“Azərbaycan
multikulturalizmi modeli və dinlərarası harmoniya” mövzusunda “dəyirmi masa” keçirilib
Noyabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) təşkilatçılığı
ilə “Azərbaycan multikulturalizmi modeli və dinlərarası harmoniya” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov son vaxtlar dünyada
lokal müharibələrin
sayının xeyli artdığını söyləyib.
Separatizm və terrorizm geniş yayılıb. Bunların fonunda dünyada dinlərarası, hətta
məzhəblərarası münasibətlər də
xeyli dərəcədə
gərginləşib. Lakin
bütün bunlara baxmayaraq, Azərbaycan da daxil olmaqla,
bir çox sülhsevər ölkələr
bəşəriyyətin qurtuluşunu
dilindən, dinindən,
milliyyətindən asılı
olmayaraq xalqların əmin-amanlıq şəraitində
birgəyaşayışında görür. Altıncı
Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan
Prezidenti İlham Əliyev deyib: “Bu gün həm
siyasətçilər, ictimai
xadimlər, həm də media tərəfindən
multikulturalizmlə bağlı
çox ziddiyyətli
fikirlər səsləndirilir.
Ona görə hesab edirəm ki, bu məsələ
ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm
təqdirəlayiqdir, həm
də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini
gündəlik həyatda
görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi,
milli həmrəylik,
o cümlədən bu
dəyərlərə əsaslanır”.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “dəyirmi masa”da çıxış
edərək deyib ki, təkcə Los-Ancelesdə 1 milyona yaxın erməni yaşayır. Onlar yanlış təbliğat
apararaq reallıqdan uzaq məlumatlar yayırlar. Bununla əlaqədar Azərbaycan
müxtəlif tədbirlər
həyata keçirir.
Məqsədimiz Azərbaycan
həqiqətlərini Los-Ancelesdə
yaşayan insanlara çatdırmaqdır. Ölkəmizin
həqiqətlərini yaymaq
və bu istiqamətdə təbliğatı
gücləndirmək ən
mühüm vəzifəmizdir.
Yüzilliklər ərzində Azərbaycanda
məskunlaşan müxtəlif
mədəniyyətlərə və dini etiqadlara
mənsub xalqlar sülh və əmin-amanlıq şəraitində
yaşayıblar. Ölkəmizdə
milli və dini dözümlülüyün,
tolerantlığın yüksək
səviyyədə olması
faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Biz Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi
ilə sıx əməkdaşlıq edirik.
Dövlətimizin başçısının
rəhbərliyi ilə
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında
bu Mərkəzin böyük rolu var.
ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü
Conni Mur insanların sülh şəraitində birgəyaşayışının
önəmindən danışıb.
“Mən çətin
bir vaxtda İraqda oldum. Orada insanlarla söhbət etmək imkanı əldə etdim. Onların necə çətin vəziyyətdə yaşadıqlarını
gördüm. Bundan sonra mən dünya ölkələrinin
dinlə bağlı model axtarışlarına
başladım. Məqsədim
ondan ibarət idi ki, tətbiq
edilən modellərlə
tanış olum, belə vəziyyətlərin
qarşısını almaqda
hansı model daha məqsədəuyğundur
onu aşkar edim. Getdiyim ölkələrdə araşdırma
nəticəsində bir
çox məlumatlar topladım. Azərbaycanda isə öyrəndim ki, fərqli dinlərin, məzhəblərin
nümayəndələri çox
qədim zamanlardan bir yerdə yaşayıblar. Belə vəziyyət bu gün dünyada bir nümunədir”, - deyə Conni Mur qeyd edib.
ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin
müavini, ravvin Abraham Kuper multikulturalizmin
əhəmiyyətindən danışıb. O deyib ki, multikulturalizm mədəni plüralizmin
inkişafına şərait
yaradır. Multikulturalizmin
müxtəlif modelləri
mövcuddur. Azərbaycan
multikulturalizm dəyərlərinin
dünyada təbliği
istiqamətində müxtəlif
layihələri həyata
keçirən bir ölkədir. Azərbaycanın
multikulturalizm siyasəti
dünya ölkələri
üçün bir örnəkdir.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinin aparıcı
məsləhətçisi Anar Əlizadə əminliyini bildirib ki, bu görüş
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
işinə öz töhfəsini verəcək.
Qeyd olunub ki, Azərbaycanda müxtəlif dini ayinləri icra etmək üçün hər kəsə bərabər şərait
yaradılıb. Azərbaycanın
multikultural ənənələri
dünya ölkələri
üçün nümunədir.
Bugünkü tolerant,
inkişaf etmiş və sivil Azərbaycanda
multikulturalizmin və beynəlmiləlçiliyin uğurlu
adaptasiyası bu modelin parlaq təcəssümüdür. Azərbaycanda
etnik və dini tolerantlıq yüksək səviyyədədir.
“Dəyirmi masa”da digər çıxış edənlər
- Bakı şəhəri
“Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının rəhbəri Rasim Xəlilov, “Yeni Həyat” Xristian incil dini icmasının
sədri Lyudmila İbrahimova, Bakı şəhəri Yevangelist
Məsihi Baptistlərinin
“Aqape” dini icmasının üzvü
Zaur Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin
aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icmasının pastoru Elşən Cabbarov, “Alov” Xristian Ev Kilsələri Birliyinin rəhbəri İdris Məmmədov, “Vineyard Azərbaycan” xristian dini icmasının
sədri Emil Pənahov, Bakı şəhəri
dağ yəhudiləri
dini icmasının rəhbəri Milix Yevdayev, Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu
Aleksandr İşein, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu
Vladimir Fekete, Alban-Udi xristian dini icmasının rəhbəri Robert Mobili və digərləri multikulturalizmin
müxtəlif mədəniyyətlərin
paralel şəkildə
yaşamasını qəbul
edən tolerant cəmiyyətin başlıca
xüsusiyyətlərindən biri olduğunu bildiriblər. Qeyd olunub ki, tolerant cəmiyyətdə
multikulturalizm mədəniyyətlərin
qarşılıqlı surətdə
zənginləşməsinə, xalqları birləşdirən
mədəniyyətin formalaşmasına
səbəb olur, bu da insanların
gələcək mədəni
birliyi məqsədilə
bir mədəniyyətin
digər mədəniyyətə inteqrasiya
prosesi ilə əlaqədardır.
Yeni Azərbaycan.-
2018.- 28 noyabr.- S.7.