Azərbaycanın bölgələrində pambıq yığımı uğurla davam edir

 

Cari mövsümün əvvəlindən bu günə qədər sahələrdən 210 min tondan çox pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib

Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatında innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi, ixracyönümlü məhsul istehsalının təşviq edilməsi, azad sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməsi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və gübrələrlə təminatın gücləndirilməsi, bölgələrdə dövlət vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasını təmin edib.

Respublikanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb. Nazirin sözlərinə görə, ölkədə uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib. Bunlar özünü aqrar sektorda muzdla çalışan işçilərin sayının və investisiya qoyuluşunun həcminin artmasında da büruzə verib. Yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabiliyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur.

“Ayrı-ayrı sahələr üzrə özünütəminetmə səviyyəsinin yerli istehsal hesabına artırılması, inkişaf və idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi, dövlət dəstəyini gücləndirməklə müvafiq sahələr üzrə proqram yanaşmasının tətbiq edilməsi və ünvanlı siyasət tədbirləri mexanizminin yaradılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən “Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”, “Taxılçılığın inkişafına dair Dövlət Proqramı” və “Toxumçuluğun inkişafına dair Dövlət Proqramı”nın hazırlanması istiqamətində aparılan işlər yekun mərhələsindədir”, - deyə İnam Kərimov qeyd edib.

Son illərdə bütün ölkə üzrə aqrar sektorun inkişafından söhbət açarkən pambıqçılıq sahəsində əldə olunan uğurları da xüsusi qeyd etməliyik. Azərbaycanın bir sıra bölgələri üçün ənənəvi təsərrüfatçılıq sahələrindən olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin gəlir imkanları kifayət qədər böyükdür. Bu məhsulun satışı ilə bağlı hər hansı bir problem yoxdur. Dünya bazarlarında pambıq birjalarda satılır və istehsalçı ölkələrə böyük həcmlərdə valyuta qazandırır. Azərbaycan da Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda pambıqçılıq sahəsində ənənələri dirçəltməklə yeni iqtisadi şəraitdə ölkədən qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyib. Məlumat üçün bildirək ki, artıq sentyabrın əvvəlindən bölgələrdə kütləvi surətdə pambıq yığımına başlanıb. Təbii ki, pambığın alış qiymətinin artırılması fermerlərdə bu sahəyə marağı daha da artırıb. Yeri gəlmişkən, oktyabrın 9-da keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Dövlətimizin başçısı deyib: “2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük edilmişdir, - 2015-ci ili mən demirəm, o illərdə, ümumiyyətlə, məhsuldarlıq çox aşağı idi, - keçən il 207 min ton, yəni 2 dəfədən çox. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Yəni artım dinamikası çox müsbətdir. Onu da qeyd etməliyəm ki, hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın işi var”.

Bu sahədə müasir texnologiyaların, elmi yanaşmanın tətbiq olunduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, məhsuldarlığı böyük dərəcədə artıra bilərik: “Məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır. Ancaq indi biz bilirik ki, müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var”.

Qeyd edək ki, bu il respublika üzrə 132 min hektardan artıq ərazidə pambıq əkilib. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. 2018-ci ildə sahələrdən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır. Bu günədək ölkədə 210 min tondan çox pambıq yığılıb.

Hazırda isə bölgələrdə pambıq yığımı davam edir. Neftçalada pambıq sahələrindən 9 min 347 ton məhsul toplanılıb ki, bu da ötən il rayonda tədarük olunan məhsuldan 248 ton çoxdur. Yığılan pambığın 50-55 faizi maşınların köməyi ilə toplanılıb. Hazırda sahələrdə 21 pambıqyığan kombayn işləyir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il Neftçalada 7 min hektarda pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il məhsul boldur. Sahibkarlar yetişdirdikləri pambığı son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı kəndlərində yığım daha mütəşəkkil təşkil olunub. Bu kəndlərdə sahələrin hər hektarından 25-30 sentner məhsul götürülür.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 9 min 96 ton pambıq yığıblar.

Zərdab rayonunda isə bu günədək tarlalardan 4321 ton “ağ qızıl” yığılıb və məhsulun yarıdan çoxu - 2212 tonu pambıqyığan maşınlar tərəfindən toplanıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda sahələrdə 8 kombayn işləyir. Bu texnika istehsalçılara yetişdirilən məhsulun tez və itkisiz yığılmasında böyük fayda verir. Qeyd edək ki, cari mövsümdə bölgədə 3232 hektar sahədə pambıq yetişdirilib. Hazırda bütün qüvvələr məhsulun son qozasınadək toplanmasına səfərbər edilib. Hər yerdə, xüsusilə daha çox pambıq əkilən Bəyimli qəsəbə, İsaqbağı, Şahhüseynli, Gəlmə, Hüseynxanlı, Qoşaoba və Körpükənd kənd inzibati ərazi dairələrində məhsul daha çox kombaynlar vasitəsilə yığılır.

Saatlı rayonu isə ölkə üzrə pambıq yığımında öndə gedir. Belə ki, pambıq sahələrindən bu günə kimi 27 min tondan çox pambıq yığılıb. Yığılan məhsulun 18 min 685 tonu maşınların köməyi ilə toplanılıb. Hazırda pambıq sahələrində 41 ən müasir pambıqyığan kombayn işləyir və hər gün toplanan məhsulun 70-75 faizi bu maşınlarla yığılır. Xüsusən “Aqrolizinq” ASC-nin ölkəyə gətirərək güzəştli şərtlərlə fermerlərə verdiyi “John Deer” şirkətinin müasir kombaynları yüksək məhsuldarlığa malikdir. Bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür.

Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il Saatlıda 15 min 815 hektar pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul çoxdur. Məhsul istehsalçıları yetişdirdikləri pambığı son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Rayonun Qıraqlı, Dədə Qorqud və Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə yığım kampaniyası daha mütəşəkkil təşkil olunub. Dövlət tərəfindən qeyri-neft sektorunun, xüsusi ilə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək fermerlərin bu sahəyə marağını xeyli artırıb. Pambıqçılığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə edilən güzəştlər, ayrılan əlavə subsidiyalar öz bəhrəsini verməkdədir. Bu il ərazi vahidlərinin əhatə etdiyi kəndlərdə ötən ildəkindən qat-qat çox məhsul var və fermerlər sahələrin hər hektarından 30-40 sentner məhsul götürürlər.

Qeyd edək ki, bu mövsüm saatlılı pambıqçılar sahələrdən 30-35 min ton pambıq toplamağı planlaşdırırlar.

Ümumiyyətlə, Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılığın inkişafı istiqamətində son illərdə ciddi addımlar atılır. Respublika ərazisində pambığa aid əkin sahələri genişləndirilir, yeni məhsuldar sortlar qeydiyyata alınaraq istehsalatda tətbiq olunur. Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin müvafiq sort-sınaq məntəqələrində yeni pambıq sortlarına aid sort-sınaq işlərinin aparılması ilə bərabər pambığın istehsalat əkinlərinə də geniş yer verilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Salyan Dövlət Sort-Sınaq Məntəqəsində (Salyan DSSM) pambıq bitkisinə aid 19 yerli və xarici sortdan ibarət sort-sınaq işləri görülüb. Sortlar üzrə ayrı-ayrılıqda fenoloji müşahidələr aparılıb, məhsuldarlıq göstəriciləri təyin edilib və kimyəvi analiz aparmaq üçün nümunələr Bakı Kimya Texnoloji Laboratoriyasına göndərilib. Məntəqədə UPOV (Yeni Bitki Sortlarının Mühafizəsi haqqında Beynəlxalq Konvensiya) metodikasına uyğun olaraq pambıq sortlarının 41 xüsusiyyəti üzrə qiymətləndirmə işləri yerinə yetirilərək fərqlilik, oxşarlıq və sabitlik əlamətləri müəyyən edilib. Bundan başqa, Salyan DSSM-də 14 hektar sahədə pambıq becərilib və 38 ton məhsul əldə edilib. Orta məhsuldarlıq məntəqə üzrə 27,5 sentner/hektar olub.

Ağdam Dövlət Sort-Sınaq Məntəqəsində 18 hektar sahədə pambıq becərilib və 52,2 ton məhsul toplanıb. Orta məhsuldarlıq məntəqə üzrə 29 sentner/hektar təşkil edib.

Kürdəmir Pambıq Toxumu üzrə Sınaq Məntəqəsində isə cari ildə 30 hektar sahədə pambıq becərilib. Bu günə qədər sahədən 61 ton məhsul yığılıb və orta məhsuldarlıq hər hektara 20 sentner olub.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qeyd olunan sort-sınaq məntəqələrində pambıq yığımı yekunlaşmaq üzrədir.

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.- 2018.- 20 noyabr.- S.7.