Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı”
keçiriləcək
Noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək.
Layihə Şərqin
dahi şair və mütəfəkkirlərindən
biri olan İmadəddin Nəsiminin
(1369-1417) yaradıcılığının
təbliği və iki ölkə arasında mədəni-ədəbi
əlaqələrin genişləndirilməsi
məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, festival
çərçivəsində Moskva Beynəlxalq Əlaqələr İnstitutunda
İmadəddin Nəsiminin
büstünün açılış
mərasimi keçiriləcək.
Açılış zamanı
Nəsimi poeziyasından
müxtəlif nümunələr
də səsləndiriləcək.
Festival zamanı, həmçinin
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda
Nəsimi yaradıcılığına
həsr olunmuş tədbir keçiriləcək.
Çıxışlarda İmadəddin
Nəsiminin Azərbaycan
poeziyasının inkişafında
oynadığı roldan,
dünya mədəniyyəti
və ədəbiyyatına
verdiyi töhfədən
bəhs olunacaq. Tədbirdə MDU-nun tələbələri Nəsiminin
şeirlərini müxtəlif
dillərdə səsləndirəcək,
həmçinin Azərbaycandan
olan aktyorların ifasında “Mərhəba”
musiqili-poetik tamaşası
təqdim ediləcək.
Festival noyabrın
20-də M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda
Nəsimi irsinə həsr olunmuş konfransla davam edəcək. Tədbirdə
“Nəsimi festivalı:
ideoloji-mədəni irsin
dinamik interpretasiya təcrübəsi”, “Nəsimi
və Yan Qus. Şərq və Qərbin mədəni birliyi”, “Nəsiminin dili - dünən, bu gün, sabah” və digər mövzularda məruzələr
ediləcək. Konfransda Nəsimi
yaradıcılığını, şairin ədəbi-fəlsəfi
irsini müxtəlif aspektlərdən təhlil
edən çıxışlarla
yanaşı, müasir
gəncliyin mənəviyyatı,
iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına
dair müzakirələr
də aparılacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə sentyabrın
27-30-da Azərbaycanda ilk
dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat festivalı
təşkil olunub. Layihə çərçivəsində
həm şairin doğulduğu Şamaxı
şəhərində, həm
də Bakıda müxtəlif sənət
növləri üzrə
sərgilər, musiqi layihələri, tamaşalar,
eləcə də mühazirə, simpozium və seminarlar təşkil olunub. Dörd gün davam edən festival Nəsimi yaradıcılığının tərənnümü ilə
yanaşı, şeir
və sənətin yaşadılması, müxtəlif
müstəvilərdə və
formatlarda təqdimatlar
ilə yadda qalıb.
Yeni Azərbaycan.-
2018.- 17 noyabr.- S.7.