Bakıda Azərbaycan Gənclərinin
VIII Forumu keçirilib
Noyabrın 16-da Bakı Konqres Mərkəzində
“Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi”
devizi altında Azərbaycan Gənclərinin VIII Forumu
keçirilib.
AZƏRTAC xəbər verir ki, Forumda
dövlət və hökumət rəsmiləri, o cümlədən
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
- Prezident Administrasiyasının Gənclər siyasəti və
idman məsələləri şöbəsinin müdiri Yusuf
Məmmədəliyev, gənclər və
idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsi
müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin
deputatları, gənclər təşkilatlarının rəhbərləri,
ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə
seçilmiş gənclər, idmançılar, hərbçi
gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının
dövlət himninin səsləndirilməsi ilə
başlayıb.
Sonra xalqımızın Ümummilli lideri Heydər
Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəman Vətən övladlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Birinci vitse-prezidentin köməkçisi -
Prezident Administrasiyasının Gənclər siyasəti və
idman məsələləri şöbəsinin müdiri Yusuf
Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin
Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra Azərbaycan Gənclərinin VII Forumundan
ötən müddətdə ölkəmizdə gənclər
sahəsində həyata keçirilən tədbirlər barədə
hazırlanan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən gənclər
və idman naziri Azad Rəhimov VIII Forumun ölkəmiz
üçün əlamətdar tarixdə - Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin
qeyd olunduğu ildə keçirilməsindən məmnunluğunu
bildirib.
Nazir deyib ki, 1996-cı ildə
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və iştirakı ilə keçirilmiş Azərbaycan Gənclərinin
Forumu ölkə gənclərinin Azərbaycanın gələcəyi
olması ilə bağlı ciddi göstəriş və
mesaj idi. İlk Forumdan ötən 22 ildə gənclərin həyatında
mühüm dəyişikliklərin olduğunu qeyd edən
A.Rəhimov diqqətə çatdırıb ki,
1994-2003-cü illər Azərbaycanda gənclərin oyanış
və təşkilatlanma dövrü olub. Məhz
bu dövrdə ilk gənclər təşkilatları
yarandı. Əməkdaşlığın genişlənməsi,
məsuliyyətin artması nəticəsində Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının yaradılması gənclərin
iştirakına, sosial təşəbbüskarlığına
mühüm təkan verdi. Bundan sonra yerli idarələr
vasitəsilə regionlardakı gənclərlə iş
aparılmağa başlanıldı.
Diqqətə
çatdırılıb ki, 2004-2010-cu illərdə - gənclərin
ictimai savada yiyələnmə dövründə onların
maraqlarının təmin olunması sahəsində ciddi
işlər görülüb, Azərbaycan gənclərinin
beynəlxalq əməkdaşlığı artıb. 2007-ci
ildə ölkədə “Gənclər ili” elan olunub,
2008-ci ildə Azərbaycanın birinci xanımı, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu
üzrə IV Dünya Sammiti, Yeniyetmələrin VI Beynəlxalq
Elm Olimpiadası keçirilib. Prezident İlham Əliyevin bəyan
etdiyi “Qara qızılın insan kapitalına çevrilməsi”
prinsipi istiqamətində həyata keçirilən tədbirlərin
ən böyük təsiri məhz gənclərə olub.
Nazir bildirib ki, gənclər siyasətində
2004-cü ildən yeni inkişaf dövrü başlanıb,
bu sahənin maddi-texniki bazası möhkəmlənib. Dövlət büdcəsindən gənclər sahəsinə
ayrılan vəsait on il ərzində yüz dəfəyədək
artıb. 2005-ci və 2011-ci illərdə Azərbaycan gəncləri
ilə bağlı ardıcıl olaraq iki dövlət
proqramı qəbul edilib.
2011-2017-ci illərin gənclərin
yüksək iştirakçılıq mərhələsi və
Azərbaycan gənclər siyasəti təcrübəsinin
beynəlxalq səviyyədə tanınması dövrü
kimi dəyərləndirildiyini deyən nazir bildirib ki, bu illər,
həmçinin gənclərə dövlət dəstəyinin
ən sürətlə artdığı dövr olub. Artıq dövlət proqramlarının
icrasında, beynəlxalq əməkdaşlığın
inkişafında, Azərbaycan maraqlarının xaricdə
müdafiəsində gənclər və gənclər təşkilatları
daha yüksək fəallıq göstərməyə
başlayıblar.
Bildirilib ki, dövlət
proqramlarının icrası nəticəsində əsaslı
yeniliklər baş verib - Gənclər Fondu yaradılıb, gənclər
siyasətinin əsas infrastrukturu olan Gənclər Evi şəbəkəsi
genişlənib, Gənclər üçün Prezident
Mükafatı təsis olunub.
Bu illərdə əldə olunan
uğurlar arasında “Gəncə - 2016-cı ilin Avropa
paytaxtı”, Virtual Qarabağ İKT Mərkəzinin layihələrini,
Dünya Skaut Təşkilatının 41-ci Dünya
Konfransının Azərbaycanda keçirilməsini, “Mən
azərbaycanlıyam” milli intellektual televiziya yarışmasını
və “Müasir Azərbaycan gənci” gündəlik
televiziya proqramını qeyd edən nazir bununla yanaşı,
yaradıcı gənclərin II və III forumlarının,
kompüter oyunları üzrə müsabiqələrin, gənc
alimlərin Avropa və dünya konfranslarının təşkilini,
“İstedadların hazırlığı
laboratoriyası”nı, milli intellektual oyunları və s. layihə
və tədbirləri qeyd edib.
A.Rəhimov xüsusi vurğulayıb ki, son
beş ildə nazirlik tərəfindən 681 tədbir, o
cümlədən 107 beynəlxalq tədbir həyata
keçirilib. Xarici heyətlər çərçivəsində
7305 əcnəbi Azərbaycana səfər edib, 1277 azərbaycanlı
gənc beynəlxalq tədbirlərə qatılıblar. Gənclərimizin
təşəbbüsü ilə mənzil-qərargahı
Bakıda yerləşən 5 beynəlxalq gənclər təşkilatı
yaradılıb.
Azərbaycan gənclərinin beynəlxalq
əməkdaşlığı barədə də məlumat
verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə
keçirilən və 165 ölkədən 700 nümayəndənin
iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal
Forumun əhəmiyyətini xüsusi vurğulayıb.
Nazir bununla yanaşı, 42 xarici ölkədə keçirilən
“Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin,
könüllülük hərəkatının
inkişafını qeyd edib.
VIII Forumun səmərəli müzakirələrlə
gənclərin həyatında yaddaqalan tədbirə
çevriləcəyinə əminliyini ifadə edən nazir
tədbirin işinə uğurlar arzulayıb.
Milli Məclisin Gənclər və idman komitəsinin
sədri Ülvi Quliyev Azərbaycanda gənclər siyasətinin
dövlətin həyata keçirdiyi siyasi kursun prioritet istiqamətlərindən
olduğunu bildirib. Cəmiyyətin
aparıcı qüvvəsinə çevrilən gənclərin
ölkə həyatının bütün sahələrində
fəal iştirak etdiklərini vurğulayan komitə sədri
deyib ki, gənclərimiz dövlətimizin dəstəyi ilə
mühüm yerli və beynəlxalq tədbirlərdə
uğurla çıxış edir, ölkəmizi beynəlxalq
aləmdə uğurla təbliğ edirlər. Bu tədbirlər
Azərbaycan gənclərinin
dünyagörüşünün, fəallığının
artmasında, onların beynəlxalq əlaqələrinin
inkişafında mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki,
müstəqilliyin bərpasından indiyə kimi Azərbaycanda
gənclər sahəsində mühüm uğurlar əldə
olunub. Bu uğurların əsas səbəbi dövlət gənclər
siyasətinin təməlinin sağlam zəmində formalaşdırılması
olub. Ulu öndər Heydər Əliyevin müəllifi
olduğu dövlət gənclər siyasəti bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilir. Dövlətimizin
başçısının bu sahəyə yüksək diqqət
və qayğısı nəticəsində ölkəmizdə
gənclərin inkişafı ilə bağlı mühüm
dövlət proqramları və strategiyaları qəbul
olunub, Gənclər mərkəzləri, Gənclər evləri,
Olimpiya İdman kompleksləri istifadəyə verilib.
Ülvi Quliyev dövlət gənclər siyasətinin
uğurla reallaşdırılmasında digər qurumlarla
yanaşı, Azərbaycan Respublikası Gənclər Fondunun
uğurlu fəaliyyətini də xüsusi qeyd edib. Bu sahədə
uğurlu fəaliyyətin əsasında möhkəm
qanunvericilik bazasının da mühüm rol
oynadığını vurğulayan komitə sədri bu
baxımdan 2002-ci ildə parlamentdə qəbul olunmuş “Gənclər
siyasəti haqqında” Qanunun qəbul edildiyini bildirib. O, cəmiyyətin
sürətli inkişafı nəticəsində yaranan zərurətlə
əlaqədar həmin qanuna yeni əlavə və dəyişikliklərin
edildiyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının gənclər
və idman naziri Azad Cabbarov dövlət gənclər siyasətinin
muxtar respublikada da uğurla həyata keçirilməsi nəticəsində
əldə olunan uğurlardan danışıb. Bildirilib ki,
muxtar respublikada gənclərin problemlərinin həlli,
onların məşğulluğu, yaradıcı təşəbbüslərinin
reallaşdırılması, gənclər arasında
sağlam həyat tərzinin təbliği məsələlərinə
xüsusi diqqət yetirilir.
Muxtar respublika əhalisinin 140 min nəfərini
(30,8 faiz) gənclərin təşkil etdiyini deyən A.Cabbarov
bildirib ki, gənclərin vətənpərvərlik tərbiyəsinə
xüsusi diqqət yetirilir, onların muzeylərə, tarixi
abidələrimizə ekskursiyaları təşkil olunur. Bu
gün əldə olunan uğurlar bu sahəyə yüksək
diqqət və qayğının göstəricisidir.
Naxçıvan Muxtar
Respublikasında gənclərin fiziki inkişafının,
sağlamlıqlarının qorunması, bədən tərbiyəsi
və idmanın kütləviliyinin artırılması
baxımından görülən işlərdən
danışan A.Cabbarov vurğulayıb ki, muxtar respublikada bu
imkanlardan bəhrələnən gənclərin sayı
40 minə yaxındır. Bu diqqətin nəticəsidir ki,
naxçıvanlı idmançılar yerli və beynəlxalq
turnirlərdə böyük uğurlar qazanırlar.
Naxçıvanlı idmançılar il ərzində
ümumilikdə 172, o cümlədən ölkə birinciliklərində
84, beynəlxalq turnirlərdə 83, Avropa
çempionatlarında 3, dünya çempionatlarında 2 medal
qazanıblar.
Muxtar respublikanın gənclər
və idman naziri bildirib ki, Naxçıvanın 2018-ci il Azərbaycanın
Gənclər Paytaxtı və İslam Mədəniyyətinin
Paytaxtı seçilməsi muxtar respublika gənclərinin
inkişafında, onların fəallıqlarının
artırılmasında və beynəlxalq əlaqələrinin
gücləndirilməsində mühüm rol oynayıb.
O, çıxışının sonunda muxtar respublika gənclərinə
göstərilən yüksək diqqət və
qayğıya görə naxçıvanlı gənclər
adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirib.
Azərbaycan Respublikası Gənclər
Fondunun icraçı direktoru Fərid Cəfərov
çıxışında ölkəmizdə gənclərin
bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs
və layihələrinin dəstəklənməsi istiqamətində
görülən işlərdən danışıb. Bildirib
ki, Azərbaycan gənclərə göstərilən xidmət
və yaradılan şərait baxımından dünyanın
ən qabaqcıl ölkələrindəndir. Azərbaycan, həmçinin
BMT-nin “İnsan İnkişafı İndeksi”ndə də
dünyada ilk sıralardadır.
Dövlətimizin
başçısının diqqət və
qayğısı nəticəsində ölkəmizdə digər
qurumlar kimi, Gənclər Fondunun da bu sahədə səmərəli
fəaliyyət göstərdiyini vurğulayan F.Cəfərov
Prezident İlham Əliyevin Sərəncamı ilə Fondun fəaliyyət
dairəsinin və səlahiyyətlərinin genişləndirilməsinin
gənclər üçün yeni imkanlar yaratdığını
diqqətə çatdırıb. Bildirib ki,
yaradılan imkanlardan bəhrələnən gənclərimiz
ən müasir biliklərə yiyələnərək
ölkəmizi beynəlxalq arenada uğurla təbliğ edir,
dövlətimizin inkişafına mühüm töhfə
verir, Vətənimizin keşiyində ayıq-sayıq
dayanırlar.
Gənclərin ölkəmizin və
cəmiyyətin inkişafında rolunu artırmaq, onların əlaqələrini
gücləndirmək, dövlət və vətəndaş cəmiyyəti
institutları arasında əməkdaşlığı
inkişaf etdirmək baxımından Forumun əhəmiyyətini
yüksək qiymətləndirən Fondun sədri tədbirin
işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova
sıralarında 127 təşkilatın birləşdiyi
qurumun ötən dörd ildəki fəaliyyətinin
yekunları barədə məlumat verib. M.Məcidova
bu tədbirlər arasında Azərbaycan
Könüllülük Xidməti, “Xətdə”, BMT ilə
birgə reallaşdırılan “Gənclər daha
yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə
yox” və s. layihə, kampaniya və proqramların uğurla
reallaşdırıldığını bildirib. Diqqətə çatdırılıb ki, beynəlxalq
əlaqələrin inkişafına xüsusi diqqət yetirən
Şura Avropa Könüllülük Xidməti, “ERASMUS+”
proqramları üzrə, eləcə də Avropa Gənclər
Fondu və digər qurumlarla səmərəli əməkdaşlıq
etdiyini deyib. Bildirib ki, Şura son dörd ildə 150-yə
yaxın beynəlxalq tədbirdə ölkəmizi təmsil
edib.
Gələcək planlardan
danışan M.Məcidova paytaxt və region gəncləri
arasında əlaqələrin gücləndirilməsi və
Dayanıqlı İnkişaf Məqsədlərinin
reallaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər barədə ətraflı məlumat
verib.
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin sədri Seymur Orucov Azərbaycan gəncliyinin
bugünkü inkişafının, əldə etdiyi
mühüm uğurların əsasında Ulu öndər Heydər
Əliyevin diqqət və qayğısının, uzaqgörənliklə
əsasını qoyduğu dövlət gənclər siyasətinin
yüksək səviyyədə
reallaşdırılmasının dayandığını
deyib. Qeyd olunub ki, bu yüksək diqqət və
qayğı nəticəsində gündən-günə
inkişaf edərək ən müasir tələblərə
cavab verən Azərbaycan gəncləri ölkəmizi beynəlxalq
təşkilatlarda, tədbir və forumlarda uğurla təmsil
edirlər. Təsadüfi deyil ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə irəli sürülən “Xocalıya ədalət!”
beynəlxalq kampaniyası çərçivəsində bir
sıra ölkələr və beynəlxalq qurumlar Xocalı
soyqırımını tanıyıb.
Sonra Dünya Skautlar Təşkilatının
icraçı direktoru Əhməd Əlhəndavinin və BMT
baş katibinin gənclər üzrə xüsusi elçisi
xanım Cayatma Vikramanayakenin Azərbaycan Gənclərinin VIII
Forumunun iştirakçılarına videomüraciətləri
dinlənilib.
Videomüraciətlərdə Azərbaycan
dövlətinin dünyada gənclər siyasətinin
inkişafına mühüm töhfələr verdiyi
xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərin
inkişafı, onların beynəlxalq əlaqələrinin
genişləndirilməsi üçün əlverişli
şərait yaradılıb. Videomüraciətlərdə Azərbaycanın
ev sahibliyi etdiyi beynəlxalq konfrans və forumların
dünyada gənclər hərəkatının
inkişafında rolu yüksək qiymətləndirilib.
Fasilədən sonra zona toplantılarından
Foruma seçilmiş nümayəndə heyətlərinin rəhbərləri
təmsil etdikləri bölgələrdə görülən
işlər barədə hesabat məruzələri ilə
çıxış ediblər. Həmçinin müxtəlif
sahələri təmsil edən gənclərin, eləcə də
aparıcı gənclər təşkilatlarının rəhbərlərinin
və təmsilçilərinin çıxışları
dinlənilib.
Yekunda tədbirin qətnaməsi və VIII
Forumun iştirakçılarının adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul edilib.
Müstəqil Azərbaycan Gənclərinin
ilk Forumu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə 1996-cı il fevralın 2-də keçirilib. 1997-ci il
fevralın 1-də Forumun ildönümü münasibətilə
bir qrup gənci qəbul edən Ulu öndər Heydər
Əliyev ilk Forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan
Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman
imzalayıb. Forum Azərbaycanın müasir ictimai-siyasi
tarixində layiqli yer tutaraq dövlətin gənc nəslin hərtərəfli
inkişafına yönəlmiş strategiyasına
mühüm təkan verib. Sonuncu - VII Forum 2014-cü il iyunun
2-də Heydər Əliyev Sarayında keçirilib.
Yeni Azərbaycan.-
2018.- 17 noyabr.- S.5.