Azərbaycanlı plastik cərrahın
metodikası ABŞ-da
dərsliyə salınıb
Vaqif Qələndər:
Hesab edirəm ki, azərbaycanlı bir həkimin imzasıyla yaranan hər hansı elmi nailiyyət Azərbaycan elminin, səhiyyəsinin uğurudur
Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı Vaqif Qələndərin yaratdığı
və bərpa əməliyyatlarında tətbiq
etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə
salınıb. ABŞ-ın
Florida Tibb Universitetinin (Jacksonville) dosenti, Çənə-üz
Cərrahiyyəsi Şöbəsinin
rəhbəri, mikrovaskulyar
cərrahiyyənin direktoru
Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə
cərrahiyyədə yerli
və regional fleplər. Praktiki yanaşma” dərsliyində
Vaqif Qələndərə
məxsus xüsusi metodika da ayrıca
fəsil kimi salınıb. Belə ki, dərsliyin 20-ci fəslinə Vaqif Qələndərin yaratdığı
“Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada azərbaycanlı cərrahın
yaratdığı və
neçə illərdir
tətbiq etdiyi xüsusi metodikadan bəhs olunur.
Qəzetimizə açıqlama verən
Vaqif Qələndərin
sözlərinə görə,
bu metod 1999-cu ildə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin xüsusi icazəsi ilə Azərbaycan məhkəmə-tibbi
ekspertizasının morqunda
insan meyitləri üzərində aparılan
araşdırmalardan sonra
öz təsdiqini taparaq canlı insanlarda tətbiq edilib. Süd vəzinin və döş qəfəsi toxumalarının yenidən
bərpası üçün
yeni yanaşma ortaya qoyan metodika
yaradılıb: “Bu, elmi biliklə yanaşı, böyük
əzm və zəhmət tələb edən işdir. Əvvəlcə ölmüş
insanlar üzərində
uzun zaman təcrübələr aparmaq
gərəkdir. Mən
də 1999-cu ildə Azərbaycan Səhiyyə
Nazirliyi və Tibb Universitetinin xüsusi icazəsi ilə Azərbaycan Məhkəmə Tibbi Ekspertizasının morqunda
meyitlər üzərində
araşdırmalar apardım
və bu sahədə öz metodumu yaratdım. Araşdırmalar öz təsdiqini
tapdıqdan sonra artıq pasiyentlər üzərində bu metodu tətbiq etməyə başladıq
və çox böyük nailiyyətlər
əldə etdik.1999-cu il
sentyabrın 29-da Quş
adasında keçirilən
Ümumdünya Plastik-Rekonstruktiv
Cərrahiyyə Konqresinə
təqdim olunmuş bu ixtira 360 yenilik
içərisindən
seçilərək beynəlxalq
mükafat və diploma layiq görüldü.
Bu kitab tələbə və rezidentlər üçün
dərs vəsaiti olmaqla yanaşı, dünya plastik və rekonstruktiv cərrahlarının stolüstü
kitabıdır. Bütün
dünyada elmi işlərdə bu üsula istinad edilir. Bu, mənim
üçün çox
qürurverici haldır.
Çünki mən hər bir uğurumu
həm də Vətənimin uğuru hesab edirəm. Bütün titullarımdan
öncə mən azərbaycanlıyam. Hesab edirəm ki, azərbaycanlı bir həkimin imzasıyla yaranan hər hansı elmi nailiyyət Azərbaycan elminin, səhiyyəsinin uğurudur”.
Məlumat üçün
bildirək ki, bu cərrahiyyə metodu dünyanın impakt faktorlu nüfuzlu jurnallarında nəşr olunub. Belə ki, Yaponiya,
Braziliya, Çili, Türkiyə, Koreya,
ABŞ kimi ölkələrdə
bu metodla cərrahiyyə əməliyyatları
həyata keçirilir.
ABŞ-ın Florida ştatının qabaqcıl,
nüfuzlu klinikalarında
bu metodla cərrahiyyə əməliyyatları
aparılır.
Onu da qeyd edək ki, Vaqif Qələndər
1969-cu ildə Göyçə
mahalının Toxluca
kəndində həkim
ailəsində anadan olub. O, Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası
uzrə tələbələrin
və rezidentlərin hazırlanması üçün
Azərbaycan Tibb Universitetində ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın
özünə məxsus
6 yeni cərrahiyyə
metodu, 78 elmi əsəri xarici ölkə jurnallarında
və konfranslarında
nəşr olunub. Vaqif Qələndər bir çox mürəkkəb əməliyyatlar,
o cümlədən dirsəkdən
qopmuş qolun 6-8 saatdan sonra təkrar
yerinə replantasiyası
(bərpa olunması) əməliyyatını müvəffəqiyyətlə
həyata keçirib.
Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının
idarə heyətinin həqiqi üzvüdür.
MÜŞFİQƏ
Yeni Azərbaycan.-
2018.- 23 noyabr.- S.7.