Kinonun ocağı və
ya muzeyləşən
otaq...
Görkəmli kinorejissor Rasim Ocaqovun iş otağının təmirdən
sonra açılışı
olub
Gördüyünüz bu yer görkəmli
kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Rasim Ocaqovun iş otağı olub. Burada onun
bəzi şəxsi əşyaları, saatı,
siqaret qutusu, külqabısı və ekranlaşdırdığı filmlərin fotoları yer alır.
AZƏRTAC xəbər
verir ki, bu sözləri C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının
direktoru Müşfiq Hətəmov görkəmli
rejissor Rasim Ocaqovun 85 illiyi münasibətilə kinostudiyada
yerləşən iş
otağının təmirdən
sonrakı açılışında
söyləyib.
M.Hətəmov deyib: “C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bir çox layihələr həyata keçirir. Bunlardan biri də uzun müddət
kinostudiyada çalışan
görkəmli sənət
adamlarının yaradıcı
otaqlarını bərpa
etmək və hər birini bir gənc rejissora
verməkdən ibarətdir.
Bu da onlara
yeni təmir olunmuş otaqlarda yaradıcılıqla daha
ciddi məşğul
olmağa imkan yaradacaq. Bir neçə il öncə Moskvada Əlisəttar Atakişiyevin
qəbirüstü abidəsini
bərpa etdik. Kinostudiyada altı görkəmli kinorejissorumuzun yaradıcılıq
otağını bərpa
etməyi planlaşdırırıq.
İstəyirik ki, bütün bunlar xalqımızın mədəni
həyatında kino sənaye parkı və yaradıcılıq
mərkəzi kimi qalsın. Bir növ kinostudiya muzey mərkəzi kimi də fəaliyyət
göstərməlidir ki,
gənc rejissorlar və sənət adamları buraya baş çəkəndə
korifey sənətkarlarımızın
yaradıcılığı ilə yaxından tanış ola bilsinlər. Bu istiqamətdə davamlı
işlər aparacağıq.
Bir çox dünya ölkələrində
bu praktikadan istifadə edilir. Kinostudiyada bizim çox böyük geyim rekvizitlərimiz var, gələcəkdə
onların da yerləşəcəyi muzey
statuslu otaqlar yaratmağı düşünürük”.
Rasim Ocaqovun kinostudiyada
yerləşən iş
otağının təmirdən
sonrakı açılışında
iştirak edən tanınmış incəsənət
və mədəniyyət
xadimləri, ictimaiyyətin
nümayəndələri görkəmli
rejissorla bağlı təəssüratlarını bölüşüblər.
Xalq artisti
Hacı İsmayılov
jurnalistlərə müsahibəsində
deyib: “Bu gün görkəmli sənətkar, unudulmaz rejissor Rasim Ocaqovun iş otağının təmirdən
sonrakı açılışında
iştirak etməyim mənim üçün əsl bayramdır. Rasim Ocaqovun ekranlaşdırdığı filmlərə çəkildiyim
zaman xoşbəxtliyi
hiss eləmirdim, yaşayırdım. Onun beş filmində rol almışam. O, ömrünü Azərbaycan
kinosuna həsr edən sənətkarlardan
idi. Bəzən onu qınayırdılar ki, başqa yerlərdən niyə aktyor dəvət edirsən. O da bildirirdi ki, əsas odur, mən Azərbaycan kinosu çəkirəm. Rasim Ocaqov heç
zaman aktyoru çəkiliş vaxtı
tərifləməzdi. Onun
ekranlaşdırdığı filmlərdə artıq heç nə görmək mümkün
deyil. Rasim Ocaqova ömrüm boyu minnətdaram, çünki bir aktyor kimi o məni
kəşf edib”.
Görkəmli kinorejissorla 10 ildən çox bir yerdə çalışan
Nadir Əliyev onun sənət fəaliyyətindən, xidmətlərindən
və ekranlaşdırdığı
filmlərin böyük
rəğbət qazanmasından
söz açıb.
“Bu otaq
çox unudulmaz hadisələrin şahididir.
Bu otaqda Azərbaycanın ən görkəmli elm, mədəniyyət və
incəsənət xadimləri
Rasim müəllimlə
görüşüb, müzakirələr
aparıb. Rasim Ocaqovla 15 il birlikdə çalışmışam.
Onun son üç filminin “Təhminə”, “Həm ziyarət, həm ticarət” və “Otel otağı”nın icraçı prodüseri
olmuşam. Biz
90-cı illərin əvvəllərində
“Ocaq” Müstəqil Studiyası yaratdıq. Studiyanın direktorluğu
mənə həvalə
olunmuşdu. Biz Rasim müəllimlə birlikdə orada çalışdıq. Onun
Azərbaycan kinosunun inkişafında, formalaşmasında
əməyi olduqca böyükdür. Rasim Ocaqov ən sevilən ekran əsərlərinin yaradıcısı
kimi hər zaman mədəniyyət və kino tariximizdə
yaşayacaq”, - deyə
N.Əliyev vurğulayıb.
Yeni Azərbaycan.-
23 noyabr.- S.7.