Regionlarda heyvandarlıq məhsulları
istehsalının artması ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunmasına sanballı töhfədir
Respublikamızda 2018-ci ilin yanvar-oktyabr
aylarında diri çəkidə ət istehsalı 3,1 faiz
artaraq 417,7 min ton, süd istehsalı 2,2 faiz artaraq 1720,1 min ton
təşkil edib
Son illərdə dünyada meydana çıxan
əsas çağırışlardan biri ərzaq təhlükəsizliyi
ilə bağlıdır. Verilən məlumatlara əsasən,
2050-ci ilədək Yer kürəsinin əhalisinin
sayının 9,3 milyard nəfərə çatacağı
gözlənilir. Bu isə ərzağa olan tələbatın
indiki səviyyə ilə müqayisədə 70 faiz
artması deməkdir.
Deyilənlər fonunda BMT-nin bəyan
etdiyi Minilliyin İnkişaf Məqsədlərinə
qoşulan Azərbaycanın ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunmasına göstərdiyi maddi və siyasi dəstək
tədbirləri böyük aktuallıq daşıyır.
Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə
uyğun olaraq onu hədəfləyib ki, ölkənin ərzağa
olan tələbatı sırf daxili istehsal hesabına təmin
olunsun. Qeyd etmək xoşdur ki, Azərbaycan ərzaq təhlükəsizliyinin
təmin olunması ilə bağlı qarşıya
qoyduğu hədəfə yaxınlaşıb. Belə ki,
artıq ölkəmizdə bir sıra mühüm pozisiyalar
üzrə ərzağa olan tələbat daxili istehsal
hesabına ödənilir, hətta ölkəmizin müəyyən
həcmlərdə ixrac imkanları da yaranıb.
Respublikanın bölgələrində
heyvandarlıq məhsulları istehsalında yüksək
artım dinamikası müşahidə edilir
Ölkədə ərzaq təhlükəsizliyinin
təmin olunması istiqamətində reallaşdırılan
məqsədyönlü tədbirlər həmçinin
heyvandarlıqda istehsalın artmasına öz müsbət təsirini
göstərib. Regionlarda ət istehsalının artması
ölkənin ərzaq təhlükəsizliyinin təmin
olunmasına sanballı töhfədir. Cari ilin yanvar-oktyabr
ayları üzrə respublikada kənd təsərrüfatının
ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri
6203,7 milyon manat təşkil edib ki, onun da 3135,1 milyon manatı
heyvandarlıq məhsullarının payına
düşür. Dövlət Statistika Komitəsinin məlumatına
əsasən, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə ölkədə heyvandarlıq məhsulları
üzrə 2,6 faiz artım qeydə alınıb. Respublikamızda
cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət
istehsalı 3,1 faiz artaraq 417,7 min ton, süd istehsalı 2,2 faiz
artaraq 1720,1 min ton olub.
Respublikanın ayrı-ayrı bölgələrində
isə heyvandarlıq məhsulları istehsalında daha
yüksək artım dinamikası müşahidə edilib. Məsələn,
Hacıqabulda əsas təsərrüfat sahəsi olan
heyvandarlığın inkişafına xüsusi diqqət
yetirilir. Görülən işlər nəticəsində
rayonda mal-qaranın baş sayı, heyvandarlıq məhsullarının
istehsalı artır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən
verilən məlumata görə, hazırda heyvandarlıq təsərrüfatlarında
39 min 37 baş iribuynuzlu mal-qara, 137 min 358 baş qoyun-keçi
bəslənilir. Bu da ötən ilin eyni dövründəkindən,
ümumilikdə, 3 min 222 baş çoxdur. Cari ilin doqquz
ayı ərzində rayonda 5 min 989 ton ət (diri çəkidə),
13 min 8 ton süd, 229 ton yun, 143 min 812 milyon ədəd yumurta
istehsal olunub.
Heyvandarlıq Kürdəmir rayonunda aqrar
sektorun aparıcı sahələrindəndir və son illər
istər iribuynuzlu mal-qaranın və davarların baş
sayında, istərsə də bütün göstəricilər
üzrə məhsul istehsalında dinamik artım
müşahidə olunur. Hazırda rayonda iribuynuzlu
heyvanların sayı 65 min 156 başa, qoyun-keçilərin
sayı isə 133 min 319 başa çatıb. Bu göstəricilər
ötən ilin müvafiq dövründəkindən
çoxdur. Cari ilin doqquz ayında bölgədə keçən
ilin eyni dövründəkinə nisbətən ət
istehsalı 9,5 faiz, süd istehsalı 0,9 faiz, yumurta
istehsalı 50,3 faiz, yun istehsalı isə 22 faiz çox olub.
Son illərdə həyata
keçirilən məqsədyönlü tədbirlər
Masallı rayonunda da mal-qaranın baş sayının
çoxalmasına, heyvandarlıq məhsullarının
istehsalının artmasına səbəb olub. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə bu il
Masallıda süd istehsalı 13,5 ton artaraq 27 min 34,8
tona, ət istehsalı 24,9 ton artaraq 3257,8 tona, yumurta
istehsalı 2 milyon 635 min ədəd artaraq 38 milyon 111 min ədədə
çatdırılıb. Bu dövrdə rayonda iribuynuzlu
mal-qaranın sayı 260 baş artaraq 71 min 908, davarların
sayı isə 318 baş artaraq 85 min 739 baş təşkil
edib.
İmişli Rayon Statistika
İdarəsinin məlumatına əsasən, hazırda
rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında
93 min 694 baş iribuynuzlu mal-qara və 251 min 24 baş
qoyun-keçi saxlanılır ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə ümumilikdə
776 baş çoxdur. Təsərrüfatlarda mal-qara və
davarların baş sayının artırılması ət,
süd və yun istehsalına da güclü təkan verib. Cari
ilin doqquz ayı ərzində rayonda 8 min 226 ton ət (diri
çəkidə), 37 min 173 ton süd, 392 ton yun və 34 min
818 ədəd yumurta istehsal edilib ki, bu da ötən ildəkindən
xeyli çoxdur.
2018-ci ilin ötən 9 ayı Balakən
rayonunun heyvandarları üçün də uğurlu olub. Həmin
dövrdə rayonda bütün növ heyvandarlıq məhsulları
istehsalında artım qeydə alınıb. Ən çox
artım ət istehsalında olub. Belə ki, 9 ayda rayonda diri
çəkidə ət istehsalı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 289,8 ton və ya 8,1
faiz artaraq 3 min 861,6 ton olub. Bəhs olunan dövrdə rayonun təsərrüfatlarında
15 min 729 ton süd istehsal olunub ki, bu da keçən ilin eyni
dövrü ilə müqayisədə 199 ton çoxdur.
Rayonda 7 milyon 46 min ədəd yumurta, 76,8 ton yun istehsal olunub.
Mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması heyvandarlıq məhsullarının
istehsalının artmasına müsbət təsir göstərir
Son illərdə
respublikamızın bölgələrində mal-qaranın
cins tərkibinin yaxşılaşdırılması istiqamətində
məqsədyönlü tədbirlər həyata
keçirilir ki, bu da ölkədə heyvandarlıq məhsullarının
istehsalının artmasına müsbət təsir göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində olan “Aqrolizinq” ASC-nin damazlıq heyvanların tədarükü,
satışı və lizinqi şöbəsinin müdiri
Kamil Şamilov KİV-ə açıqlamasında bildirib ki,
yerli cins heyvanlar il ərzində 1400-1500 litr süd verirsə,
süni mayalama yolu ilə alınan cins heyvanlarda bu göstərici
2500-3000 litr arasında dəyişir. Süni mayalama
zamanı yoluxucu xəstəliklərin, xüsusən təbii
cütləşmə ilə yayılan xəstəliklərin
qarşısı alınır.
Bu kimi amilləri nəzərə alan fermerlər
mal-qaranın sayını süni mayalama yolu ilə artırmağa
böyük maraq göstərirlər. Məsələn,
qubalı fermerlər süni mayalama üsulundan geniş istifadə
etməklə heyvandarlıqda balavermə faizini yüksəltməyə
nail olublar. Rayonda 2018-ci ilin doqquz ayı ərzində 1358
baş heyvan süni yolla mayalandırılıb və 700-ə
yaxın bala alınıb.
Quba Dövlət Aqrar
İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun mütəxəssisi
Adgözəl Baxışov bildirib ki, şimal bölgəsindəki
heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın
artımına və heyvanların cins tərkibinin
yaxşılaşdırılmasına nail olmaq məqsədilə
on ildən çoxdur süni mayalamadan istifadə edilir.
Son bir neçə ildə heyvanlarını süni
mayalandırmaq üçün müraciət edən fermerlərin,
eləcə də fərdi təsərrüfat sahiblərinin
sayı xeyli artıb. Mütəxəssis müraciət edənlərin
sayının artmasında bu sahədə əldə olunan
müsbət nəticələrin xüsusi rol
oynadığını qeyd edir. Bununla yanaşı, ölkədə
heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılması məqsədilə
süni mayalama yolu ilə alınmış hər baş
buzova görə heyvan sahiblərinə 100 manat həcmində
subsidiya verilir.
Neftçala Rayon Statistika İdarəsindən
bildirilib ki, hazırda Neftçalada 9 süni mayalama məntəqəsi
fəaliyyət göstərir və cari ilin əvvəlindən
bu məntəqələrdə mütəxəssislər tərəfindən
mayalama aparılan 2274 baş camış, inək və
düyədən 1653 baş buzov alınıb. Süni
mayalama yolu ilə alınan buzovlara görə maldarlara 165 min
300 manat subsidiya ödənilib.
Ağcabədi rayonunda heyvandarlığın
intensiv inkişafı, mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində tədbirlər
2018-ci ildə də intensiv şəkildə davam etdirilib. Rayon icra hakimiyyətinin məlumatına əsasən,
burada heyvandarlıq məhsulları istehsalının intensiv
artmasına zəmin yaradan cins maldarlığın
inkişafı üçün heyvanların süni
mayalanması uğurla həyata keçirilir. 2018-ci ilin doqquz
ayında rayonda fəaliyyət göstərən süni
mayalama texnikləri tərəfindən 3689 baş inək
və düyə süni yolla mayalandırılıb, 2013
baş sağlam cins buzov alınıb.
Ölkəyə xaricdən cins heyvanların gətirilməsi
diqqət mərkəzində saxlanılır
K.Şamilovun sözlərinə görə,
son illərdə xaricdən Azərbaycana cins heyvanların gətirilməsi
də diqqət mərkəzində saxlanılır.
Heyvanların regionlarda yerli fermerlərə satışı
zamanı onların təcrübəsi, mal-qaranın
saxlanılma şəraiti əsas götürülür.
Heyvanların tam dəyəri 3 il müddətinə hər il
2,84 faiz olmaqla sığortalanır və sahibkar tərəfindən
tam şəkildə heyvan lizinqə götürülərkən
ödənilir. Damazlıq heyvanları lizinq yolu ilə əldə
etmək üçün sahibkar alacağı hər bir
baş iribuynuzlu heyvanın dəyərindən avans ödəyərək,
cəmiyyətlə ilkin müqavilə bağlayır. Heyvanlar
ölkəyə gətirilib karantin keçdikdən sonra
damazlıq heyvanın lizinqə verilməsi barədə
sahibkarla lizinq müqaviləsi bağlanılır. Bu zaman
sahibkar hər bir heyvanın güzəştli satış dəyərinin
50 faizini (əvvəlcədən ödənilmiş avans məbləği
nəzərə alınmaqla) ilkin ödəniş edir.
Güzəştli dəyərin qalan 50 faiz məbləği
isə sahibkar tərəfindən cəmiyyətin hesabına
rüblər üzrə 3 il müddətinə ödənilir.
Bütövlükdə, 2009-2018-ci illərdə xaricdən 29
mindən çox cins damazlıq heyvanlar gətirilərək,
dəyərinə 50 faiz güzəşt tətbiq edilməklə
sahibkarlara lizinq yolu ilə satılıb.
K.Şamilov bildirib ki, ölkədə
heyvandarlıqda məhsuldarlığın
artırılmasında və heyvanların cins tərkibinin
yaxşılaşdırılmasında həmçinin
damazlıq təsərrüfatlarının xüsusi rolu var.
Belə təsərrüfatlardan biri də Salyan rayonunda yerləşir.
Fermer Elvin Həsənliyə məxsus təsərrüfatda
damazlıq heyvanlar bəslənilir. Bu təsərrüfat
2015-ci ildən başlayaraq “Aqrolizinq” ASC ilə mütəmadi
əlaqələr qurub. Təsərrüfata lizinq yolu ilə
Avstriya və Almaniyadan gətirilən ətlik-südlük
istiqamətli “Simmental” və südlük istiqamətli
“Holştein-friz” cinsli heyvanlar satılıb. Hazırda təsərrüfatda
70-ə qədər damazlıq heyvan saxlanılır. Bu
heyvanlar birinci laktasiyada gündəlik 20-30 kiloqram süd verir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 30 noyabr.- S.7.