Azərbaycanın regionlarında
toxumçuluğun inkişafı diqqət
mərkəzində saxlanılır
Son illərdə
respublika üzrə 12 Regional Toxum Sertifikatlaşdırma
Mərkəzi istifadəyə verilib
Torpaq fondu məhdud olan
Azərbaycan kənd təsərrüfatını mövcud
əkin sahələrini daha səmərəli metodlarla
becərməklə və məhsuldarlığın artırılmasına
nail olmaqla inkişaf etdirməyi hədəfləyib. Toxumçuluq burada strateji sahə qismində
çıxış edir. Mütəxəssislərin
də qənaəti belədir ki, regionlarda fermerlərin
yüksək reproduksiyalı toxumlarla təchiz edilməsi aqrar
sektorda məhsuldarlığın artmasını şərtləndirən
çox mühüm amildir. Buna
görə də son illərdə respublikamızda
toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, bu
sahədə qabaqcıl təcrübənin
mənimsənilməsi, elit sortların toxumlarının
istehsalında aqrotexniki qaydalara əməl olunması,
səpinqabağı becərmənin, həmçinin
səpinin özünün düzgün və vaxtında
aparılması diqqət mərkəzində
saxlanılır.
Toxumçuluqda daxili
tələbatın yerli istehsal hesabına ödənilməsi
qarşıya məqsəd qoyulub
Respublikamızda
toxumçuluğun inkişafı ilə bağlı
qarşıya çox mühüm məqsədlər qoyulub. Seleksiya işinin
düzgün aparılması, vegetasiya dövrü az olan, ayrı-ayrı regionların iqlim
xüsusiyyətlərinə uyğun gələn,
həmçinin xəstəliklərə davamlı bitki
sortlarının yetişdirilməsi bu kimi məqsədlər
sırasında yer alır. Aqrar sektorda
istehsal xərclərinin, məhsulun maya dəyərinin
azaldılmasına nail olmaq istəyən Azərbaycan
həmçinin toxumçuluqda daxili tələbatın yerli
istehsal hesabına ödənilməsini hədəfləyib. Buna nail olmaq üçün
respublikamızda toxum istehsalı təşviq olunur, bu sahə
ilə məşğul olan təsərrüfatlara və
fermerlərə müəyyən güzəştlər
edilir. Kənd Təsərrüfatı
Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum
Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi
İmran Cümşüdov son illərdə respublika
üzrə 12 Regional Toxum Sertifikatlaşdırma
Mərkəzinin istifadəyə verildiyini bildirib. Qurum rəsmisi deyib ki, fermerlərə təklif
olunan toxumların keyfiyyəti ilə bağlı analizlər
bəhs olunan mərkəzlərin laboratoriyalarında
aparılır. Mərkəzlər
ən müasir abvadanlıqlarla təchiz edilib.
Perspektivdə
respublikamızda toxumçuluq elmi yanaşmalar və
innovasiyalar əsasında inkişaf etdiriləcək. Eyni
zamanda, toxumçuluğun maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində işlər
bundan sonra da davam etdiriləcək. Prezident İlham
Əliyevin müvafiq Sərəncamı əsasında
fəaliyyətə başlayan Dövlət Toxum Fondunun
Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və
Cəlilabad rayonlarında 5 toxum emalı
müəssisəsinin yaradılması 2019-cu ildə tam
başa çatdırılacaq. Layihəyə
əsasən müəssisələrin istehsal gücü
saatda 5 tondur. Bu
müəssisələrdə toxumların saxlanılması,
təmizlənməsi, dərmanlanması,
qablaşdırılması prosesləri həyata
keçiriləcək və fermerlər yüksək
kondisiyalı toxumlarla təmin ediləcəklər.
Respublikadakı 6
Dövlət Sort Sınaq Məntəqəsində
payızlıq dənli bitkilərin səpini başa
çatıb
Bitki Sortlarının
Qeydiyyatı və Toxum Nəzarəti üzrə
Dövlət Xidmətinin təsdiq olunmuş iş planına
əsasən, müxtəlif torpaq-iqlim şəraitinə
malik 6 Dövlət Sort Sınaq Məntəqəsində
(DSSM) payızlıq dənli bitkilərə aid sort-sınaq
işləri həyata keçirilir. İsmayıllı
DSSM-də 31 buğda, 6 arpa, Gədəbəy və Qusar
DSSM-də 19 buğda, Salyan DSSM-də 33 buğda, 8 arpa,
Ağdam DSSM-də 26 buğda, Naxçıvan DSSM-də
isə 19 buğda və 10 arpa sortları üzrə səpin
işləri yerinə yetirilib.
Kənd
Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə
əlaqələr və informasiya təminatı
şöbəsinin məlumatına əsasən,
müxtəlif bölgələr üzrə
Təsərrüfat Faydalı Sınaqların (TFS)
aparılmasında əsas məqsəd yerli şəraitə
uyğun, xəstəlik və zərərvericilərə
davamlı, daha məhsuldar və keyfiyyətli sortların
seçilməsindən, dövlət reyestrində qeydiyyata
alınmasından və istehsalatda tətbiq olunmasından
ibarətdir.
Fərqlilik,
Oxşarlıq və Sabitlik (FOS) sınaqlarının
aparılmasında isə məqsəd seleksiya
nailiyyətlərinin fərqliliyini,
oxşarlığını və sabitliyini müəyyən
etməklə patent verilməsi və mühafizə
hüququnun qorunmasını təmin etməkdən
ibarətdir. Bu məqsədlə İsmayıllı
DSSM-də 31 buğda və 6 arpa sortu üzrə FOS
sınaqlarına aid təcrübələr üzrə
səpin aparılıb.
Son illər
müxtəlif şirkətlər, hüquqi və fiziki
şəxslər tərəfindən respublikaya
gətirilən buğda və arpa sortlarının yerli
şəraitə uyğunluğunu müəyyən etmək
üçün İsmayıllı (dəmyə şəraitdə)
və Salyan (suvarma şəraitdə) DSSM-lərdə
nümayiş əkinlərinə aid səpin işləri
aparılıb. Bu məqsədlə hər iki məntəqədə
İtaliya, Fransa, Türkiyə və Rusiya mənşəli
28 yumşaq buğda, 6 bərk buğda və 8 arpa sortu
sınaq üçün əkilib. Nümayiş
əkinlərinə xarici sortlarla bərabər, hazırda
respublika ərazisində geniş əkin sahəsinə malik
olan yerli “Qobustan”, “Fatimə”, “Qırmızıgül 1”,
“Əsgəran” və s. sortlar da daxil edilib. Qeyd
olunan məntəqələrdə hazırda sort-sınaq
işlərinə aid fenoloji müşahidələr və
qiymətləndirmə işləri aparılır.
Dövlət
Sort-Sınaq məntəqələrində pambığın
istehsalat əkinlərinə geniş yer verilir
Azərbaycanda
ənənəvi kənd təsərrüfatı sahəsi
olan pambıqçılığın inkişafı
istiqamətində son illərdə ciddi addımlar
atılır. Respublika ərazisində pambığa aid
əkin sahələri genişləndirilir, yeni məhsuldar
sortlar qeydiyyata alınaraq istehsalatda tətbiq olunur. Bu
məqsədlə Bitki Sortlarının Qeydiyyatı və
Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin
müvafiq sort-sınaq məntəqələrində yeni
pambıq sortlarına aid sort-sınaq işlərinin
aparılması ilə bərabər, pambığın
istehsalat əkinlərinə də geniş yer verilir.
Kənd
Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə
əlaqələr və informasiya təminatı
şöbəsindən bildirilib ki, Salyan Dövlət
Sort-Sınaq Məntəqəsində (Salyan DSSM) pambıq bitkisinə
aid 19 yerli və xarici sortdan ibarət sort-sınaq
işləri görülüb. Sortlar
üzrə ayrı-ayrılıqda fenoloji
müşahidələr aparılıb, məhsuldarlıq
göstəriciləri təyin edilib və kimyəvi analiz
aparmaq üçün nümunələr Bakı Kimya
Texnoloji Laboratoriyasına göndərilib. Məntəqədə UPOV (Yeni Bitki
Sortlarının Mühafizəsi haqqında Beynəlxalq
Konvensiya) metodikasına uyğun olaraq pambıq
sortlarının 41 xüsusiyyəti üzrə qiymətləndirmə
işləri yerinə yetirilərək fərqlilik,
oxşarlıq və sabitlik əlamətləri
müəyyən edilib. Bundan başqa,
Salyan DSSM-də 14 hektar sahədə pambıq becərilib
və 38 ton məhsul əldə edilib. Orta
məhsuldarlıq məntəqə üzrə 27,5 sentner/hektar olub.
Ağdam Dövlət
Sort-Sınaq Məntəqəsində 18 hektar sahədə
pambıq becərilib və 52,2 ton
məhsul toplanıb. Orta məhsuldarlıq
məntəqə üzrə 29 sentner/hektar təşkil edib.
Kürdəmir Pambıq
Toxumu üzrə Sınaq Məntəqəsində isə cari
ildə 30 hektar sahədə pambıq becərilib. Bu
günə qədər sahədən 60 tondan çox
məhsul yığılıb və orta məhsuldarlıq
hər hektara 20 sentner olub. Bitki Sortlarının
Qeydiyyatı və Toxum Nəzarəti üzrə
Dövlət Xidmətinin qeyd olunan sort-sınaq
məntəqələrində pambıq yığımı
yekunlaşmaq üzrədir.
Təcrübə
məqsədilə əkilən ADN-123 pambıq sortu
yüksək məhsuldarlığı ilə fərqlənir
Cari ildə
“Azərpambıq ASK” MMC tərəfindən Bərdə
rayonunda təcrübə məqsədilə Türkiyənin
“Set Tohum” toxumçuluq şirkətinə məxsus ADN-123
tezyetişən pambıq sortu becərilib. “Azərpambıq
ASK” MMC-nin direktoru Bəhruz Camalov, Kənd
Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin
təşkili və monitorinq şöbəsinin müdir
müavini Fərman Kərimov, “Aqrolizinq” ASC-nin şöbə
müdiri İsrafil İsmayılov və “Set Tohum”
şirkətinin nümayəndələri ADN-123 pambıq
sortunun yetişdirildiyi Lək kəndi ərazisində
keçirilən tarla günündə çıxış
edərək, ölkəmizdə kənd
təsərrüfatının böyük potensiala malik,
ənənəvi və əməktutumlu istehsal
sahələrindən olan pambıqçılığın
dirçəldilməsi ilə bağlı atılan
addımlardan, əldə olunan uğurlardan,
məhsuldarlığın artırılması yollarından
danışıblar. Bildirilib ki,
pambıqçılıqda yüksək
məhsuldarlığa nail olmağın əsas
şərtlərindən biri yüksək reproduksiyalı,
yerli şəraitə uyğun məhsuldar toxumlardan
istifadədir. Yüksək məhsuldarlıq
keyfiyyətli toxumdan başlayır.
Diqqətə
çatdırılıb ki, “Azərpambıq ASK” MMC ilə
əməkdaşlıq edən fermerin sahəsində
becərilən tezyetişən ADN-123 sortu
məhsuldarlığı ilə seçilir. Digər
pambıq sortlarından xeyli gec - may ayının 23-də 2
hektar sahədə əkilən ADN-123 pambıq sortu yüksək
məhsul verib. Bu sort Azərbaycanın torpaq-iqlim
şəraitinə tam uyğundur.
Tədbirdə
həmçinin Türkiyənin CANSA şirkətinə
məxsus pambıqyığan maşının
sınağı aparılıb. Bu texnikanın
digərlərindən fərqli cəhəti odur ki, tam
açmış pambıq sahəsinə bir dəfə
girməklə tarladakı bütün pambığı
yığır.
Yeri gəlmişkən,
cari ildə Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin
sahələrində də pambıq tədarükündə
yüksək məhsuldarlıq əldə olunub. Bu il
Salyanda 7055 hektar pambıq əkilib ki, bunun da 7 hektardan
çoxu Salyan Regional Elm və Aqrar İnnovasiya
Mərkəzinin payına düşür. İkinci ildir ki,
mərkəzin təcrübə sahəsində xarici və
yerli sortların qarışıq, yəni çarpaz əkini
aparılır.
Salyan
Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin direktoru
Sədrəddin İbrahimov bildirib ki, bu il Mərkəzə
məxsus sahədə Yunanıstan və Türkiyədən
gətirilən 10 sort, eləcə də 4 sort yerli pambıq
əkilib. Bunda məqsəd yerli iqlim şəraitinə
yaxşı uyğunlaşan daha məhsuldar sortların
müəyyənləşdirilməsi və həmin sortlardan
geniş istifadə olunmasıdır.
“Alimlərimizin
yetişdirdiyi “Gəncə-110”, “Gəncə-160”,
“Gəncə-8”, “Aznixi” sortları xarici sortlara nisbətən
8-10 gün tez yetişir. Həmçinin yerli sortda hər
qozada olan pambığın çəkisi 4-4,5 qramdırsa,
xarici sortlarda 3-3,5 qrama çatır. Yerli sortlar
xəstəlik və ziyanvericilərə daha davamlıdır.
Bu üstünlüklərinə görə yerli pambıq
sortları iqtisadi cəhətdən daha
səmərəlidir”, - deyə Sədrəddin İbrahimov
vurğulayıb.
Direktor onu
da qeyd edib ki, yerli pambıq sortlarının hər
hektarından 40-50 sentner məhsul götürülür.
Hədəf isə yaxın gələcəkdə yerli
sortların xarici sortlarla seleksiyası nəticəsində
hər hektardan 60 sentner məhsul götürməkdir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 24 noyabr.- S.7.