Azərbaycanla Türkiyə
arasında diaspor, təhsil və QHT sahələrində əməkdaşlıq
yeni mərhələyə qədəm qoyub
Abdullah Eren: Biz qardaş Azərbaycanın
inkişafını, əldə etdiyi uğurları
qürurla izləyirik
Bir millət, iki dövlət olan
Azərbaycanla Türkiyə arasında əməkdaşlıq
bütün sahələri əhatə edir. Öz növbəsində
iki qardaş ölkə arasındakı əməkdaşlığın,
təkcə siyasi və iqtisadi deyil, eyni zamanda, diaspor, təhsil
və QHT sahələrində əlaqələrin yeni dövrün
tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi
üçün müvafiq addımlar atılır. Elə bu yaxınlarda ölkəmizdə səfərdə
olan Türkiyənin Xaricdəki Türklər və Əqrəba
İcmaları İdarəsinin (YTB) sədri Abdullah Erenin rəhbərlik
etdiyi nümayəndə heyətinin Bakıda keçirdiyi
görüşlərdə də bu istiqamətdə
danışıqlar aparılıb. Səfər müddətində
qəzetimizə müsahibə verən Abdullah Eren həm bu əlaqələr,
həm də Bakıda keçirilən “Məzunlar
görüşü”nün məqsəd və əhəmiyyəti
barədə danışıb.
Həmin məqama keçməzdən
öncə bildirək ki, 2010-cu ildə qurulan Türkiyənin
Xaricdəki Türklər və Əqrəba İcmaları
İdarəsinin dördüncü sədri olan Abdullah Erenə
ilk sualımız qurumun fəaliyyətində gözlənilən
yeniliklərlə bağlı oldu. Sualımıza
cavabına ondan öncə bu quruma rəhbərlik edənlərə
səmərəli fəaliyyətlərinə görə təşəkkürlə
başlayan A.Eren “Məndən öncəki bütün
başqanlara əməklərinə görə təşəkkür
edirəm. Çox səmərəli fəaliyyət
göstəriblər. Onların gördüyü işləri
də əlavə edərək fəaliyyətimizi davam etdirəcəyik.
Bizim qurumun əsas missiyası xaricdəki
türklərlə Türkiyənin əlaqələrini davam
etdirməklə bağlıdır ki, bu istiqamətdə yeni
dönəmdə bir az fərqlilik də olacaq. Çünki
artıq Avropada türklərin 3-cü və 4-cü nəsli
yetişib ki, onlarla əlaqədə yeni fəaliyyət
istiqamətlərinin müəyyən edilməsi zəruridir.
Vaxtı ilə Türkiyədə təhsil alıb ölkələrinə
dönən məzunlarla əlaqələrimizi gücləndirmək
üçün müəyyən addımlar atmaq niyyətindəyik.
Bununla yanaşı, soydaş, əqraba topluluklarımıza
yönəlik daha strateji və uzunmüddətli layihə
hazırlamağı düşünürük. Bir sözlə,
qurumumuz hər zamankı məhsuldar və qərarlı fəaliyyəti
ilə işini davam etdirəcək”, - deyib.
Bu günə kimi 125 min Azərbaycan vətəndaşı
Türkiyədə təhsil alıb
Konkret olaraq ölkəmizlə əməkdaşlığa
gəlincə, A.Eren deyib ki, iki qardaş ölkə olan
Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq
təhsil sahəsində də uğurla davam edir: “Heç
şübhəsiz, bu istiqamətdə tərəflər
arasında tələbə mübadiləsinin də
mühüm rolu var. Məlum olduğu kimi, bu istiqamətdə
ilk addım sovetlər dağılandan sonra, daha doğrusu,
1992-ci ildə, rəhmətlik Turqut Özal zamanında
atılıb. Həmin il Türkiyə vaxtilə
keçmiş SSRİ-nin tərkibində olan türk
respublikaları, o cümlədən Azərbaycan
üçün başladığı burs (təqaüd)
siyasəti ilə tələbələrin burslu
oxumasını təmin edib. Həmin proqram çərçivəsində
bu günə kimi minlərlə gənc Türkiyənin ali məktəblərində
təhsil alıb və bu gün də alır. 1992-də
başlanan bu siyasətin hazırda meyvələrini
görürük”.
Onun sözlərinə görə, ümumiyyətlə,
bu günə kimi 125 min Azərbaycan vətəndaşı
Türkiyədə təhsil alıb: “Bunun 40 minə qədəri
Türkiyədə bakalavr, magistr və ya doktorluq oxuyub. Hazırda isə 20 minə yaxın azərbaycanlının
təhsil aldığını nəzərə aldıqda Azərbaycanın
bundan sonra da uzun bir müddət Türkiyədə ən
çox təhsil alan vətəndaşı olan ölkə
kimi öndə gedəcəyini deyə bilərik. Onu da
deyim ki, hazırda Türkiyə ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələrin bir
qisminə, daha dəqiq desək, 400-ə yaxın tələbəyə
məhz bizim qurum tərəfindən burs verilir”.
“Vaxtilə Türkiyədə təhsil
almış azərbaycanlılar bizim könül elçilərimizdir”
A.Eren ötən 26 ildə Türkiyə ali məktəblərində
təhsil alan məzunlarla görüşlərin keçirilməsinə
qərar verdiklərini də deyib: “Xarici ölkələrdə
“Məzun görüşləri” proqramına start vermişik.
Bu proqram çərçivəsində xarici ölkələrə
səfər edib, vaxtilə Türkiyə ali məktəblərində
təhsil almış məzunlarla görüşlər
keçiririk. Yəni dünyanın dörd bir yanında -
Somalidə, Makedoniyada, Efiopiyada belə tədbirlər
keçiririk. Və onu da deyim ki, xaricdəki ən
böyük məzun görüşünü 700-800 məzunumuzla
Azərbaycanda reallaşdırdıq. Yeri gəlmişkən,
bu tədbirdə iştirak etdiyi üçün hörmətli
gənclik və idman nazirimiz Mehmet Muharrem Kasapoğluna, həmçinin
Azərbaycanın Milli Məclisinin deputatlarına, müxtəlif
ali məktəblərin rektorlarına və digər qonaqlara təşəkkür
edirəm”.
Bu görüşlərlə yanaşı,
xarici ölkələrdə məzun dərnəklərinin də
yaradıldığını bildirən A.Eren “Hazırda 19
ölkədə 22 məzun dərnəyimiz var. Bu ilin sonuna qədər həmin dərnəklərin
sayını 30-a, 2019-cu ilin sonuna kimi isə 50-yə
çatdırmaq istəyirik. Çünki Türkiyədə
təhsil alıb ölkələrinə dönən məzunların
hansı işlə məşğul olmaları da bizim
üçün maraqlıdır və məzun dərnəkləri
bu baxımdan önəmlidir. Təbii ki, bu məsələdə
də Azərbaycan bizim üçün ön sırada
dayanır. Çünki Azərbaycanda çox ciddi məzun
potensialımız var. Hesab edirik ki, bu məzun
potensialının iki qardaş ölkə arasındakı əlaqələrin
daha da inkişafına ciddi dəstəyi ola bilər. Azərbaycandakı
məzunlarımızın bu potensiala layiq şəkildə fəaliyyət
göstərəcəklərinə inanırıq. Bir
sözlə, vaxtı ilə Türkiyədə təhsil
almış azərbaycanlılar bizim könül elçilərimizdir
və onlara sona qədər dəstək olacağıq”, -
deyib.
“Burs məsələsində hər zaman
qardaş Azərbaycana üstünlük verdik”
“YTB deyəndə həm də burslar yada
düşür. Bəs yaxın gələcəkdə burs məsələsində
Azərbaycanla bağlı bir dəyişiklik olacaqmı?”
sualına isə A.Eren aşağıdakı cavabı verib:
“Burs məsələsində hər zaman qardaş Azərbaycana
üstünlük verdik. Bu, sadəcə, Azərbaycanın
bizə coğrafi baxımdan çox yaxın olması ilə
deyil, tarixi və mədəni köklərimizlə
bağlıdır. Bakının
işğalçılardan azad olunmasının 100 illiyi ilə
bağlı tədbirdə Prezidentimiz Rəcəb Tayyib
Ərdoğanın da iştirak etməsi, ümumilikdə bu tədbirin
özü hər kəsi çox duyğulandırdı.
Çünki bu tarixin iki qardaş xalqın həyatında
xüsusi yeri var. Tarixdən bəlli olduğu kimi, 1918-ci
ildə Osmanlı dövləti Birinci Dünya müharibəsində
məğlub olmuşdu. Amma ona rəğmən Qafqaz İslam
Ordusu bura gəldi və azərbaycanlı əsgərlərlə
birlikdə Bakını işğaldan azad etdi. Bu, asanlıqla
ifadə ediləcək bir hiss deyil. Dolayısı ilə,
bizim Türkiyə olaraq hər zaman və hər sahədə
Azərbaycanın yanında olduğumuzu bilmənizi istərdim.
Eyni zamanda, bursların verilməsi məsələsində
Azərbaycan bizim üçün ilk sırada dayanır və
qarşıdakı müddətdə də Azərbaycandan
Türkiyəyə təhsil almağa gedən tələbələrə
burslarımızı artan şəkildə verməyə
davam edəcəyik”.
Azərbaycanla Türkiyə arasında diaspor
sahəsində də əməkdaşlıq güclənəcək
A.Eren rəhbərlik etdiyi qurumun Azərbaycanla,
eyni zamanda, diaspor və QHT sektoru sahəsində də əməkdaşlığın
daha da güclənməsinə önəm verdiyini deyib. Onun
sözlərinə görə, diaspor sahəsində uğur
qazanmağın bir yolu da türk ölkələri,
xüsusilə də Azərbaycanla bu sahədə əməkdaşlığın
gücləndirilməsindən keçir: “Məlum
olduğu kimi, noyabrın 8-də Ankarada Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına (TDƏŞ-Türk
Şurası) üzv ölkələrin diaspor məsələlərinə
məsul dövlət qurumlarının rəhbərlərinin
üçüncü iclası keçirilib. Oradakı çıxışımda da bildirdiyim
kimi, müasir dünyada türkdilli diaspor təşkilatları
arasında koordinasiyanın müəyyən edilməsi və
əməkdaşlıq formalarının tapılması, bu
sahədə birgə fəaliyyət xarici ölkələrdə
yaşayan vətəndaşlarımız və
soydaşlarımız üçün mühüm əhəmiyyət
daşıyır. Məhz bu baxımdan həmin
iclasda “Türk Şurasının Türkdilli Diaspor Birgə Fəaliyyət
Strategiyası”na dəyişikliklərin təsdiq edilməsi
haqqında qərarın və “2019-cu ildə Türk
Şurası Diaspor Birgə Fəaliyyət Planı”nın
imzalanması xüsusi önəm kəsb edir. Sözügedən iclas çərçivəsində
“Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi ilə Türkiyə
Respublikasının Xaricdəki Türklər və Əqrəba
İcmaları İdarəsi arasında “Diaspor siyasəti sahəsində
birgə fəaliyyətə dair Anlaşma Memorandumu”nun
imzalanması iki qardaş ölkənin diaspor sahəsində
ortaq əməkdaşlığına yeni təkan verəcək”.
Müsahibimiz sonda Azərbaycanın
bugünkü inkişafını qürurla izlədiklərini
də bildirib: “Bunu da xüsusi olaraq qeyd etmək
istəyirəm ki, Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin
son 15 ildə Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində qardaş Azərbaycan
bütün sahələrdə böyük inkişaf əldə
edib. Bu gün iqtisadi baxımdan inkişaf edən, şəhərləri,
rayonları hər keçən gün daha da gözəlləşən,
tərəqqi edən bir Azərbaycan var. Biz qardaş Azərbaycanın
inkişafını, əldə etdiyi uğurları
böyük xoşbəxtliklə, qürurla izləyirik. Eyni
zamanda, həm Azərbaycanın, həm də Türkiyənin
bu inkişafı ilə qane olmamalı, dəyişən
dünyada birgə fəaliyyətlərimizi daha da
artırmalıyıq. Rəhbərlik etdiyim qurum bu sahədə
üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gəlmək üçün lazım olan
bütün addımları atır”.
A.Erenin sözlərinə görə,
son vaxtlar keçirilən görüşlər və
atılan addımlar onu deməyə əsas verir ki, Azərbaycanla
Türkiyə arasında diaspor, təhsil və QHT sahələrində
əməkdaşlıq yeni mərhələyə qədəm
qoyub.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2018.- 28 noyabr.- S.-6.