Regionlarda özünüməşğulluq
proqramının əhatə dairəsi genişlənir
Əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayevin məlumatına əsasən, 2018-ci ilin
sonunadək ölkədə 7 minədək şəxsin
kiçik ailə təsərrüfatının
yaradılması nəzərdə tutulub
Sosial dövlət olan Azərbaycanda əhalinin
məşğulluğunun təmin olunması davamlı olaraq
diqqət mərkəzində saxlanılır. Bütün
ölkə üzrə iqtisadi aktivliyin artırılmasına
yönələn irimiqyaslı layihələrin həyata
keçirilməsi, yeni sənaye müəssisələrinin
işə salınması, aqrar sektorda əmək tutumu və
gəlir imkanları yüksək olan sahələrin
inkişaf etdirilməsi son nəticədə əmək
qabiliyyətli insanların məşğulluq
imkanlarının genişlənməsinə müsbət təsir
göstərib. Son 15 ildə respublikamızda təxminən 2
milyon iş yerinin yaradılması və işsizliyin 5 faizədək
aşağı salınması çox böyük
uğurdur.
Regionlarda aztəminatlı ailələr
özünüməşğulluq proqramı çərçivəsində
layiqli əmək fəaliyyətinə cəlb edilirlər
Məlum olduğu kimi,
respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il
tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən
işsizliyin və yoxsulluğun azaldılmasını hədəfləyən
səmərəli özünüməşğulluq
proqramı həyata keçirilir. Bütün respublika
miqyasında insanlar bəhs olunan proqrama böyük maraq
göstərirlər və onun əhatə dairəsi getdikcə
genişlənir. Proqram çərçivəsində
aztəminatlı insanlar, o cümlədən də əlillər,
şəhid ailələrinin üzvləri, məcburi
köçkünlər layiqli əmək fəaliyyətinə
cəlb edilirlər. İndiyədək respublikanın 76 şəhər
və rayonu üzrə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən
verilən aktivlər hesabına yaradılan kiçik ailə
təsərrüfatlarının 84%-i kənd təsərrüfatı
(maldarlıq, quşçuluq, əkinçilik,
arıçılıq, bağçılıq, istixana
yaratma və s.), qalan hissəsi isə xidmət və istehsal
sahələrini əhatə edir. Özünüməşğulluq
proqramı çərçivəsində həmçinin
xalçaçılıq, misgərlik və s. üzrə də
ailə təsərrüfatları yaradılıb.
Perspektivdə ölkə üzrə
özünüməşğulluq proqramının əhatə
dairəsini daha da genişləndirmək hədəflənib.
Respublikamızda özünüməşğulluq
proqramı üzrə işlərin normal qaydada davam
etdirildiyini vurğulayan əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev bldirib ki, 2018-ci ilin sonunadək
ölkədə 7 minədək şəxsin kiçik ailə
təsərrüfatının yaradılması nəzərdə
tutulub.
Noyabr ayında regionlarda yeni ailələr
özünüməşğulluq proqramına cəlb ediliblər
Qeyd etdiyimiz kimi, regionlarda özünüməşğulluq
proqramının əhatə dairəsi getdikcə genişlənir.
Cari il noyabrın 6-da Hacıqabul, Şamaxı, Ağsu,
İmişli, Zərdab və digər bir neçə rayonda
50-dən çox işsiz və işaxtaran vətəndaşa
özünüməşğulluq proqramı çərçivəsində
mal və materiallar təqdim olunub. Onlardan böyük əksəriyyəti
biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə
kiçik ailə təsərrüfatlarını yaratmaq
üçün iri və xırdabuynuzlu mal-qara ilə təmin
olunublar. Ailələrin digər bir qisminə isə xidmət
sahələri üzrə özünüməşğulluq
fəaliyyətini qurmaq üçün zəruri materiallar
verilib.
Ümumilikdə cari ilin ötən
dövründə özünüməşğulluq fəaliyyətini
qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş
seçilərək proqram üzrə təlimlərə cəlb
olunub. Proqrama cəlb edilən işsiz və işaxtaranlar
sırasında əlilliyi olanlara, şəhid ailələrinin
üzvlərinə, məcburi köçkünlərə,
sosial cəhətdən digər həssas qruplara
üstünlük verilib. Təlim kursunu bitirərək
qiymətləndirmələr zamanı biznes planları
uğurlu hesab edilənlərin mal və materiallarla təmin
olunması həyata keçirilir. 2018-ci ilin əvvəlindən
bəri proqram iştirakçılarından 600-dən
çoxu aktivlərlə təmin olunaraq fərdi təsərrüfatlarını
yaradıb.
Özünüməşğulluq proqramına
dəstək olan “Sosial bağlar” layihəsi çərçivəsində
41 rayonda yeni təsərrüfatlar yaradılır
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İctimai Birliyi arasında
özünüməşğulluq proqramının icrası
sahəsində əməkdaşlığa dair imzalanan
Memoranduma əsasən icra olunan “Sosial bağlar” layihəsi
çərçivəsində regionlarda sosial cəhətdən
həssas qruplar üçün meyvə
bağlarının salınması, tərəvəz və
bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının
yaradılması işləri davam etdirilir.
“Sosial bağlar” layihəsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
Sərəncamına əsasən icra olunan özünüməşğulluq
proqramına dəstək məqsədi daşıyır. Aztəminatlı ailələrin özünüməşğulluğunun
təmin olunmasına və gəlirlərini
artırmalarına imkan verən layihə belə ailələrin
ünvanlı dövlət sosial yardımı proqramından
asılılığının aradan qaldırılmasına
və kiçik sahibkarlığa çıxış
imkanlarına yiyələnmələrinə şərait
yaradır.
Layihə çərçivəsində
respublikamızın 41 rayonu (Tərtər, Ağdam, Bərdə,
Füzuli, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran,
Ağdaş, Kürdəmir, Yevlax, Beyləqan, Ucar, Siyəzən,
Salyan, Sabirabad, Qobustan, Ağsu, İsmayıllı, Şəmkir,
Daşkəsən, Samux, Ağstafa, Qazax və s.) üzrə
125 ailə üçün təsərrüfatlar
yaradılır. O cümlədən Quba, Xaçmaz, Qusar, Siyəzən,
Şabran rayonlarında layihə çərçivəsində
17 nəfər üçün bağ sahələrinin
salınması nəzərdə tutulub.
“Sosial bağlar” layihəsi
iştirakçılarından 30 nəfəri şəhid ailəsi
üzvləri, 28 nəfəri əlilliyi olanlar, qalanları
aztəminatlı ailələrin üzvləridirlər. Layihəyə cəlb edilənlər
üçün alma, gilas, qoz, gavalı və s. meyvələr
üzrə bağların, tərəvəz və
bostanların salınması işləri həyata
keçirilməklə yanaşı, onlara sahələrə
aqrotexniki qulluq, suvarma, təlimləndirmə, logistika və
hazır məhsulun marketinqinin təşkili, məsləhət
xidmətlərinin göstərilməsi, eləcə də
digər sahələrdə də dəstək göstəriləcək.
Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət
Mərkəzində 40-dək yerli sakin işlə təmin
olunacaq
Respublikamızda “ASAN xidmət”in
tabeliyində olan “ABAD” - Ailə Biznesinə Asan Dəstək
publik hüquqi şəxs Prezident İlham Əliyevin
2016-cı ildə imzaladığı müvafiq Fərmana əsasən
yaradılıb. Əsas məqsədi ölkənin
sosial-iqtisadi inkişafında vətəndaşların fəal
iştirakını, kiçik və orta
sahibkarlığın inkişafını,
əhalinin məşğulluq səviyyəsinin
artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının
formalaşdırılmasına dəstək verir,
sosialyönümlü layihələrin həyata keçirilməsində
birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini
regional mərkəzlər vasitəsilə qurur. Masallı,
Balakən, Quba rayonlarında artıq belə mərkəzlər
fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi
xalq sənətkarlığı və kənd təsərrüfatı
sahəsində fəaliyyət göstərən ailə
bizneslərinə dəstək verən layihə çərçivəsində
“ABAD”çı ailələrinə mürəbbə, cem, ət
və süd məhsullarının istehsalı
üçün xüsusi konteynerlər verilib. İndiyə qədər
dekorativ-tətbiqi sənətlə məşğul olan və
qida məhsullarının istehsalı sahəsində fəaliyyət
göstərən 300-dən çox ailəyə dəstək
göstərilib.
Qurumun regionlarda fəaliyyətə başlayan
istehsal müəssisələrindən biri də Şəkidə
yaradılan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzidir.
“ABAD” publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi
Sənət Mərkəzinin binası XIX əsrin
axırlarında tikilib və kazarma kimi istifadə olunub.
Baxımsız və qəzalı şəraitdə olan həmin
bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz
müasir avadanlıqla təchiz edilib. İkimərtəbəli
binada işçilər və təlimlərə qoşulacaq
şəxslər üçün istirahət otaqları
yaradılıb. Burada həmçinin termik soba və təlim
otaqları, xammal və hazır məhsul anbarları,
etno-butik, ofis və xalçaçılıq otağı
yerləşir.
Bir sözlə, mərkəzdə keramika və
tətbiqi sənətlə məşğul olanlar
üçün hər cür şərait yaradılıb. Mərkəzin məqsədi ölkəmizin, əsasən
də Şəki rayonunun tarixi keramika ənənələrinin
qorunub saxlanılması və gələcək nəsillərə
ötürülməsi, həmçinin müxtəlif
çeşidli Azərbaycan gilinin dünyada
tanıdılmasıdır. Bura həm də Qafqazda ilk
Keramika Mərkəzi kimi tarixə düşəcək. Gələcəkdə
mərkəzdə tanınmış əcnəbi sənətkarların
iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin
müasir avadanlıqlardan istifadə etməklə təlimlər
təşkil olunacaq. Mərkəzdə keramika sənətindən
əlavə, xalçaçılıq və digər sənətkarlıq
sahələri üzrə təlimlərin keçirilməsi
də nəzərdə tutulur. Ümumilikdə burada 40-dək
vətəndaş daimi işlə təmin ediləcək.
Qubada açılan “ABAD Factory” İstehsalat
Kompleksi 70-80 ailənin məşğulluğuna şərait
yaradacaq
Cari il oktyabrın 11-də
açılan “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi
bina 1956-cı ildə “Mədəniyyət evi” qismində
istifadəyə verilmiş və uzun illər istismar nəticəsində
yararsız vəziyyətə düşmüşdü.
İkimərtəbəli binada “ABAD” publik hüquqi şəxs
tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə
əsaslı şəkildə təmir-bərpa işləri
aparılıb və müasir avadanlıq
quraşdırılıb. Kompleksdə bir dəfəyə
140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan
qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik
min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən
5 sahə fəaliyyət göstərəcək.
Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında
30 nəfərdən ibarət iki “ABAD”çı ailə
çalışacaq. Bununla da 30-dək vətəndaş
“ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi
işlə təmin ediləcək. Bundan əlavə, istehsal
prosesində ABAD-çıları xammalla təchiz edəcək
yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə
tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin
məşğulluq və əlavə gəlir əldə etməsinə
şərait yaradacaq.
“Paşa Holdinq”in dəstəyi ilə “ABAD”
publik hüquqi şəxs tərəfindən həyata
keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində
isə “Quba ABAD Factory”nin önündə “Food truck park”
yaradılıb. Qeyd edək ki, ölkədə turizm sahəsində
müşahidə olunan inkişaf meyillərinin
saxlanılması üçün daim yeni və cəlbedici
ictimai iaşə xidmətlərinin təklif edilməsi zəruridir.
Bu baxımdan təkərli qoşqular vasitəsilə
icra edilmiş “ABAD Gastro Village” layihəsinin ölkəmizin
müxtəlif bölgələrində, əsasən də
şimal rayonlarında səyyar şəkildə fəaliyyət
göstərmək imkanına malik olması və tərtibat
baxımından cəlbedici görünməsi bu layihənin
uğurlu olacağını deməyə əsas verir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 23 noyabr.- S.7.