Azərbaycanın
regionlarında tingçiliyin inkişafı diqqət mərkəzində
saxlanılır
Kənd Təsərrüfatı Nazirliyinin
Qubadakı Meyvəçilik və Çayçılıq
Elmi-Tədqiqat İnstitutunun tingçilik təsərrüfatında
calaqaltıları xaricdən gətirilməklə ildə 700
minə yaxın müasir ting istehsal edilir
Azərbaycanın bölgələrində
aqrar sektorda gəlirli sahələrdən biri olan meyvəçiliyin
inkişafı üçün məqsədyönlü tədbirlər
həyata keçirilir. Son illərdə respublikanın
bölgələrində yerli iqlim şəraitinə
uyğun olaraq yeni meyvə bağları salınıb və
bu məqsədlə fermerlərə güzəştli şərtlərlə
kreditlər ödənilib. Eyni zamanda, regionlarda müasir emal
müəssisələri istifadəyə verilib. Beləliklə, ölkənin regionlarında
yetişdirilən yüksəkkeyfiyyətli meyvələrin
bir qismi daxili və xarici bazarlara çıxardılır, digər
bir qismi isə emal müəssisələrinə göndərilərək
onlardan şirələr, cem və digər məhsullar
hazırlanır. Qeyd edək ki, respublikamızda
yetişdirilən meyvələr və onlardan hazırlanan məhsullar
yüksək rəqabət qabiliyyəti ilə fərqlənir.
Müxtəlif növ Azərbaycan meyvələrinin
şöhrəti respublikamızın hüdudlarını
çoxdan aşıb. Yerli ticarət şəbəkələrində
olduğu kimi, xarici bazarlarda da müştərilər ölkəmizdə
yetişdirilən ekoloji cəhətdən təmiz meyvələrə
böyük maraq göstərirlər.
Ölkədə tingçilik təsərrüfatlarının
maddi-texniki bazası möhkəmləndirilir
Meyvəçiliyin inkişafında bir sıra
digər amillərlə yanaşı, müasir tingçilik təsərrüfatlarının
da mühüm rolu var. Məlum olduğu kimi, Azərbaycanın
torpaq fondu məhduddur. Buna görə də ölkəmizdə
kənd təsərrüfatının başqa sahələri
kimi, meyvəçiliyin də intensiv yollarla inkişaf etdirilməsi
hədəflənib. Fermerlər çox haqlı olaraq onlara məxsus
əkin sahələrində məhsuldar, eyni zamanda, xəstəliklərə
davamlı, qısa müddətdə bara düşən, tez
yetişən sortlardan ibarət meyvə bağlarının
salınmasına üstünlük verirlər.
Meyvəçiliyə maraq göstərən
fermerlərin daha məhsuldar meyvə sortlarının tinglərinə
tələbatlarının ödənilməsi
üçün respublikamızda tingçilik təsərrüfatlarının
maddi-texniki bazası möhkəmləndirilir. Kənd Təsərrüfatı
Nazirliyinin Qubadakı Meyvəçilik və
Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı
şəkildə yenidən qurulması buna misaldır. Qeyd edək
ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva 2018-ci il 11 oktyabr tarixində institutun əsaslı təmirdən
sonra fəaliyyəti ilə tanış olublar.
Kənd təsərrüfatı
naziri İnam Kərimov bildirib ki, Meyvəçilik və
Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı
ildə fəaliyyətə başlayıb və 1964-cü ildən
Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir.
İnstitutda 59 nəfər işçi
çalışır, onların arasında elmlər və fəlsəfə
doktorları var. Prezident İlham Əliyevin
2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı
Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat
müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi
haqqında Sərəncamına əsasən Meyvəçilik
və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun
ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası
əsaslı təmir edilib, kommunal sistemləri yenilənib,
yardımçı təsərrüfat binaları tikilib.
İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş
torpaq, bitki və su analizi ilə məşğul olan
aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma
üsulu ilə artırılması laboratoriyaları
yaradılıb. Laboratoriyalarda alınmış bitki
sortlarının böyüdülməsi və
uyğunlaşdırılması məqsədilə xüsusi
istixana-tingçilik kompleksi tikilib.
Meyvəçilik və
Çayçılıq Elmi-Tədqiqat İnstitutunda
yaradılan yeni sahələrdə 35 iş yeri
açılıb. Burada 73 hektar ərazidə Lənkəran
çayçılıq filialı, 19 hektarda Abşeron təcrübə
stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə
Göyçay dayaq məntəqələri yerləşir.
Bundan əlavə, Zaqatala dayaq məntəqəsi, Zərdabi
elmi təcrübə stansiyası və Quba
yardımçı təcrübə təsərrüfatı
da institutun balansına daxildir.
Daha məhsuldar meyvə sortlarının tinglərinin
yetişdirilməsinə üstünlük verilir
Meyvəçilik və
Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə
bazaları əsasən ötən əsrin 50-ci illərində
yaranıb. Təcrübə bazalarının
istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır.
Əsas vəzifələri bitki genofondunun toplanması,
saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar
yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə
texnologiyasının işlənməsi və fermerlərə
elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik
və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun
50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və
məhsuldar meyvə bağları salınıb. Almaniyanın Meyvə və Bitkilərin
Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik
Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı
Akademiyası, İngiltərənin “Meosis” Elmi-Tədqiqat
Şirkəti, İspaniyanın “Viveros-veron” Tingçilik və
Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik
və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Çinin “Anxoy” Aqrar Universiteti və Fransanın meyvəçiliklə
məşğul olan “Luare” Kənd Təsərrüfatı
Palatası ilə də geniş əməkdaşlıq həyata
keçirir.
Hazırda ölkəmizdə il ərzində 2
milyondan çox klassik ting istehsal olunur. Lakin bu tinglər
müasir tələblərə tam cavab vermir. Buna
görə də Meyvəçilik və
Çayçılıq Elmi-Tədqiqat İnstitutunda daha məhsuldar
meyvə sortlarının tinglərinin yetişdirilməsinə
üstünlük verilir. 2016-cı ildən başlayaraq
institutun tingçilik təsərrüfatında
calaqaltıları xaricdən (əsasən Türkiyədən)
gətirilməklə ildə 700 minə yaxın
müasir ting istehsal edilir. Bu tinglərin əsas
üstünlüyü ondadır ki, köhnə üsulla becərilən
tinglərdən daha tez məhsul verməyə başlayır.
Məsələn, əvvəllər gilas ağacı əkildikdən
7-8 il sonra bar verirdisə, müasir tinglər
dördüncü il məhsula düşür. Bundan
başqa, institutdakı tingçilik təsərrüfatına
“garnim” adlanan yeni növ calaqaltılar gətirilib ki, bu da
badam, şaftalı, ərik tinglərini yetişdirmək
üçün çox əlverişlidir.
Quba rayonunda mikroklonal çoxaltma üsulu ilə
bitki calaqaltılarının yetişdirilməsi
tingçiliyin inkişafına yeni təkan verəcək
Ölkəmizdə ilk dəfə laboratoriya
şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki
calaqaltıları yetişdirilərək, onlardan meyvə
tingləri əldə olunacaq. Mütəxəssislərin qənaətinə
görə, bu üsulla bitki calaqaltılarının
yetişdirilməsi tingçiliyin inkişafına yeni təkan
verəcək. Dəyər zənciri formasında qurulan
istehsalçı-fermer tərəfdaşlığına Kənd
Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı
Layihələri və Kreditlərinin İdarə Edilməsi
üzrə Dövlət Xidməti dəstək verir.
Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə əlaqələr və
informasiya təminatı şöbəsindən bildiriblər
ki, Dövlət Xidmətinin Dünya Bankı ilə birgə
icra etdiyi Kənd Təsərrüfatının Rəqabət
Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində
yaradılacaq dəyər zənciri Quba rayonunda fəaliyyət
göstərəcək. Nəzərdə
tutulan layihənin əsas məqsədi Azərbaycanda ətraf
mühitin mənfi təsirlərinə və xəstəliklərə
davamlı, intensiv və superintensiv
bağçılığın tələblərinə
cavab verən meyvə tingləri yetişdirmək və
onlardan müasir bağların salınmasında istifadə
edilməsini genişləndirməkdir. Laboratoriya şəraitində
meyvə bitkilərinin calaqaltılarının becərmə
texnologiyasının ölkəmizdə də tətbiqi ilə
yerli mühitin iqlim şəraitinə uyğun tinglər əldə
edilməsinə nail olunacaq.
“Quba rayonunda innovativ üsulla meyvə
tinglərinin istehsalı” layihəsinin həyata keçirilməsi
üçün Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Layihələri və
Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət
Xidməti ilə “Quba Ting MMC” arasında müqavilə
imzalanıb. Müqaviləyə əsasən, müəssisə
laboratoriya şəraitində calaqaltılar yetişdirəcək
və bu calaqaltılardan “Meyvə tingləri
istehsalçıları” İctimai Birliyinə daxil olan fermerlərin
təsərrüfatlarında calaq etməklə meyvə tingləri
becəriləcək. Bununla yanaşı, Kənd
Təsərrüfatının Rəqabət Qabiliyyətinin
Gücləndirilməsi Layihəsinin xətti ilə dəyər
zənciri iştirakçılarına calaqaltı
istehsalı üçün laboratoriya və istixananın
yaradılması, keyfiyyətli meyvə tingi istehsalı
üçün yeni kənd təsərrüfatı
texnikasının alınması da nəzərdə
tutulub. Yetişdiriləcək tinglərdən ilkin mərhələdə
50 hektara yaxın meyvə bağının salınmasında
istifadə edilməsi gözlənilir.
Göyçay Dövlət Sort Sınaq Məntəqəsində
nar bitkisinə aid 8 yerli sort üzərində sınaq işləri
aparılır
Azərbaycan nar müxtəlifliyi və nar
sortlarının sayına görə dünyada birinci yerdədir.
Bunlar həm morfoloji-bioloji xüsusiyyətlərinə, meyvələrin
keyfiyyətinə, həm də yetişmə vaxtlarına
görə bir-birindən fərqlənir.
Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə əlaqələr və
informasiya təminatı şöbəsindən bildiriblər
ki, tərkibi mikroelementlərlə zəngin olan, xüsusi dada
malik Azərbaycan narı bu gün dünyada analoqu olmayan meyvədir
və hər il müxtəlif ölkələrə ixrac
edilir. Respublikamızın ərazisində nar bitkisinə
aid əkin sahələri genişləndirilərək
artıq 23 min 500 hektara çatdırılıb. Bununla
yanaşı, yeni məhsuldar sortlar qeydiyyata alınaraq
istehsalatda tətbiq olunur.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti
üzrə Dövlət Xidmətinin Göyçay Dövlət
Sort Sınaq Məntəqəsində 7 hektar sahədə 21
sortdan ibarət nar bağı mövcuddur. Bunlar əvvəllər
sınaq üçün təqdim olunmuş nar
sortlarıdır. Həmin sortlardan 9-nun Azərbaycan
Respublikası üzrə kənd təsərrüfatı məhsulları
istehsalı üçün istifadəsinə icazə verilib
və mühafizə olunan seleksiya nailiyyətləri Dövlət
Reyestrində qeydiyyata alınıb. Üç sort isə
patent alıb.
Göyçay Dövlət Sort Sınaq Məntəqəsində
hazırda nar bitkisinə aid 8 yerli sort üzərində
sınaq işləri aparılır. Sortlar üzrə
ayrı-ayrılıqda fenoloji müşahidələr
aparılıb, məhsuldarlıq göstəriciləri təyin
edilib və kimyəvi analiz aparmaq üçün nümunələr
Bakı Kimya Texnoloji Laboratoriyasına göndərilib. Yekunda
aparılmış tədqiqatların nəticəsinə
uyğun olaraq seçilmiş sortlar dövlət qeydiyyatına
alınacaq.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2018.-29 noyabr.- S.7.