Bakıda Türk Filmləri Həftəsi başlayıb
Dünən Nizami Kino Mərkəzində IV Türk Filmləri Həftəsinin açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə aktyorlar Gizem Qaraca, Dəniz Oral, Sezgin Ərdəmir, film həftəsinin baş koordinatoru Önər Kılıç və başqaları iştirak ediblər. Noyabrın 27-dəkdavam edəcək film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşır.
Film həftəsinin baş koordinatoru Öner Kılıç mətbuat konfransı zamanı bildirib ki, beş türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq. Filmlərin nümayişindən sonra türkiyəli rejissorlar və filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil ediləcək. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, film həftəsinin ilk günündə - noyabrın 23-ü saat 20:00-da Nizami Kino Mərkəzində “Güllər” filminin qala-gecəsi reallaşıb.
MÜŞFİQƏ
Yeni
Azərbaycan.- 2018.-24 noyabr.- S.7.