Heydər Əliyev Fondunun
Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi - “Yeddi gözəl” sərgisi Moskvada açılıb
Noyabrın 20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi
Sənəti Muzeyində
“Yeddi gözəl” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində
iştirak edib.
Sərgi Heydər
Əliyev Fondu, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı
səfirliyinin dəstəyi
ilə keçirilir.
Sərginin açılış
mərasimində çıxış
edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Bu gün biz
“Yeddi gözəl” sərgisinin açılışını
edirik. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması
və dünya şöhrətli bəstəkar
Qara Qarayevin baleti əsasında qurulub. Bu gün
siz miniatürləri,
xalçaları və
zinət əşyalarını
görə biləcəksiniz.
Ekspozisiya, həmçinin
Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət
elementləri ilə zənginləşdirilib. Sərgiyə
gələn tamaşaçılar
yeddi gözəl və Bəhram şah əfsanəsinin sehrinə dalacaqlar. “Yeddi gözəl” poeması Şərq poeziyasının ən yaxşı nümunələrindən
biridir. Poemanın dərinliyi, fəlsəfi
aləmi xalçalar,
kitab miniatürləri
proyeksiyaları, dekorativ
tətbiqi sənət
nümunələri və
instalyasiyalar vasitəsilə
təqdim olunur. “Yeddi gözəl” baletinə həsr olunmuş və bu gün tamaşaçılara
təqdim olunan arxiv materialları çox qiymətli tarixi arayışlardır.
Bu gün siz qədim afişalar, baletin proqramları, fotoşəkillər
vasitəsilə informasiya
əldə edə bilərsiniz. “Yeddi gözəl” sərgisinin açılışı olduqca
əhəmiyyətlidir. Çünki
dahi Nizaminin əsərləri Azərbaycan
ədəbiyyatının böyük
bir dövrünü əhatə edir.
Əziz dostlar,
müddətsiz yaradıcılıq
göylərin bizə
göndərdiyi nemətdir.
O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə
varmaqda və ən ali qüvvə
olan sevgini özü üçün
açmaqda kömək
edir.
Mən bu
imkanı yaratdığına
görə Yelena Titovaya təşəkkürümü
bildirmək istəyirəm.
Sərgi üzərində
işləyən hər
kəsə təşəkkür
edirəm. Bu gün bizimlə olduğunuz üçün
hamınıza minnətdaram”.
Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi
Sənəti Muzeyinin direktoru Yelena Titova çıxış
edərək bildirib ki, muzeyin Azərbaycandan
olan həmkarları ilə çox yaxşı əlaqələri
var. Heydər Əliyev Fondu və Azərbaycan Xalça Muzeyi ilə xüsusilə səmimi münasibətlərinin
olduğunu diqqətə
çatdıran Y.Titova
deyib: “Yeddi gözəl” şərqsayağı
zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik sərgidir.
Sərgidə müasir
texnologiyalar, zəngin
tarix, rəssamların
ustalığı əksini
tapıb. Sərgi salonlarının əksəriyyəti
Qara Qarayevin yaradıcılığına həsr
olunub. Onun “Yeddi gözəl” baleti nadir əsərdir.
Lakin sərgi təkcə balet haqqında deyil, onun konsepsiyası daha genişdir. Ekspozisiya böyük Azərbaycan eposu - XII əsr dahi Azərbaycan
şairi və filosofu Nizami Gəncəvinin poemasına
əsaslanır”.
Y.Titova sərginin
təşkilinə görə
Heydər Əliyev Fonduna, Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına və
bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Son aylarda
Moskvada Azərbaycana həsr olunmuş bir neçə əhəmiyyətli tədbirin
keçirildiyini xatırladan
Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu bildirib:
“Bu yaxınlarda - oktyabr ayının ortalarında Moskva meriyası ilə üzbəüz mərkəzi
meydanda “Azərbaycanın
payız sovqatları”
sərgisi açılmışdı.
Beş gün ərzində sərgini 70
mindən çox adam ziyarət etdi. Dünən Moskva Dövlət
Beynəlxalq Münasibətlər
İnstitutunda (MDBMİ) böyük
Azərbaycan mütəfəkkiri
İmadəddin Nəsiminin
büstünün açılışı,
Moskva Dövlət Universitetində “Nəsiminin
mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni
kontekstində” mövzusunda
beynəlxalq elmi-praktiki
konfrans keçirilib. Bu gün bu gözəl
muzeydə, özü-özlüyündə
muzey olan bu nadir binada
“Yeddi gözəl” sərgisi açılır”.
Tədbirlərin təşkilinə görə
Heydər Əliyev Fonduna təşəkkürünü
ifadə edən diplomat deyib: “Bütün bu tədbirlər Heydər Əliyev Fondunun dəstəyi sayəsində
ərsəyə gəlib.
Mən, həmçinin
bu tədbirlərin təşkilində fəal
iştirakına və
yardımına görə
Leyla xanıma minnətdarlığımı bildirmək istəyirəm.
Nəsiminin xatirə abidəsinə görə
xüsusi təşəkkür
edirəm. Bu abidə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
(MDBMİ) kimi bir universitetdə qoyulub. Universitetə gələn
hər yeni nəsil Nəsimi haqqında daha çox məlumat əldə edəcək. Bugünkü tədbirə
gəldikdə isə
sərgi iki xalqın və ölkənin həyatında
əlamətdar hadisədir.
Mən sizin hamınıza xoş ovqat arzu edirəm
ki, bu sərgi
xatirələrinizdə qalsın”.
Sərginin ekspozisiyasının
konsepsiyası XII əsr
dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və Azərbaycanın dünya şöhrətli
bəstəkarı Qara
Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti
xalça, zərgərlik
və miniatür sənəti, müasir incəsənət, klassik
musiqi və rəqsin sintezində təqdim olunur.
Ekspozisiya Heydər
Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin eksponatlarından
ibarətdir. Sərgi məkanı ziyarətçini
Bəhram şah və yeddi gözəl
haqqında əfsanəyə
aparır. Azərbaycan
mədəniyyətində mühüm rol oynayan bu ədəbi
əsərin fəlsəfi
aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi
sənət əşyaları
və instalyasiyalar vasitəsilə canlandırılır.
Sərgi məkanı
ziyarətçini Bəhram
şah və yeddi gözəl haqqında əfsanəyə
aparacaq. Azərbaycan mədəniyyətində mühüm
rol oynayan bu ədəbi əsərin fəlsəfi
aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi
sənət əşyaları
və instalyasiyalar vasitəsilə canlandırılacaq.
Sərgidə nümayiş olunan “Miniatür” instalyasiyasını
Azərbaycan rəssamı
Rəşad Ələkbərov
XVI əsrə aid “Kitab oxuyan gənc”
Təbriz miniatürü
əsasında yaradıb.
Kompozisiyanın ideyası
hər bir ziyarətçini qədim
nağıl və əfsanələr aləminə
aparan illüziya portalının yaradılması
üzərində qurulub.
Burada tamaşaçıların
gözü önündə
Nizaminin poeması canlanır. “Kitab oxuyan gənc” miniatürünü I Şah
Təhmasib dövründə
səfəvi rəngkarlığının
zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir
və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.
Qara Qarayevin
Nizami Gəncəvinin
poeması əsasında
yazdığı “Yeddi
gözəl” baletindən
səhnələr, həmçinin
həmin tamaşaya aid arxiv materialları
da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür:
onu Nizami qəhrəmanlarını canlandıran
balerinalar əhatə
edir.
Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.
Qeyd edək
ki, Heydər Əliyev Fondu dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının
yaşadılması və
dünyada tanıdılması
istiqamətində bu günədək bir sıra layihələr həyata keçirib. Bunların sırasında Gəncədə
Nizami Gəncəvi Muzeyinin yaradılmasını,
Fransa və onun regionlarında şairə həsr olunan sərgi və konfransların təşkilini, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını,
Sankt-Peterburqda Nizami Gəncəvi bağının
yaradılmasını, Nizami
Gəncəvinin “Xəmsə”sinin
yeni formatda - “Sirlər xəzinəsi”,
“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə”
poemalarının Azərbaycan
dilində ilk dəfə bir kitab şəklində nəşr olunmasını
və digər layihələri qeyd etmək olar.
Yeni Azərbaycan.-
2018.- 22 noyabr.- S.2.