Bakıda “Heç kim kənarda
qalmasın: Qadınlara və qızlara qarşı
zorakılığa son!” adlı konfrans keçirilib
Noyabrın 26-da Birləşmiş Millətlər
Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi
və Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin birgə təşkilatçılığı
ilə Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara
və qızlara qarşı zorakılığa son!” mövzusunda
konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
“Gender zorakılığına qarşı 16 günlük fəallıq”
adlı beynəlxalq kampaniya çərçivəsində təşkil
olunub. 25 noyabr - Qadınlara Qarşı
Zorakılığın Aradan Qaldırılması Beynəlxalq
Günündən başlayaraq 10 dekabr - İnsan
Hüquqları Gününədək davam edəcək
beynəlxalq kampaniyanın əsas məqsədi gender əsaslı
zorakılıqla mübarizə ilə əlaqədar yerli,
milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin
aparılmasıdır.
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova konfransda çıxış edərək deyib
ki, qadınlara qarşı zorakılıq dünyamiqyaslı
bir problemdir. Hələ 1993-cü ildə Qadınlara
münasibətdə zorakılığın
qarşısının alınması haqqında Bəyannamədə
bu terminin izahı verilib. Burada göstərilir ki, istənilən
zorakılıq aktı qadınlara münasibətdə
zorakılıq deməkdir. Təəssüflər olsun ki,
hazırda bütün dünyada hər üç qadından
biri öz həyatı boyu fiziki və ya cinsi
zorakılığa məruz qalır. Hər il
dünyada 1200-ə yaxın qadın öz partnyorları və
qohumları tərəfindən öldürülür, 2
milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə
ağır şəkildə döyülür, 1000-ə
yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə
üzləşir. 750 milyon qız 18 yaşına
çatmamış erkən nikaha girməyə məcbur
edilir. Qadın və qızların 71 faizi insan alverinin
qurbanına çevrilir. Bütün bunlar göstərir ki,
zorakılıq nə coğrafi sərhəd, nə də
yaş hədi tanıyır. Bunları nəzərə
alaraq, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı
25 noyabrı rəsmi olaraq Qadınlara Qarşı
Zorakılığın Aradan Qaldırılması Beynəlxalq
Günü elan edib və gələn il bu günün 20 ili
tamam olacaq.
“Təcrübə göstərir ki, o ölkələrdə
ki, xaos, qeyri-sabitlik hökm sürür, silahlı
münaqişələr baş verir, orada qadınlar daha
çox və kütləvi şəkildə zorakılıq
əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı
öz təcrübəsində bunun acı nəticələrini
görüb. Ermənistanın ölkəmizə silahlı təcavüzü
nəticəsində minlərlə azərbaycanlı qadın
həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə
və təhqirlərə məruz qalıb. Bu
gün də rəsmi qeydə alınan 288 itkin, 98 əsir və
girov qadın Ermənistanda və Azərbaycanın
işğal edilmiş ərazilərində dözülməz
şəraitdə saxlanılır, məcburi əməyə
cəlb edilir və digər zorakılıq əməllərinə
məruz qoyulur”, - deyə H.Hüseynova qeyd edib.
Komitə sədri bildirib ki, Azərbaycan cəmiyyətində
qadına hörmət təməl dəyərlərdən
biridir. Qadınlara qarşı hər bir zorakılıq
halı, o cümlədən məişət
zorakılığı cəmiyyətimiz tərəfindən
həmişə mənfi qarşılanıb. İnsan
hüquq və azadlıqlarının müdafiəsi,
bütün zorakılıq hallarının aradan
qaldırılması, eləcə də
qadınların öz hüququnu bilməsi, onların fəallığının
artırılması hökumətin prioritetlərindəndir.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva bu məsələdə
xüsusi həssaslıq göstərir və mövzunu daim
diqqətdə saxlayırlar. Eyni zamanda, məişət
zorakılığı, erkən nikah hallarının
qarşısının alınması, o cümlədən
qadınların sosial və iqtisadi həyatda fəal
iştirakının təbliği sahəsində müvafiq
dövlət orqanları, vətəndaş cəmiyyəti,
bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə
də BMT-nin bir çox qurumları ilə birgə layihələr
həyata keçirilir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Qulam İshaqzai çıxışında qadın və
kişilərin bərabər hüquqlara malik olmasına
baxmayaraq, həyatları boyunca siyasi, sosial, iqtisadi və hətta
şəxsi müstəvidə səlahiyyətlərin
bölgüsündə qeyri-adekvat təmsil olunduqlarını
qeyd edib. Qadınların
qarşılaşdıqları problemlərdən, onların
hüquqlarının qorunması istiqamətində
görülən işlərdən danışan
Q.İshaqzai bildirib ki, bu gün qanuna əsasən
qadınların və kişilərin hüquqları bərabərdir.
O, bu gün qadınların müxtəlif sahələrdə,
o cümlədən təhsil və səhiyyə sahələrində
fəal işlədiklərini qeyd edib. Rezident əlaqələndirici
Azərbaycanda qadın hüquqlarının qorunması,
onların müxtəlif sahələrdə işlə təmin
edilməsi məsələlərinə də toxunub. Həmçinin
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi ilə təmsil etdiyi qurumun əlaqələrindən
bəhs edib, cəmiyyətdə qadınlara münasibəti
öyrənmək üçün birgə
araşdırmanın aparıldığını deyib. “Araşdırmanın nəticələri yaxın
zamanlarda təqdim ediləcək. Ümid edirik ki, Azərbaycanda
gender bərabərliyini daha yaxşı təmin etmək
üçün bu araşdırmanın nəticələrindən
düzgün istifadə ediləcək”, - deyə Q.İshaqzai
bildirib.
Rezident əlaqələndirici, həmçinin
BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata
keçirilməsinə verdiyi töhfəyə görə Azərbaycan
hökumətinə minnətdarlığını deyib.
Azərbaycanın insan
hüquqları üzrə müvəkkili (ombudsman) Elmira
Süleymanova bildirib ki, Ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıtması ilə ölkəmizdə
yeni islahatlar dövrü başladı. Bu islahatlar həyatın
bütün sahələrini, o cümlədən insan
hüquqlarını əhatə etdi. 1993-cü ildə BMT-nin
Vyanada keçirilmiş insan hüquqları üzrə
ilk qlobal konfransında fəaliyyət proqramı qəbul
edilib. Burada göstərilir ki, qadınlara münasibətdə
zorakılıq BMT-nin qarşısında qoyulan məqsədlərə,
bərabərlik, inkişaf və sülhə nail olmaqda ən
çətin maneələrdəndir. Həmin il BMT-nin Baş
Assambleyası Qadınlara qarşı
zorakılığın aradan qaldırılmasına dair Bəyannamə
qəbul etdi. Bu sənəd 1995-ci il qadınların IV
Ümumdünya Konfransının Pekin platforması ilə birgə
bütün dünyada zorakılıqla mübarizənin təməlini
təşkil edir. Vyana konfransı həm də hər bir
dövlətə insan hüquqları ilə bağlı milli
fəaliyyət planı qəbul etməyi tövsiyə edib.
Ombudsman deyib ki, Prezident İlham Əliyevin insan
hüquqlarının təmin olunması sahəsində həyata
keçirdiyi uğurlu siyasət nəticəsində yeni
qanunvericilik aktları, Milli Fəaliyyət Planı və
Proqramı qəbul edilib və yeni qurumlar yaradılıb. Bu
baxımdan ölkəmizdə də bu problemə qarşı
ciddi mübarizənin əsası qoyulub və müvafiq
qanunvericilik bazası yaradılıb. Belə ki,
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları
haqqında”, “Məişət zorakılığının
qarşısının alınması haqqında” Azərbaycan
Respublikasının qanunlarını, məcəllələrə
edilən əlavə və dəyişiklikləri ölkəmizdə
bu sahədə həyata keçirilən hüquqi
islahatların bariz nümunəsi kimi göstərmək olar. Eyni zamanda, Azərbaycanda insan hüquqlarına dair
üç mühüm strateji sənəd - “İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı”, “Azərbaycan Respublikasında İnsan
Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət
Planı” və “Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul
olunub.
Milli Məclisin Ailə, qadın
və uşaq məsələləri komitəsinin sədri
Aqiyə Naxçıvanlı deyib ki, müasir zamanda
zorakılıqla mübarizə, gender bərabərliyi
demokratik institutların inkişaf səviyyəsinin qiymətləndirilməsində
əsas amillərdən biridir. Azərbaycanda
zorakılığın qarşısının
alınması, zorakılıq qurbanlarının sosial
reabilitasiyası üzrə dövlət tədbirləri
sistemi formalaşıb. Ölkəmizdə ailə və
qadın siyasəti sahəsində beynəlxalq hüquqa
uyğun qanunvericilik bazası yaradılıb. Dövlət
müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
Respublikası qadın hüquqlarının qorunması
üzrə, demək olar ki, bütün mühüm beynəlxalq
sənədlərə qoşulub. Ölkəmiz BMT-nin
“Qadınların siyasi hüquqları” üzrə
Konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı
ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması” üzrə
Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə
Protokoluna və “Ərdə olan qadının vətəndaşlığı
haqqında” Konvensiyaya qoşulub. 2006-cı ildə Azərbaycanın
qanunverici orqanında “Gender bərabərliyinin təminatları
haqqında” qanun qəbul olunub. 2010-cu ildə isə “Məişət
zorakılığının qarşısının
alınması haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edilib. “Birmənalı şəkildə, demək
olar ki, zorakılıqla bağlı qanunvericilik aktları
müəyyən stereotiplərin qarşısının
alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların təsdiqi, onların həyata
keçirilməsi cəmiyyətdə mövcud olan bəzi
münasibətlərin tənzimlənməsinə
böyük təkan verib. Əlbəttə ki, qadın və
uşaqlara qarşı məişət
zorakılığı kimi sosial hallardan müdafiə
yalnız qanunvericiliklə kifayətlənmir. Azərbaycanda,
həmçinin bu və ya digər məişət
zorakılığı törətmiş şəxslər
haqqında məlumat bazası yaradılıb ki, onlarla da
müvafiq tərbiyəvi-profilaktik işlər
aparılır. Zorakılıq qurbanlarına kömək məqsədilə
qeyri-hökumət təşkilatları da daxil olmaqla müxtəlif
kömək mərkəzləri yaradılır”, - deyə
komitə sədri bildirib. Aqiyə Naxçıvanlı maarifləndirmə
işlərinin də əhəmiyyətindən
danışıb. Qeyd edib ki, bu işlərin, xüsusilə
regionlarda, təhsil müəssisələrində
ardıcıl və interaktiv formada aparılması
labüddür.
Konstitusiya Məhkəməsinin hakimi Ceyhun
Qaracayev çıxışında məişət
zorakılığı ilə mübarizədə məhkəmə
təcrübəsinin roluna və beynəlxalq nəzarət
mexanizminin milli hüquq sisteminə müsbət təsiri
xüsusiyyətlərinə toxunub. O deyib ki, Azərbaycan
qanunvericiliyində qısamüddətli və uzunmüddətli
mühafizə orderləri öz təminatını tapıb,
ancaq onların tətbiqi mexanizmi təkmilləşdirilməlidir.
Ceyhun Qaracayev diqqətə çatdırıb
ki, Konstitusiya Məhkəməsində Mülki Məcəllənin
228-ci maddəsinin şərhi ilə bağlı altıdan
çox işə baxılıb. Həmin maddədə qeyd
olunur ki, nikaha daxil olan şəxslər mülkiyyətçi
ilə notarial qaydada təsdiq edilmiş müqavilə
bağlamalıdırlar. Lakin təcrübədə
bunun çox nadir hallarda baş verdiyini söyləyən
Konstitusiya Məhkəməsinin hakimi deyib ki, nikah
bağlandıqdan sonra qadın həyat yoldaşının
valideynlərinin mülkiyyətində olan mənzilə gəlin
gəlir və heç də müqavilə bağlamaq
haqqında düşünmür. Boşanma
nəticəsində isə yalnız mülkiyyətçinin
iradəsindən asılı olaraq istifadə hüququnu əldə
edir. Əksər imkansız ailələrdə qadınlar
yalnız yaşamaq hüququnu itirməmək
üçün hər növ təhqir və fiziki təzyiqlərə
məruz qalmağa razıdırlar.
Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik İdarəsinin
şöbə rəisi, polis polkovniki Adıgözəl
Adıgözəlov bildirib ki, cəmiyyətimizin ictimai həyatında
qadının mövqeyi uzun tarixi bir dövr keçərək
formalaşıb və inkişaf edib. Lakin bu inkişaf
asan əldə olunmayıb, qadınlar özlərini təsdiq
etmək üçün bir sıra çətinlikləri
aradan qaldırmaq uğrunda mübarizə aparıblar.
Qadınlara qarşı zorakılığın
qarşısının alınması müasir dövrün
mühüm məsələlərindəndir. Müstəqil
dövlətimizin ali qanunları dövlət qadın siyasətinin
həyata keçirilməsi üçün hüquqi müstəvidə
böyük imkanlar yaratmasına baxmayaraq, bəzən
qadınlara qarşı zorakılıq, ilk növbədə,
ondan irəli gəlir ki, qadınların bir çoxu öz
hüququnu bilmir, dövlətin verdiyi bu imkanlardan istifadə
etməyi bacarmır.
Bildirilib ki, Daxili İşlər
Nazirliyi sistemində həyata keçirilən davamlı
islahatların tərkib hissəsi olaraq ictimaiyyətlə polis
orqanları arasında əlaqələr və məlumat
mübadiləsi daim təkmilləşdirilib, habelə cinayətlərin,
o cümlədən ailə-məişət xarakterli
zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlər
görülməsi məqsədilə respublikanın
bütün şəhər və rayonlarını əhatə
edən “102” və “902” xidməti-zəng mərkəzi, həmçinin
“Məlumat portalı”, “Qaynar xətt”, “Təhlükəsiz
şəhər” müşahidə və nəzarət
kameraları, elektron poçt fəaliyyət göstərir.
Konfrans mövzu ətrafında müzakirələrlə
davam edib.
Yeni Azərbaycan.- 2018.-27 noyabr.- S.4.