Akademik Tofiq Hacıyev və ortaq
türk dili ideyası
Ortaq
türk dili ideyası xeyli vaxtdır gündəmdədir. Bu
ideyanı dəstəkləyənlərdən biri də
mərhum akademik Tofiq Hacıyev olub. AZƏRTAC bununla
bağlı filologiya üzrə elmlər doktoru Sərdar
Zeynalın qeydlərini təqdim edir.
Bəzən
insan özünü milyonların içərisində
tənha, kimsəsiz hiss edir. Bəzən
də insan cəmiyyətdən uzaq bir dağ başında,
dərə döşündə qəlbinə yatan, onu
anlayan, bir sözlə, insanlığa qiymət verən bir
kəslə üz-üzə olanda özünü qaynar bir
cəmiyyətin içində hiss edir, qəlbini
fəxarət hissi bürüyür.
Qarşında duran şəxsin
məqsədi, eşqi, amalı Vətən, dil, millət,
haqq-ədalət olanda isə ona inam, etibar, güvən daha da
çoxalır, bu cür insanları böyüdüb
boya-başa çatdırdığı üçün
sənə əbədi məkan olan yurdunla, məkanınla
fəxr etməyə bilmirsən.
Yurduna, elminə layiqincə xidmət
edən, otuzdan çox elmlər namizədi, ona yaxın
elmlər doktoru-alim yetişdirən, “Mirzə Kazım bəyi
215 ildən sonra öz ana dilində” danışdırmağa
ilk təşəbbüs göstərən, üç il
əvvəl dünyadan köçən akademik Tofiq
İsmayıl oğlu Hacıyev
belələrindən idi, başqa cür desək,
belələrinin mogikanı sayıla bilərdi.
Qarşılaşdığı
gənclərin ilk gündən elminə,
dünyagörüşünə, dilinə, millətinə
sevgisinə, bacarığına xüsusi önəm verən
bu millət fədaisi öz arzusuna çatmağa can atanlara
kömək göstərməyi heç zaman unutmadı, bunu
öz amalına, əqidəsinə, əxlaq kodeksinə
çevirdi.Onun qayğısı
sayəsində öz əlçatmaz arzusuna qovuşanlardan da
biri mənəm. Otuzdan çox elmi
kitabın, ondan çox tərcümə kitabının,
xarici ölkələrdə nəşr olunan 40 əsərin,
yüzlərlə məqalənin müəllifi olan akademik
Tofiq Hacıyevin elmi yaradıcılığının
əsasını türk dilinə, onun problemlərinə
həsr olunmuş əsərləri təşkil edir.
Akademikin
türkologiya, türk dilləri, ortaq ünsiyyət dili
ilə bağlı məqalələrindən birincisi
“Azərbaycan gəncləri” qəzetinin 1970-ci il 12 fevral
nömrəsində dərc olunan “İstedadlı türkoloq”
məqaləsidir. Məqalədən də görünür
ki, o hələ gənc yaşlarından türkologiya ilə dərin
maraqlanmış, bu sahədə çalışan
alimlərin yaradıcılığına xüsusi diqqət
yetirirdi. Bunun ardınca akademik türkologiya
məsələləri ilə dərindən və
mütəmadi məşğul olur, bir-birinin ardınca “Biz
Mirzə Kazım bəyi yaxşı
tanıyırıqmı?” (“Ədəbiyyat və
incəsənət”, 27 noyabr 1987), “Dilimizin tarixi: onu
yaxşı bilirikmi?” (“Azərbaycan
gəncləri”, 20 aprel 1989), “Bugünkü
türk kitabları” (“Ədəbiyyat” qəzeti, 10 may 1991),
“Türkoloji qurultay: gündəliyi və problemlərinin
taleyi” (“Ədəbiyyat qəzeti”, 18 noyabr 1996), “Birinci
Türkoloji Qurultayda ədəbi dil məsələsi
(“Ədəbiyyat” qəzeti, 16 dekabr 2015), “Türk dilində
sözün morfoloji inkişafı (Türk dillərinin
leksik-morfoloji inkişafı)” (ADU nəşri, 1981, səh
15-25) və digər məqalə və kitablarını
çap etdirib. Bütün əsərlərində
türkdilli xalqlar üçün ortaq türk dili
məsələsini qabardan akademik fikirlərinə
“Türklər üçün ortaq ünsiyyət dili”
əsərində sanki yekun vurub, öz fikirlərini bu kitabda
əks etdirib. Bu əsərin əsas mövzusu dünyada
yaşayan türklərin bir-birilərini aydın başa
düşmələri, eyni zamanda, onları həm də
qırılmaz tellərlə bir-birinə bağlayan ortaq
ünsiyyət dili olan türk dili məsələsidir.
Kitabın
“Ön söz yerinə” adlanan giriş bölməsi
Ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin
bu cümlələri ilə başlayır: “Müasir türk
dünyası yeni yüksəliş mərhələsini
yaşayır. Bu gün suverenlik əldə etmiş gənc
türk cümhuriyyətlərinin bir sırada inamlı
addımları türk dünyasının xoşbəxt
sabahından xəbər verir”.
Müəllif
qeyd edir ki, “Türk ölkələrinin Rusiya
tərəfindən işğalına qədər türk
xalqları arasında anlaşma problemi olmamışdır”.
Lakin türkdilli ölkələrin rus imperiyası
tərəfindən işğalından sonra bu qardaş, dili
bir, dini bir millətlər arasında süni uçurumlar
yaranmağa, onlar arasındakı sıx əlaqələr
zəifləməyə başlamışdır.
Akademik bu
məsələ ilə bağlı Engelsin Marksa
yazdığı məktubunda öz əksini tapan fikirləri
nümunə göstərir: “Engels fikrinə belə
şərh verir ki, məsələn, Almaniyada,
İngiltərədə, Fransada hər millət öz etnik
atributları ilə yaşayır, ancaq Rusiyada hamı rus kimi
yaşamalıdır. Və bu ruslaşdırma siyasəti
əksəriyyəti rus imperiyasında yaşayan
türklərin anlaşma rahatlığını pozdu”.
Görkəmli
alimin özü türk xalqlarının başına
gətirilən müsibətlər, onların anlaşma
rahatlığının nə zamandan pozulduğunu çox
gözəl bilirdi. Lakin bu həqiqəti öz dili ilə
özü ifadə etmək istəmirdi. Çünki bu fikrin
öz yurdunu və dilini sevən bir türkoloq
tərəfindən söyləndiyi üçün onun
yanlış yozulacağından ehtiyat edirdi. Ona görə də öz fikrini və
münasibətini Marksın fikirləri ilə ifadə edir,
yüz illərlə yaşadığımız bu
müstəmləkə acısı və həsrət
hissinin haradan və nə vaxtdan başlandığını
dolayısı ilə olsa da, gələcək
nəsillərə çatdırırdı.
Akademik bu məsələdə XIX
əsrin 80-ci illərində Krım-tatar ideoloqu İsmayıl
bəy Qaspıralının türk birliyi üçün
“İşdə, fikirdə, dildə bir” ideyasını
rəhbər tutaraq, türk xalqları arasında digər
əlaqələrin başlanğıcının da bu ideyadan
qaynaqlandığını ilk dəfə olaraq irəli sürdü. Alim bir
olmağın, birləşməyin, böyük bir xalqın
(eyni zamanda, bütün türk xalqlarının) taleyinin
gələcəkdə yalnız bu birlikdən asılı
olduğunu dəlillərlə sübut edir. Müəllif
bununla bağlı yazır: “XX əsrin
əvvəllərində Azərbaycanda Əli bəy
Hüseynzadə (Turan), Türkiyədə Ziya Göyalp bu
ideyanı yaşatdılar və inkişaf etdirdilər.
Əlbəttə bir olmaq, bir məsləkə qulluq etmək
yolunda bir dildə ünsiyyət saxlamağın,
həqiqətən, böyük əhəmiyyəti var. Bu birlik ideyası ortaq türk dili ideyasını
yaratdı. Bu məsələ müzakirə oluna-oluna,
çözülə-çözülə sovetlərə
qədər uzandı. 1926-cı il Bakı Türkoloji
qurultayında gündəliyə düşdü, 1937-ci il
repressiyasından sonra qəti olaraq dayandı. Bir də Sovet
İttifaqı dağılandan sonra, müstəqil türk dövlətlərinin
yaranması ilə Türkiyədə Uluslararası türk
dili qurultaylarında bu mövzu yenidən
qaldırıldı”.
Tofiq
Hacıyev illərdən bəri öz dilinin, xalqının,
yurdunun böyüklüyünü bütün dünyaya
bəyan etmək, göstərmək və sübut etmək istəyib. Mahmud Kaşğari, Əli bəy Hüseynzadə,
İsmayıl bəy Qaspıralı və Ziya Göyalp kimi
şəxsiyyətlərin arzularının
davamçısı, vərəsəsi kimi
çıxış edir, bu işi başa
çatdırmağı özünün bir
vətəndaş, türklük borcu sayırdı. Bu
ideyanı həyata keçirməyi
özünün şərəfli vəzifəsi hesab edir,
müxtəlif türk xalqlarının
nümayəndələri ilə türk dili ilə deyil,
başqa bir xarici dillə ünsiyyət qurmağı hər
bir türk üçün həqarət sayırdı. O,
Mahmud Kaşğarinin “Türkün ürəyinə
girmək üçün onunla onun dilində
danışmaqdan başqa yol yoxdur” fikrini əsas tutaraq
yazırdı: “Müxtəlif coğrafiyalardan olan
türkün türkcə danışmasında xüsusi bir
mənəvi-psixoloji hissiyyat, doğmalıq duyulur”.
Görkəmli türkoloq
yaşadığımız dövrdə türk
xalqlarının inkişafi, dil birliyi üçün hər
cür şəraitin yarandığını söyləyir,
bu işin həyata keçirilməsində dövlətimizin
başçısı İlham Əliyevin də böyük
səylər göstərdiyini vurğulayaraq, onun aşağıdakı fikirlərini sitat
gətirir: “Türkün dünyası böyük
dünyadır. Biz elə etməliyik ki, türk dünyası
daha da sıx birləşsin. Bunu etmək üçün
bütün imkanlar vardır”.
Böyük türkoloq ortaq türk dilinin
yaranması, türk dünyasının inkişafı və
çiçəklənməsinə göstərilən
dövlət qayğısının
genişlənməsindən qürurlanır və bundan
böyük fəxarət hissi duyaraq yazırdı: “Türk dövlət
başçılarının sammitlərində
hamının anlayacağı bir türk dili
işlənsə, gözəl olar, ürəkaçan bir
atmosfer olar”.
Akademik Ulu öndər Heydər Əliyevin
riyazi dəqiqliklə düsturlaşdırdığı “Biz
bir millət, iki dövlətik” ifadəsinə böyük
qiymət verərək bu cür birliyi təkcə Türkiyə
və Azərbaycan arasında deyil, digər altı
müstəqil türk dövlətinin - Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan, Azərbaycan və
Türkiyə arasında olmasını arzulayırdı.
Müəllif adları qeyd olunan türk dövlətləri
arasında birliyin, möhkəmliyin, dostluğun əbədi
olmasını türklər üçün ümumi
ünsiyyət dilinin yaranmasında görürdü.
Ömrünü, fəaliyyətini türk
dillərinin tarixi köklərinin inkişafının
araşdırılmasına həsr edən türkoloq ortaq
türk dili tərəfdarlarının digər türkdilli
respublikalarda da olduğunu qeyd edir və məsələ
ilə bağlı 2000-ci il aprelin 8-də “Dədə Qorqud”
kitabının 1300 illik yubileyinə gələn
Qırğızıstanın məsul dövlət
adamının “Biz bir millət, altı dövlətik”
ifadəsini yüksək dəyərləndirirdi.
Tofiq
Hacıyev ortaq ünsiyyət dili olan türk dilinin digər
türk dillərinin sıradan çıxması
əsasında yaranmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini
inkişaf etdirməklə yanaşı, ortaq türk dili
yaradıb, digər xarici dillərin köməyi olmadan
həmin ortaq ünsiyyət dilindən - türk dilindən
yararlanmasını arzulayırdı. Mahmud
Kaşğaridən başlanan, İsmayıl bəy
Qaşpıralı və Əli bəy
Hüseynzadə yaradıcılığında
çiçəklənən bu ideyanın
qarşısında duran məqsədin səhv başa
düşülməsini istəməyən bu Vətən
sevdalı alim 2001-ci ildə mətbuata müsahibəsində
belə deyirdi: “Ümumi türk dili formalaşa bilməz. Kimsə
ana dilindən əl çəkib təzə dil yaratmaz.
Sadəcə, müasir türk dillərindən birini ümumi
ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi
ünsiyyət dili sənin həmişə işlətdiyin
ana dilinin yerinə gəlmir. Sən
ailədə, işdə dostlarınla həmişə
işlətdiyin ana dilində danışacaqsan. Ümumi
ünsiyyət dilini başqa türkcələrin
nümayəndələri ilə ünsiyyətdə,
beynəlxalq tədbirlərdə işlətməlisən, o,
sənin dil açdığın dili, beşik dilini
sıxışdırmamalıdır, yoxsa bütün
türklər tərəfindən sevilməz, ana dilinə
şərik sayılar. Ana dili Tanrı gücündə
varlıqdır. Tanrı da ki, bildiyimiz kimi, şərik
sevməz”.
Bu cavabda
alimin təkcə öz dilinə, ortaq ünsiyyət dili
olacaq türk dilindən əlavə digər türk
dillərinə - qazax, qırğız, özbək,
türkmən dillərinə də olan sevgisi özünü
büruzə verir. O bilir ki, öz kökündən
üzülən ağac nə qədər nəhəng olsa
da, son anda məhvə məhkumdur. O, türklər
üçün ortaq ünsiyyət dili olan “Türk dili”nin
daha da inkişaf etmiş, şaxələnmiş
müxtəlif türk dilləri əsasında qurulması
arzusunda olduğunu qabardır.
Azərbaycanın
yurdsevər oğulları həmişə öz doğma
dilinin qayğısına qalmış, onun gələcək
taleyi ilə bağlı narahatlıqlar yaşamışlar. Dilimizə olan yad təsirlərin, təzyiqlərin
nəticəsində onun təsir dairəsinin nə vaxtsa daralması
qorxusu onları rahat buraxmırdı. Onlar türk
xalqlarının get-gedə bir-birindən uzaq
düşməsinin son nəticədə uçurumlar
yaradacağından qorxaraq, həmişə bu fikri
yaradıcılıqlarının əsas mövzusuna çevirmişlər.
Bu ayrılmaların son nəticəsindən qorxan
böyük Azərbaycan şairi Almas İldırım
“Türk
elləri bir-birinə yadlanır,
Qazax,
qırğız, özbək,
türkmən
adlanır”
- deyə
haray çəkirdi. O, sanki böyük türkcəmizin
bölünə-bölünə öz
böyüklüyünü itirəcəyindən ehtiyat
edirdi.
Türkiyə türkcəsinin ortaq
ünsiyyət dili səviyyəsinə keçməsi
uğrunda mübarizə aparan akademik Tofiq Hacıyev isə
Almas İldırımın bu narahatlığını onun
şairliyindən irəli gələn emosional bir narahatlıq
adlandırır və bununla bağlı yazırdı: “Bir ana dili
əsasında dil ailəsinin yaranması və onun
tərkibindəki dillərin getdikcə ana dildən və
eləcə də tədricən törəyən başqa
qohum dillərdən fərqlərinin artması ictimai-tarixi
təbii hadisədir, elmin qəbul və təsdiq etdiyi
faktdır. Dillərin ayrılması və
getdikcə uzaqlaşması dilin inkişaf qanunudur.
Zərərli, ziyanverici hadisə deyil”.
Beynəlxalq tədbirlərdə
əcnəbi dillərin hegemon rola malik olduğunu, bu
dillərin işlək olduğunu görən böyük
alim özünün bəxtinə yazılmış,
şirin türk dilinin bu səviyyədə inkişaf
etməməsini, bəlkə də, qüruruna
sığışdırmırdı. Ədəbiyyatı, incəsənəti,
tarixi, ədəbi nümunələri cəhətdən daha
zəngin olan bir xalqın, heç olmasa, türkdilli xalqlar
arasında özlərinə yaraşan bir dildə ünsiyyət
qurmaq arzusunu ürəyində bir dərd kimi
yaşadırdı. Yüz illər boyu
vətənpərvər övladlar tərəfindən
ürəklərdə yaşayan bu dərd, bəlkə
də, nə vaxtsa öz dərmanını tapacaq və yad
dillərin yardımına ehtiyac duyulmayacaq. Onda təkcə
akademik Tofiq Hacıyevin yox, eyni zamanda, Ulu Mahmud Kaşğari,
Krım tatarı İsmayıl bəy Qaspıralı,
Azərbaycanın yurdsevər övladı Əli bəy Hüseynzadə
(Turan) və Türkiyə ziyalısı Ziya Göyalpın
ruhları şad olacaq.
Yeni
Azərbaycan.-2018.- 24 noyabr.- S.5.