Akademik Tofiq Hacıyevin
“Seçilmiş əsərləri”nin
üçüncü cildi
nəşr olunub
Bu gün
görkəmli dilçi
alim, akademik Tofiq Hacıyevin vəfatından 3 il keçir.
AZƏRTAC xəbər verir ki, bu
ərəfədə Azərbaycan
Milli Elmlər Akademiyası Tofiq Hacıyevin “Seçilmiş
əsərləri”nin növbəti
3-cü cildini nəşr
etdirib. Kitab alimin gənc yaşlarında yazdığı
və ilk irihəcmli araşdırması
olan “Azərbaycan dilinin Cəbrayıl şivəsi” əsərindən
ibarətdir. Kitabın
redaktoru Bakı Dövlət Universitetinin professoru Məhərrəm
Məmmədlidir.
Yalnız mütəxəssislər
üçün deyil,
eyni zamanda, geniş oxucu kütləsi üçün
nəzərdə tutulan
əsər nəfis tərtibatda “Cəbrayıl
şivəsi” adı ilə müstəqil kitab şəklində də nəşr olunub. Yaxın günlərdə kitabın
təqdimatı nəzərdə
tutulur.
Kitaba “Ön
söz”ü akademik Nizami Cəfərov yazıb. Onun dediyi kimi, “akademik Tofiq Hacıyevin vəfatından
keçən bir neçə il böyük şəxsiyyətin
fiziki yoxluğunu nə qədər dərindən hiss etdirdisə, mənəvi varlığının əbədiliyini
o qədər miqyası
ilə təsdiq eləmiş oldu”.
AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunun nəzəri
dilçilik şöbəsinin
müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov isə görkəmli türkoloq alimi minnətdarlıqla xatırlayır:
“Tofiq Hacıyev şəxsiyyəti Vətən
məhəbbətindən, dil sevgisindən yoğrulmuşdu. Təsadüfi deyildir ki, 200 ilə yaxın tarixin arxivində qalmış və heç bir dilçinin cəsarət
etmədiyi Azərbaycan
dilçiliyinin və
ümumilikdə türkologiyanın
şah əsəri - Mirzə Kazım bəyin “Türk-tatar dilinin ümumi qrammatikası” (Azərbaycan
dilinin ilk elmi qrammatikası) da məhz böyük
ustad Tofiq Hacıyevin təşəbbüsü
ilə gerçəkləşdi”.
Yeni Azərbaycan.-2018.-
28 noyabr.- S.6.