Bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin icrası uğurla davam etdirilir

 

2018-ci ilin yanvar-sentyabr aylarında 818 kilometr içməli su, 257 kilometr kanalizasiya xətləri çəkilib

Məlum olduğu kimi, son 15 il ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar əldə edilib. Eyni zamanda, ötən illərdə olduğu kimi, 2018-ci ilin 9 ayı ərzində də ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Heç şübhəsiz, əldə edilən uğurlar, iqtisadiyyatın inkişafı öz növbəsində bütün ölkə boyu infrastruktur layihələrinin icrasına əlverişli şərait yaradır.

İnfrastruktur layihələrindən söz düşmüşkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan dövlət başçısı deyib ki, infrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır: “Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq. Bu ilin sonuna qədər “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, bizim sistemimizə əlavə 400 meqavat enerji verəcək. Bu, çox böyük gücdür. Eyni zamanda, enerji sistemimizdə çox ciddi islahatlar, təhlil aparılır”.

Dövlət başçısı onu da deyib ki, digər infrastruktur layihələri ilə bağlı işlər qrafik üzrə gedir: “Bu il 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometr idi. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır. İçməli su layihələri, meliorativ tədbirlər uğurla icra edilir. Bu il biz 100 min hektar torpağa su gətirmişik, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna qədər 30-u da qazılacaq”.

Beləliklə, vurğulanldığı kimi, ölkəmizdə içməli su layihələri uğurla icra edilir. Öz növbəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. İstər bu ilin 9 ayının yekunları, istərsə də ondan sonrakı dövrdə görülən işlər də deyilənləri təsdiqləyir. “Azərsu” ASC-nin 2018-ci ilin yanvar-sentyabr ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bəyan edildiyi kimi, ötən dövrdə istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun iclasdakı çıxışında qeyd etdiyi kimi, cari ilin fevral ayında Mingəçevir, may ayında isə Xaçmaz və Xızı şəhərlərində, eləcə də Altıağac qəsəbəsində içməli su layihələrinin icrası yekunlaşıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib: “Bununla da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya, 11-də isə su şəbəkələrinin inşası başa çatıb”.

Qeyd olunub ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına, həmçinin dövlət investisiya layihəsinə əsasən içməli su çatışmazlığının müşahidə edildiyi 19 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 205 kilometrə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 617 bulaq quraşdırılıb. İndiyədək 14 kəndə su verilib və 25 mindən çox sakininin içməli su problemi həllini tapıb. Bundan əlavə, dövlət başçısının “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi haqqında” Sərəncamına uyğun olaraq işlər davam etdirilib.

Eyni zamanda, 2018-ci ilin yanvar-sentyabr aylarında 818 kilometr içməli su, 257 kilometr kanalizasiya xətləri çəkilib. Fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,8 faiz, Bakı şəhəri üzrə 81,5 faiz təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi isə 80,7 faizə yüksəlib.

İclasda o da bildirilib ki, bu ilin sonuna qədər kəndlərdə həyata keçirilən içməli su layihələri yekunlaşacaq. Gələn ilin əvvəlində isə bir sıra şəhərlərdə su və kanalizasiya layihələrinin icrası başa çatacaq. 2019-cu ildə Abşeron yarımadasında yeni su və kanalizasiya layihələrinin icrasına xüsusi diqqət yetiriləcək.

Yuxarıda da vurğulandığı kimi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirir. Məhz bu kontekstdə respublikanın qərb bölgəsinin içməli və suvarma suyu ilə təminatında mühüm əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi ətraf şəhər və rayonların içməli su ilə təminatı üçün böyük imkanlar yaradıb.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetr olan su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Anbarın potensial ehtiyatı böyük olduğundan dayanıqlı içməli su təchizatı üçün etibarlı mənbə hesab edilir. Üstəlik, burada toplanan yerüstü suların təbii durulmadan keçməsi onun təmizlənməsində əlavə üstünlüklər yaradır.

Bütün bunlar nəzərə alınaraq Şəmkirçay su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğunun tikintisinə qərar verilib. Şəmkirçay sutəmizləyici qurğular kompleksinin tikinti layihəsinə qum filtrləri, reagent təsərrüfatı, hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, 1 ədəd transformator, xlorator qurğusu və inzibati bina daxildir.

Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq. Buradan götürülən su qum süzgəclərdə təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq. Yeni yaradılacaq mənbə hesabına Şəmkir, Samux, Gəncə şəhərləri və magistral kəmərlərin marşrutu üzərində yerləşən yaşayış məntəqələri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün uzunluğu 27,5 kilometr olan magistral su kəmərinin tikintisi artıq yekunlaşıb, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Bununla yanaşı, qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.

Məlumat üçün bildirək ki, Gəncə və Şəmkir şəhərləri üçün alternativ mənbə hesab olunan Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək. Bu da 3 şəhərdə və ətraf kəndlərdə 400 minədək insanın keyfiyyətli və dayanıqlı içməli su təminatına imkan yaradacaq. “Azərsu” ASC-nin sifarişi ilə inşa edilən Şəmkirçay sutəmizləyici qurğularının inşası üzrə işlərin 80 faizi yerinə yetirilib və tikinti-quraşdırma işlərinin yaxın 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biridir. Bu layihə ərzaq təhlükəsizliyi, insanların həyat şəraitinin, maddi rifah halının yaxşılaşdırılması, bölgənin içməli suya olan tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyətlidir.

Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində uğurlu addımlar atılıb. Məhz bunun nəticəsidir ki, Naxçıvan şəhəri və ətraf kəndlərdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində reallaşdırılan layihələr artıq başa çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Naxçıvan Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində inşa edilən Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksi əhalinin içməli suya olan ehtiyacını tam şəkildə ödəyir. Naxçıvançay yatağında uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metr olan kaptaj tikilib. Əhalini keyfiyyətli su ilə təmin etmək üçün gün ərzində 40 min 800 kubmetr və ya saniyədə 472 litr sutəmizləmə gücünə malik olan nanofiltrli membrantipli sutəmizləyici qurğunun, əhaliyə suyun fasiləsiz çatdırılması üçün ümumi tutumu 25 min kubmetr olan su anbarının tikintisi həyata keçirilib. Naxçıvan şəhəri və Naxçıvan şəhər inzibati ərazisinə aid olan 5 kənd (Qaraçuq, Bulqan, Qaraxanbəyli, Hacıniyyət və Tumbul), həmçinin layihədən qənaət olunmuş vəsait hesabına Babək rayonunun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndləri daxil olmaqla, müxtəlif diametrli borularla 350,1 kilometr daxili su şəbəkəsi, 332,5 kilometr kanalizasiya şəbəkəsi çəkilib və 25 min 874 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. 135 min nəfər su və kanalizasiya şəbəkəsindən istifadə etmək imkanı qazanıb. Yerin relyefi nəzərə alınaraq şəbəkə üzərində 2 ədəd təzyiqazaldıcı tikilib.

Çirkab suların təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin sağlamlaşdırılmasının və çirklənməsinin qarşısının alınması məqsədilə belə suların təmizlənməsi və kənd təsərrüfatında istifadəsi üçün Araz çayının kənarında Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi tikilib. Təmizləyici qurğu gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litr çirkab sutəmizləmə gücünə malikdir. Qurğu üç mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Ətrafa qoxunun yayılmaması üçün kompleksdə üç havatəmizləyici qurğu quraşdırılıb. Qurğudan çıxan bərk tullantılar xüsusi aparatlarda emal olunaraq gübrə kimi istifadə edilir. Membrandan çıxan təmiz su ilə suvarma mövsümündə öz axını ilə 170, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək olur. Layihənin icrasında yeni texnologiyalardan və avadanlıqlardan istifadə edilib, tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilib.

Bu işlərin həyata keçirilməsi nəticəsində Naxçıvan şəhər əhalisinin Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz su ilə 24 saat təmin edilməsinə nail olunub.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2018.- 27 noyabr.- S.7.