Azərbaycanın
regionlarında xalçaçılığın
inkişafı diqqət mərkəzində saxlanılır
2019-cu ildə respublikanın daha 10 şəhər
və rayonunda yeni xalçaçılıq müəssisələrinin
tikintisi nəzərdə tutulub
Tarixən Azərbaycanın bölgələrində
xalçaçılıq sahəsində zəngin ənənələr
formalaşıb. Sənətkarlar yüksək zövqlə
toxuduqları xalçalarda yaşam fəlsəfələrini,
həyata baxışlarını, inanclarını ilmələrin
dili ilə ifadə ediblər. Yeni şəraitdə qeyri-neft
iqtisadiyyatı sahəsində istehsal imkanlarının
artırılmasını hədəfləyən
respublikamızda ən qədim tətbiqi sənət növlərindən
olan xalçaçılığın inkişafı da diqqət
mərkəzində saxlanılır. Azərbaycan
dövləti xalçaçılığın
inkişafına maddi və siyasi dəstək tədbirlərini
gücləndirməklə regionlarda iqtisadi aktivliyi təmin
etmək, xarici bazarlara qeyri-neft sektorundan ixrac həcmlərini
artırmaq kimi məqsədləri hədəfləyib.
Regionlarda xalçaçılıq üzrə yeni
istehsalatların fəaliyyətə başlaması, eyni
zamanda, böyük sosial mahiyyət daşıyır. Belə
ki, bölgələrdə açılan
xalçaçılıq müəssisələri yerli
sakinlərin, ələlxüsus da qadınların əmək
bazarına inteqrasiyasına yeni imkanlar yaradır.
Yeni şəraitdə respublikamızda
xalçaçılıq ənənələrə
uyğun olaraq inkişaf etdirilir
Azərbaycanda xalçaçılığın
şərti olaraq 7 məktəbi fərqləndirilir. Bunlar
Quba, Abşeron, Şirvan, Gəncə, Qazax-Borçalı,
Qarabağ, Təbriz xalçaçılıq məktəbləridir.
Hər xalçaçılıq məktəbində toxunan
xalçaları ümumi cəhətlər birləşdirsə
də, onlar naxış, kompozisiya, rəng həlli və bir sıra
texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.
Yeni şəraitdə də
respublikamızda xalçaçılıq regionlarda tarixən
təşəkkül tapan ənənələrə
uyğun olaraq inkişaf etdirilir və xalqımızın
milli kimliyini təsdiqləyən bu qədim sənət
növünün təbliği, gənclər arasında təşviqi
davamlı olaraq diqqət mərkəzində
saxlanılır. Belə ki, ayrı-ayrı
regionlarda yeni istehsalatlar yaradılarkən ilk növbədə
həmin bölgədə xalçaçılıq üzrə
səciyyəvi olan cəhətlər, o cümlədən də
qədim xalça çeşnilərində istifadə
olunmuş naxışlar mütəxəssislər tərəfindən
elmi baxımdan araşdırılır, onların indiki
şəraitdə istehsalata tətbiqi imkanları, məqsədəuyğunluğu
öyrənilir və yalnız bu kimi proseslərdən sonra
xalçaların kütləvi istehsalına
başlanılır. Satış bazarlarının tələbi,
kadrların hazırlıq səviyyəsinin
artırılması, istehsalatların keyfiyyətli xammalla,
boyaq maddələri ilə təchizatı kimi məsələlər
də diqqət mərkəzində saxlanılır.
İndiyədək respublikamızda
xalçaçılığın inkişafına xüsusi
diqqət yetirən Prezident İlham Əliyevin qayğısı
sayəsində Horadiz, Şəmkir, Quba, Xaçmaz,
İsmayıllı və digər bölgələrdə
xalçaçılıq müəssisələri istifadəyə
verilib. Ağstafa, Qazax, Qəbələ və Tovuzdakı
müəssisələr isə istifadəyə
hazırdır. Həmçinin respublikanın bölgələrində
yeni istehsalatların yaradılması istiqamətində
intensiv iş aparılır. Belə ki, Prezident İlham
Əliyevin müvafiq sərəncamları ilə
Naxçıvan şəhərində, Qobustan, Şabran,
Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və
Tərtər rayonlarında xalça emalatxanalarının
tikintisi və təchizatı işlərinə
başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha
bir xalça emalatxanası tikilir. Dövlətimizin
başçısı bu emalatxananın tikintisi, avadanlıq və
dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması
üçün 2018-ci il dövlət büdcəsində nəzərdə
tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə
Sərəncam imzalayıb. 2019-cu ildə əlavə olaraq, 10
şəhər və rayonda bu cür müəssisələrin
tikintisi planlaşdırılır.
“Azərxalça”nın Ağdam filialında
90 nəfər yerli sakin işlə təmin olunub
Respublikamızın bölgələrində
yeni xalçaçılıq müəssisələrindən
biri noyabrın 5-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə Ağdam rayonunun
Quzanlı qəsəbəsində istifadəyə verilib.
Açılış mərasimində qeyd olunduğu kimi, “Azərxalça”nın
Ağdam filialında Qarabağ xalçaçılıq məktəbinin
ənənələri davam etdiriləcək.
Açılış mərasimində “Azərxalça”
Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin
sədri Vidadi Muradov görülən işlərlə
bağlı məlumat verərək bildirib ki, filialın
binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam
rayonunun Quzanlı qəsəbəsindəki Heydər
Əliyev prospektində yerləşən binada tikinti işləri
yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və
14 inzibati-təsərrüfat işçisinin
çalışması nəzərdə tutulub. İlkin mərhələdə
artıq 90 nəfər yerli sakin işlə təmin olunub.
Bildirilib ki, bina toxuculuq emalatxanası, rəssam
otağı, anbar, yeməkxana, tibb otağı, xalça
satışı salonu və digər bölmələrdən
ibarətdir. Emalatxanada müxtəlif
ölçülü 43 dəzgahda Azərbaycan
xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə,
Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər,
Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan
rayonlarının kəndlərində toxunan tarixi və
orijinal Qarabağ xalça çeşnilərinin
toxunmasına üstünlük veriləcək. Bu
çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda
mühafizə olunan, həmçinin respublikamızın
ayrı-ayrı bölgələrindən toplanılan qədim
və orijinal xalçalar əsasında “Azərxalça”nın
rəssamları tərəfindən hazırlanıb.
Lənkəranda açılan yeni
xalçaçılıq müəssisəsi bütün zəruri
xammal və avadanlıqla təchiz edilib
2018-ci il 15 oktyabr tarixində Lənkəranda
açılan yeni xalçaçılıq müəssisəsi
bütün zəruri xammal və ləvazimatlarla - müxtəlif
rəngli yun iplərlə, həvə, qayçı,
bıçaq kimi alətlərlə təmin edilib. Müəssisənin
binasının ümumi sahəsi 1249 kvadratmetrdir. Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 199-cu kilometrliyində yerləşən
filialın binasının tikintisinə bu ilin martında
başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə
aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat
işçisinin çalışması nəzərdə
tutulub. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana,
tibb otağı, xalça satışı salonu, konfrans
zalı və digər bölmələrdən ibarətdir.
Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda
Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara,
Lerik, Lənkəran, Masallı və Yardımlı
rayonlarının kəndlərində toxunan orijinal xalça
çeşnilərinə üstünlük veriləcək.
Bu çeşnilər dünya muzeylərində, şəxsi
kolleksiyalarda mühafizə olunan, həmçinin bölgənin
müxtəlif kəndlərindən toplanan qədim və
orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları
tərəfindən hazırlanıb.
Müəssisədə çalışan
toxucular Lənkəran şəhərinin və rayonun digər
yaşayış məntəqələrinin sakinləridir.
Onlar bir neçə ay ərzində “Azərxalça”nın
burada təşkil olunmuş tədris-hazırlıq
kurslarına cəlb edilib, xalçaçılıq üzrə
bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Tədris-hazırlıq kursu filial fəaliyyətə
başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun
məzunları “Azərxalça” ASC-nin sertifikatını
alacaqlar. Xalça satışı salonunda “Azərxalça”
ASC-də toxunmuş xalça və xalça məmulatlarının
sərgisi və satışı da həyata keçiriləcək.
Azərbaycan xalçalarının şöhrəti
dünyanı gəzir
Azərbaycan xalçaları qiymətli
eksponatlar kimi dünyanın ən məşhur muzeylərində
qorunub saxlanılır və böyük tamaşaçı
marağına səbəb olur. Təbrizdə toxunmuş məşhur
“Şeyx Səfi” xalısınu buna nümunə göstərmək
mümkündür. Zəngin naxışları ilə
göz oxşayan bu qiymətli sənət əsəri
hazırda London muzeyində saxlanılır. Rəngbərəng
ilmələrdən toxunan xalçalar təkrarsız sənət
nümunələri olmaqla əsrlər boyu dünya
miqyasında keçmişimizi, bu günümüzü, mədəniyyətimizi,
milliliyimizi layiqincə təmsil edib. Qeyd edək ki, 2010-cu ildə
Azərbaycanın ənənəvi
xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına
salınıb.
Deyilənlərdən də
göründüyü kimi, xalçalarımızın
şöhrəti bütün dünyanı gəzir. “Carpet
XL” jurnalının 4-cü sayında Azərbaycan
xalçaçılığından bəhs edən növbəti
yazının dərc olunması bunu bir daha təsdiqləyir.
Məqalədə qədim xalçaçılıq ənənələrimizdən,
müasir dövrdə respublikamızda
xalçaçılığın inkişafından, “Azərxalça”nın
fəaliyyətindən ətraflı bəhs edilib.
Bildirilib ki, tarixən Azərbaycanda orijinal
çeşnili, öz naxışları ilə seçilən
xalçalar toxunub. Bu xalçalar Bakı (Abşeron), Qarabağ,
İrəvan, Naxçıvan, Gəncə, Şirvan,
Qazax-Borçalı, Quba, Təbriz qrupları üzrə təsnif
və tədqiq edilir. Dünya bazarlarına
çıxarılan Azərbaycan xalçaları həmişə
böyük maraqla qarşılanıb.
Qeyd olunub ki, dövrümüzə
qədər gəlib çatan ən qədim Azərbaycan
xalçaları 16-cı əsrdə toxunan “Əjdahalı”
xalçalardır. Əsasən XVI-XVIII əsrlərdə
toxunan bu xalçanın qədim nümunələrinə
dünyanın məşhur incəsənət muzeylərində
və şəxsi kolleksiyalarda rast gəlmək
mümkündür.
Məqalədə Azərbaycanda
boyaqçılıq sənətinin inkişaf tarixinə də
nəzər salınıb. Vurğulanıb ki, Azərbaycanın
xalçaçılıq və boyaqçılıq tarixini
bir-birindən ayrı təsəvvür etmək mümkün
deyildir. XIX əsrin ortalarında burada istehsal olunan təbii
boyaq maddələri daxili ehtiyacları ödəməklə
yanaşı, həm də xaricə ixrac edilib.
Respublikamızın bölgələrində
“Azərxalça”nın yaratdığı filiallar barədə
də məlumat verən müəllif xalça
emalatxanalarında istehsal olunan məhsulların keyfiyyətini
xüsusi qeyd edib. Yazıda Qusarın Laza kəndinin,
Şamaxının yun bazarının, qədim Azərbaycan
xalçalarının və “Azərxalça”nın
istehsalı olan məhsulların fotoşəkilləri də
təqdim olunub.
Qeyd edək ki, Almaniyanın
Hamburq şəhərində fəaliyyət göstərən
“SN Verlag” Nəşr Evi tərəfindən ildə 4 dəfə
ingilis və alman dillərində dərc olunan bu jurnalın əsas
oxucuları Amerika Birləşmiş Ştatları və
Avropa ölkələrindədir.
Daha çox biznes sektorunda
yayılan bu jurnalda Azərbaycan xalçalarının təbliğ
olunması mühüm əhəmiyyət daşıyır.
Çünki səhifələrində klassik xovlu və
xovsuz xalçalara, modern xalçalara geniş yer verən bu
jurnalın əsas oxucuları xalçaçılıq
üzrə aparıcı şirkətlərin rəhbərləri,
pərakəndə satış sektorunun nümayəndələri,
ABŞ və Avropa ölkələrində fəaliyyət
göstərən xalça satışı mərkəzlərinin,
mağazalarının təmsilçiləridir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.-22 noyabr.- S.7.