İran istisna olunmaqla) gələnlərin sayında daha
çox artım müşahidə edilib. Ötən ilin yanvar-sentyabr
ayları ilə müqayisədə ölkəmizə gələn
Bəhreyn vətəndaşlarının sayı 2,2 dəfə,
Səudiyyə Ərəbistanı vətəndaşlarının
sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının
sayı 2 dəfə, Qətər vətəndaşlarının
sayı 1,7 dəfə, İraq vətəndaşlarının
sayı 14,4 faiz, Oman vətəndaşlarının sayı
7,6 faiz artıb. Ümumilikdə Körfəz ölkələrindən
467,8 min nəfər gəlib və ölkəmizə
gələnlərin, demək olar ki, hər 5 nəfərindən
1-i bu ölkələrin vətəndaşları olub.
Yanvar-sentyabr
aylarında Avropa İttifaqına üzv ölkələrdən
gələnlərin sayı 8,9 faiz artaraq
88,9 min nəfər, MDB ölkələrindən gələnlərin
sayı 4,7 faiz artaraq 813,7 min nəfər olub. Ölkəmizə
gələn əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərin 56,1 faizi dəmir
yolu və avtomobil, 42,9 faizi hava, 1 faizi isə su nəqliyyatından
istifadə edib.
Yaxın
10 il ərzində ölkə üzrə
ÜDM-in 10 faizinin turizm sektorunda formalaşacağı
proqnozlaşdırılır
Azərbaycanın regionlarında turizm sektorunun inkişaf
perspektivləri kifayət qədər genişdir. KİV-ə müsahibəsində
bununla bağlı fikirlərini bölüşən Dövlət
Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib: “2016-cı ilin
sonunda dövlət başçısının Sərəncamı
ilə təsdiqini tapan “Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm sənayesinin inkişafına dair
Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələr
müəyyən olunub. Burada əsas məqsəd
turizm sənayesinin effektiv fəaliyyətinin təmin
olunmasıdır. Turizm sahəsi ölkənin
və əhalinin formalaşan gəlirlərinə öz
töhfəsini verməlidir. Bizim proqnozlara əsasən,
yaxın 10 il ərzində ÜDM-in 10
faizi turizm sahəsinin payına düşəcək. Bunun üçün, ilk növbədə, əvvəlki
illərdə görülən işləri yenidən nəzərdən
keçirərək sistemləşdirmək, həmçinin
dövlət orqanları ilə biznes qurumları və ictimai
qurumlar arasında effektiv qarşılıqlı əlaqənin
yaradılmasına çalışmaq lazımdır.
Son illərdə Azərbaycan öz qapılarını
ziyarətçilər üçün tam açıb və
indi qarşıya qoyulmuş məqsədlərə
çatmaq, ən əsası isə, ölkəyə turist axınını
artırmaq zamanıdır. Ən önəmli məsələlərdən
biri də turistlərin məmnunluğunu artırmaq,
onların ölkəyə yenidən qayıtmasına nail
olmaqdır. Turisti ölkəyə cəlb
etmək kifayət deyil, onun gözləntilərini
qarşılamaq və yenidən ölkəyə səfər
etməsini təmin etmək lazımdır. Bunun üçün kadr potensialını
inkişaf etdirmək, insanlarımızı maarifləndirmək,
əlavə infrastrukturlar yaratmaq, bazarın əsas
iştirakçılarının fəaliyyətində şəffaflığı
təmin etmək, azad rəqabət şəraiti
formalaşdırmaq lazımdır. Bütün
bu məsələlər Azərbaycanın turizm sənayesinin
yaradılması və inkişafı strategiyasında öz əksini
tapacaq”.
Dövlət Turizm Agentliyinin rəsmisi qurum tərəfindən
turizm sahəsində bir sıra assosiasiyaların, o cümlədən
Hotellər Assosiasiyasının yaradılacağı
haqqında məlumat verib. Onun sözlərinə
görə, belə assosiasiyaların yaradılması ölkəmizdə
turizm sənayesinin inkişafına öz müsbət təsirini
göstərəcək. “Biz sağlam rəqabət
mühitinin yaradılmasına kömək edəcəyik.
Bu, bütün strukturların
qarşılıqlı faydalı əlaqəsinin effektivliyini
artıracaq, optimal qiymətlərin formalaşmasına, xidmət
keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.
İctimai təşəbbüsləri dəstəkləyirik
və hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət
bazar üçün çox önəmlidir.
Hotellər Assosiasiyasının yaradılması təşəbbüsünü
də dəstəkləyirik. Bu assosiasiyanın qeyd
olunan sahədə dünya standartlarını, o cümlədən
“ulduz” dərəcəsini müəyyənləşdirən
Avropa hotellər, kafe və restoranlar assosiasiyasına üzv
olması nəzərdə tutulur. Bu
baxımdan Azərbaycan Bələdçilər Assosiasiyasının
fəaliyyəti də xüsusi rola malikdir. Biz bələdçilərə təlimlərin
keçirilməsi və onların
sertifikatlaşdırılması işində köməklik
göstərəcəyik. Kadr
çatışmazlığı, eyni zamanda, bəzən
turistlərə Azərbaycan haqqında qeyri-peşəkar, təsdiqlənməmiş
və ya səhv məlumatlar verilməsi kimi amillər bu məsələnin
vacibliyini daha da artırır”, - deyə F.Nağıyev
bildirib.
Dövlət Turizm Agentliyinin sədri F.Nağıyevin
toxunduğu mühüm məsələlərdən biri də
kadr hazırlığı ilə bağlıdır. O vurğulayıb ki, turizm
sektoru üçün kadrlar hazırlayan təhsil müəssisələrində
effektivliyin artırılması, onların beynəlxalq təhsil
standartlarına uyğunlaşdırılması istiqamətində
islahatlar keçiriləcək: “Agentliyin strukturuna Azərbaycan
Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi
və Mingəçevir Turizm Kolleci daxildir. Hazırda
onlar bazarın tələblərinin yalnız bir hissəsini
ödəmək iqtidarındadırlar. İlk
olaraq, bu təhsil müəssisələrində effektivliyin
artırılması, onların beynəlxalq təhsil
standartlarına uyğunlaşdırılması istiqamətində
islahatlar keçiriləcək. Daha sonra
onların fəaliyyəti əsasında özəl biznes sahəsi
üçün kadrların real hazırlıq
imkanlarını təqdim etməliyik ki, biznes sahəsi də
qeyd olunan prosesin maliyyələşdirilməsi
üçün əlavə resurslar sərf edə bilsin.
Əlbəttə, bu sahədə biznes sektoru ilə
əməkdaşlıq edəcəyik. Əvvəlcə
biz mövcud olan potensialı
yaxşılaşdırmalıyıq”.
Bölgələrdə
keçirilən festivallar Azərbaycanın turizm
populyarlığının artmasına müsbət təsir
göstərir
“TurStat” analitik agentliyi rusiyalı turistlərin xaricdə
istirahətinin turizm istiqamətləri üzrə “National
Geographic Traveler Awards 2018” mükafatı uğrunda səsvermənin
yekunlarını təhlil edib. Qeyd edək ki, ən
yaxşı turizm istiqamətləri üzrə səsvermə
“National Geographic Russia” internet-saytında keçirilib.
Bəhs olunan səsvermənin yekununa görə, Azərbaycan
ekskursiya turizmi üzrə populyar olan ölkələrin ilk
üçlüyünə daxil olub. “TurStat”ın məlumatına görə,
“Ekskursiya istirahəti” nominasiyasında səslərin 25 faizi
Çexiyaya, 22 faizi Fransaya, 20 faizi Azərbaycana, 18 faizi
Britaniyaya, 15 faizi isə Portuqaliyaya verilib. Səsvermənin
nəticələrinə görə, Azərbaycan İtaliya və
Özbəkistanla birlikdə rusiyalıların qastronomik turizm
istiqamətində ilk üçlükdə yer tutub.
Bu məqamda vurğulamaq yerinə
düşər ki, bölgələrdə keçirilən rəngarəng
mədəni-kütləvi tədbirlər, o cümlədən
də festivallar Azərbaycanın turizm
populyarlığının artmasına müsbət təsir
göstərir. “TurStat” analitik agentliyi Müstəqil
Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə
rusiyalı turistlərin nəzərində ən yaxşı
və populyar olan qastronomik bayramların və festivalların
payızın ortaları üçün reytinqini təqdim
edib. Analitik agentliyin təqdim etdiyi reytinqə görə, Azərbaycanda
Nar bayramı rusiyalı turistlərin nəzərində ən
yaxşı və populyar qastronomik bayramların ilk
üçlüyünə başçılıq edir. Azərbaycanın
dilbər guşələrindən olan Göyçayda
növbəti - XIII Nar festivalı noyabrın 3-4-də
keçirilib. Nar festivalında 50 mindən çox yerli və xarici
turist iştirak edib. Müxtəlif turizm şirkətləri
festivalla əlaqədar Bakı şəhərindən
Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar da
keçiriblər. Turistlər Göyçaya gələrək
rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə
qatılıblar. Tədbirdə folklor
qruplarının, idmançıların, mahnı və rəqs
kollektivlərinin çıxışları turistlərin
böyük marağına səbəb olub.
Xarici
turistlər Qobustan qoruğuna böyük maraq göstərirlər
Ölkəmizə gələn xarici turistlər
açıq səma altında muzey adlandırılan Qobustan
qoruğuna böyük maraq göstərirlər. Hazırda
qoruğun fondunda arxeoloji qazıntılar zamanı əldə
olunmuş 100 mindən artıq artefakt qorunur. Bunlardan əlavə Latın kitabəsi, qədim qəbiristanlıqlar,
pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi
altındadır. Bütün bunlardan cəmi
500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş
olunur.
Bu barədə KİV-ə Qobustan Milli Tarix-Bədii
Qoruğunun direktoru Vüqar İsayev məlumat verib. O bildirib ki, hazırda
Qobustanda turistlər üçün Böyükdaş
dağının yuxarı səkisini əhatə edən əsas
ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş
dağının aşağı səki marşrutu”,
“Kiçikdaş dağı marşrutu”, “Cingirdağ
dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və
uşaqlar üçün “Qobustan - interaktiv turu” da fəaliyyət
göstərir. Həmçinin istəyə
uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində
“Gecə turu” da təşkil olunur. Yeni,
xüsusiləşmiş ekskursiya marşrutlarının
yaradılması istiqamətində işlər davam etdirilir.
(davamı növbəti sayımızda)
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 14 noyabr.- S.7.